"Əkinçi"də şeir
davası
Bu davada
"Əkinçi" məğlub oldu
XIX əsrin ikinci yarısında dram və nəsr sahəsində "avropalaşmış" Azərbaycan ədəbiyyatının gündəliyindəki ən mühüm məsələlərdən biri yeni zəmanənin şeirinin taleyi idi. Böyük ənənəsi olan divan şeirində Vaqifin yaradıcılığı ilə silkələnmə baş versə də, şeirin gedəcəyi ünvan, çatacağı mənzil hələ məlum deyildi, əsrlərdən gələn ata-baba yolunun daraldığı, dalana dirəndiyi isə getdikcə özünü daha aydın göstərirdi. Yaranan əsərlərin zəmanəyə uyğun olmadığı, şeirin yeni keyfiyyət dəyişməsinə ehtiyac duyduğu göz önündə idi. Bu məsələdə Mirzə Fətəli Axundzadənin mövqeyi daha konkret və sərt idi. O, yazırdı: ""Gülüstan" və "Zinətül-məcalis" dövrü keçmişdir. Bu gün bu cür əsərlər millətin işinə yaramır. Bu gün millət üçün faydalı və oxucuların zövqü üçün rəğbətli olan əsər - drama və romandır". Bu fikrin nə dərəcədə doğru və ya yanlış olmasının müzakirəsi başqa söhbətin mövzusudur, ancaq aydın görünən budur ki, Mirzə Fətəlinin "millət üçün faydalı və oxucuların zövqü üçün rəğbətli" olanın şeir, poeziya deyil (baxmayaraq ki, yaradıcılığının bütün dövrlərində özü də şeir yazmaq təcrübəsini davam etdirirdi), dram və nəsr olduğu qənaətində idi. Mirzə Fətəlinin Cənubi Azərbaycanda yaşayıb-yaradan Mirzə Ağaya Tiflisdən ünvanladığı bu qeydlər "Əkinçi"nin nəşrindən 4 il əvvələ - 1871-ci ilə aiddir.
Millətin
yaşamaq mübarizəsi
"Əkinçi" qəzetinin mövqeyində də ədəbiyyata, xüsusən şeirə münasibətdə Mirzə Fətəlinin mövqeyinə yaxınlıq olduğunu görürük. Ədəbiyyatla bağlı "Əkinçi"nin gündəliyə gətirdiyi, mübahisə açdığı məsələlərin birbaşa Mirzə Fətəli Axundzadədən gəldiyini iddia etmək fikrində deyilik: bu yəqin ki, zəmanənin yetişdirib tarix səhnəsinə gətirdiyi bir zərurət idi.
"Əkinçi"də istər ictimai münasibətlər, maariflənmə, istərsə də ədəbiyyat məsələləri ilə bağlı qaldırılan ideyaların başında Həsən bəy Zərdabinin özü dururdu. H.Zərdabi qəzetin 20 sentyabr 1876-cı il tarixli nömrəsində çap etdirdiyi yazıda "zindənganlıq cəngində", yaşamaq, öz varlığını davam etdirmək, başqa millətlərdən dala qalmayıb irəli getmək uğrunda mübarizədə yeganə çıxış yolunu elmdə, maariflənməkdə görürdü: "Bizim zəmanəmiz dəyişilib, biz elm sahiblərinə rast gəlmişik. Bizim ilə zindəganlıq cəngi edən millətlər elm təhsil edirlər. Ona binaən gərək biz də elm təhsil edək ki, onlara zindəganlıq cəngində qalib olmasaq da, onların bərabərində dayanıb duraq, yoxsa dövlət və xoşgüzəranlıq onların əlinə gedəcəkdir və bizlər mürur ilə zindəganlıq cəngində məğlub olub tələf olacayıq".
