Çağdaş Moldova şeirindən seçmələr

Səlim Babullaoğlunun tərcüməsində

 

İon Hadırka (1949) - görkəmli moldav-rumın ədibi, şair, yazıçı,  fikir adamı, ictimai-siyasi xadimidir.  Eyni zamanda,  tərcüməçi kimi də tanınır. Onun tərcüməsində Nizami Gəncəvinin aforizmləri Moldovada nəşr edilib.

 

"Artera Zen" kitabından  "Azərbaycan damarı" bölümündən seçmələr

 

***

 

İstanbuldan uçuruq?

Türklərlə doludur  İstanbul.

Onda biz ruslarla dolu

Moskvadan uçaq.

Moskva üzərindəki buludlar

Elə gömrükçülərə oxşayırlar.

Qaraşın Vüqar bəy

bizə şübhə dolu nəzərlərlə baxan

saçı saman sarısı

paqonlu  xanıma yaxınlaşır:

-Deyin, zəhmət olmasa,

göz yaşlarına yenəmi inanmır Moskva?

-Əlbəttə, inanmır, əlbəttə.

Çıxardın ayaqqabı…və kəmərlər…

-Təəssüf, axı

o nəyəsə inanmalıyıdı  əvvəl-axır.

 

Bakı göydələnləri

 

"Yastı dam Bakı"

Vladimir Mayakovski

 

Limanın qaldırıcı kranları səmanı cırmaqlayır

Çılpaq buruqlar çırmaqlayır səmanı.

Minarədəki müəzzinin səsi

səmanı cırmaqlayır.

Şişuclu damların səmimiyyəti

cırmaqlayır səmanı.

Mayakovski büsbütün yanılırdı-

yastıyapalaq söz qırıntılarından

səmaya pilləkən çəkmək olmaz.

Yelkənlər cırmaqlayır səmanı

ayın buynuzları.

Qırılmış simləri sazın

cırmaqlayır səmanı.

Dəliqanlılar cırmaqlayır səmanı.

Günəşi cırmaqlayır gözəllər - zərif əllər.

Şəhərin yarasından doğulur

bir cızıq-cırmaq yeri olmayan

yeni-yeni səhərlər.

Beləcə doğulur, dirçəlir

öz ilkinliyi ilə şəhər.

 

Toxunulmaz Nizami

 

Onun evazkar

Xəmsəsini

müdrik rübailərini

oxusam da,

İsgəndərnamə”nin səhifələrinə

bürünsəm ,

Leyli-Məcnunun göz yaşları ilə

yuyunsam da,

bu il Nizami ilə

görüşə bilmədim.

 

Nikolae Spetaru (1961) - yeni moldov ədəbiyyatının tanınmış nümayəndəsi, nasir, şair, tərcüməçi və publisistdir.  Rumıniya və Moldova Yazıçılar birliklərinin, Pen klublarının üzvüdür, Moldova Milli Kitab Salonunun(1993) , Rumıniya Mədəniyyət Fondunun mükafatlarını alıb; Moldova Yazıçılar İttifaqının katibidir.

 

Necə zəng etməli...

 

Yağış haqqında bütün şeirlərdə olduğu kimi,

            yağış yağır

neçə gündür darıxmağın

bir özgə açmasını tapmaq istəyirsən

təəccüblənirsən ki, saitlər samitlərlə

mübahisə etmirlər

(hətta sözlərdə belə nifrət və düşmənçilik yoxdu indi)

səni saatın səssiz işləməsi  hövsələdən çıxardır

bir payızın qarşısında

ləyaqətini  itirən çiçəklər

bu vəziyyət

dərin bir sıxıntı gətirir

dəstəyi  götürüb

fərqində olmadan nömrə yığırsan

alo deməzsiz

necə zəng etmək olar in-inqilaba?

 

Təklikdəki poema

 

Şeirləri çap maşınında döyəcləyirəm,

sözlərin qəlpələri ətrafa sıçrayır

masaya, divarlara, kitab rəflərinə,

sanki quyu ətrafında qaçışan

kəsilmiş xoruzun qanıdır.

Şeirləri çap maşınında döyəcləyirəm,

saitlər samitlər qalın təbəqəylə çöküntü verir

üst-üstə qalaqlanır (yaxşı ki durğu işarələrindən

vaxtında vaz keçmişəm)

hər dəfə daha qalın

divarlar tavan güclə seçilir,

pəncərə görünmür,

qapını ayırd edə bilməzsən

otaq

getdikcə kiçilir.

Şeirləri çap maşınında döyəcləyirəm,

o vaxta qədər ki,  birləşirlər - bütünə çevirlirlər

ətrafımdakı əşyalar:

divarlar sözlər pəncərə sözlər qapı

tavan sözlər yazı maşını masa

sözlər kitablar sözlər sözlər.

İndi yəqin ki, kimsə

mənimlə otaqdakı əşyaların fərqini tapmaq üçün

boşuna cəhd edəcək.

 

Uduzulmuş xəritənin şəhəri

 

Bu şəhərin sənə təklif edəcək

            heç nəyi  yoxdu

damarlarında zəhər kimi axır

            Ad və Səmud.

Bu şəhərdə yaxşı olmaq günbəgün

            mümkünsüz olur

öz-özünlə qalmaq,

            xəyal etmək də həmçinin

(hökmən kimlərsə qəmiş olur sənə)

anlayırsan ki, dəli olmaqçün belə

sənə heç bir yol saxlamayıblar.

