Art-xaos insanlar
Dünyada ən maraqlı şeylərdən biri boylanmaqdı. Başqasının həyatına, yaşayışına, yanlışına, özəlinə... boylanmaq. İncəsənət bu maraq sayəsində mövcuddu deyirlər. Bu yaxında baxdığım film güclü filmlər siyahısına daxil edilməsə də, mənim yaddaşımda xüsusi yer aldı. Filmə sanki boylanaraq baxdım. Azdialoqlu, çoxhissli idi. İnsanlar filmin içində yaşayırdılar, sevinir, çalışır, əzab çəkir, insan kimi davranırdılar. Ərinin həbsindən sonra gənc afrikalı qadın siyasi təqiblərdən qorxaraq Romaya köçür, zehni tamamilə sənəti ilə məşğul olan pianistin evində təmizlikçi işləməyə başlayır. Olduqca gözəl qaradərili qız sakit davranışı, həlim tərpənişi ilə yaradıcı ruhlu pianoçunun zövqünü oxşayır, hətta muzaya çevrilib adamı bəstələr yazmağa sövq edir. Hekayə bayağı görünür. Hətta pianoçunun qızın ərini həbsdən çıxarmaq üçün antik əşyalarını satıb pul toplaması hind filmlərini xatırladır. Qərar verməyə tələsməyək. Filmin çəkilmə texnikası, təqdimatı onu art səviyyəsinə qaldırmağı bacarır. Mən art olan hər şeyi sevirəm. Art haus üzərində isə daha çox düşünürəm. Art house (ev) ifadəsini art chaos (xaos) olduğunu düşündüyüm vaxtlarda belə, onun üzərində bol-bol düşünmüşəm. Hər ikisində boylanmaq, hər ikisində başlanğıcı tapmaq cəhdi var. Art-haus kafeləri əsaslı təmirə pulu çatmayıb, əlindəkilərdən yararlanaraq aura yaradan adamlar açırlar, adətən. Boyası getmiş qapılar, taxtası qopuq stullar restavrasiya olunur, keçmişin ruhu saxlanılır, azca yeni görkəm verilir. Art-haus incəsənət də belə yaranır. Öncə sınanmamış texnikalar, ilk baxışdan sadə, bəsit görünən hisslər, davranışlar, görkəmlər seçilir, harmonik xaos yaradılır. Filmin qadın qəhrəmanı mənə art-xaos insan təsiri bağışlayır. Əri siyasi məhbusdur, onu sevir, dəyərlərinə hörmət edir, Afrikanı vətəni sayır, qoparıldığı keçmişinin həsrətini çəkir. Birdən hər şey dəyişir. Şanduray (gözəl addır) müvəqqəti də olsa, başqa həyatı yaşamalıdı. İndi o Avropadadır, əzmkarlığı sayəsində tibb üxtisası üzrə təhsil alır, geyimləri başqa tərzdədir, işlədiyi evdə səhər-axşam Qərb musiqisi dinləyir. Əri həbsdə olduğundan, hər növbəti addımını onun varlığını hesaba alaraq yaşamaq məcburiyyəti var. Ərinin siyasi müxalifliyi ucbatından azadlığını itirməsi faktı Şanduranın hər tərpənişində, hər növbəti qərarında nəzərə alınmalıdır. Əri idealları, prinsipləri olan biridi, o, mərd və şərəflidi, qız bunu bilir, bilməlidi. Beləliklə, Şanduray da həbsdədir.
Yeni görkəm və həyat tərzində afrikalı qadının üstünə yeni boya çəkilsə də, təhsillə, etiket qaydaları ilə eyib kimi görünən tərəfləri restavrasiya olunsa da, kimliyinə geydirilmiş yeni üzlüyün altından köhnə məni görünür. Afrikanın folklor musiqisini sevir, tək qaldığı təmizlikçi otağında milli mətbəxlərinə aid yeməklər bişirir, yerli rəqslərlə əylənir. Xoşbəxtlikdən, onun bu özəlliyi başqa mədəniyyətlərə aid insanlar tərəfindən sevilir. Avropa onun fərqliliyini dəyərləndirir, hətta onunla qovuşmağa çalışır. Soyuq təbiətli ingilis pianist Şanduraya aşiq olur, həyatının davamını onunla yaşamaq istəyir, universitet yoldaşı qızın yaxın dostuna çevrilir... Filmdə hadisələr seyrək və solğundur. Lap həyatın özündəki kimi. Əvvəlcə bu hadisələr rahatca ilgəkdən keçərək bir-birinə toxunsa da, birdən insan təbiəti cığallıq edir. Şanduray da sahibinə qarşı başqa hisslər duymağa başlayır. Bu, idealları uğrunda azadlığından məhrum olan əri üçün qoruduğu sadiqliyə xəyanətdi, bu hisslər qorxunc və utancvericidi. Şanduray bu hissləri gizlətməlidir. O, ərinin tezliklə azadlığa çıxacağı xəbərini çatdıran məktubları guya sevinərək oxuyur, əvvəlkitək onun gəlişini səbirsizliklə gözləyir.
