Nizami Gəncəvidən
Orxan Pamuka qədər
Zaman
sanki bir az da amansızlaşıb; sürətlə
ötüb keçir. Həyat bir göz qırpımında
ruhumuzu canımızdan alır. Divar boyu
düzülmüş kitab rəflərini gözdən
keçirdikcə içindən təəssüf hissi
keçir: sizin hamınızı oxumağa ömür
çatmayacaq, mənim sadiq dostlarım. Hər gün yüzlərlə
kitablar nəşr olunur. Sən bu kitabları acgözlüklə
mənimsəmək istəyirsən. Hiss edirsən ki, getdikcə
bibliomana çevrilirsən. Bu doyumsuz mütaliə ehtirası
zehnində bir xaos yaradır. Vaxt ömrünü anbaan
azaldır, nə qədər kitablar isə oxunmamış
qalacaq. Amma bu məlum həqiqət sənə agah ikən
qiymətli vaxtını oxuduğun kitabların təkrar
mütaliəsinə sərf edirsən. Sizcə, buna dəyərmi?
Yaxşı
kitabları oxuya bilmək üçün düzgün
mütaliə seçimi etməyimiz lazım gəlir. Bəzən
yanlış kitablar insanları yanlış istiqamətə
aparıb çıxarır. Mənəvi
çaşqınlıq yaradır və bundan qorunmaq
üçün təfəkkürümüzdə bir oxu
immuniteti olmalıdır. Mütaliə zamanımızın sərhədlərini
müəyyən etmək və zövqümüzü
korlayan kitabların bu sərhədləri adlayıb bizim
vaxtımızı işğal etməsinə imkan verməməliyik.
Elə
kitablar var ki, o kitablar təkrar-təkrar oxunmaq
üçündür. O kitabları oxumaq vaxt itkisi
sayılmaz, çünki o kitabları hər dəfə
oxuduqca insanın ruhu bir az da saflaşır, mənəvi
dünyası bir az da zənginləşir, idrakının sərhədləri
bir az da genişlənir, ilk oxunuşda səninçün
gizli qalan mənalar növbəti oxunuşda sənə daha
aydın şəkildə agah olur. Bu mənəvi qazanc itməyən
bir sərvətdir. Dörd səmavi kitab, miflər, rəvayətlər,
dastanlar həyatın təməl gerçəklərini bizə
öyrədir. Bəşəriyyətin mənəvi
inkişafı birbaşa bu kitablarla bağlıdır. Ən
qədim yazılı abidəmiz olan "Kitabi-Dədə
Qorqud" möhtəşəm bir həyat
ensiklopediyasıdır. Yaradılışın və
yaşamın bütün təməl kuralları bu kitabda
öz əksini tapıb. Tanrının
böyüklüyü, ədaləti, insan oğlunun
inamı, sədaqəti, sevgisi, sağlam ailə modeli, yurda,
torpağa bağlılıq, Vətən məhəbbəti,
yalanın, riyanın aqibəti, şərin məğlubiyyəti,
dünyanın faniliyi və insanın hünəri - həyatın
bütün komponentləri "Kitabi-Dədə Qorqud"un
on iki boyunda öz əksini tapıb. Bu dastan mənim
sctolüstü kitablarım sırasındadır. Dünya ədəbi
meridianlarını "gəzib-dolaşdıqdan" sonra hər
dəfə yenidən "Kitabi-Dədə Qorqud"a
qayıdıram.
Bir də
Nizami Gəncəvi! Onun dünya qədər qədim və
dünya qədər təzə söz səltənəti.
Nizami sözü elə bir zirvəyə qaldırdı ki,
ondan sonrakı poeziya o zirvəyə çatmaqdan ötrü
fikrin, düşüncənin, idrakın intəhasız yoluna
çıxdı və nəticədə yeni-yeni zirvələr
fəth etdi. Ortaçağ Şərq mədəniyyətinin
üfüqlərində Nizami bir Günəş kimi tülu
etdi. Onun poeziyası Şərq fəlsəfi fikrinə
yön verdi, elm üçün yeni istiqamətlər göstərdi.
