PROFESSOR

Fuad Köprülü barədə düşüncələr

 

15 sentyabr 1656-ci il.

İstanbul.

15 yaşlı Sultan IV Məhməd 78 yaşlı Məhməd Paşa Köprülünü sədr-əzəm - baş nazir təyin edir. Təyinat səltənət çevrələrində birmənalı qarşılanmır: "Oxuyub-yazmağı bilməyən 78 yaşlı qocanın özünü idarə etmək gərəkirkən, o özü bu məmləkəti necə idarə edəcək?" Amma hökumətin qoca başçısı nəinki məmləkəti, hətta gənc sultanın özünü belə idarə edir... Gözlənilməz addımlar atır, yeniçəri paşalarını, asilik edən sipahiləri əzir, hüquqi islahatlar həyata keçirir, osmanlı imperatorluğunu içəridən vurmağa cəhd edən yunan patrikini edam etdirir....

… Üstündən 250 il keçib. Məhməd Paşanın onuncu göbəkdə övladlarından olan Məhməd Fuad Köprülü 23 yaşındadır. İstanbul Universitetinin professorudur.

Qasırğa tarixin dibindən əsir.

XVII əsrin ortalarından - Məhməd Paşadan etibarən Osmanlı sarayında söz sahibi olan Köprülülər XX yüzilə Məhməd Fuad Köprülü ilə daxil olur.

… Bu yazını bilərəkdən, həm də bir az ibrət olsun deyə  "Professor" adlandırdım. Çünki artdıqca artan  "professor" diplomlarının kölgəsində ömür sürən "intellektual" barsızları gördükcə, adi bir rüşdiyyə - orta məktəb məzununun dünya elminin patriarxlarından birinə necə çevrilə bilməsinin sehrli cazibəsi adama ayrıca bir zövq yaşadır.

Fuad Köprülü orta məktəbi bitirdikdən sonra üç il hüquq fakültəsində təhsil alıb və sonra da:

"… Mənim ixtisas  almaq istədiyim elm sahəsinin məktəbi yoxdur ki,  mən oradan məzun ola bilim… İdadiyədən sonra… hüquq fakültəsində böyük bir xəyal qırıqlığına uğradım. Tədris son dərəcə fəna idi. Şərq dillərini, fransızcanı bəzi müəllimlərimdən daha yaxşı bilirdim. Hətta bəzi dərsləri, bəzi bəhsləri onlardan çox əvvəl və daha yaxşı öyrənmişdim. Hüquqda  qalmaq vaxt itirməkdən başqa bir şey deyildi".

Hədsiz dərəcədə geniş və parlaq zəkasıyla o, Türkiyənin heç bir məktəbinə sığa bilmədi. Hamının sığdığına "ağ üzlü, qara çaçlı, uzun kirpikli, yaşıl gözlü" Köprülü sığmadı. Sığmadı, amma ali təhsil almamasına rəğmən, orta məktəb vəsiqəsiylə 23 yaşında İstanbul Universitetinin türk ədəbiyyatı tarixi üzrə ilk professoru oldu. Ədəbiyyat fakültəsinin dekanı seçildi.  İlahiyat fakültəsində türk tarixindən, Mülkiyyə məktəbində siyasi tarixdən, Gözəl Sənətlər məktəbində mədəniyyət tarixi fənlərindən mühazirələr oxudu. Sonralar Türkiyədə ilk türkoloji İnstitutu qurdu, Türk Tarix Cəmiyyətinin başqanı seçildi, türkolojiyə dəxli olan dünya elmi təsisatlarının, demək olar ki, əksəriyyətinin fəxri doktoru, yaxud akademiki oldu… Saymaqla qurtarmaz: İstanbul Universitetinin professoru, Heydelberq Universitetinin  fəxri doktoru, Sorbonn Universitetinin doktoru, SSRİ Elmlər Akademiyasının əcnəbi üzvü, Harvard Universitetinin professoru, London Şərq və Afrika Dilləri Məktəbinin fəxri üzvü, Macar Şərq Tədqiqləri Elm Cəmiyyətinin, Alman Arxeoloji İnstitutunun, Çexoslovakiya Şərq Cəmiyyətinin müxbir üzvü, Macarıstan Elmlər Akademiyasının akademiki, Amerika Şərqşünaslar Cəmiyyətinin və Amerika Tarix Qurumunun  fəxri üzvü, Afina Universitetinin fəxri doktoru, Kəraçi Universitetinin fəxri hüquq doktoru, Ukrayna Universitetinin fəxri doktoru...

