8.10 GƏMİSİ
Səsində nə var,
bilirsənmi?
Mavi,
ipək
kimi
qış çiçəyi,
yəni,
ən
səfalı bağçanın
ən səfalı yeri...
Nə oldu,
birdən
siqaret çəkmək
bəhanəsiylə
göyərtəyə qalxdın?
Səsində nə var,
bilirsənmi?
Yuxusuz adamın türkcəsi...
Anladığım bu:
işindən
məmnun deyilsən,
şəhər.... şəhər
də
xoşuna gəlməyib...
Nə oldu,
göyərtədə
yanında
dayanan adam
əlindəki qəzeti
qatladı?
Səsində nə var,
bilirsənmi?
Tör-töküntülü bir ev...
Dəqiqədəbir
əlini
saçlarına aparıb,
rüzgarda dağılan
yalnızlığını
sahmana salırsan...
Səsində nə var,
bilirsənmi?
Birlikdə oxuduğumuz
məktəb türküləri,
bir də,
əski, əski öpüşlər...
Səsində nə var,
bilirsənmi?
hamamın soyuq şüşəsi -
neçə gündü
görünmürsən,
görünmürsən,
görünmürsən,
görünmürsən...
Səsində nə var,
bilirsənmi?
Söyləmədiyin sözlər...
Bəlkə,
doğrudan
da,
kiçik,
lüzumsuz şeylərdi
onlar,
amma,
günün hansı
vaxtı olur-olsun,
heykəl kimi
kəsirlər qabağımı...
Səsində nə var,
bilirsənmi?
Dilinin ucuna gətirmədiklərin,
dilinin ucuna gətirmədiklərin...
ÖNCƏ
Öncə
yalnızlıqla
mənim aramda
tək əllərin vardı,
Sonra
birdən-birə
qapılar açıldı,
axıra qədər;
üzün,
gözlərin,
dodaqların -
hər şeyin,
hər şeyin üstümə axıb gəldi...
Sonra
qorxusuzluğun
ortasında qaldıq,
ada kimi...
Sən
soyunub
utancaqlığını
divardan asdın,
mən
masanın
üstünə qoydum
qayda-qanunlarımı,
hər şey belə başladı öncə...
ÇAY KƏNARINDA QADINLAR
GÖRDÜM
Porsuq çayının kənarında
qadınlar gördüm,
bir deyil,
beş
deyil,
ən azı, yüz kərə...
Ümidsiz sevdalara
tutulublar,
üzü səhraya
seyrələ-seyrələ
yaşayırlar,
gül kimi,
çiçək kimi.
Nələri varsa,
verirlər
adama,
"ah"
demədən, "uf"
demədən,
təki könüllərinə
yatasan...
Qızılirmaq kənarında
qadınlar gördüm;
dillərində
yanıq-yanıq
türkülər:
"Qızılirmaq parça-parça
olaydın,
olaydın oy,
olaydın oy,
olaydın oy.
Hər parçanı bir dərədə bulaydım,
bulaydım oy,
bulaydım oy,
bulaydım oy.
Sən də mənim kimi yetim qalaydın,
qalaydın oy,
qalaydın oy,
qalaydın oy.
Necə
qıydın allı-güllü
gəlinə,
necə qıydın allı-güllü gəlinə?"
Qızılirmaq kənarında
qadınlar gördüm;
bir tikə çörək - qapqara,
bir tutam xına -
on quruşluq, qıpqırmızı...
Qızılirmaq kənarında
qadınlar gördüm;
qaranlıqda
uzanmışdılar yan-yana
-
üstləri yarıörtülü,
yarıaçıq...
Oy anam,
oy
anam,
gecənin bu vaxtı
kim ürkütmüş
onları,
isti yerlərindən
perik düşmüşlər?..
Dəclə sahillərinə
qatar çatınca,
Öncə göy üzü
görünür,
Sonra
gül
qurusu qadınlar...