Nizaminin "Xəmsə"sində təsvir olunan dünyaya
giriş üçün şifrələri, kodları bilmək
gərəkir. O kodlar da Qurani-Kərimdə, astronomiyada, həndəsədə,
mifologiyada gizlənir. Bu elmlərə vaqif olmadan Nizamini
oxusanız, "Bir qalanın sirri" filminin qəhrəmanı
Elşən kimi pis vəziyyətdə qalacaqsınız;
"kəmər belinizdə dayanmayacaq".
Nizami
özünəqədərki əfsanə və rəvayətləri
idrakının süzgəcindən keçirərək
onların üzərində ideal insan konsepsiyasını
yaratdı. Böyük şair ilk dəfə insanın ruhuna
xitab etdi, onu ruhi, mənəvi əzablardan keçərək
ucalığa qaldırdı. Miflər, rəvayətlər
insanları çevrələyən və yaşamın təbii
parçası olan Xeyirlə Şərin əbədi
mübarizəsindən yaranmışdı və onları
Xeyirin tərəfində olmağa səsləyirdi. Xeyirin tərəfində
olmaq insanlığın əsas şərtidir. "Xəmsə"nin ikinci
poeması "Xosrov və Şirin" Şərqin ən
böyük məhəbbət dastanlarından biridir və bu əsər
Nizamidən sonrakı Şərq və Qərb ədəbiyyatına
da çox ciddi təsir göstərmişdir. Nizami bu əsəri
o zaman Sasani şahı Xosrov Pərvizlə Şirinin məhəbbətiylə
bağlı xalq arasında dolaşan əfsanə və rəvayətlər
əsasında yazmışdı. Ona qədər Firdovsi
özünün "Şahnamə"sində Xosrovun
şahlığı və qələbələrinə
ayrıca bir bölüm həsr etmişdi. Firdovsinin nəql
etdiyi hekayətdə Xosrovun eşq macəralarına yer
ayrılmayıb. Çünki Firdovsinin məqsədi bu
deyildi. Nizami isə Xosrovla Şirinin məhəbbətini nəzmə
çəkməklə həm də dövrünün
geniş mənzərəsini təsvir etmişdir. Şair
poemanın girişində özü bu haqda yazır və
"yorğun qoca" - deyəndə də Firdovsini nəzərdə
tuturdu:
Söylərkən
o həkim bu xoş dastanı,
Çıxarıb
içindən eşqi, fəğanı.
Altmış
yaşındaydı yazanda bunu,
Saxlaya
bilmirdi yayda oxunu.
Altmışda
sevginin, eşqin həyəcanı
Titrədə
bilməzdi yorğun qocanı.
Bilici
deyəni etmədim təkrar,
Məlumu
deməkdən kimə fayda var?!
Onun
yazdıqları - cəngavər eşqi,
Mənim
yazdıqlarım - bir dilbər eşqi.
Poemada
istər Xosrovun, istərsə də Şirinin
hökmdarlığı və aşiqliyi paralel xətt
üzrə davam etdirilir və onların insani xüsusiyyətləri
ibrətamiz əhvalatlar kontekstində üzə
çıxır. Nizamidən sonra çox "Xosrov və
Şirin"lər yazıldı. Əmir Xosrov Dəhləvi,
Əlişir Nəvai və digər söz ustaları bu sevgi
dastanını nəzmə çəkdilər. Onlar Nizami ənənələrini
davam etdirməklə şairin didaktik nizamından kənara
çıxmamışdılar. Amma Arif Ərdəbilinin
"Fərhadnamə"sində Xosrov da, Şirin də, Fərhad
da tamamilə başqa xarakterə malik insanlar idilər. Onun
"Fərhadnamə"si "Xosrov və Şirin"in
indiki dillə desək, dekonstruksiyasıdır. Arif Ərdəbili
öz əsərinin bir neçə yerində Nizamini eşqdən,
məhəbbətdən bixəbər adlandırır.
Poemanın bir yerində yazır:
Ey qəmlər
şairi, hardasan, dillən,
Nədir
eşqbazlıq, gəl məndən öyrən.