Babalarından miras aldığı saray ərkanı psixolojisini, əsilzadələyini elmi mühitin davranış qaydalarına tətbiq etmiş, elmdə aristokratik zehniyyəti yaratmış Fuad Köprülünün "hələ 29-30 yaşlarındaykən, elmini, sənətini, xidmətlərini və əsərlərini öymək yolunda Avropada yarış başlamışdı" (Nihat Sami Banarlı). 1939-cu ildə Sorbon (Paris) Universitetinin fəxri doktoru seçildiyi o tarixi günlərdə Köprülünün şərəfinə Sorbon Universitetinin çatısında Türk bayrağı dalğalanırdı... "Bu mənim elmi həyatımın ən dəyərli mükafatı oldu. Sarbonna üstündə Türk bayrağı dalğalanırkən, universitetə Fransız Rəisicümhuru (Fransa prezidenti Alber Lebren) girmişdi. Kəndilərinə məni Türk alimi, - deyə təqdim etdilər. Əlimi sıxdı, nazikanə təbrik etdi".

Universitetin rektoru Sebastian Karlety "Osmanlı imperatorluğunun quruluşu" əsərinin fransızca nəşrinə yazdığı ön sözdə etiraf edirdi ki: "Köprülünün Sorbonnada verdiyi dərslər getdikcə artan bir şöhrət və müvəffəqiyyətə məzhər olmuşdur. Fuad Köprülü çətin bir mövzunu təzələmişdir".

"Millətinin parlaq timsalı olan bu adam Şərq zehniyyətinin bağlarından qurtularaq, fəqət qüvvətli kültürlərlə dolu bir qüvvət qaynağı olan milliyyəti tərk etmədən yeni və hürr avropai zehniyyətə qovuşma vəzifəsini öz qüdrətiylə və tamamən həll etmişdir".

Brüssel Universitetinin professoru Paul Vittek bu sözləri bir az sonra, Fuad Köprülü  Almaniyanın Heydelberq Universitetinin  fəxri doktoru seçilərkən söyləyəcəkdi.

SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçiləndə isə Fuad Köprülünün 35 yaşı vardı və rus elminin məşhurları Bartold, Oldenburq, Kraçkovski etiraf edirdilər ki: "...Köprülüzadənin tədqiqləri sayəsində türkoloji elm sahəsi istər tarix, istərsə də lisaniyyət baxımından keçmiş vəziyyəti ilə ölçülməyəcək dərəcədə yüksəlmişdir". Akademik  Vladimir Qordlevskiyə görə, "Köprülüzadə Məhməd Fuad bəy, şübhəsiz ki, yeni Türkiyənin ən mühüm simalarından biridir... Onun incə və parlaq  bir üslubda yazılan əsərləri mövzularının yeniliyi ilə diqqəti cəlb etməsindən başqa, yalnız Türkiyə üçün deyil, bütün avropalı araşdırıcılar üçün də böyük dəyər daşıyır..."

Qordlevski elə həmin il Rusiya Elmlər Akademiyasının 200-cü ildönümü ilə bağlı tədbirlərdə Köprülünün iştirakını yada salıb deyirdi ki, rus şərqşünasları XVII əsr Türkiyəsinin böyük vəzirlərinin nəvəsi ilə o zaman tanış oldu.