Həsən bəy böyük mütəfəkkir düşüncəsi ilə Azərbaycanın başqa millətlərlə yaşamaq uğrunda rəqabət və mübarizə apardığını görüb göstərirdi. Onun fikrinə görə, bu mübarizədə məğlubiyyətə uğrayıb tələf olmamaq üçün ictimai psixologiya, cəmiyyətin düşüncəsi və həyat tərzi, yaşamaq üsulu dəyişməli idi. Cəmiyyət "Keçən günə gün çatmaz deyib" keçmişin xiffəti ilə yaşamaqdan əl çəkməli, müasir elmlərə yiyələnib bu günə və sabaha baxmalı, xoş güzəran üçün səy göstərməli idi: "Pəs bayatı çağırıb zəmanədən şikayət edən, sənin bayatından nə hasil? Səy et, zəhmət çək, elm təhsil elə ki, dövlət qazanıb xoşgüzəran olasan. Görürəm bu sözləri oxuyan Gülüstani-Sədini əlinə alıb oxuyur: Heç kəs sərvəti zorla əldə edə bilməz. Əzizim, o söz bəistilahi-Şirvan Fit dağı sözüdür".
Burada Sədi Şirazinin və "Gülüstan" əsərinin adının çəkilməsini təsadüfi hadisə hesab etmirik. Əvvəldə dediyimiz kimi, Mirzə Fətəli hələ 1871-ci ildə "Gülüstan"ın millətin işinə yaramadığı mülahizəsini irəli sürmüşdü. "Əkinçi" qəzetində isə Sədinin adı və "Gülüstan", eləcə də Azərbaycanda əsərləri hələ də elm əvəzinə öyrədilən bir sıra şairlər ədəbi polemikaların diqqət mərkəzində saxlanılırdı. Burada iki cəhəti nəzərə almaq məqsədəuyğundur. Birincisi, yeni tarixi və ictimai şərtləri dərk edən ziyalılar müasir zəmanəyə uyğun ədəbiyyat yaranmasının zərurətini hiss edir, bu barədə fikirlər irəli sürürdülər. İkincisi, köhnə üsullu məktəblərdə tədris Sədinin "Gülüstan"ı, "Bustan"ı tipli əsərlər üzərində qurulurdu ki, bu da həmin müəlllifləri və onların əsərlərini təhsilin müasirləşdirilməsinin, uşaqlara dünyəvi elmlərin öyrədilməsinin zəruri olduğunu dərk edən insanların tənqid hədəfinə gətirirdi...
Mirzə Fətəlidən fərqli olaraq Həsən bəy ədəbiyyatdan danışarkən dramaturgiyanın və nəsrin adını tutmur, cəmiyyətin ruhunu dəyişmək, ictimai düşüncəni hərəkətə gətirmək üçün şeirin təsir gücünə daha çox inanırdı. "Şeir bir alətdir ki, onunla bizim yuxuda olan qardaşlarımızı ayıltmaq çox asandır", - deyən Həsən bəy Zərdabi "Əkinçi" qəzetində yeni zəmanədə yaranacaq şeirin və ədəbiyyatın qarşısında konkret vəzifələr qoymağa cəhd edirdi. Bu məsələ ilə bağlı onun qənaəti belə idi: "Bizim Qafqaz müsəlmanlarına heç bir yazı və dil ilə deyilən söz o qədər əsər etməz, necə ki, şeir ilə deyilən söz" ("Həyat qəzeti", 8 yanvar, 1906).