Filmin adı mühasirə, tutqu, saxlanılma kimi tərcümə oluna bilər. İnsan ancaq tutunduğu zaman yaşaya bilən varlıqdır. Bu yaxınlarda müasir türk romanının yaradıcısı sayılan Oğuz Atayın "Tutunamayanlar" əsərindən yazmışdım. Romanın qəhrəmanı mövcud olduğu həyatda heç nəyə tutuna bilmədiyi üçün intihar edir. Məzmununu danışdığım filmdə insanın tutunaraq yaşaması üçün bir neçə situasiya görünür. İnsanların müharibələrdə, savaş dönəmlərində daha az intihar etdikləri deyilir. Adamlar ideologiyadan yapışaraq yaşayırlar. Şandurayın əri çətin dönəmdədir, onun güclü olmaq üçün dayağı elə bu sınaqdır. Bəstəkar, pianist Kinski isə melanxolik havası ilə kimdənsə tutunmağa daha çox ehtiyac duyur. Kinski ilə Şanduray arasında meydana çıxan tutqu Avropa ilə Afrikanın münasibətini simvolizə edir. Sivilizasiyalar insanlarının simasında təmsil olunur. Avropa Kinskinin timsalında özünəqapanıq, öz musiqisini çalıb-dinləyən, Afrika siyasi səbəblərdən mənəvi rahatlığı pozulsa da, qürurunu və gözəlliyini saxlaya bilən tərəf kimi görünür. Və bu görüntü ümumilikdə dünyanın hakimiyyət və ərazi ələ keçirmə savaşlarından sonrakı halıdı. Qərb incəsənət, liberalizm, demokratiya məsələləri ilə, Afrika, eləcə də Şərq zərərdən qaçıb sağ qalmaqla məşğuldur. Hazırda incəsənət qərbmərkəzlidir. Yüksək incəsənət üçün əsas meyar Qərbin təqdim etdiyidir. Afrikanın yaratdığı incəsənət nə olursa-olsun, ona "etnik", "ekstravaqant" damğası vurulur. Başqa sivilizasiyalar Avropa klassizminə yaxınlaşmadan uğur qazanmaqda çətinlik çəkirlər. Lakin Kinski aşağı mədəniyyət sayılan Afrikanı tanıyandan sonra ona aşiq olur. Deməli, yüksək sivilizasiya sayılan əslində siyasətin təqdimatı sayəsində yuxarıdadır, aşağı olan da bu səbəbdən geridədir. Bir müəllif "diplomatları yığışdırın, xalqlar dil tapacaq" - deyirdi. Gəzdiyim xarici ölkələrdə tanış olduğum insanlar hər dəfə bu fikri təsdiqləyirlər. İnsanları ayıran siyasətdir, xalqlar üçüncülərin müdaxiləsi olmadan birlikdə olduqca xoşbəxt ola bilərlər. Siyasi münasibətlərin açılmaz qarmaşıya döndüyü günümüzdə insanların tutquları zərər görür. İnsan ən az əhvalı qədər dəyişkəndir, məncə. Onu yaxşıya, doğmaya, sevimliyə çevirmək çətin deyil; ortam yaratmaq yetər.
Qapının zəngi çalınır: gələn Şandurayın həbsdən qurtulmuş əridir. Şanduray Kinskinin yanındadı. Qapını açsa, ərinə geri dönəcək. Açmaya da bilər... Orasına gərək özünüz baxasız.
Art-xaus dəbdədir. O, maraqlıdı, o, dərindi, onu çözmək, onunla diqqətli davranmaq lazımdı. O, təmir olunsa da, üzərinə çəkilmiş boyanın altından keçmişin izlərini görmək olar. İnsan keçmişi, mənsub olduğu mədəniyyəti ilə birgə art-haus, art-xaosdur. Onun üzərində çox, lap çox düşünmək lazımdır. Onun mənəvi rahatlığı üçün milli, dini, irqi sərhədlər qaldırılmalı, xoşbəxt ola bilmə ortamı yaradılmalıdı.
Sahilə İbrahimova
Ədəbiyyat qəzeti.- 2017.- 15
iyul.- S.6.