Bir gün
sizin
də yolunuz düşər
çay kənarına,
görərsiniz,
görərsiniz,
görərsiniz
bıçaqla sümük,
susmaqla ağlamaq
arasında qalan
o
qadınları...
EŞQ
Sən
indi
qalxıb gedirsən.
Get.
Amma
bilirsən
çətin olacaq
gözlərinin həsrətinə
dözmək.
Üstəlik,
bu
gün yuxudan da
ayın-şayın
oyanmışıq -
eşq açmışdı
gözlərimizi.
Bir quş
bir
budağa qonurmuş kimi
qonmuşdu barmaqlarıma,
arxasınca
bir sevgi uçub gəlmişdi
və bir daha getməmişdi...
Hər şey necə dəyişdi...
Bu döyünən ürək
mənimkidimi?
Bəs səninki
hanı?
Üç-dörd damla
yetirdi
saçlarını islatmağa,
bir dilim çörək,
bir-iki zeytun...
doyurduq,
biz eşq acı idik, eşq...
Saçların,
dodaqların,
sinən...
neçə öpüşlə
doyulur?
Sən
indi
qalxıb gedirsən.
Get.
Amma
bilirsən
çətin olacaq
gözlərinin həsrətinə
dözmək...
TURQUT UYARA
Bir ağ mənzildə
yaşayır,
Qapısı pəncərəsindən çox.
Gözlərində ulduzlar,
mavi, sərin yerdə durur.
Bir əlində qədəh,
Bir əlində
ağrı-acısı.
Bir bağçadan səsi gəlir,
Nəyinsə telini
oxşayırmış kimi.
Öldüyü gün
Bizi dünyadan
qovdular.
UZAQDAN-UZAĞA SEVİRƏM
SƏNİ
Uzaqdan-uzağa sevirəm səni,
ətrini duymadan,
boynuna sarılmadan,
yanaqlarına toxunmadan,
uzaqdan-uzağa sevirəm
səni.
Uzaqdan-uzağa sevirəm səni,
əlini tutmadan,
ürəyini titrətmədən,
gözlərində itib, itib getmədən...
Üç günlük
sevdalarda
olduğu kimi,
sərsəri tək deyil,
adam kimi sevirəm, səni.
Elə uzaqdan-uzağa
uzaqdan-uzağa
sevirəm səni,
yanaqlarına sızan
iki
damla yaşı silmədən,
ən çılğın
qəhqəhələrinə
ortaq olmadan,
ən sevdiyim türkünü
səninlə
bərabər oxumadan
-
elə uzaqdan-uzağa,
uzaqdan-uzağa sevirəm
səni.
Qırmadan,
tökmədən,
parçalamadan,
üzmədən,
ağlatmadan -
uzaqdan-uzağa sevirəm
səni,
məsum bir kağıza
damla-damla
tökülən
kəlimələr tək...
* * *
Ölüm gəlir ağlıma
birdən, ölüm,
Qocaman bir ağaca sarılıram,
var gücümlə...
* * *
Bir qadın düşün,
bir qadın:
yarısı anadır,
yarısı çocuq,
yarısı sevgili,
yarısı eşq,
yarısı rəvayət,
yarısı həqiqət,
yarısı gündüz,
yarısı gecə...
SƏN GƏLSƏN
İndi
pəncərəni açsam,
gözləsəm,
sən gəlsən,
heç bir şey soruşmasan,
heç bir şey deməsən,
sussam,
sussan,
sussaq,
sükutun anlatdıqlarını
dinləsək,
arxa-arxaya əyləşsək,
ağlasaq, ağlasaq,
ağlasaq,
"nəyə görə?",
"nə üçün?"
-
səbəbini
soruşmasaq, soruşmasaq,
soruşmasaq...
Sarılsam,
sarılsan,
sarılsaq
və yenə də
heç bir şey danışmasaq,
amma
anlasaq, anlasaq, anlasaq...
Xəyaldı...
Olarmı belə şey?
Olsa nə olacaq?..