Onu da deyək ki, "Əkinçi" qəzeti nəşrə başlayanda Həsən bəyin dramaturgiya haqqında kifayət qədər təcrübi və elmi anlayışı var idi, 1873-cü ildə şagirdi Nəcəf bəy Vəzirovla birlikdə Mirzə Fətəlinin əsərini səhnəyə gətirməklə milli teatrımızın təməlini qoymuşdu. Mirzə Fətəliyə göndərdiyi bir məktubda isə dram əsərinin tamaşaya qoyulması üçün tələb olunan estetik şərtlərə yaxından bələd olduğu diqqətdən yayınmır. Bütün bunlarla bərbər, Həsən bəy xalqın maarifləndirilməsi üçün şerin, hətta mahnının daha böyük təsir gücünə malik olduğunu xüsusi vurğulayır, mahnı mətnlərinə ciddi əhəmiyyət verirdi. Onun şeirin ictimai vəzifələri barədə düşüncələrini "Əkinçi" qəzetinin 1 sentyabr 1877-ci il tarixli nömrəsində nəşr etdirdiyi məqalə aydın əks etdirir. Böyük maarifçi ziyalı mahnı mətninə millətin marağı və mənfəəti çərçivəsindən baxırdı: "Hər tayfanın vətəndarlıq və millətin keçmişində olan yaman və yaxşı günlərini şərh edən mahnıları olur ki, bu mahnılar ağızdan-ağıza düşüb milləti birləşdirməyə bais olur"- deyən Həsən bəyin ən böyük arzusu və tələbi toplumu maariflənməyə, öz milli varlığını dərk etməyə və milli maraqlar ətrafında birləşməyə təşviq edə biləcək mahnı mətnlərinin yaranması idi. "...yaxşı olurdu ki, bizim şüəralar bir-birini həcv ya mədh etmək əvəzinə zikr olan məzmunda mahnılar düzəldəydilər ki, onlar ağızdan-ağıza düşüb xalqı nadanlıqdan danalığa təhrik etməyə bais olaydı..." ("Əkinçi" qəzeti, 1 sentyabr 1877). H.Zərdabi "zikr olunan məzmun" dedikdə "milləti birləşdirməyə bais olan" mətləbləri nəzərdə tuturdu. Bu yazıda da o, Hafizin və Sədinin şeirləri vasitəsilə toplumun beyninə yerimiş, itimai düşüncəni iflic edən ideyalara qarşı kəskin münasibət bildirirdi: "Bizim kamallı hesab olunan qardaşlarımız Hafiz ya Sədinin bu məzmunda şe'rlərini oxuyurlar: meyi düsalə və yar çəhardəh salə və ya məkün təkyə bərmali-dünya və püşt (İkillik şərab və on dörd yaşında mə'şuqə və ya dünya malına bel bağlama) ki, bunlar avam çağıran mahnılardan da yamandır".
Bülbül və
gül tərifi, yoxsa aşıq şeiri?
1906-cı ildə, zəmanə dəyişəndən sonra Həsən bəy Zərdabi yenidən mahnı mətnləri məsələsinin üzərinə qayıdıb yazırdı: "Keçmişdə "Əkinçi" qəzeti çıxanda o vaxtın şairlərindən yazıb təvəqqe eləmişdim ki, bülbülü və gülü tərif və bir-birlərini həcv etməkdən əl çəkib elm təhsil etməyin nəflərindən və biz müsəlmanlara olan zülmlərin barəsində şeirlər yazıb onları bizim aşıqlara xoş sövt ilə oxumağı öyrətsinlər ki, aşıqlar onları toylarda oxuyub əhalini oyatmağa səbəb olsunlar. Onlardan bircə Seyid Əzim Şirvani elm təhsil etmək nəflərindən bir neçə şeir yazmışdır ki, "Əkinçi"də çap olunmuşdu. Amma qeyri şairlərimizən heç bir cavab gəlmədi. O ki bizlərə olan zülmlərdir, o barədə məliküşşüəra Seyid Əzim Şirvani də bir şey yazmadı...". ("Həyat" qəzeti, 8 yanvar, 1906)
Bu qeydlərdə diqqəti çəkən bir neçə məqam var. Əsas məqam budur ki, H.Zərdabi "Əkinçi"ni nəşr etdirərkən qəzetdə gedəcək şeirlər üçün konkret meyar müəyyənləşdirmişdi və o zamanın şairlərinə müraciət edərkən bu meyarlardan çıxış edirdi.
