Ülfət
Kürçaylı: “Özümü
inandırmışdım
ki, bacım harasa
uçub gedib”
“Ədəbiyyat
qəzeti” yeni layihəyə start verir. “Ömrümün
keçdiyi sahildən uzaqlaşdıqca”. Bu layihədə
tanınmış qələm adamlarının
yaxınları onlar haqqında xatirələrini
bölüşəcəklər. İlk həmsöhbətimiz
şair Əliağa Kürçaylının oğlu Ülfət
Kürçaylıdır.
- Ülfət bəy,
layihəmizin formatına uyğun olaraq gözəl şairimiz
Əliağa Kürçaylı haqda xatirələrinizlə
oxucularımızı tanış edəcəyik.
Maraqlıdır, sizin üçün xatirə nədir?
- Xatirə... Bu, əslində itirdiklərimiz, daha həyatda heç vaxt əlimizin çatmayacağı anlardır. Xüsusən, sənin üçün əhəmiyyət kəsb edən nə iləsə əbədi vidalaşmaq, əlbəttə, insanı ağrıdır. Düşünəndə ki, bir saat, bir dəqiqə, hətta bir an əvvəl gördüyün, iştirakçısı olduğun hadisə, etdiyin söhbət bir də heç vaxt eyni ilə təkrarlanmayacaq, üzülürsən. Yəqin elə buna görə xatirələr bizim üçün qiymətli və şirindir. Əliağa Kürçaylı "Turac" şeirində dediyi kimi:
Gəl səninlə səhər-səhər
Seyrə çıxaq biz bir qədər.
Ömrümüzdən keçən günlər
Bir də dönmür dala, Turac!
Bunlar şirin xatirələrdir. Amma bəzən həyəcan, itki, məhrumiyyətlərlə dolu yaşadığın günlərdə xatirindən silinmir. İstəsən belə bunlardan qurtula bilmirsən.
- Uşaqlıq
illərinizin atanızla bağlı ən işıqlı
xatirələri hansılardır?
- Ən işıqlı xatirələr deyəndə, atamla bağlı əlbəttə ki, hər şey yadımdadır və bunlar, sözssüz, mənim üçün çox əziz anlardır.
- Məsələn...
-Məsələn, 60-cı illər idi. Yadımda deyil, məktəbə gedirdim, yoxsa yox. Amma o yadımdadır ki, Azərbaycanda Rusiya Poeziya günləri keçirilirdi. Moskvadan Rusiya yazıçı və şairlərindən ibarət böyük bir nümayəndə heyəti gəlmişdi. Poeziya gününün formatına uyğun olaraq hər gün haradasa bir tədbir keçirilirdi. Rusiyalı yazarları Azərbaycanın ən səfalı, ən gözəl yerlərinə aparıb qonaq edirdilər. Səhv etmirəmsə, nümayəndə heyətinə SSRİ Yazıçılar İttifaqının sədri, məşhur Sovet yazıçısı Konistantin Fedin başçılıq edirdi. Bir gün nümayəndə heyəti, tədbir iştirakçıları Astaraya yola düşdülər. Atam məni də özüylə apardı. Yadımdadır, Astaranın füsunkar təbiəti ilə yanaşı zəngin mətbəxi də qonaqları valeh etmişdi. Güclü yemək-içməkdən sonra hamı yatmağa getdi. Səhər atamla durub gördük ki, Fedin tək-tənha, bir əli belində, o biri əlini alnına dayaq edib, Astaraçay kənarında dayanıb ətrafı seyr edir. Ona sarı getdik. Birdən Fedinin gözü çayın hər iki tərəfində sahilə yığışmış qadınları aldı. Onlar körpələrini baş üzərinə qaldırıb bir-birinə göstərir, "sabahın xeyir" deyir, hal-əhval tuturdular. Bu mənzərəni xeyli nəzərdən keçirən Fedin nəhayət üzünü Kürçaylıya tutdu:
- Aliağa, bu iranlılarla bir -birinizi nə
yaxşı anlayırsınız. Bayaqdan baxıram, qadınlar bir-biri ilə çox rahat
danışırlar.
