Amma... Ancaq... Lakin... -
Ədəbi qeydlər
IV hissə
Qeydləri ancaq özüm üçün etmişdim. Bəziləri elə bu boyda
doğulur. Bəziləri isə böyüyə bilmir, bu kiçiklikdə
də qalır. Yarımçıq yazıdan
bir qəlpə kimi... Bəziləri hansısa bir
kitabı bitirdikdən
sonra başlayan sükut dolu dəqiqələrin diqtəsiylə
yazılan yazılır.
Ya da bir
axşam Günəşin
qürubunu izlərkən
ürəyimə daman
məqamlardan süzülür.
Bəzən soyuq bir mühakimə, bəzən isə qaynar bir duyğu...
Bəzən ədəbiyyat, bəzən
cəmiyyət, bəzən
isə yalnızca özüm. Amma hər zaman qeydlərdir, hisslərin, düşüncələrin stenoqramması...
Son günlərdə ancaq astronomiya haqqında filmlərə baxıram. İnternet əsrinin uşaqlarıyıq,
pis öyrənmişik.
Kitab-zad da oxumuruq, xüsusən
də elmi ya da tarixi
(tarix elm idi ya yox - burasını
dürüst xatırlamıram
deyə vergül qoydum) mövzularda maraqlandığımız mövzularda
sənədli filmlərə
baxırıq. Həm vaxta
qənaətdir, həm
də mövzunun bütün tərəflərini,
mütəxəssislərini sənin evinə gətirir. Amma qənaət elədiyimiz
vaxtı neynirik, bu başqa söhbətin
mövzudur.
Karl Saqanın sözüdür,
deyir astronomiya ilə məşğul olmaq insanı təvazökar edir. Doğrudan da,
astronomiya kitablarına
baxırsan, Günəş
sistemində Yerin vəziyyətin görürsən,
sən də onun bir qitəsinin
bir ölkəsinin bir sakini. Lap uzaqdan Yerin
bir fotosu vardı, mavi nöqtə kimi görünürdük. O şəklə baxanda insan nəinki öz kiçikliyini, eləcə də Yer planetinin cılızlığına baxıb
köks ötürür.
Baxıb, deyirsən ki, alçaq dağları yaratsalar belə, bu kiçik
adamlar kimdir axı... Altı milyard kilometr
uzaqdan çəkilib
o foto. Dildə asan görünür
e. Altı milyard.
Yer kürəsi ən yoğun yerində 30 min kilometrdir.
Nəsə... Marsı deyəcəkdim. Alimlərin bir çoxu şübhə etmir ki, yaxın onilliklərdə orda insan koloniyaları olacaq. Bəli, problemlər çoxdur.
Texnoloji problemlər. Yüksək temperatur, radiasiya... Yolun
uzunluğu. Təsəvvür edin ki, ora getmək doqquz
aydır. Orda da astronavtların bir neçə ay
qalacağını düşünsək, bu qədər
qidanı, suyu eləcə də kosmik gəminin
yanacağını ora aparmaq müşkül məsələdir.
Bunun üçün yollar axtarılır. Misal
üçün, alimlər Marsda su istehsal etmək istəyirlər.
Ordakı astronavtlar öz qidalarını özləri istehsal
edəcəklər. Mars buna imkan vermir, amma bunun
üçün xüsusi parniklər hazırlanıb. Hətta
yanacağın da orda istehsal olunacağı nəzərdə
tutulur. Marsdakı təbii ehtiyatlardan da istifadə edəcəklər.
Özləri orda oksigen də düzəldəcəklər. Hələlik
uçuşu gözləyirlər. Amma araşdırmalar davam
edir. Böyük büdcə lazımdır. Bir neçə
yüz milyard. Ora mütləq gedəcəyik. Yada salın,
30-40 ildir heç hara getmirik. Ay burdan buradı, ora belə
yolumuz düşmür. Amma Marsa mütləq gedəcəyik.
Buna getdikcə əmin oluram.
Deyirlər, Mars çox istidir. Yer üzündəki ən quraq səhra
belə Marsın ən rütubətli yerindən də rutubətlidir.
Bu öz yerində. Kəskin temperatur fərqləri var. Hava
bir anda yüz dərəcə dəyişir. Dədə-babamızın
"Mərrix" adlandırdığı bu qonşu planetin
dərdi bununla bitmir ki. Günəş işığı da
ora çox az düşür. Təqribən bizim alatoran kimi
olur bütün günü. Vəziyyət budur.
Ən ədəbisi
isə hələ qabaqdadır. Demək, Marsa getməli olan
astronavtları xüsusi hazırlayırlar. Qida yetişdirməkdən
tutmuş elmi biliklərə qədər. Orda ki, Google yoxdur
ki, açıb baxasan. Astronavtlar qarşılarına
çıxması mümkün olan bütün təhlükələr
barədə məlumatlandırılır. Ən kədərlisi
isə Yer həsrətidir. Tarkovskinin "Solyaris" filmi
yadınızda? Orda kosmosdakı alimlərin arxasınca
psixoloq göndərirlər. Elə Marsda yaşayacaq
astronavtların da Yer həsrəti çəkəcəyi
güman olunur. Bütün kimi yer altında qurulan bunkerlərdə
yaşamaq, daim alaqaranlıq görmək onları dərin
depressiyaya sala bilər. Psixoloqlar buna "Yer həsrəti"
deyir. Məncə, ən dəhşətli budur. Depressiya
şalğam deyil ki, əvvəlcədən əkəsən.
Onunla mübarizə aparmaq üçün yollar
axtarılır.