Amma 24 il sonra "...1948-ci ildə Moskva siyasi səbəblər üzündən 1925-ci ildə seçildiyi Sovetlər Birliyi Elmlər Akademiyasından onu xaric etdi. Bununla bərabər, 1950-ci ildən sonra Xarici İşlər Naziri vəzifəsində çalışdığı dövrdə ruslar Ankaradakı səfirləri vasitəsilə onu yenidən eyni Akademiyaya seçmək istədiklərini bir neçə dəfə bildirmişlərsə də, Köprülü nazikanə bir şəkildə bu istəklərin hamısını rədd etmişdir". (Orxan F. Köprülü)

Fuad Köprülünin SSRİ Elmlər Akademiyasından xaric edilməsi Stalinin qərarıydı. Çünki 1948-ci idə Gürcüstan Elmlər Akademiyasının alimləri sovet mətbuatında Türkiyə torpaqlarının böyük bir qisminin sovet Gürcüstanına aid olması iddiası ilə çıxış etmişdilər... Fuad Köprülü gürcü alimlərinə cavab olaraq "Vətən" qəzetində "Gürcü alimlərinə cavab", "Tarix yalançı şahid olamaz", "Tarix deyil, əfsanə", "Əfsanə deyil, tarix" sərlövhəli silsilə məqalələrini yazmış, dünya ictimai fikrini Türkiyənin xeyrinə yönəldə bilmişdi. 1948-ci ilin 12 noyabrında isə SSRİ Elmlər Akademiyasının ümumi yığıncağında Sovet İttifaqına qarşı "düşmənçilik və böhtan ruhlu" çıxışlarına görə türk professoru Fuad Köprülü Akademiyanın əcnəbi müxbir üzvləri sırasından xaric edilmişdi.

Digər tərəfdən, Fuad Köprülü həm də II Dünya müharibəsində Türkiyənin Almaniyaya qarşı müharibəyə qatılmasına əngəl olan siyasətçilərin sırasında əsas simalardan biri kimi çıxış etmişdi.

1935-43 illərdə millət vəkili, 1946-cı ildə Adnan Menderes və Rəfiq Koraltanla bir yerdə Demokrat Partiyanın qurucusu, 1950-56-cı illər Türkiyənin Xarici İşlər naziri, 1956-57-ci illərdə Dövlət naziri, Türkiyə Cümhuriyyəti Baş nazirinin müavini…

Türkiyənin NATO-ya daxil olması üçün beynəlxalq miqyasda ən həlledici işləri görən diplomat və bu  münasibətlə ABŞ ilə Türkiyə dövləti arasındakı müqaviləni Türkiyə adından imzalayan (və Türkiyəni siyasi tənhalıqdan qurtaran) ədəbiyyat professoru Fuad Köprülü.

Türkiyədə təkpartiyalı sistemə qarşı çıxanların da ilki Köprülüydü. Modern türk ədəbiyyatşünaslığının, eyni zamanada, Strohmeirə görə,  "modern türk tarix elminin də qurucusu" olan Köprülü, həm də müasir Türkiyəni öz universal elmi zəkasıyla hasilə gətirənlərdən biriydi.

1960-cı il hadisələrindən sonra üç ay Yassıadada dustaq həyatı da yaşadı, amma bütün hər şeyə rəğmən, tarixə həkk olunmuş elmi imzasının şərəfini sonacan qorudu. Fuad Köprülünün həbsdən azad olunması üçün Amerika Universitetlərinin dünyada tanınan məşhur doqquz professoru əsli Camal Gurselə, surəti Ankara və İstanbulun bütün qəzetlərinə məktub göndərdilər. Amerikalı professorlar "dünyalarca ünlü, doğruluğu inkar götürməz, dövlət idarəsində mahir və Türkiyənin Şimali Atlantik Paktı təşkilatına girməsini təmin edən şərəfli arkadaşları professor Fuad Köprülünün" azadlığa buraxılmasını israrla tələb edirdilər…

Milli tədqiqlərin çağdaş modelini yaradan Məhməd Fuad Köprülü  ədəbiyyatşünaslıqda ümumtürk kontekstini qurdu. Türk millətinin tarix və ədəbiyyatşünaslıq elmini Orta əsr təzkirəçiliyindən, "orta çağ qalıntılarından" təmizlədi.