Kürçaylı
çox ciddi tərzdə, aramla, belə cavab verdi:
- Konistantin Aleksandroviç, onlar
iranlı olmaqla yanaşı, həm
bizim soydaşlarımızdır, həm də bu tay
astaralılarla qohum-əqrəbadırlar, dillərimiz də
birdir.
- Bəs
onlar o taya necə düşüblər?- deyə
görünür tariximizdən bixəbər olan Fedin sadəlövhlüklə
soruşdu.
- Onlar elə
ömrü boyu orda yaşayıblar, Konistantin Aleksandroviç,
sadəcə bizim xalqı, Araz boyu, Astaraçay boyu iki yerə
bölüblər, - deyə anlatdı Kürçaylı.
-Sluşay,
kak vı terpite! -söyləyən Fedin məsələni bir
az da qəlizləşdirdi.
Bu yerdə
Kürçaylı doluxsundu. Üzünü yana çevirib
qeyzlə dodaqaltı öz-özünə dedi: Terpet eləməsəm,
gərək səni yıxıb, təpiyimin altına salam!..
Araz,
Astaraçay axır lal kimi,
Onlara
çatırmı sözlərim mənim?
Gəzib-dolaşmaqdan
sahil boyunca
Pozur
bir-birini izlərim mənim!
Atamın
bir çox Cənub həsrətli şeirləri də elə
o vaxtlar qələmə alınmışdır.
-Uşaqlıq xatirələri
heç bitməz, tükənməz...
- Elədir.
Bir dəfə də, yadımdadır, məktəbin
aşağı siniflərində oxuduğum vaxtlar idi. Ailəliklə
hamımız atamı Moskvaya yola salırdıq. Qatarın
yola düşməsinə az vaxt qalırdı. Kupedə
oturub, söhbət edirdik. Elan olundu ki, ötürənlərdən
xahiş olunur qatarı tərk etsinlər. 5 dəqiqdən
sonra qatar yola düşəcək. Kürçaylı
qalxdı ki, bəs yavaş-yavaş gedin, məndən nigaran
qalmayın.
Elə o
an qəfil soruşdum ki, ata, bəs, birdən kimsə yaddam
çıxıb qalsa, onda nə olar?
Atam
güldü, məni qucaqlayıb dedi:
- Qaqaş, bu dəfə tək getməliyəm.
İnşallah, gələn dəfə səni də apararam,
söz verirəm.
Gözlərindən
və səsindən hiss olunurdu ki, özü də bizdən
asanlıqla ayrıla bilmir... Ürəyi bizimlədir. Lap
"Ürəyim" şeirində olduğu kimi:
Fit verib
yoluna düzəldi qatar,
Qaldı
bütün şəhər, dostlar, tanışlar....
...Gərib
sinəsini tufana, qara
O gedir
arxada qoyub düzləri
Ürəyim
səssizcə düşüb yollara
qayıdır
geri...
- Əliağa Kürçaylı
sizin üçün ata olmaqdan əlavə kim idi?
- Qüdrətli
şair, Vətənini hədsiz məhəbbətlə sevən
vətəndaş və ləyaqətli bir kişi. Mən lap
erkən yaşlarımdan onun gözəl şair olduğunu
anlamışdım. Bunu o, özü də yaxşı
bilirdi. Qəribədir, əsl şair, ömrünün elə
bir çağına yetişir ki, özündə bunu etiraf
etməyə ehtiyac duyur. Puşkin deyirdi: Mən şeirimlə
özümə heykəl ucaltmışam".
Böyüklüyünü duyan Sabir də bundan yan keçməyib:
"Bənzərəm bir qocaman dağa ki, dəryada
durar..." Kürçaylı
isə bu hissi belə ifadə edib:
Yox, təvəzökarlıq
tutmur bu yerdə,
Şairəm,
özü də yaxşısındanam.
Bunu
yüz yol deyib tənqidçilər də,
Lap
heç deməsinlər, məgər nadanam?!
Gücümü,
qüvvəmi görmürəm məgər,
Məgər
mən görmürəm yaxşını, pisi?
Öz
zövqüm, mənimçün dünyaya dəyər
gəlsə
də dünyanın min tənqidçisi....
