Böyük
yazarların sirli həyatı:
Onore de BALZAK
Robert ŞNAKENBERQ
"Dərin olmasam da, - bir dəfə Onore de Balzak
demişdi, - kifayət qədər əhatəli adamam". Bu,
ikibaşlı fikrin nə səbəbdən və hansı
şəraitdə söyləndiyi məlum deyil; yəqin ya
öz xarici görünüşünə, ya da zəhmətlə
qazandığı ədəbi uğurlarına (ya da elə hər
ikisinə) görə belə qətiyyətlə deyib.
Mübaliğəsiz olaraq Balzakı dünya yazarları arasında ən
gonbul qələm adamı kimi qəbul etmək olar. 160 santimetr boyu olan ağır cəmdək iki
çöp kimi nazik ayaqlar üstə zorla tab gətirirdi.
O, birmənalı olaraq özünün qarqantüasayağı
(Fransua Rablenin "Qarqantüa və Pantaqruel"
romanının qarınqulu qəhrəmanına işarədir.
tərc.) iştahı, qeyri-adi bər-bəzəyi və ədəbsizliyi
ilə məşhur idi. Dəqiq məlumata
görə bir dəfə Paris restoranlarının birində
nahar edən ədib bir neçə düjin (bir düjin on
iki ədəd deməkdir - tər.) qoyun kotleti, şalğam
suyunda bişən ördək, bir-iki balıq, iki
qızardılmış kəklik və yüzdən çox
dəniz ilbizi aşırıb. Nahar on iki
armud və müxtəlif şirniyyatlar, meyvə və
içkilərlə başa çatıb. Onun özünü süfrə arxasında aparmağı
kənardan çox iyrənc görünürdü. O,
birbaşa bıçaqdan yeyir, yemək qalıqları
ağzının kənarından ətrafa səpələnirdi.
Çoxlarının onu axmaq yerinə qoymağı, dadbilmə
qabiliyyətini itirən adam kimi təsəvvür
etməyi əsla təəccüb doğurmurdu. Sadə kəndli ailəsində doğulan Onore Balsa
soyadını dəyişmiş, ona aristokratlara aid
"de" əlavəsi yapışdırmaqla
özünü cəmiyyətə zadəgan kimi
sırıya bilmişdi.
Müasirləri
Balzakın həyat tərziylə dahiliyini səhv
salmasınlar deyə, o, özünü dünyanın ən
dahi yazıçılarından biri kimi təsdiq etməyə
çalışdı və buna nail ola
bildi. Qələmindən çıxan
çoxcildlik "İnsan komediyası" silsiləsindən
olan yazılar Balzakın Napoleondansonrakı cəmiyyətdəki
ciddi müşahidələrinin bəhrəsi idi. Amma bu silsiləni yaratmaq onun həyat amalı deyildi.
İlk dövrlərdə Balzak özünü
faciə müəllifi kimi görürdü. Lakin onun Oliviyer Kromvelə həsr etdiyi pyesdəki qəhrəman
ingilis xalqının həyatında iz buraxan gerçək
diktator Kromveldən daha sərt alınmışdı.
Pyesi oxuyan professorlardan biri yazıçının anasına
demişdi ki, oğlu ədəbiyyatdan başqa nə işlə
istəsə məşğul ola bilər.
Amma bu ittihamlar Balzakın gözünü qorxutmadı. Özünü kütləvi
ədəbiyyatda sınamaq fikrinə düşən
yazıçı 1822-ci ildə bir-birinin ardınca beş roman çap etdirdi. Bu
kitablar da onun romanlarına seçdiyi təxəllüslər
kimi ürəkaçan olmadı. Onlardan
biri - "Lord R.Oon" (Lord R.Hoone), sadəcə, Balzakın
adının anoqrammasıydı. Bəzən zahid həyatı
sürən və gücünü sayı-hesabı bilinməyən
boşalmış qəhvə fincanlarıyla qoruyub
saxlamağa çalışan yazıçı
gününün on beş saatını məktublara
sərf edirdi. (Balzakın uzaq durduğu yeganə
stimulverici vasitə tütün idi, yazıçı
tütünün insan ağlını zəiflətdiyini
deyirdi.) Romanlarının mövzusunu
müxtəlif görüşlərdə, qəbul və
toplantılarda seçirdi - bəzən bircə təsadüfi
dialoq növbəti romanı yazmaq üçün bəhanə
olurdu.
İyirmi
il ərzində Balzak doxsan yeddi roman
yazdı və onların ümumi səhifə sayı on bir
mindən artıq idi. Onlardan bəziləri
pornoqrafik cəhətdən son dərəcə kəskin
alınmışdı. Digərləri isə
- başdanxarablıq nümunəsi sayılırdı. Götürək elə baş qəhrəmanı
xonsa-mələk olan, gənc cütlüyə Norveç
fiordlarını (dar və
girintili-çıxıntılı körfəz - tərc.)
