XVIII əsrdə
Qarabağda hava necə olub...
Rüstəm KAMAL
Hava və iqlim yalnız
meteoroloji araşdırma
obyekti deyil, həm də ideoloji və tarixi refleksiyanın mövzusu ola
bilir. Düşünürəm
ki, Azərbaycan mədəniyyətinin iqlimşünaslığı
öyrənilsə, çox
mətləblərə aydınlıq
gələr...
XVIII əsrin havası
və iqlimi Qarabağ tarixinin mühüm bir "personajıdır".
Hava durumu o dövrdə hadisələrin
gedişatına, savaşın
müqəddəratına, insanların taleyinə necə təsir edib - kiçik yazımız bu
haqdadır.
XVIII əsrdə Qarabağ
xanlığının iqlimi
və havası haqqında məlumatlar tarixi qaynaqlarda, demək olar ki, yox dərəcəsindədir. Təəssüf ki, salnamə müəlliflərinin təhkiyəsində
XVIII yüzilin meteoroloji
durumu haqqında xəsisliklə məlumat
verilir. Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumunun şahidi olmuş Mirzə Adıgözəl
bəy həmin günün hava durumunu yadında saxlaya bilərdi. Yaddaşına köhnə
adamların rəvayətlərini
və xatirələrini
yığmış Mirzə
Camal, Baharlı, Mirzə Yusif Qarabaği üçün
keçmişin "iqlim
hadisələri" nə
qədər maraqlı
ola bilərdi?
Kompilyativ xarakter daşıyan, salnamə şəkildə
yazılmış "Qarabağnamələr"
istinad edəcəyimiz
əsas mənbələrdir. Bu mətnlərdə "meteoroloji
kod" o dövrün
hadisələrinə macəra
və mistika qazandırır.
Babalarının şanlı və şərəfli tarixini
("Qarabağ xanlığının
1717-1805-ci illərdə siyasi
vəziyyətinə dair")
yazan Əhməd bəy Cavanşir birdən təhkiyəsini
dayandırır, Şuşanın
landşaftı və
təbiəti haqqında
nostalji duyğularını
oxucularla paylaşır. Şuşanın landşaftı onun gözlərində yenidən
canlanır və dirilir. Onun üçün Qarabağ
coğrafiyası özü
maraqlı tarixdir və əziz bir xatirədir, Şuşanın iqlimi də, landşaftı da xanlığın tarixi qədər vacib və sirlidir:
"Dumanlı havada səhərin hər hansı bir yerindən şimala, şimal-şərqə və
şimal-qərbə nəzər
salan adam belə gözəl bir mənzərədən
valeh olur: burula-burula qalxan dumanlar və qara buludlar gah
Qarabağ dağlarının
qara zirvələrini və ağaran Qafqaz dağlarını dövr eyləyərək
onların başına
dolanır və onlara toxunub dağılır, gah da bir anlığa
onların qabağını
örtür".
Qarabağ tarixinə həsr
olunmuş bu salnamələrdə "meteoroloji
kodun" fatalizmi ilk baxışdan o qədər
də diqqəti çəkmir, amma baş verəcək faciə ilə dumanlı havanın arasında mistik əlaqəni hiss edirsən:
"Təsadüfən o gün
hava tüstü və tozdan elə tutuldu ki, adamlar bir-birini
görə bilmirdilər.
Mustafa xan öz
qoşunu ilə qabağa yeridi. Qızılbaşlar yolu tanımadıqlarından
nəhəng dağın
üstündən aşdılar.
Hava buluddan və tozdan təmizlənən kimi valinin əsgərləri
gördülər ki,
qızılbaşlar şəhərin
yuxarı hissəsindən
keçib onların arxasını kəsmişdir.
Axırda çarəsiz qalıb
geri qayıtdı və İraklı xan öz imarətinə
gəlməyə imkan
tapmadı". (Mirzə
Yusif Qarabağı. "Tarixi-safi").
Doğrudan da həmin gün
duman gürcülərlə
çox pis "zarafat edir". Mirzə
Adıgözəl bəy
də həmin iqlim "sürprizini"
qələmə almadan
keçə bilmir:
"Təsadüfi olaraq bir hadisə üz verdi.
Səhər vaxtı havanın
saf aynasını duman elə bürüdü ki, göz görməkdən
aciz qaldı. Qızılbaş qoşunu nabələd
olduğundan dağ yuxarı yeridi. Elə ki, duman dağılmağa
başladı və aləmin tutqun aynası işıqlandı,
vali baxıb gördü ki, Qızılbaş qoşunu
onların arxasına və şəhərin üst tərəfinə keçmişdir. Vali bu halı görüncə geri qayıtdı. Öz imarətinə girməyə fürsət
tapmadı…".
Duman Şuşa üçün
səciyyəvi təbiət
hadisəsidir. O, duman içində Şuşanı
qaynayan bir mis qazana bənzədir
(A.O.Puşkin "Tunc
atlı" poemasında
Neva çayını qazana
bənzədir): "Cənub
tərəfdən, Kirs
dağından Şuşaya
bir nəzər saldıqda ətəklərində
bu şəhərin yerləşdiyi alınmaz
qaya ilə şəhərin yarımdairəvi
görünüşü duman
arasından, içərisində
maye qaynadıldığına
görə buxarlanan nəhəng bir mis qazanı xatırladır".
