O dünyadan gələn
qadın
və ya səsimdən
yapış...
İki
insan arasında sevgi yaranandan bir müddət sonra ortaya
çıxan ilk suallardan biri bu olur: Görəsən, mən
olmasam o, nə edər?!
Bu sual tez-tez olmasa da, hərdən yada düşür, insanı məşğul edir. Bu həm də insanın öz gələcəyinə qarşı keçirdiyi nigarançılıq hissidir. Görəsən mən olmasam, nə zamansa bu dünyadan köçsəm, nə dəyişəcək? Bu səbəbdən də bu sualları çox qurcalamaq olmur. Çünki cavab hər bir insanın özünə daxili bir duyumla bəllidir: "Heç nə!"
Dünya yenə fırlanacaq, müharibələr davam edəcək, yeni insanlar doğulacaq, köhnələr dünyadan köçəcəklər və.s.və i.a.
Yazıçı Kamal Abdullanın "Bir-iki, bizimki" pyesi əsasında hazırlanmış "Səsimi unutma" tamaşası da eyni ilə bu suallar ətrafında hazırlanıb.
"Yuğ" teatrının səhnəsində yuğlanan tamaşanın rejissoru Gümrah Ömər, qadın rolunun ifaçısı aktrisa Gülzar Qurbanova, kişi rolunun ifaçısı isə aktyor Məmməd Səfadır.
Hə, bir də aktyorlar
Amid Qasımov və Ləman Novruzova da var. Onlar kişi və qadının səslərini,
həm də vizual görüntülərini
ifa edirlər.
Uzun illər
əvvəl türk yazıçısı Peyami
Safanın "Ölən
sevgili" adlı hekəyəsini oxumuşdum. Hekayə
sevdiyi qadını itirəndən sonra dərin depressiya yaşayan, uzun müddət xəstəxanada
müalicə alan kişinin sonrakı həyatından
bəhs edirdi.
Həmin hekayə mənə çox - o qədər ağır təsir etmişdi ki, bu günə qədər də bütün cümlələri,
dialoqları xatırlayıram. Baxmayaraq
ki, cəmi bircə dəfə oxumuşdum...
"Səsimi unutma"
tamaşasına baxdığım
zaman yenə o hekəyəni xatırladım. Ordakı
kişi qadınını itirəndən
sonra ölmə, yox olmaq istəyini...
Burdakı kişi
isə ölümdən
qorxur. Amma həm də
sevir. O dünyadan
gələcək olan
qadını...
Qadın gah cavan, gah
orta yaşlı görüntülərlə onun
gözünə görsənir. Gözə görsənən
ruhdur, ya xəyal bunu müəyyənləşdirməyi rejissor tamaşaçının
öz ixtiyarına buraxır.
Əslində, ruhlar sag qalan insanları o qədər də incitmirlər. Onlar artıq
o tərəfdədirlər. Amansız olan xəyallardı.
İnsanın yaddaşına hopan,
ordan heç cür çıxmaq istəməyən xəyallar
hər zaman insanı məşğul
edir, onun yaddaşını qurcalayır.
Bəzən də həmin
xəyallar elə ruha çevrilirlər.
Tamaşa boyu qadın bu dünyada qoyub getdiyi kişini
özü ilə aparmaq istəyir. Qadın özü
oralı olsa da, gözü bu dünyada, bu dünyadakı kişidə qalıb.
Onsuz ruhu narahatlıq keçirir. Sakitlik tapmır.
Kişi isə qətiyyətsizdir. Çünki gözünü açandan
onunla təmasda olub. Bir sinifdə oxuyub.
O, qızın saçlarını
yolub, onu aldadıb, ağladıb, incidib və sevib...
Sevgi onu qadının xəyalı
ardınca hara olur-olsun getməyə məcbur edir. Amma bu dunya, fani
dünya da var axı... Onun cah-calalı, açılan
günəşli sabahları,
hər gün ora-bura tələsən insanları, yamyaşıl
təbiəti, sərin
bulaqları, təmiz havası, gözəl qadınları kişiyə
imkan vermir ki, bu dünyadan
üzülüşsün. Kim üzülüşər axı? Heç kim!
