Tofiq Nurəli
Qış qayğısı
Yazda toxum kimi zoğ
atıb çıxıb
Yarpaq açacağam
gül açacağam.
Bu köhnə dilimi qoyub bir yana,
İnan ki təzədən dil açacağam.
Bu qışı birtəhər
keçirə bilsəm...
Sazaq iliyimə işləyən
zaman-
Bir isti misraya tutsam
əlimi,
Tələsə-tələsə gələn
dumandan
Qırov
bağlayanda daş da çör-çöp
də...
Qəfil
yıxılmasam bu ötə-ötdə,
Bu qışı birtəhər
keçirə bilsəm...
Çovğundan yerlə göy
seçilməyəndə,
Başın itirəndə tamam
çöl-bayır,
Domnadan tökülən yanar poladtək
Görərsən dilimdə söz
parıldayır
Bu qışı birtəhər
keçirə bilsəm...
Bu da bir istəkdir
düşüb könlümə,
Mən yaz vurğunu da deyiləm düzü.
Bürüyür gəlbimi şairanəlik
Payıza dönəndə dünyanın
üzü.
Ayın qaranlığında
Faiq
üçün
Dadlı
iyul gecəsi
Ayın
qaranlığında
Yerin göydə,
Göyün
yerdə həll olduğu zaman
Ruhun səsi gəlirdi
napnazik şırıltıyla
axan
Babaçayından...
Bütün canımla arxası
üstə sərilib
qaranlığa
O çayı dinləmək
qədər
Azad
xoşbəxt
və kədərli
olmamışdım heç
vaxt...
Ötənlər də,
Ötənlər də, itənlər
də,
gələcək
və gəlməyəcək
gələcək də,
boynuma qonan böcək də
Suyun şırıltısını dinləyirdi
bu dadlı iyul gecəsinin sahilsiz qaranlığında...
Bu qaranlıqda ən aşağıda da mən idim,
ən yuxarıda da mən idim..,
Ən əvvəl
də mən idim.
mən idim ən axır da,
axırdı da,
hər şey bu şırıltıya qoşulub axırdı
bu dünyaya məndən,
bu dünyadan mənə...
Və yenə mən
ruhun da səsini eşitdiyim qatda
və hər üzünü gördüyüm
bu həyatda
ömrümün bu çağında
heç vaxt yetmədiyim qədər
azad
xoşbəxt
və kədərli idim
Ayın qaranlığında.
Ölməzlik
Hər gün bir az Nəsimidən kömək istəyirəm:
Dərisi
soyulmağın necə
olduğunu
bilmək istəyirəm
Hər gün bir az Cavid əfəndidən
Şaxtadan,
don vurmaqdan nəsə soruşuram...
...Belə də, böylə-böylə konuşuram...
Hər gün bir az Müşfiq çatır dadıma:
Deyir güllə necə dəyir adama...
Zəhərdən doğulmağı Nazim
öyrədir ,
Boğulmağı Səməd Behrəngi
Hər gün qaçır rəngim...
Deyirlər qorxma:
- dərimi soymasaydılar,
ölərdim,
- Sibirə sürməsəydilər,
ölərdim,
- güllə çaxmasaydılar, ölərdim,
- zəhər qatmasaydılar, ölərdim,
-sulara satmasaydılar, ölərdim
Gecikmək və ya nəsillər qatarı
Bizim biletimiz o qataraymış,
Boş getdi yerimiz,
Xoş getdi yerimiz-
bilmirəm.
Mən gördüm o qatar
elə bil həvəssiz-
lap yavaş getdi,
Tamburda beş-altı
sərxoş getdi.
Bizim biletimiz o qataraymış-
Bu gələn qatardan gözlərini çək,
Bu qatar bizləri
götürən deyil,
Bizim biletimiz yanıb, əzizim...
Çırpıb yumruğumu vaxtın
üstünə
elə boş-boşuna
əlimi əzim?!
Bizim biletimiz o qataraymış...
Bizim biletimiz yanıb, əzizim!..
Bir az, bir az çox..,
nə fərqi axı,
onsuz da çatmadıq,
getdi o qatar ...
İndiki
qatarsa tanımır bizi,
Bizə
bu qatara bilet verməzlər...
İndi
kimin üstə ataq günahı ?!
İndi
adım kimi bilirəm əzbər
Bizim biletimiz o qataraymış...
Böyük bir zamanı
verdik küləyə-
qatarı vaqonu düz tanımadıq...
Bizi kim aldatdı,
heç bilirsənmi?!
Bilməyin özü də
çox gecdi artıq ,
Bizim biletimiz o qataraymış ...
Lap elə birtəhər minək bu dəfə-
Hərə bir tərəfdən
lağ eyləyəcək...
Axı hər qatarın öz sərxoşu var,
Gördün ki, biri lap ağ eyləyəcək-
Götürüb qatardan atacaq bizi...
Bir yaxşı fikirləş
indi əzizim...
Bizim biletimiz o qataraymış,
Bizim biletimiz yanıb əzizim...
Bu gedən qatarlar bir üzə gedir,
Qayıdan deyildir bizim də qatar...