Hava durumu bir süjet elementi kimi salnamə
fabulasının təşkilində
iştirak edir. Məsələn, yazda çayların daşması motivi qoşunların yürüşünü
izləmək baxımından
mühüm informasiyadır.
Mir Mehdi Xəzani
"Kitabi-tarixi Qarabağ"da
yazır ki, Qacar ordusu Qarabağa
hücum zamanı Arazın suyu daşmışdı. Bu səbəbdən İbrahimxəlil
xan hesab edirdi ki, əgər
Xudafərin körpüsü
yaxşı mühafizə
olunarsa, qızılbaşlar
Arazı adlaya bilməzlər".
Şuşalılar üçün Araz
çayı "ölülər
dünyası" ilə
"dirilər dünyası"nı ayıran mifoloji sərhəddir. Onların düşüncəsinə görə,
çayda suyun daşması, zülmət
dünyasının işıq
dünyasına, xaosun
kosmosa müdaxiləsini
ləngidə bilərdi.
Mirzə Adıgözəl
bəy də həmin tarixi-meteoroloji informasiyanı nəzərdən
qaçırmayıb: "Və çün o vaxtda yaz fəsli
idi. Arazın suyu daşıb
həddən ziyadə
olmuşdu. İbrahim xan
belə səlah gördü ki, əgər rus qoşunu ilə Qarabağ qoşunu gedib Xudafərin körpüsünü kəssələr,
dəxi qoşun körpüdən keçməsə,
qeyri yerdən keçmək məqbul olmaz. Bir-iki ay təxir olar".
Xanlıq tarixinin qara zolağında quraqlıq
kimi bir bəlanın və müsibətin də adı keçir. Qacarın hücumu
və bir yandan da, üç
ilin dəhşətli
quraqlığı insanları
pərən-pərən salmışdı.
"Əhalinin çoxu bir tikə çörəkdən
ötrü Şəki,
Şirvan, Qaradağ və başqa yerlərə dağılıb,
pis vəziyyətə
düşmüşdülər. Qarabağda o qədər adam qalmamışdı
ki, Şuşa qalasını saxlaya bilsin" (Mirzə Adıgözəl bəy).
Quraqlığın miqyası o dərəcəyə
çatmışdı ki,
"dənli bitkilər
gözəllərin mişk
iyli xallarından da əziz tutulurdu"
(Mirzə Adıgözəl
bəy), "hətta
bir çetvert buğdanı o vaxtın pulu ilə 45 manata çətinliklə
almaq olurdu. Vəziyyətin belə bir çətinləşdiyi
vaxtında Ağa Məhəmməd şah qızılbaş qoşunu
ilə Araz kənarına gəlib çatdı". (Rzaqulubəy
Mirzə Camaloğlu)
Qış soyuğu, qar-çovğunlu
və tufan havası XVIII əsr Qarabağ tarixinin ayrılmaz hadisəsidir. Qışda
adətən aktiv döyüşlər aparılmırdı…
Məhz "qış mətni" Əbülfət xanın
qoşunun gözləyən
faciə haqqında oxucuda təəssürat yaradır. "Birisi
dəxi zəxmdar olub gün məğribə
yetişib, hava artıq soyuq oldu. Ramazan və orucluq
ayı idi. Yer dəxi qar idi.
Çox məğşuş
oldular ki, soyuğun çoxluğundan
əlləri iş tutmaq müşkül idi. Naçar həmin yerdə bir kiçik dağın üstə
qarın içində
yerbəyerdən tökülüb,
yüklərini açdılar
və şübhə
kimi burada qalıb, sübh tezdən köçmək
binası etdilər ki, dala qayıtsınlar".
1835-ci ildə Sankt-Peterburqda nəşr olunmuş
"İranda şah sülaləsinin əsasını
qoymuş Ağa Məhəmməd şah Qacarın ölümünə
qədər həyatında
baş vermiş hadisələrin qısa xülasəsi ilə tərcümeyi-halı" adlı
əsərdə qeyd olunur ki, Azərbaycanda
qış bir çox hallarda oktyabrda düşür və bu zaman
güclü qar yağır. 1796-cı il oktyabrın 20-də
qarlı tufan Azərbaycanı bürüyür.
Anonim müəllif yazır: "İranı
çoxdan idi ki, belə təhlükə
qorxutmamışdı, amma
tufan həmin ilin sonunda imperatriçanın
ölümündən sonra
birdən-birə yan keçmişdi". Ona görə
də Ağa Məhəmməd şah Qacar mömin müsəlmanların sərhədlərini
keçmiş kafirlərin
və dikbaş avropalıların cəzalandırılması
üçün ordunu
erkən yazda toplanması əmrini verir.
Bəlkə Molla Pənah Vaqif həsrətdolu misralarını Şuşada,
həmin qarlı havada yazmışdır.
Ay ağalar, sizə bir ərz eləyim:
Bu gün qar yağıbdır, dizə
çıxıbdır.
Bir gözəlin həsrətini
çəkirdim,
Təzə-təzə gəlib bizə çıxıbdır.
Bu tarixi - "meteoroloji" xülasədən göründüyü
kimi, "Qarabağnamələr"də
hava və iqlim fiziki kateqoriyalıqdan
çıxıb metafizik
məna kəsb edir və tariximizin
mistik mahiyyətini anlamağa imkan verir…
Ədəbiyyat qəzeti.- 2017.- 15
iyul.- S.5.