İLĞIM

 

hekayə

 

Gecə saat üçün yarısı qardaşım əl telefonuma zəng vurub - "Bibioğlu Ələsgərin qızına elçi gəlib" - dedi, - "o dəqiqə də veriblər. Oğlan Yaponiyada oxuyub, başı qırxıqdır! ".

Yuxulu gözlərimi ovuşdura-ovuşdura - "Gədədə bir ayıb tapmısan ?" - soruşdum.

Qardaşım bikef-bikef: - "Hələ ki yox, qapalı adamdır" - dedi.

İstehza qardaşımın günüdür. Olanların lağ-lağı tərəfi ona maraqlı görünür. Əvvəllər belə deyildi. Sonraoldusa qəfildən, xəlvətiyyə dərvişi təki göydən ona əmr gəldi. Canı salamat qalsın deyə, dünənə qədər dərdini çəkə bilmədiklərinə gülməyə başladı. Axır vaxtlar məni də bu işə qatıb.Gördüyümüz hadisələrin məzəli tərəfdən ən dəymişini dərib bir-birimizə göstəririk. Bu qəribəliklərə gülə-gülə həm hirsimiz soyuyur, həm buralara uyğunlaşırıq, həm də birtəhər yaşayırıq gedir. Yaponiyada oxumasaydı, Ələsgərin kürəkəni qardaşıma məzəli görünməzdi. Yapon söhbətindən qardaşım bir hoqqa çıxaracaqdı. O, bunu fəhmiylə hiss etmişdi. Telefonu söndürməsəydim, mən də səhərə qədər bu axtarışlarda iştirak etməliydim.

Səhər arvadım - "Ələsgər bizi nişana çağırıb, mənim də ayaqqabılarım heç fərli deyil" -dedi.

 - Uzun paltar geyinərsən, ayaqqabıların görünməz, ya da ayaqyalın gedərsən".

Bu da mənəm, qardaşımdan geri qalmamağa çalışıram. Amma istehza o vədə yerinə düşür ki, qarşında onu anlayan arif adam olur. Arvadımın "epik səsli məişət monoloqu" başlamamış tələsik eşiyə çıxdım.

Böyük nişan şəhərin ən bahalı şadlıq sarayında keçirilirdi. Qonaqlar, yeməklər və çalğı qardaşım üçün yaxşı məzə mənbəyi idi. Nişana qoyulan pula bir qapalı Afrika ölkəsində çevriliş eləmək olardı.

Lap siftə, təzə quda Ələsgər bibioğluya yüz əlli minlik avtomobil bağışlayıb dedi - "Qoy bu maşın, qızının əvəzi olsun, Ələsgər. Sən bu maşını min sür, biz də sənin qızını aparıb onunla xoş ömür sürək".

Sözün bu yerində qanrılıb qardaşıma baxdım. O da sözün əslini tutmuşdu və arifliyindən məmnun idi. Nişanın axırına yaxın mahud pencəkli təzə bəy göründü. Nişan təşkilatçıları fikirləşmişdilər ki, təzə bəy əvvəldən ortalığda görünməsin və bu pünhanlıq məclisdə bir nigarançılıq havası yaratsın. Sonda, qonaqlar bəy üçün möhkəm darıxanda, bəy içəri girib əllərini sirkdə dovşan oynadan təlimçi kimi kənarlara açıb, - "Bu da mən" deməklə hamını gəlişiylə şad eləsin.

Təzə bəy qanadlı mələk geyimində olan iki kirli donlu qızın və əzik dollara oxşayan aşçının ortasında Samuray balası kimi dayanıb nişanlısının qalın, qabarlı barmağına ənənəvi nazik yapon üzüyünü taxırdı. Təşkilatçılar, deyəsən, gəlinin barmağının ölçüsünü bəyə düz deməmişdilər. Ələsgərdən başqa heç kəs təzə bəyin gəlişinə də sevinmirdi. Hamının gözü aşdaydı. Üzük də qızın barmağına keçmirdi.

Bəydadaş başını yapon döyüşçüləri kimi qırxdırmışdı. Qardaşım qarşısında dayanıb, onun şəklini əl telefonuna çəkirdi. Bəy ağ-qara yapon filmlərinin qalib qəhrəmanı kimi dimdik dayanıb qardaşımın telefonuna baxırdı.O, xırda adam olsa da, baxışı böyükdü. Gözləri bir yerdə durmurdu, deyirdin indi düşüb itəcək. Sonra gəl, bu boyda zalın içində gözlərini axtar tap, görüm necə tapırsan. Özündən razıydı. Ona elə gəlirdi ki, bu nişan süfrəsi kimi, atası qonaqları da pulla alıb.

Hamıya oyuncaq kimi baxırdı. İstəsəydi, qonaqlardan birinin başını bura-bura yerindən çıxarıb, bir başqasının başı ilə əvəz edərdi.

Evlilik onun həyatının rəsmi hissəsi idi. Ailə onun üst geyimi kimi idi. Sevgisi görünmürdü. Soyuqda qalın kürk geyindiyi kimi, ailəni də cəmiyyətdə lüt görünməsin deyə əyninə geyinirdi. Görkəmi hamı kimi olsa da, həm də başqaydı. Ələsgər bibioğlunun qızı onun yanında təzəcə bitmiş qızıl gül kimiydi.