...Boş qalan yerlərə baxıb gizlicə
Bir az xoflanır
da qatardakılar:
Bəlkə qabaqkına minib
gediblər,
Bəlkə hər qatarda onlara yer var?!
Getmək
Yaxınlar sıxır adamı-
yaxınlardan qopub getmək...
Ömrün səndən gizlətdiyi
bir əcəli qapıb getmək...
Getmək,
yenə getmək...
Nə qaranlıq sabahlara,
nə də dibsiz keçmişlərə...
Bir
"yox" çırpıb
ölçülərə
heçliklərə...heçliklərə...heçliklərə getmək.
Getmək,
yenə getmək.
Hər xaotik boşluqlara,
Hər
qızmış sərxoşluqlara,
stəkanda fırtınaya-coşqulara
Üsyan
kimi,
üsyan kimi,
üsyan kimi getmək...
Getmək,
yenə getmək.
Sular
Bu dünyadan çirkli gedib
O dünyadan təmiz gələn
xanım sular,
gəlin sular...
Bu dünyadan suçlu gedib,
Bu dünyada puç olub gedib
O dünyada dirilən sular
xanım sular,
gəlin sular...
Hər iki dünyanı görən
əvvəl sular,axır
sular...
Bu dünyadan o dünyaya,
o dünyadan bu dünyaya
axan sular,
axar sular-
xanım sular,
gəlin sular...
məni də yoldaş götürün!
Çirkin-pasın ovcundayam,
dörd yanımı borc bürüyüb-
gör nələrin borcundayam?!.
Vicdandan
borc xərcləmişəm!
Mən bəxti vurdum top kimi,
Vurduğum yerə düşmədi.
İlahinin işıqları
Durduğum yerə düşmədi.
İnsan
adına nə varsa
Mənimçün hamısı sınıb.
İçimdə göz-gözü görmür
-
İçimin şamları sönüb.
Zamanın bu parasında
Hər yan yaşdı,quru
yoxdu...
Üstündə durduğum vaxtın
Heç
bir yandan nuru yoxdu...
Çirkli gedib pak qayıdan,
Cod gedib ipək qayıdan
xanım sular,
gəlin sular
məni də yoldaş götürün
dalınızca gəlim,sular.
Bircə
dəfə möhlət
olsun,
dönər olsun gedər yolum.
İlahi,
rüsxətin varmı
Gedim-gəlim insan olum?!
Həyat
Kimi dimdik yoxuşuna dözmədi,
Kimi uzun yağışına
dözmədi,
Kimisi də özxoşuna,
dözmədi-
satıldı...
Kimi zirvə vədəsinə
uydu da,
Kimi xoş səs sədasına uydu da,
Kimi
"mənəm" ədasına
uydu da-
satıldı...
Biri çörək əzabından,
Biri əzab əsəbindən,
Biri də ki qəzəbindən
satıldı.
Soruşursuz bəs nə oldu dözənlər?!-
Satqınların arasında bezənlər...
... Onlar indi ruha
dönüb gəzirlər
Gecələr qəbiristanda lap havalı-havalı.
Yovşan
Bu qupquru yovşanın
qoxusundan
Min il o yanın
səsi gəlir.
bu qupquru yovşanı
qoxladıqca
insanın həvəsi
gəlir
bir az oxumağa
pəsdən,
bir az xatirələrə
dalmaq,
bir az da
dolmaq,
dolub-daşmaq,
ömürün bu başını o başına-
o başını bu başına daşımaq
həvəsi gəlir...
hər şeyi,
hətta ölən sevgiləri də
yenidən yaşamaq
həvəsi gəlir...
bu cadar-cadar şoran
Şirvan
küdrüsündə...
Bu küdrünün düzündə
çöl yatıb
min ilin yuxusunda...
sonsuzluğun qapısıdı
sanki
yovşanın hər dəstəsi...
Bu qupquru yovşanın qoxusundan
aşıq Şakirin
səsi gəlir -
"Şirvan şikəstəsi".
Pencəkli xatirələr...
Salıram pencəyimi
çiyninə başdaşının,
hava şaxtadır yaman...
...Bəlkə çıxıb
yadından-
bax beləcə bir zaman
salardım pencəyimi
sənin çiyinlərinə...
bir
az üşüməkdən
qoruyardım səni,
bir az özümə bükərdim səni...
Sən gedəndən sonra
bu pencəyin içindən
canıma çəkərdim
səni...
...indi heç nə yoxdur, yox,
yüz fikirləş,
yüz vur-çıx,
yüz düşün,
yüz, daşın -
heç nə dəyişən deyil...
Adını sinəsinə tutub
durub baş daşın -
burda nə çox gözləyən
var, ilahi.
Adını sinəsinə tutub
durub baş daşın -
demək ki, gözləyirsən?.,
axı bir qərib də var
ömrün o başlarında
-
iyirmi yaşlarında...
Sənli,
mənli, pencəkli
köhnə xatirələri
-
həyəcanlı və
canlı
və tərli xatirələri
salıram bircə-bircə
yaddaşımın çiyninə
və adını sinəsinə tutub duran
baş daşının
çiyninə.
Salıram pencəyimi
baş daşının
çiyninə
hava yaman şaxtalıdı.
Ədəbiyyat qəzeti.- 2017.- 15
iyul.- S.25.