Daha bir məqam da çox maraqlıdır ki, XIX əsrdə Azərbaycanın əksər yerlərində, o cümlədən Şirvanda ədəbi məclislərdə muğam sənətinə və divan ədəbiyyatına böyük dönüş müşahidə edilməkdə olduğu halda, H.Zərdabi aşıqların toylarda oxumaları üçün şeir sifariş vermişdi. Burada məsələyə daha geniş baxış bucağından yanaşanda muğam sənətinə və divan ədəbiyyatına dönüşü "gerilik əlaməti" kimi qəbul etməyin tərəfdarı deyilik. Kapitalizmin və sənayeləşmənin bərqərar olması ilə bağlı formalaşan və özünü tanımaq məcburiyyətində olan millət qarşısına zamanın qoyduğu obyektiv vəzifələr var idi və bu proses mədəni həyatda daha parlaq, gözlə görünən əyaniliklə əks-səda verirdi. O dövrdə kapitalist münasibətlərinin formalaşdığı Şimali Azərbaycanın müxtəlif coğrafi məkanlarında fəaliyyət göstərən ədəbi məclislərdə divan ədəbiyyatına və muğam sənətinə marağın güclənməsi də bu kontekstdə baş verirdi və bizə elə gəlir ki, bir-biri ilə əlaqə saxlayan ədəbi məclislərdə divan ədəbiyyatının aparıcı mövqe qazanması tarixin təkərlərinin geri çevrilməsi cəhdi, gəlişigözəl təsadüf deyildi. Bu, hər şeydən öncə, zəmanənin sifarişinə cavab idi.
Azərbaycanda milli özünütanıma, özünütəşkiletmə prosesində, görünür, dəyərlərin milliləşdirilməsinə ehtiyac yaranmışdı. Millətin içində yaranan, milli elitanın təşkil etdiyi ədəbi məclislərdə divan ədəbiyyatına, muğam sənətinə qayıdış vaxtilə saraylarda yaranan dəyərlərin "milliləşdirilməsi" prosesinin təzahürü və təsdiqi idi. Saray ədəbiyyatı kimi yaranan divan ədəbiyyatı, muğam sənəti millətin sərvətinə çevrilirdi. Vaxtilə şairlərə saray tərəfindən verilən titul da "milliləşdirilmişdi" - ədəbi məclislər Seyid Əzim Şirvanini məliküşşüəra elan etmişdi. ("Azərbaycan dilinin izahlı lüğəti"ndə "məliküşşüəra" sözünün izahı belə verilmişdir: "Keçmişdə: hökmdar tərəfindən ən görkəmli saray şairinə verilən fəxri ad; şairlər başçısı".) Bu dönəmdə muğam ifaçılığına yeni bir üslub gəlirdi. Sarayın musiqisi olan muğam artıq yeni təyinat qazanırdı. Bu da heç təsadüfi deyil ki, XX əsrin başlanğıcında ilk milli operamız - Üzeyir Hacıbəylinin "Leyli və Məcnun"u divan ədəbiyyatı ilə muğamın birliyindən yarandı!!!
O dövrdə şeirləri muğam ədəbi məclislərdə böyük populyarlıq qazanmış Seyid Əzim Şirvaninin ünvanına "O ki bizlərə olan zülmlərdir, o barədə məliküşşüəra Seyid Əzim Şirvani də bir şey yazmadı..." tənəsi ondan irəli gəlirdi ki, Həsən bəy Zərdabi şairlərdən tarixi gerçəklikdə baş verən real ictimai prosesləri düzgün qiymətləndirməyi, millətlər arasında rəqabət başladığı bir zəmanədə öz fiziki varlığını qorumaq məcburiyyətində qalan millətin həyatını işıqlandırmağı, müsəlmanlara olan zülmləri qələmə almağı tələb edirdi. Özü də elə bir dillə qələmə almağı ki, həmin şeirləri aşıqlar el məclislərində oxuyub, milləti birliyə çağırsınlar...