Odur
ki, atamı oğul kimi sevməklə
yanaşı, ona vicdanlı şair və ləyaqətli insan
kimi də hörmət bəsləmişəm. Ləyaqət,
Kürçaylı üçün çox vacib məfhum
idi. İnsan münasibətində bunu vacib kriteriya kimi qəbul
edirdi. Əksər kitablarında "Ləyaqət"
başlığı altında xüsusi bölmənin
olması təsadüfü deyil. Ləyaqət və
bütövlük. Bütövlük adında hətta
Dövlət mükafatına layiq görülmüş,
yaradıcılığının mühüm bir mərhələsini
ehtiva edən, bir növ yekun, hesabat xarakteri daşıyan
kitabı da var. Əlbəttə, bu iki anlayış
Kürçaylı üçün xırda məişət
çərçivəsini aşaraq geniş məna
daşıyırdı.
- Ülfət bəy, ötən
günlərə qayıdanda atanızın sizi daha çox əzizləməsi,
yoxsa tələbkarlığı yada düşür?
-
Əslində o, məni nə çox əzizləməz, nə
də mütləq nəyisə tələb etməz,
sıxışdırmazdı. Əlbəttə,
uşaqlıqda mən də əzizlənmişəm, amma
müəyyən dövrə qədər. Həddi-buluğa
çatdıqdan sonra, oğlan uşağı olduğumdan mənimlə
daha çox yoldaş, dost kimi davranır, söhbət edir, zəhmətə
alışdırmağa çalışırdı. Lakin o
da moizə şəklində yox, şəxsi nümunəsi
vasitəsi ilə. Məsələn, bağda ağacları mənim
yanımda budayır, peyvənd edir, dibini belləyir, meynələri lağanda edir, qoyunu
kəsir, soyur, manqalı, samovarı qalayırdı. Deməsə
də, bilirdim ki, istəyir bunları mən də öyrənim.
Əlbəttə, indi evdə çox işin öhdəsindən
özüm gələ bildiyim üçün ona minnətdaram.
Amma bilirdim ki, üzdə bildirməsə də, məni
çox istəyir və hər arzumu yerinə yetirər.
-Bəs uşaq
şıltaqlığınız necə, olurdumu?
- Yox, mən
onun qəzəbli olmasını heç yadıma gəturə
bilmirəm. Şıltaqlıq isə olurdu, məsələn,
bir gün bağda tutdum ki, bizi ova apar. Əvvəl
razılaşmadı, dedi ki, a bala, Goradildə nə ov, rayona
gedərik apararam. Baş beynini o qədər apardım ki,
axırda dedi, yaxşı, get onda Sadıq əmiyə, Gəray
əmiyə de, uşaqları hazırlasınlar (Sadıq Murtuzayev və Gəray Fəzli
bağ qonşularımız idi). Xülasə, beş-altı
oğlan uşağını maşınlara doldurub düzəldilər
yola. Quş-zad nə gəzirdi. Maşınları boşuna
ora-bura sürürdülər. Amma mən əl çəkmirdim.
Axır o qədər dirəndim ki, atam məcbur olub
maşından düşdü və işıq dirəyindəki
sığırçınlara güllə atdı. O gün
görüb-götürdüyümüz elə o oldu. Mən
yenə əl çəkmədim. Maşınları dənizə
tərəf sürdülər. Dənizdə çoxlu sayda
ördək vardı, amma uzaqda idilər. Atam sahildə
ölü bir qağayı gördü. Tez tüfəngi
göyə tutub atəş açdı. Gəray Fəzli o
başdan qaça-qaça gəlib soruşdu ki, Əliağa,
vurdun? Atam yerdə ölü qağayını
qaldırıb Gəray əmiyə göstərdi. Gəray Fəzli
sevindiyindən bilmədi nə etsin. Sonralar
Kürçaylı həmin əcaib ov günündən
zarafatla "Heydərbabaya salam" üslubunda 10-15 bəndlik
şeir yazdı. Hamımız əzbərləmişdik və
məclislərdə uşaqlar həvəslə
oxuyardılar. Heyif ki, indi yalnız iki bəndi yadımda
qalıb:
Heydərbaba,
Goradilin havası,
Sularında
üzür ördək topası,
Adam istər
əl uzadıb tutası
bizsə
orda vurduq ölü qağayı
Bu əhvalat
sevindirdi Gərayı.