öyrədən "Serafita" romanını. Balzakın şəxsi həyatı qəribə
keçsə də, bir o qədər maraqlı olmayıb.
Xarici görkəminin kasadlığına, gigiyena
qaydalarından uzaq olmağına baxmayaraq, yüzlərlə
qadınla yaxınlıq etməsi, son dərəcə heyrət
doğurur. Balzak qazandığı
pulların hamısını bir anda havaya verənlərdən
olub. O, özünü inandırmışdı ki, hər
bir insan aristokratlar kimi yaxşı yaşamalıdır və
onun kifayət qədər yaxşı qazancı belə, bəzən
buna bəs etmirdi. Bu səbəbdən də
Balzak həmişə borca düşürdü. Sonra o,
pul içində üzən - axtardığı yar idi,
yetirdi pərvərdigar - polyak zadəgan qadınla
qarşılaşıb, amma qadın özünü bu dahinin
ağuşunda xoşbəxt hiss etsə belə, bir gün
Balzakın bədxərcliyi üzündən bütün sərvətini
itirəcəyini dərk edib. Qadın
yazıçıya onun ölümündən bir neçə
ay əvvəl ona ərə gedib, hansı ki, həmin vaxt
yazıçının səhhəti onu muma döndərmiş,
halsız etmişdi.
Toy səyahətindən sonra Parisdəki evinə
qayıdan Balzak, dönərkən uzun illər ərzində
ona xidmət edən, qulluğunda duran xidmətçisinin dəli
olduğunu görür. Bu, "yaxşı əlamət
deyil!" - yazıçı
çığıraraq deyir. O, yanılmamışdı. Bir neçə ay sonra onun illər ötdükcə
zəifləyən ürəyi dayandı. Ömrünün son illərində Balzak
yaratdığı dünyada yaşadı.
"Byanşonu çağırın gəlsin... ancaq o, məni
xilas edə bilər", - deyən, yazıçı son nəfəsində
"İnsan komediyası"ndakı həkim qəhrəmanı
xatırlayır.
QƏHVƏ MANYAKI
Balzakın qeyri-adi yazıçılıq
uğurlarına təkan verən nə idi? Eynən bizim
milyonlarla həmvətənimizin gündəlik istifadə
etdiyi üsul, yatıb yuxudan durandan sonra işləmək
üçün güc yığmaq, gümrah olmaq -
sınaqdan çıxan qəhvə. Düzdür,
Balzakın bu içkiyə olan sevgisi ifrat hal
almışdı; o, gün ərzində azı əlli fincan
qara, tünd türk qəhvəsi içirdi. O dövrdə
kütləvi qəhvəxanalar və qəhvə şəbəkələri
olmadığından, bu qədər qəhvə tapmaq asan məsələ
deyildi. Qəhvə dəmləməyə
vaxtı olmayanda isə yazıçı bir ovuc dənəvər
qəhvəni üyüdüb ağzına atırdı.
"Qəhvə mənim həyatımda önəmli
rol oynayır, - Balzak etiraf edirdi. - Onun mənim fəaliyyətimə
birbaşa epik təsiri var". Kənar təsirləri
də istisna etmək olmaz. Həddən
artıq qəhvə içmək yazıçının mədəsində
kəskin ağrılara səbəb oldu, təzyiqini yüksəltdi
və son nəticədə gətirib ürək genişlənməsinə
çıxartdı. Həddən artıq
kofein qəbul etmək yazıçının axırına
çıxdı, Balzak dünyasını dəyişəndə
əlli iki yaşı tamam olmamışdı.
GÖZÜMÜ VERƏRƏM
Balzakın sevimli içkisi təkcə qəhvə
deyildi, o, çayın da dadını yaxşı bilirdi. Yaxşı
çay çeşidlərindən birini ona rus konsulu
bağışlamışdı, konsula isə çayı
Çin imperatoru özü hədiyyə etmişdi. Bahalı, ekzotik çay yarpaqları imperatorun şəxsi
nəzarəti ilə toplanmış, karvanla Rusiyaya gətirilmişdi.
Çində həmin çayla bağlı əfsanələr
dolaşırdı. Deyirdilər ki, onun
dadına baxan adamın gözü kor olur. Təəccüblü deyil ki, Balzak ən sevimli
dostlarını bu bahalı içkiyə qonaq edirdi.
Onun köhnə dostu Loran-Janın qismətinə bir neçə
dəfə həmin çayın dadına baxmaq
düşmüşdü və adam hər
dəfəsində: "Yenə gözlərimlə risk edirəm,
amma - lənət şeytana! - Bu çay ona
layiqdir!"