Bu get-gəlli düşüncələr
arasında səhnədəki
dekorasiyalar da dəyişir. Stullar bəzən güzgü,
bəzən divar, bəzən pilləkən
və ən sonunda tabuta, qəbirə çevrilir.
Kişi təslim olur. Özü də bilmədən qadına, onun xəyalına, bəlkə
də ruhuna ram olur.
Kişinin ölümündən sonra
hər tərəf qaranlığa bürünür. Ortamı səslər
idarə edir, bir-birini görməyən,
tapa bilməyən səslər. Məlum olur
ki, görüntü,
bədən, əslində
elə bu dünyada var imiş, o dünyadakılar,
ancaq ruhlar və səslərdi.
Bir də ki, xəyallar.
Bu səbəbdən qadın
və kişini cavanlığını canlandıran
qızla oğlanın
arasındakı son dialoq
da belə başa çatır:
Oğlan:
- Ver, əlini. Hardadı sənin əlin? Titrəmə. Gəl, gedək.
Qız:
- Yox, gəlmirəm, Qorxuram. Sən məni saldın
bura.
Oğlan:
- Ağlama. Gəl, dalımca. Səsimdən yapış...
Aktyor Məmməd
Səfanın obrazlarındakı
təlatümlərin ötürülməsi
məni hər zaman təsirləndirib. Bu tamaşadakı inandırıcı
ifasıyla da tamaşanı səhnəyə
kökləməyi bacarır.
Onun özünəməxsus gülüşləri,
səsli ironiyaları,
həyatı vecinə
almamaq kimi tövrləri həddindən
artıq təbiidir.
Aktrisa Gülzar
Qurbanovanın artıq
neçənci dəfədir
ki, səhnədən
izləyirəm. Və onun təbii
doluxsunmaları məni
sözün əsl mənasında məhv edir. Bir aktrisa öz
roluna bu qədər hakim olmağı,
tamaşaçını birbaşa
obrazının ardınca
aparmağı necə
bacarır? Bu hansı ilahi bir vergidir ki,
bizim ölkənin kiçik bir səhnəsində pərvəriş
edib.
Düzdür, ara-sıra Gülzar xanımın obrazında Medeya rolunun izləri hiss olunurdu. Hətta Fellinini
xatırladan teatral oyunlarını da unutmuram ki, bununla
sanki aktrisa hər dəfə sevdiyi rejissoru yad edir.
Amma bütün
bunlarla yanaşı Gülzar Qurbanova həqiqətən də maraqlı və təkrarolunmaz aktrisadır.
Amid Qasımovun gah
güləyən uşaq,
gah qıcıqlandırıcı
yeniyetmə, gah da xəyali gənc obraza çevrilməsi tamaşanın
oynaqlığına xidmət
edir. Amidin hətta səsini,
baxışlarını, əllərinə
tamaşa etməsini belə teatr adlandırmaq olar. Onun tərəf-müqabili olan
aktrisa Ləman Novruzova və Amid Qasımovun ifası tamaşa boyu tamaşaçını yorulmaqdan
və kədərli situasiyaların ağırlığından
xilas edir.
Ləman Novruzovanın baxışlarındakı,
gülüşlərindəki şeytani ifadə onun gələcəkdə
çox maraqlı qadın rolları ifa edəcəyindən xəbər verir.
"Yuğ" teatrı
mövsümü məhz
"Səsimi unutma"
tamaşası ilə
bağlandı. Mənim isə tamaşaçılardan
bir xahişim var.
"Yuğ" teatrını
unutmasınlar. Çünki unudulamayacaq tamaşalar hələ qarşıdadır.
Samirə Əşrəf
Ədəbiyyat qəzeti.- 2017.- 15
iyul.- S.15.