Divan ədəbiyyatından - "gülün və bülbülün tərifindən" əl çəkməyi tövsiyə edən Həsən bəyin milli özünütanıma prosesində yeni ideyaların təbliği üçün aşıq sənətini daha üstün tutmağı da aşıq sənətinin kütlələrə daha yüksək təsirə malik olduğunu müşahidə etməsi ilə bağlı idi. H.Zərdabi bu barədə bir söz deməsə də, yeni tarixi şəraitdə milli mədəniyyət səciyyəsi qazanan divan ədəbiyyatı və muğam sənəti "seçilmişlərə" aid idi. XIX əsrin butan dünyada olduğu kimi Azərbaycan ictimai gerçəkliyində də "seçilmişlərlə" "kütlə" arasında ziddiyyət getdikcə dərinləşirdi, sinfi münasibətlər formalaşır və ictimai münaqişəyə doğru istiqamətlənirdi. Bizdə isə münaqişə xeyli fərqli idi, yeni yaranan kapitalist münasibətlər sistemi sinfi ziddiyyətləri deyil, millətlər arasındakı ziddiyyətləri də dərinləşdirirdi. Bu mənada, Həsən bəy Zərdabinin 1906-cı ildə "Həyat" qəzetində nəşr etdirdiyi "Bizim nəğmələrimiz" məqaləsində bir mülahizəyə xüsusi diqqət yetirmək zəruridir: "Bizim qonşularımız ermənilər belə şeirlər ilə çox iş görürlər. Bu halda onların küçələrində gözləri kor, əlində tar aşıqları bir uşaq qolundan tutub qapı-qapı gəzdirir. Heç bilirsinizmi ki, o aşıqlar nə oxuyurlar? Onlar Ermənistanın keçmişdə olan xoş və yaman günlərindən, Osmanlı dövləti onlara elədiyi zülmlərdən və qeyrə şeirlər oxuyurlar. Odur ki, bir millət işi olanda ermənilərin hamısı birdən qalxıb bir adam kimi iş görürlər. Məgər bizim belə olmağımız günahdır?!"
Xudavənda, bizim
axırımız necə olacaq?
O vaxt Moskvada təhsil alan gənc Nəcəf bəy Vəzirov oradan öz müəlliminin səsinə səs verərək "Əkinçi" qəzetinin 12 may 1877-ci il tarixli nömrəsində yazırdı: "Gələcəkdə bizim tərəqqi etmək tarixini yazan indiki zəmanəyə baxanda məəttəl qalacaqdır ki, nə yazsın? Çünki bizim zəmanə tərəqqi zamanıdır və tərəqqi etməyən tayfa günü-gündən tənəzzül edib axırda puç olacaq, ona binaən bizim şüəra qardaşlarımızdan ki, onlar əlhəqq xalqın gözçüsüdürlər, iltimas edirik ki, zəmanəyə müvafiq xalqın gözünü açmağa səy eləsinlər"...
Şairlərə xalqın gözçüsü kimi yanaşan N.Vəzirov da müəllimi H.Zərdabi kimi şairlərin həcv yazmasını, ümumiyyətlə ədəbiyyatdakı həcv aludəçiliyini ciddi şəkildə tənqid edir, ictimai gerilik əlaməti sayırdı. Nəcəf bəyin "Əkinçi"nin 22 dekabr 1876-cı il tarixli nömrəsində maraqlı bir məktubu dərc edilmişdir: Nəcəf bəy Moskvada Qarabağdan iki dəftər aldığını yazırdı: "Birisi cənab Mirzə Əli Əskərin qəzəliyyatı və həcvidir ki, gəncəli cənab Mirzə Mehdinin üstə yazıb və birisi cənab Mirzə Mehdinin cavabıdır...
Xudaya, bu cənabların ağzından nə qədər nalayiq sözlər çıxıb!..
Bu həcvlərin barəsində artıq danışmağı özümüzə eyib hesab edib, zikr olan cənablara ərz edirik ki, siz çəkən zəhmət nahaq zəhmətdir. Ondan nə bizə, nə bizim övladımıza bir nəf yoxdur. Belə zəhməti öz millətimizin yolunda çəkin ki, malı yoxdur, elmi yoxdur, elm tapmaq ona müşküldür".