ALMA
İndi
sən
çırılçılpaq
bir alma yeyirsən,
alma da almadı ha,
bir yarısı qırmızı,
bir yarısı yenə qırmızı,
üstündə göy üzü,
üstündə quşlar
uçur…
Xatırlayacaq olsam,
üç gün öncə
çırılçılpaq
soyunmuşdun,
divanda alma yeyirdin,
mənim
elə
almalara
meylim yoxdu…
Quşlar
uçur üstümdə,
bunlar
sənin almanın quşlarıdı,
göy üzü uçur üstümdə,
bu
sənin almandakı göy üzüdü…
Xatırlayacaq olsam,
İstanbulda
kilsə
zəngini çalıram,
sən yenə çırılçılpaqsan,
dənizin ortasına
gələnə qədər
alma yeyirsən,
ürəyimin ortasına
gələnə qədər
alma yeyirsən,
bir yanda gəncliyimiz,
kədərlər içində,
bir yanda
Sirkəçinin
qatardan düşürtdüyü
qadınlar -
sadəcə, dodaqlarından
öpdürürlər…
Sən
özün
kimi
çırılçılpaq bir alma
yeyirsən,
üstündə - göy
üzü,
üstündə - quşlar
uçuşur,
üstündə -
xatırlayacaq olsaq, kədərimiz…
SEVGİLİM
Günortadı.
Maşınlar
sürətlə
gəlib keçirlər,
hər yer qələbəlikdir.
Mən səni düşünürəm,
bir qəlyanaltıda,
uzat əllərini, uzat, tutum.
Gəzməyə çıxmış
əsgərlər görürəm,
bir də cilvəli qızlar.
İstanbul
hərgünkü
halında -
səs-küylü,
göyərçinlər
günəşi dənləyirlər…
Mən səni düşünürəm,
səni,
yəni,
eynən
o ilk günlərdə
olduğun kimi.
Ürəyim -
təptəzə bir su sayğacıdı sanki -
guppagup işləyir.
Eşqi
xatirələr yaşadır,
yuxular qədər, -
Bunun üçün deyirəm:
eşq
köhnəldikcə eşq,
sevgi
köhnəldikcə sevgidir…
Çoluğumuz - çocuğumuz,
çörəyimiz, türkümüz…
Bunlar bir yana,
gəmilərin burnu
köpük içində,
uzaqlarda nə qapılar açılır,
təyyarənin
biri qalxır, biri enir,
qatarın
biri gedir, biri gəlir…
Hər kəs bilir, hər kəs,
Bəs,
sən,
sən
bilirsənmi
səni necə sevdiyimi,
üstündə necə
əsdyimi,
gəldiyimi,
getdiyimi?
Söylə! Söylə! Söylə!
ÇİÇƏK
Bir çiçək açmışdı,
orda,
sanki
təbiətin
bir səhvini
düzəltmək istəyirdi,
boy atmışdı
gözümün
içinə qədər,
anlamadığım şey danışırdı.
Bir gəmi,
bəmbəyaz
bir gəmi
yan alır dan yerinə,
göyərtəsi
başdan-başa
orman…
Dərdim
çiçəyi,
burnuma tutdum -
sən demə,
yalnızlığım imiş…
* * *
Əllərindən tuturam,
səhər
qədər sevdiyim əllərindən,
əllərin bəyaz,
təkrar bəyaz,
təkrar bəyaz,
vağzalda qatar olur bir az…
Mən
bəzən
vağzalı tapa bilməyən
adam kimiyəm…
ÖLÜM
Ölürəm, Tanrım, ölürəm,
axır ki, bu da başıma
gəldi.
Bilirəm, Tanrım, bilirəm,
hər ölüm vaxtsız ölümdür.
Amma
deyim ki,
aldığın bu həyat
heç də pis deyildi…
Camal Sürəyya
Hazırladı:
Dilsuz
Ədəbiyyat qəzeti.- 2017.- 15
iyul.- S.16-17.