"Şəxsiyyətin tamamilə ictimai bir məhsul olması" düşüncəsinə inanan Fuad Köprülü şəxsiyyətlərə ictimai və milli rakursdan baxdığı üçün İstanbulda bir Bethovenin, Qanuni Süleymanın sarayında bir Şekspirin, Hotantolar arasında bir Füzulinin yetişə bilməyəcəyi qənaətində israr etdi.

Əhməd Yəsəvini, Yunus Əmrəni türk ədəbiyyatına qazandıran da, Anadolu səlcuqları tarixinin yerli qaynaqlarını ilk dəfə tədqiata cəlb edən də, Bartoldun kiçik həcmli "İslam mədəniyyəti" əsərinə 290 səhifəlik izahlar və təshihlər yazaraq onu "İslam mədəniyyəti tarixi" adı ilə nəşr etdirən də, elmi tədqiqlərə Avropa tərzini gətirən də, öz elmi şəxsiyyətini XX  yüzil türk mədəni fikir tarixinin patriarxı səviyyəsinə yüksəldən də odur. Ondakı fikir zənginliyinə, erudit zəkasına, zehniyyətində iki dünyanı birləşdirə bilmək bacarığına yalnız heyrətlənmək olur.

"Türk ədəbiyyatında ilk mütəsəvviflər" əsərində yazırdı: "Tənzimatdan bəri ədəbiyyat tariximiz haqqında heç bir elmi qiyməti haiz olmayaraq yazılan xırda-para şeylər arasında, xalq mütəsəvvüflərinin mövcudiyyətini bildirən bir sətir belə bulunamaz".

Tədqiqlərini Türkistan arealına, Türküstan dərvişliyinin mahiyyətinə yönəldən Köprülü nə etdiyini, məşğul olduğu sahələrin milli, siyasi və dövləti proseslərə zəmin hazırlamış olduğunu bilirdi. (düşündürücü, maraqlı və kədərlidir ki, 1919-cu ildən başlayaraq  Köprülüyə dünyada elmi etibar və nüfuz qazandıran ilk əsəri "Türk ədəbiyyatında ilk mütəsəvviflər" olduğu kimi, 1964-cü ildə yazdığı son araşdırması da "Orta Asiya türk dərvişliyi haqqında bəzi notlar" adlanırdı).

Hələ 1926-cı ildə Əli bəy Hüseynzadə ilə birgə Türkoloji Qurultaya gələndə Batumdan Bakıya qədər və "Yeni Avropa" otelində sovet xüsusi xidmət orqanları onları təqib etmişdi. A. Millerin 1948-ci ildə Moskvada nəşr olunmuş "Qısa Türkiyə tarixi" adlı kitabında "türk professurasının ifrat sağçı qanadına mənsub" Fuad Köprülüzadənin adı SSRİ-nin siyasi rəqibləri sırasında hallanırdı. Milliyyətçiydi. Amma özünün də dediyi kimi, hər cür irqçilikdən uzaq insanpərvər bir milliyyətçiydi. Bu mühüm amil onun elminə də, şəxsiyyətinə də sirayət etmişdi. Azərbaycan ədəbiyyatı ilə bağlı tədqiqlərinə Füzulinin  iraqlı bir kürd olmasını iddia edən Vladimir Minorskinin görüşlərini təkzib etməklə başlaması da bu səbəblə bağlıydı. "Füzuli ədəbi təsirinin davamı və genişliyi etibarı ilə olduğu qədər, şeirlərinin bədii qiyməti baxımından da, hətta ən böyük türk şairi sayıla biləcək müstəsna bir şəxsiyyətdir... Cağatay ədəbiyyatı da daxil olmaqla, türk ədəbiyyatının bir çox sahələrində qüvvətli təsir və nüfuzu mövcud olmaqla bərabər, onu azəri və osmanlı ədəbiyyatlarının müştərək bir şəxsiyyəti ədd etmək, ədəbiyyat tarixi baxımından zəruridir" deyirdi. Münazirə poetik formasının ərəb və İran ədəbiyyatına türk xalq ədəbiyyatının təsiri ilə və əslən türk olan İran şairləri tərəfindən keçdiyini, türk şeirindəki qitə şəklinin fars ədəbiyyatındakı rübai şəklinin sələfi olduğunu, ermənilərin, gürcülərin, ukraynalıların, macarların, serblərin qədim xalq ədəbiyyatları üzərində türk xalq ədəbiyyatının  danılmaz nüfuzunu ilk dəfə o irəli sürür və dünya elmi ictimaiyyətini buna inandırmağı bacarırdı. Jak de Morqan kimi fransız alimlərinin erməni aşıqlarını Homerlə müqayisə etmələrinə qarşı yüksək elmi və tarixi məntiqlə cavab verən Fuad Köprülünün "Türk ədəbiyyatının erməni ədəbiyyatına təsiri" əsərindən sonra Avropada inanmağa başladılar ki, erməni aşıq ədəbiyyatı türk aşıq ədəbiyyatının təqlidindən başqa bir şey deyilmiş.