N.Vəzirov həcvlərin millətə heç bir xeyir vermədiyini qeyd emtəklə bərabər, ədəbiyyat faktı olmaq baxımından da tənəzzülə apardığını vurğulayırdı: "...bu halda bizlərdə kitab inşa edən yoxdur, əvəzinə həcv inşa edirik və həcvlərimiz həm tənəzzül edir. Məsələn: 30 il bundan əqdəm cənab Zakir mərhum Qasım bəy Qarabaği yazan həcv ilə indi Hadiyül-müəzzin yazan həcvlərə baxan görər ki, onların təfavütü çoxdur. Doğrudur, cənab Zakir də çox vaxtda boş sözlər, məsələn: bir başmaq itmək üstə danışıb, amma yenə onları oxumaq olur. Lakin indi yazılan həcvlər məst olan çəkməçi danışığına oxşadığına nə ki onları çap etmək olmur, hətta adam olan kəs onu oxuyanda əti ürpərər". ("Əkinçi", 12 may 1877)
Onu da deyək ki, Qasım bəy Zakirin bir həcvindən Nəcəf bəy "Ev tərbiyəsinin bir şəkli" komediyasında da istifadə etmişdir. "Əkinçi" nəşrə başlayan il yazılmış bu komediyada mülkədar ailəsinin mənəvi iflası məsələsi qoyulmuşdur. O da maraqlıdır ki, maarifçi əsərlərdə, adətən, yeni ideyaların - elmin, təhsilin təmsilçiləri gənclər olduqları halda, Nəcəf bəyin bu əsərində gənclik elmə qarşı laqeyd və aqressivdir. Övladlarının yeni üsulda savad almasını çox istəyən Bayraməli bəy isə uşaqlarına düzgün tərbiyə verə bilmədiyinə görə əməlinin cəzasını çəkir. N.Vəzirov ata ilə oğullar arasında baş verən konfliktin kökünü uşaqlara verilən tərbiyənin şəklində - naqisliyində görürdü. Əsər ailə tərbiyəsinin düzgün olmadığını əyaniləşdirmək üçün istifadə olunan elementlərdən biri də Bayraməli bəyin övladlarına misal kimi gətirdiyi şeir nümunəsidir. Bayraməli bəy öz övladlarına münasibətini Qasm bəy Zakirin məşhur həcvi ilə ifadə etməyə çalışır:
"Bayraməli bəy. O qarabağlı bəy oxuyan həcv nə tövr idi? "Deyirlər məsəldir məşhur törəyən itdən..." Xeyr, belə deyil. "Deyirlər məsəldir bitər öz kökü üstə ot. Axırda törəyən itdən olur köpək oğlu".
Şahmar bəy. Dadaş, bu yaxşı olmadı, bu sözün bir ucu da sizə toxunur.
Əsgər (kənara). Çox əcəb
oldu. Belədir
ki, belədir.
Bayraməli bəy. Eybi yoxdur... Yaxşı sözlərdir... Əsgər, qoçağım, de görüm, nə
tövrdür.
Əsgər. Şahmar ağa buyurur ki, bir ucu sizə
toxunur. Mən qələt elərəm, deyə bilmərəm.
Bayraməli bəy. Eybi yoxdur, de!
Əsgər (mərdanə). O qarabağlı belə oxuyurdu:
Var
özgə vilayətdə də tək-tək köpək
oğlu,
Hədsizdi bu viranədə, bişək, köpək
oğlu.
Məşhur
məsəldir ki, bitər ot öz
kökü üstə,
Səgdən törəyən axır olar səg,
köpək oğlu".