"Fərhadnamə"ni
fars dilindən bizim dilə çevirən filologiya elmləri
doktoru Xəlil Yusifli kitabın ön sözündə
yazır ki, "Arif Nizami ədəbi məktəbinin
davamçılarından biri olsa da, onun
yaradıcılığına tənqidi yanaşmış,
Nizamini Yaxın və Orta Şərqin ən böyük
şairi kimi həzm edə bilməmişdir". Arif Ərdəbili
öz əsərində Fərhadı da, Şirini də
cismani ehtiraslarının qulu kimi təsvir edir, bu obrazlar mənəvi
keyfiyyətlərdən xalidirlər. Nizami isə onları mənəvi
ucalıq mərtəbəsinə qaldırmışdı.
Nizaminin məqsədi "eşqbazlıq" deyildi, o, qəhrəmanlarını
pillə-pillə kamillik mərtəbəsinə
qaldırmışdı. Nizamidə Xosrov Şirinə xəyanət
etsə də Şirin sonadək öz eşqinə sadiq
qalır. Fərhad eşqi uğrunda bütün cəfalara
dözür və Şirindən ötrü canından
keçir. Arif Ərdəbilinin "Fərhadnamə"sində
isə Şirin xəyanət edir, Xosrovdan gizlin öz qəsrində
Fərhadla birlikdə eyş-işrətlə məşğul
olur. Fədakarlıq hissi onlara yaddır. Nizaminin Şirini isə
o qədər əzəmətlidir ki, onun ağlının
qüdrəti qarşısında Xosrov acizdir, Şirinin
eşqi tərbiyəvi bir eşqdir. O, Xosrovu məhz bu ilahi
eşqi ilə, ləkəsiz məhəbbəti ilə tərbiyə edir. Xosrov
cismani ehtirasların əsiridir, Şirin isə öz gözəlliyi
və əxlaqıyla məğlubedilməzdir. Xosrov Şirinlə
görüşdən məyus qayıdarkən
"ağıl mənzilindən avara
düşdüyünü" dərk edir və bundan sonra
onun daxilindəki insan oyanır. Arif Ərdəbili isə
insanın batininə enmir, zahiri göstəricilərini təsvir
edir. O, özünün görmək istədiyi Fərhadı,
Şirini qələmə alıb. Nizami Firdovsini
"yorğun qoca" adlandırdığı kimi, Arif
Ərdəbili də Nizamiyə eyni münasibəti göstərir.
Fərq Nizaminin insana vertikal, Ərdəbilinin isə horizontal
yanaşmasındadır. Nizami ilahi eşqi tərənnüm
edirdi, Ərdəbili isə cismani eşqin macəralarından
danışırdı. Xəlil Yusifli haqlı olaraq qeyd edir
ki, "Arif Ərdəbili eşqi yanlış başa
düşür, onu ancaq əyləncə hesab edir. Ona görə
də Nizamini düzgün qiymətləndirə bilmir".
Mərhum
akademik Həmid Araslı Nizaminin Şirinini Dantenin
Beatriçası, Şekspirin Cülyettası ilə
müqayisə edirdi. "Fərhadnamə"dəki
Şirini isə onlarla müqayisə etmək
mümkünsüzdür. Orta əsrlər klassik Şərq
poeziyasının tematikası (eşq əfsanələri),
poemaların quruluşu (Yaradana xitab, minacat, peyğəmbərin,
şahın tərifi, təzim xitabəsi və nəhayət,
dastanın başlanması) demək olar ki, eynidir. Amma
bulağın gözü Nizamidir.
Biz
bu yazıda "Xosrov və Şirin"dən bəhs etdik. Qəfildən Orxan Pamukun "Mənim adım
qırmızı" romanının mövzusunu
xatırladım. Oxuyanlar bilir, bu roman haqqında vaxtilə
yazı da yazmışam deyə, təkrara varmaq istəmirəm.
Nobelli yazıçı "Ötəki rənglər"
kitabında "Mənim adım qırmızı"nı
necə yazmasından bəhs edir və yazır: "Xosrov və
Şirin" mənim qəhrəmanlarımın
yaşadığı mədəniyyətdə əsas hekayədir".
Biz məhz
bu mədəniyyətin daşıyıcılarıyıq.
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2017.- 15
iyul.- S.9.