Heca vəzni haqqında ilk elmi mülahizələr də Fuad Köprülü tərəfindən irəli sürülüb. 1915-ci ildə yazırdı ki, "…Heca vəzni bizim ruhumuzdan  qopmuş, səmimi, milli bir məhsuldur; Mərmərə sahillərindən Tibet hüdudlarına qədər milyonlarca türk nəşə və kədərini bu vəzn ilə tərənnüm edir. Artıq buna qarşı əcəm şairlərinin əski ahənglərini (qəzəl ahəngini - A. T) yaşatmaq istərsək türkün ruhuna tamamən yabançı qalmaqdan əbədilik qurtula bilmərik".

Köprülü, eyni zamanda, Osmanlı dövlətini Bizans imperatorluğunun davamı kimi dəyərləndirən Qərb alimlərinin osmanlı sisteminə yanlış münasibətini təshih etdi. Osmanlı imperatorluğunun qurulması tarixini   imperatorluq sistemini keyfiyyətcə yeni - Avropa modelini tətbiq edərək araşdıran Fuad Köprülü həmin aspektdə elmə əsaslandırılmış yeni düşüncə dalğası gətirdi: "Bizans müəssisələrinin Osmanlı müəssisələrinə təsiri" əsərində gəldiyi qənaət, əslində, dünya elminin inanıb və bir daha bu barədə mübahisə etmədiyi son nəticə oldu: "Osmanlı dövlətinin hakimiyyət tələqqisi və idarə sistemi üzərində Bizansın həmən heç bir təsiri olmamışdır... Osmanlı dövləti, Anadolu səlcuqlu səltənətinin idari ənənələrinə varis olmuş, ilhanlıların və məmlüklərin təsiri altında qalmış bir türk-islam səltənətidir". Yaxud, Köprülüyə qədər beynəlxalq elmi çevrələrdə mövcud olan "Osmanlı dövlətinin hüquq sistemi islam hüqüq sisteminin təkrarıdır" hökmünü o, 1937-ci ildə keçirilən İkinci Türk Tarix konqresində əsaslı dəlillərlə təkzib etdi və islam hüqüqündan əvvəl türklərin öz xalq hüqüq sistemi vardır, -  iddiasını  ortaya qoymaqla məsələni birdəfəlik həll etdi…

 

*     *     *

 

Hər dəfə İstanbula yolum düşəndə Ayasofyanın, Sultan Əhməd Camesinin, Topqapı Sarayının, Gülhanə parkının... civarında yerləşdiyi, az qala, iki minillik dünya tarixinə ağuş açmış Divanyolu caddəsindəki Köprülüzadələr külliyəsini ziyarət edirəm. Osmanlı sədr-əzəmi olmuş bütün Köprülüzadələrin - sədr-əzəm Məhməd Paşa Köprülünün və Fuad Köprülünün də məzarı burdadır.

Hər halda, əsalət öz işini görür…

 

Azər TURAN

 

Ədəbiyyat qəzeti.- 2017.- 15 iyul.- S.2-3.