Nəcəf
bəy Vəzirov bu nümunədə adını çəkmədiyi
"qarabağlı şairin" - Qasım bəyin Zakirin
şeirindən tərbiyə ölçülərini
itirmiş ailədə hökm sürən mənəvi
havanı, ata-oğul münasibətlərinin eybəcərliyini,
bu münasibətlərdəki əxlaqi iflası oxucuya
çatdırmaq üçün istifadə etmişdir. Başqa sözlə, mətnin kontekstində mənəvi
iflasın daşıyıcılarından biri də ictimai təfəkkürdə
kök salmış həcvdir. O da maraqlıdır ki,
pyesdə bu həcvi əzbər bilən Bayraməli bəyin
özü və ya övladları deyil, aşağı təbəqənin
nümayəndəsi nökər Əskərdir...
N.Vəzirov da "Əkinçi"nin digər təmsilçiləri, ümumiyyətlə, əksər maarifçilər kimi şeirin yalnız ictimai funksionallığından, cəmiyyət üçün "faydalı olmaq" mülahizəsindən çıxış edir, ədəbiyyatın estetik tərəfini dilə gətirmirdi. Digər tərəfdən də klassik şeirin, divan ədəbiyyatının estetik enerjisi sənaye inqilabı ilə müşayiət olunan XIX əsrin sürətli dəyişmələri ilə ayaqlaşa bilmirdi və bilməzdi. "Sənət sənət üçündür, yoxsa həyat üçündür" dilemmasının aktual olduğu bir şəraitdə Azərbaycan ədəbiyyatında elə vəziyyət yaranmışdı ki, sənət nə sənətə, nə də həyata xidmət edə bilirdi. Tariximizin maarifçilik əsrində isə sənətdən tələb olunan onun daim dəyişən, yeniləşən həyata xidmət etməsi idi. Söz sənətinin həyata xidmət etməli olduğu mövqeyində dayanan gənc N.Vəzirovun "Əkinçi"də qaldırdığı bir sıra problemlər, cəmiyyətin ətəyindən tutub onu geri çəkən amillər uzun zaman ictimai fikrin aktual leksikasında özünü mühafizə edib saxlamışdır. "Hərdəm tənha oturub fikir edirəm: xudavənda, bizim axırımız necə olacaq? Ağlımız ata-baba ağlı, getdiyimiz ata-baba yolu, heç bir dəyişilmək yoxdur. Ata-babamız xoruz və qoç döyüşdürüb, it boğuşdurub, qurşaq tutdurub, dərviş nağılına qulaq asıb, qızıl quş saxlayıb günlərin keçirdib, biz də ki, bu yolu gedirik, tələf olacağıq, Səbəb ki, zəmanə dəyişilib" ("Əkinçi", 14 aprel 1877) - Nəcəf bəyin bu qeydlərdə qaldırdığı məsələlərin, göz önünə gətirdiyi mənzərələrin 30 il sonradan "Molla Nəsrəddin" jurnalının və onun platformasından çıxış edən fikir adamlarının yazılarının leytmotivinə çevrildiyinin şahidi oluruq. "Molla Nəsrəddin"in "Əkinçi"dən fərqi onda olacaqdı ki, "Molla Nəsrədddin" dünyaya özünün estetik prinsipləri, bədiilik meyarları ilə gəldi.
"Əkinçi"nin qarşıya
qoyduğu məqsəd siyasiləşmiş kütləvi bədii
ədəbiyyatın yaranması idi ki, bunun divan ədəbiyyatının
estetikası ilə yaradılması mümkün deyildi. Divan ədəbiyyatı
milli elitanın ədəbiyyatı idi. Beləliklə, tarixin
yetişdirdiyi ictimai tələbatla bədii sözün ona
reaksiyası arasında qeyri-sinxronluq, tarazsızlıq
özünü göstərirdi. Divan ədəbiyyatının
estetikası ilə milli düşüncəni dəyişə
biləcək yeni poeziyanın yaranması mümkünsüz
idi və yaranmadı da...
Davamı
gələn sayımızda
Məti OSMANOĞLU
Ədəbiyyat qəzeti.- 2017.- 15
iyul.- S.18-19.