O dedi ki,
görən necə quşdu bu,
Hansı
yerdən bu yerlərə uçdu bu,
Sağ
idimi, yoxsa vurulmuşdu bu?
Bizim yerdə
buna ördək deyirlər,
Soymayırlar,
tüklü-tüklü yeyirlər...
Gördüyünüz
kimi zarafatla, uşaqları əyləndirmək
üçün yazdığı şeir də kifayət qədər
mükəmməl alınıb.
- Əliağa Kürçaylının
ətrafı geniş olub, deyirlər. Bəs dostları ilə
münasibəti necə idi?
-
Dostlarının sayı-hesabı yox idi, düz deyirlər.
Sıralarında qələm
dostları da çox idi. Qapımız qonaq üzünə həmişə
açıq olub. Kürçaylı onların gəlişinə
həmişə sevinirdi. Mənə elə gəlir ki,
ümumiyyətlə, bizim evdə olan məclislər
qonaqların sayına və
deyib-gülmək əmsalına görə heç bir evdə
olmayıb. Kürçaylı dost üçün
canını verərdi, dost yolunda hər cür fədakarlığa
hazır idi, amma qarşı tərəfdən də bunu həmişə
umurdu. Biz bəzən hansı dostununsa müəyyən məqamda
fikrimizcə, səhv etdiyini dilə gətirəndə, həmişə
sözümüzü kəsir, onlar haqqında artıq-əskik
danışmağa imkan vermirdi. Məncə, o birilərdən
nisbətən az görüşsə də, ən ürək
qızdırdığı, çətin məqamda ürəyini
aça bildiyi dostları Sadıq Murtuzayev, eloğlusu Qəzənfər
Hümmətov, Arif Məlikov və prokuror Hacı Rəhmanov
idi.
Həyətdə
kimi görsəydi, söhbət edər, zarafatlaşardı.
Kürçaylını ümumuyyətlə zarafatsız təsəvvür
etmək mümkün deyil. Danışsam, çox vaxt aparar,
bunu hamı bilir. Hətta Təzə Pirin mollasıyla da
zarafatı var idi.
- Yəqin oxucu-şair münasibətləri
olub...
- Yox,
danışım biləcəksən. Demək, atam səhər
alaqaranlıqda durub yazılarını şüşəbənddə
yazardı. Saat da
gözünün qabağında olardı. Bəzən
görürdü ki, sübh namazından beş-on dəqiqə
keçib, mollanın səsi gəlmir. Təzə Pir bizdən
iki-üç tin yuxarıdadır axı. Aradakı evlər
isə alçaq, bir-iki mərtəbəlidir. Yəni məscid
qarşıda aydın görünür. Mənzilimiz 5-ci mərtəbədə
olduğu üçün ordan da şüşəbəndimizi
yaxşı görmək olur. Kürçaylı pəncərəni
açıb, əlini ağzının yanına qoyub səhərin
sakitliyində bərkdən "ıhı" edib səs
salırdı. Molla buna adət etdiyi üçün, işarəni
anlayır və tələsik minbərə qalxıb azan verməyə
başalyırdı. Bir dəfə dedim ki, ay ata, sən
kişini lap səksəkəyə salmısan. Dedi belə
lazımdır, zalım hər gün bizə saatda kəf gəlir.
- Ülfət bəy, atanızı
dost kimi, qonşu kimi, ata kimi xatırladız, bəs ailə
başçısı kimi yaddaşda necə qalıb?
-
Kürçaylı əsl Azərbaycan kişisinə xas olan
bütün xüsusiyyətlərə malik adam idi. Bizim
üçün səməndər quşu kimi
özünü oda-közə vururdu. Darıxmağa qoymurdu.