 Əgər dalğınsansa,

küçələr səni mütləq

            azdırar gecələr

adlarının qəribə

            təzadlı mənaları var,

ya da lap pisi

            mənasızdır onlar

hər an

bu şəhəri uda bilərlər

ya da uduza bilərlər kartda

çünki səmadakı

           tərpənməz ulduzlarla

hər hansı əlaqədən

            məhrumdur həm də

təklikdə itmiş unudulmuş

qala rolunu məşq edir.

 bu şəhər (öz kiçik

böyük dərdləri ilə)

inandığın taleyindir sənin.

 

Mariya Pilkin (1982) - yeni nəslə aid tanınmış moldav şairəsi və ədəbi tənqidçidir. "İvan Qoq, sənin üçün şeirlər"  poeziya kitabının, "Tənqid dəhlizləri" ədəbiyyatşünaslıq kitabları  məşhurdur. Moldova və Rumıniyanın bir çox ədəbi mükafatlarını alıb, hər iki ölkənin yazıçı təşkiltaının üzvüdür. Kişinyov Dillər Universitetində dərs deyir. Öz ölkəsinin bir çox ədəbiyyat mükafatlarının sahibidir.

 

Made in China

 

Əziz Çin,

sağ ol ki

Hər yerdə varsan,

hər yerdə mənimləsən

içimdəsən,

çölümdəsən,

yanımdasan.

Elə bil anamsan,

mən

sənə oxşamışam,

sənə çevrilmişəm

made in China

 

Saşa Puşkin üçün e-mail

 

Əziz Saşa Puşkin,

belə anlaşılır ki, bəzi bessarablar

ürəyincə olmadılar

hərçənd Odessada Saşa Sturdza

onun ağıl dağarcığı bacısıyla görüşdün

bilirsən burda şayiə gəzir ki

sən guya çarın kaqebisti  olmusan

ya da ona bənzər bir şey

indi bizdə bu cürə qeybətlər dəbdədir,

amma məni başqa şey maraqlandırır

tez-tez unutmayım deyə düşünürəm

etiraf edim ki, sənin

Qaratoxmaq qadınla Oneginin

xoşuma gəlir hər necə olsa da

tez-tez düşünürəm ki,

səninlə bir zamanda yaşamaq istərdim,

baxmaq istərdim ərəbin gözlərinə.

axı pislik hardasa yaxınlıqda ola bilərdi

bir neçə ağıllı

söz deyərdim sənə,

istərdim dəyişəsən fikrini

bizim quberniyanın camaatı haqqında

hərçənd mən

bəzən sənin fikrini bölüşürəm

güc gələ bilməyəndə dərdə

(pardon gözəlçələrə şirin romantik şeirlər

yazılan dövrlərin vərdişilə

deyəsən qafiyə tuturam hərdən).

 

Bacarırsan İudanı sev

 

x deyir ki, y xəbərçi olub

y deyir ki, x hələ də xəbərçilik edir,

sanki atam qışqırır ki, anam ləçər

anam qışqırır ki, atam əyyaşdır,

belə çıxır ki, hamımız bir az İudayıq,

İsanı sevmək necə asandır

bacarırsan İudanı sev

bəlkə həqiqi eşq elə budur

axı İudasız xilas olmazdıq

heç birimiz.

 

İvan Pilkin (1983) -  tanınmış şair, esseist, rumın və rus ədəbiyyatı tərcüməçisidir. Moldova Dövlət Universitetində çalışır.  Moldova və Rumıniya  Yazıçılar İttifaqının üzvüdür. "Lector in libris: Bessarabiya yazarları mütaliə, kitab və kitabxana haqqında" adlı ikidilli antologiya ilə ədəbi debüt edib.

 

Sənin işığın...

 

Özünə inanmaq

deyirsən ki,

Allaha inanmaqdan

çətindi.

İnan,

sənin sözlərin

həyatdır

işıqdır,

sənin sözlərin

Allahdandır.

Eləcə

qoy açılsın pəncərə

sənin əllərinlə

de,

qoy hər yan

işığa boylansın

görəcəksən ki

boyandı

görəcəksən ki,

yaxşıdır

sənin işığın...

 

Adi şeylər

 

Adi şeylər barədə

adi sözlərlə danışmaq

tayabatay açılı

işığa bələnmiş

pəncərə önündə dayanmaq,

məsələn, buludların görünüşü barədə

mübahisə eləmək

astadan

diz-dizə toxunmaq

təbəssümləri gözümüzə təpmək,

ətrimizi içimizə çəkmək dəli kimi.

Budur mənim bu bazar günü arzum,

budur mənim  bu səhərki  yuxum,

budur mənim gecədən keçmiş xəyal etdiyim.

 

Portret

 

Budur  büllur stəkan,

ancaq bayramlarda

içilər bundan,

ehtiyatlı olun

zəhmət deyilsə.

Budur qarışqa

yolunuzun ağzında

bir şirin qırıntı ilə

tapdamayın

zəhmət olmasa.

Budur  astadan ləngər vuran

ilbizin gözləri

işıq axtarışında

zəhmət olmasa toxunmayın.

 

Odissey

 

Axı

sonucda

hamını Odisseyin

yolu gözləyir-aqibəti

dostları bir-bir itirmək

" mən heç kiməm " söyləyərək

xilas olmaq

qürubda Yasəmənin nəğməsini eşitmək,

məlakələrin qoynunda azadlıq axtarmaq,

dibsizliyin duzlu suyunu dadmaq

unudulmağın ot-ələfinə bürünmək

öz səyahətin barədə olmazın şeylər danışmaq

sevilmək

və evinə tələsmək.

 

Ədəbiyyat qəzeti.- 2017.- 8 iyul.- S.28-29.