BUNA GÖRƏ QƏBUL
ETMİRDİLƏR
Balzakın qarın dostlarından biri deyirdi ki, dahi ilə
dəlini nazik tül pərdə ayırır. Böyük alman alimi və
təbiətşünası Aleksandr fon
Humboldt bir dəfə psixiatr dostundan xahiş etmişdi ki, onu əsl
başdanxarabla görüşdürsün. Bu
xahişdən sonra psixiatr evindəki nahara bir-neçə
pasienti ilə yanaşı, Humboltla Balzakı da dəvət
edir. Humboltla ilk dəfə
qarşılaşan Balzak adi davranışı ilə o qədər
də diqqət çəkmir, yemək zamanı isə
ağzındakıları çeynəyə-çeynəyə
laqeyd və qarışıq fikirlərlə durmadan gəvələyir.
Süfrə arxasındakı söhbət
başa çatandan sonra Humbolt dostuna tərəf əyilərək,
belə bir nadir nüsxəylə
görüşdürdüyü üçün ona minnətdarlıq
edir. Psixiatr yalnız bu vaxt kartı açır və
süfrə arxasındakı gerçək
başdanxarabları ona göstərəndən sonra:
"Sizin diqqətlə baxdığınız adam isə Onore de Balzakdır!" - deyir.
NƏŞƏXOR
Bir dəfə
şair Şarl Bodlerin təşkil etdiyi məclisdə Balzak
nəşə çəkmək fikrinə düşür,
hər şey qayda-qanunla, tanış həkim-psixiatrın
nəzarəti altında olur. Hadisə XVII əsrin
ən dəbdəbəli məkanlarından birində, pəncərələri
birbaşa Senaya açılan malikanədə baş verir.
Amma ətrafdakı mənzərəyə
münasibət nəticə etibarilə ürəkaçan
olmur. Balzak gözlədiyi kimi
narkotikanın təsirindən "uçaraq, göyə
qalxa" bilmir və onun effektindən narazı qalır.
Yazıçı heyrətə gəlir: nəşə onun
ağlını başından çıxarmır.
AC DAHİ
Balzak özünü zadəgan kimi qələmə verməyə
çalışsa da, aclığın nə olduğunu
yaxşı bilirdi. Ömrünün kasıb
çağlarını öz soyuq və mebelsiz miskin
daxmasında keçirmişdi. Amma bu, dahi
yazıçının iradəsini qıra bilmədi və
o, evin interyerini öz təxəyyülü hesabına dəyişdi.
Sadəcə, fırçanı
götürüb, boş divarlarda evində görmək istədiyi
əşyaların adlarını yazmaqla məsələni
yoluna qoydu. Divarlardan birində yazmışdı:
"Qırmızı ağacdan üzü cilalanmış
kamod". Digərində: "Divar xalçası ilə
Venetsiya güzgüsü". Soyuq, odunsuz sobanın
üstündə isə "Rafaelin çəkdiyi mənzərə"...
yazılmışdı.
Balzakın miskin sığınacağı Parisin ən axmaq rayonlarından birindəydi. Onun kimi tələbləri olan adam üçün bu sığınacaq son dərəcə dəhşətli və yarıtmaz idi. Balzak o qədər kasıb idi ki, çox vaxt naharı bir quru bulkanı suda isladıb yeməklə keçirirdi. Yazıçının acınacaqlı həyatını görən Paris kitab ticarətçilərindən biri onun yeni romanını almaqdan imtina etmişdi. Gecə vaxtı evinə girən oğrunun onun yazı masasının kilidini qırmağı ilə bağlı əhvalat da çox məşhurdur. Yuxudan oyanan Balzak oğruya belə demişdi: "Gecənin qaranlığında masa üstə pul axtarmağa dəyməz, çünki o masanın qanuni sahibi heç gün işığında da onu tapa bilmir!"
BAHALI
SUBSTANSİYA
Məlum mayeləri orqanizmdə qorumaq... Balzak dostlarına etiraf edirdi ki, sevişərkən işi aparıb heç vaxt toxum artırmağa qədər çıxarmır, çünki yaradıcılıq enerjisini itirməkdən ehtiyat edir. "Bütün həngamələr, sevgi oyunları, həzz almaq, təbii ki, yaxşı şeydir, - sonralar dostlarından biri Balzakın dediklərini bu şəkildə yaymışdı, - amma məsələni toxum artırmağa qədər uzatmaq lazım deyil". Balzak kişi toxumlarını beynin yaratdığı cövhər hesab edir, onun cinsi yolla ifrazını mümkün yaradıcı enerjinin itirilməsi adlandırırdı. Bir dəfə Balzak çoxsaylı məşuqələrinin biriylə sevişib qurtaran kimi uca səslə demişdi: "Bu gün səhər roman yazmaqdan məhrum oldum!"
Tərcümə etdi: Əyyub Qiyas
Ədəbiyyat qəzeti.- 2017.- 8
iyul.- S.31.