Bizi teatr tamaşalarına, kino-festivallara, gəzintilərə
aparırdı. Hər yay bizi öz maşınında səyahətə
çıxarırdı. Gürcüstanı, Şimali
Osetiyanı, Abxaziyanı, Nalçiki, Soçini
qarış-qarış gəzdirib. Maşınını
uzaq Ukraynaya sürüb -
Odessanın, Xarkovun, Kiyevin görməli yerlərində, səfalı
meşələrində, göl kənarlarında bizə
aylarla istirahət təşkil edib. Xüsusən,
bacımın bir sözünü iki eləməzdi. Həm
evin kiçiyi, həm qız uşağı olduğu, həm
də gözü qaşı eyni ilə ona oxşadığı
üçün. Bir də... Uşaq anadan olandan talesizlik onu
qarabaqara izləyirdi.. Doğulanda həkimlər dartıb
qıçını çıxarmışdı.
Yaşıdları çiçəkləyən zaman
uşaq bir qıçı gipisdə yerdə
çabalamalı olmuşdu. Elə ona görə də gec
ayaq açdı yeridi. Atam bizi İlisuya aparmışdı.
Orda uşağı epilepsiya tutdu. Sonra boğazında zob
tapıldı. Bir gün də Kürçaylı bizi Qara dənizdə
böyük bir gəmiyə mindirdi. Gəmi Sevastopola tərəf
üzürdü. Gecə yarısı uşağın kor
bağırsağından güclü ağrılar tutdu. Təsəvvür
edin, iki min sərnişinin üçində təkcə
onda... Kürçaylı bütün gəmini ayağa
qaldırmışdı. Nəhayət, kapitanla uzun çənə-boğazdan,
savaşdan sonra gəminin kursunu
oradan ən yaxın liman olan Yaltaya çevirməyə nail
oldu. Sahilə enən kimi təcili yardım maşnı dərhal
bizi xəstəxanaya apardı. Əməliyyat başladı,
atam məni içəri buraxmadı. Xəstəxananın həyətində
oturub gözlədim. On beş-iyirmi dəqiqədən sonra
qapıda atamı gördüm. Bir neçə saatın
içində başı tən ortadan gül kimi
ağarmışdı... Odur ki Kürçaylı uzun illər
bacımı uşaq kimi çiynində, boynunda,
qucağında gəzdirir,
ömrünün sonuna kimi əzizlyirdi. Evdə bir-birləri
ilə quş dilində danışırdılar. O, fitlə
nəsə deyir, bu anlayırdı. Bu fit çala-çala nəyəsə
işarə vurur, bu başa düşürdü. Biz isə
heç nə başa düşmürdük. Evdə hər
gün bir-birlərinə kiçik məktublar
yazırdılar. Bu qəbildən: "Sevimli qızım,
İttifaqa getdim, tez qayıdacağam, darıxma". Və
ya: "Dədə, bu gün dərsimiz az olacaq, bizi gəzməyə
apararsan".
Bir
gün bağda qonaqlıq idi. Bir azdan uşaqlar süfrədən
çəkilib kənarda oynamağa başladılar. Bacım
artıq təxminən yeddinci, səkkizinci sinifdə oxuyurdu.
Oyunun ortasında uşaqlardan aralanıb qaça-qaça
atamıza sarıldı. Atam da onu öpüb oxşamağa
başladı. Atamın dostu Ramazan Rəcəblinin həyat
yoldaşı Tahirə xalanın o anda anama söylədikləri
indiki kimi qulağımdadır:" Şəhla,
Əliağa düz eləmir, böyük qızdı, Sabah
ondan necə ayrıla biləcək?!".
Elə də
oldu.... Atamın son nəfəsindən yarım saat keçməmiş
Ülkər özünü həlak elədi...
Bu haqda
ilk dəfədir ki, uzun uzadı danışıram. Xeyli vaxt
anamdan gizlicə dolabın qapısını açıb
bacımın paltarlarını iyləmişəm.
Özümü inandırmışdım ki, bacım harasa
uçub gedib, bir müddətdən sonra qayıdacaq. Bir evdə,
ailədə 4 nəfər olasan və bir anda ikisini itirəsən...
Buna dözmək çox çətindir...
- Ülfət bəy, xatirələriniz
çox kövrəkdir, atalı, bacılı, analı
günlərə qaytardım sizi, özüm də
üzüldüm... Mövzunu bir qədər dəyişək.