Sıxılıb eyvana çıxdım.Təzə bəy eyvanda dayanıb siqaret çəkirdi. Gözüm əlindəki iri firuzə qaşlı telefona sataşanda, özümü saxlaya biləməyib gülümsündüm. "Qardaşımın yeri məlum" düşündüm. Təzə bəy gülüşümü görüb kirpi kimi qabardı - "Nəyə gülürsən, ə?"

- Bir əhvalatı xatırladım, ona gülürəm - dedim.

Təzə bəy: - "Səmimi ol, yekə kişisən" - çımxırdı.

Ona sərt cavab verib şad günündə qanını qaratlmaq istəmirdim. Di gəl içində daşıdığı nifrət, sərt və dəlilli hazırcavablıq, hirs və müqavimət məni də qıcıqlandırdı.

- Evləndiyin qızı sevirsən? - soruşdum.

- Mən istədiyimi eləyirəm. Nə isaviyəm, nə musavi. Müsəlman da deyiləm. Heç kimə borcum da yoxdur. Oturuşmuş dəyərləri, inamları qıracam. Əsgər getməyəcəm. Vətən-filan anlamıram. Heç bir qanuna da tabe deyiləm. Ənənə mənim üçün yoxdur. Mən azadam. O qızı da sevmirəm. Səni sevgi maraqlandırır?

- Belə getsə, səni öldürərlər axı? - Onu anlamağa çalışırdım.

 - Məni heç kim öldürə bilməz! İstəsəm məbəddə lüt gəzərəm. Kimin üzünə istəsəm tüpürərəm, xətrim çəksə, ayaqyoluna burda gedərəm.

Təzə bəy dediklərini sübüt etmək üçün şalvarının qabağını açıb danışa-danışa eyvanın daş döşəməsini murdarladı. Sonra cibindən çıxardığı ağ yapon dəsmalı ilə əllərini silib üzümə baxdı. Ələsgərin bu təzə kürəkəni məni əməlli-başlı sarsıtmışdı.

 - Sən istəsən adam da öldürərsən? - soruşdum.

 - Gözümü qırpmadan - dedi.

- Bəs cəza?

- Hansı cəza?

Təzə bəy sualıma sualla cavab verəndə birdən-birə anladım ki, onun içində heç bir söykənəcək, tutacaq yoxdur.

- Sən mənə düşüncəsiz azadlığın, pis ənənədən daha zor olduğunu anlatdın. Sənin azadlığın, qəddar qatilin qətl törətməsindən daha qorxuludur. Çünki səni heç kim və heç nə idarə etmir. Buna görə də heç kimdən qorxmursan. Nə etdiyini heç anlamırsan da. Qatil ya qorxduğundan, ya da qorxutduğundan insan öldürür. Sən isə səbəbsiz, elə belə ürəyin istədiyi zaman adam öldürə bilərsən. Bundan təəsüflənməzsən də. Sən əməllərindən qorxmursan. Çünki onları dərk etmirsən - dedim.

Təzə bəy dediklərimi anlamırdı. Heyvani ehtirasla üzümə baxıb: - Mən azadlığımı din kimi təbliğ edirəm - dedi.

- Nədir bu dinin gətirdiyi? - soruşdum.

- Dəyərləri dağıtmaq - dedi.

- Ədaləti .

- Onu da.

Təzə bəy son dəfə nifrətlə üzümə baxıb: - Məni heç vaxt anlaya bilməzsən - dedi.

Gecə evə dönəndə arvadım bikefliyimi başqa yerə yozdu: - Ayaqqabılarıma heç kim fikir vermirdi, inşallah, toya qədər əlinə pul düşər təzəsini alarsan, fikir eləmə - dedi.

Onun bu səmimi dəyişməz "arvadlığına" sevinib, əlindən öpdüm.

İyirmi beş illik evliliyində birinci dəfə əli öpülən arvadımın üzü allandı. Gözlərinə bulud boyda sevinc çökdü. Və ancaq ona xas olan məntiqlə: "Oğlanı bəyəndin?" - soruşdu.

Dinmədim.

Arvadım: - Qardaşın kimi dərinə getmə, lap yaxşı oğlandı, pulu da var, istəsə hər gün arvadına on dənə təzə ayaqqabı alar - dedi.

Üzündəki yəqinliyi görüb susdum. Bir xeyli yol getdik.

Tini bururlanda: - Onun oturduğu yeri murdarlamağı var. Bir ondan qorxuram - dedim.

Bu dəfə arvad susdu.

Evə qədər dinmədi.

Səhər ayaqqabılarımı siləndə: - Qardaşın zəng eləmişdi. Ələsgər bibioğlu ona şikayət edib ki, bağçasında nə qədər qızıl gül var hamısı öz-özünə solub. - dedi

 - Sən Ələsgərə baxma, gül murdar götürmür - dedim.

Arvad üzünü bağçamıza tərəf çevirib: - Deyirəm axı! - pıçıldadı.

- Nəyi deyirsən? - soruşdum.

Arvad: - Heç nəyi, - dedi.

 

Orxan Fikrətoğlu

 

Ədəbiyyat qəzeti.- 2017.- 8 iyul.- S.27.