Hə,
bir də, astronavtlara çoxlu miqdarda Günəş kremi
lazımdır. Bunu da orda özləri düzəldəcəklər
ki, yanmasınlar. Marsda qatıq yoxdur ki, yanmış bədəninə
sürtəsən. Qatıq dedim, yadıma inək
düşdü. Astronavtların biri Marsa inək
aparmağı təklif edib. Hesablayıb görüblər
ki, inəyin özü bir yana dursun, onun yeyəcəyi otu
hazırlamaq mümkünsüzdür. Üzü astarından
bahadır. Hə, bir də. Pivə də olacaq Marsda.
Astronavtlar özləri hazırlayacaq pivəni. Əsl Mars pivəsi.
Yer həsrətinin dərmanı. Darıxanda Yer planetinə
baxıb içəcəklər. Saçaqlı pendir olmasa
da olar. Noxud əkəcəklər amma. Düzdür, onlar pivəni
noxudla içmir. Di gəl ki, bura Marsdır e. Biz noxudla pivə
içməyi astronavtlara təklif edə bilərik. Hətta
etməliyik.
Çoxmu
heyrətamiz gəlir? Bunlar hamısı bir gün gerçək
olacaq. O vaxt "pah atonnan" deməmək üçün
indidən bilmək yaxşıdı.
Marsda
canlı yaşayıb-yaşamaması ilə bağlı
müxtəlif mülahizələr var. Doğrudur, nəhəng
buzlaqlar var. Alimlərin bir qismi güman edirlər ki, Marsda
mikroorqanizmlər var. Bəs bizim kimi şüurlu canlılar
orda olsa necə? Məncə, bu fakt ədəbiyyatın
qarşısında üfüqlər açacaq. Hələ
insanı kəşf edə bilmirik. İndi də
marslılar...
* * *
İntellektual
görünmək də bir dərd olub. Bir
zamanlar hamı nə qədər kəndli olduğunu israrla
sübut etməyə çalışırdı.
Romanda, hekayədə dialekt sözlərdən istifadədən
tutmuş mövzulara qədər. Qoyunun otuz adını bilmək
az qala yazıçılığın əlahiddə şərti
sayılırdı. Ya da çarığın camış
yoxsa inək gönündən tikilməsi ədəbiyyatın
birinci məsələsinə çevrilmişdi. İndi elə
deyil axı. "Kafka tənha olub", "Nitsşe atı
qucaqlayıb ağlayıb", "Sartr ekzistensionalist
olub". Bunları öyrəndilərsə kifayət edir.
Özlərini çox çətinə salırlar. Terminlərin
altında əzilirlər. Halbuki mütaliə uzun illər tələb
edən prosesdir. "Sehrli xalat"dakı Elşən kimi
üçcə günə bütün kitabları oxuyub alim
olmaq istəyirlər. Halbuki belə olmur. İnsan gərək
uşaq ikən mütaliəyə başlaya. Məlikməmməd
nağılına heyrət edə. Anderseni oxuyub
könlündə dərin məkanlar kəşf edə.
Düyməciyi tanıya uşaqlıqdan, Koroğlu
dastanının sehrinə düşə. Kapitan Qrantın
uşaqlarına qoşula. Tom dayının daxmasında gecələyə.
Leqri döyüləndə sevincdən ağlaya. Mauqli ilə
gəzib-dolana. İllərlə damla-damla toplana. Heyrətini,
təəccübünü itirməyə. Üç
qoşma, beş gəraylı əzbərləmək, iki
detektiv roman oxumaqla olmur bu işlər.
İntellektual olmaq ayıb deyil. Heç intellektual olmamaq da. Amma nadan ola-ola intellektual
görünmək ayıbdır. Əsas da bir şeyə
görə. Çünki intellektual olmamaq uzaqdan
görükür. Nadanlıq uzaqdan görükür. İki
roman oxuyub Kafka haqda danışmağa nə var? Dostoyevski
çox təsir edib misal üçün Kafkaya. Bunu anlamaq
lazımdır. Necə təsir edib. Bunu kitablarda dürüst
yazmazlar. Yazsalar belə, fərq etməz. Sən özün
üçün ayırd etməlisən bunu. Yəni, beş
dənə sitat əzbərləməklə olmur. Ordan-burdan
eşitməklə olmur.
Ağır prosesdir bu. İllər tələb edən. Və ən əsası.
Bunun üçün daxili tələbat olmalıdır.
Ürəyinin səsini eşitməlisən. Ürəyin səni
kitaba aparmalıdır. Bu yazıçı dəb olsa da,
olmasa da. Mütaliə modaya çevrilsə də, günah
sayılsa da. Fərq etmir. İmpulsu daxildən almaq gərəkdir.
İçində o ehtiyacı hiss etməlisən.
Susamış kimi. Həqiqətə təşnə kimi.
Daxildən gələn qarşısıalınmaz istək
kimi. Kiməsə acıq vermək, kiməsə
gözdağı vermək, üç sitatla intellektual
görünmək naminə deyil. Zatən dediyim kimi
qıraqdan görünür hər şey. Çox da şey
eləmək lazım deyil.
P.S. Bu söhbəti
dostum Səlim Babullaoğlunun söhbətindən
əxz eləmişəm.
* *
*
Üçüncü qrupun qəbul imtahanının ədəbiyyat suallarına baxıram. Özüm də III qrupun abituriyenti olmuşam, elə birinci cəhddə BDU-nun tələbəsi olmaq adı qazanmışam. İndi elə çətin gəlir ki. Yox, oxuduqlarım hamısı yadımdadır. Onsuz da məşğul olduğum sahədir. Amma suallar əzbərçilikdir. Ədəbiyyatın mahiyyətini uşaqlara bu cür öyrədiriksə, sabah oxucu azlığından şikayət etməyə haqqımız yoxdur. Hər şey ortadadır.
Qan Turalı
Ədəbiyyat qəzeti.- 2017.- 15
iyul.- S.6.