Deyin, Əliağa Kürçaylı bu qədər
dostcanlı, həyatsevər olmasına rəğmən,
qanıqara, yazıçı dostlarından incik olduğu
vaxtlar olurdumu?
- Yox, Kürçaylı tez-tez inciyən,
küsən insanlardan deyildi. Yalnız
böyük-böyük məsələlərdə
umduğu qələm dostlarında ləyaqətsizlik, yaxud səbatsızlıq,
milli heysiyyətsizlik görəndə heyifslənirdi. Bunlara
çox vaxt şeirlərində münasibət bildirirdi:
Bir
zamanlar vardı ki,
Mərd
idin, insan idin.
Sözünlə,
söhbətinlə
ürəyə
dərman idin.
...Sən
riyadan, məkrdən
yalandan
çox uzaqdın.
Saymaqla
qurtararmı?_
Sən
beləydin, beləydin
Bircə
şeyə yanıram
Kaş o
zaman öləydin...
Yaxud
Şair
var, naşirə hər kəlmə başı
"Dərdin
alım" deyir qadınlar kimi.
Baxıram
gövdəsi dəyirman daşı,
Hərlənir
sənətdə payı var kimi.
Kürçaylının
bu misralarda kimlərə işarə etdiyini hamı bilirdi.
Onlar özləri də bundan paylarını
götürürdülər. Ümumiyyətlə,
Kürçaylıya zarafatla "qırmızı Əliağa"
deyirdilər. Həm yanaqlarındakı qızartıya, həm
də sözü üzə dediyinə görə.
- Heç küsdüyü, incidiyi
birisi olmayıb?
- Olub.
Bütün mehribanlıqlarına baxmayaraq, qonşusu, qələm
dostu şair Qabillə tez-tez küsüb
barışırdılar. Özü də çox xırda
şeylərin üstündə. Bir gün atamla Salam Qədirzadə
bizim balkonda oturub yeyib-içirdilər. Bir azdan Qabil də
çıxıb öz balkonlarında oturdu, başladı
çay içməyə. Mənzili bir mərtəbə
aşağıda, sağ tərəfdə idi. Qəti bu tərəfə
boylanmır, sanki heç bunları görmürdü.
İş Salam Qədirzadədən keçdi. Xeyli təbəssümlə
Qabili nəzərdən keçirtdi. Sonra, "buna bax,
heç bu yana baxmır, neyləyək, Əliağa?", -
dedi. Üçü də həmişə bir yerdə yeyib
içərdilər. Üçü də bir-biri
üçün darıxardı. Amma barışıq
üçün üçün heç biri ilk
addımı atmaq istəmirdilər. Nəhayət, atam məni
çağırdı. Qabil nə üçünsə
otağa keçmişdi. Gəldim. Kürçaylı Qabilin
balkonunun küncündə düzülmüş balonları
göstərib dedi: "Daşatanla o balonlardan birini vura bilərsən?"."Əlbəttə",
- dedim. "Get onda gətir, vur" - dedi atam. Daşatanı gətirib
nişan alıb, vurdum. Göyəm turuşusu olan balon
aşağıdan deşilmişdi. Bənövşəyi su
şorhaşorla yerə axmağa başladı. Salam Qədirzadə
ilə atam gülməkdən uğunurdular. Salam əmi
gülə-gülə dedi ki Qabili od götürəcək,
sakuskası əldən getdi. Bir-iki dəqiqəyə balonda
ancaq qupquru göyəm qaldı.Bir azdan Qabil balkona
çıxdı. Balonu görüb diqqətlə,
maddım-maddım baxdı. Sonra: - Bəyim, bu atdı ki"
- deyib həyat yoldaşını çağırdı. Amma
atamla Salam Qədirzadənin yuxarıdan gülərək ona
baxdıqlarını görəndə özü də
gülməyə başladı və əclaflar, sizin
işinizdi, - dedi. Kürçaylı əl işarəsi ilə
onu bizə çağırdı. Bir azdan üçü də
əvvəlki kimi bir yerdə yeyib-içir,
zarafatlaşırdılar..
Söhbətləşdi:
Faiq Balabəyli
Ədəbiyyat qəzeti.- 2017.- 15
iyul.- S.8-9