"Şükriyyə...
taleyim" - Ssenari
Əhməd Cavadın həyat
yoldaşı Şükriyyə Cavadova haqqında sənədli
filmin ssenarisi
Natura. Uzaq plan. Çöldə,
kiçik təpəlik ərazidə fayton hərəkət
edir. İçində bir qadın, bir
kişinin olduğu uzaqdan görünür. Yaxın
plan, içəridəkilərin üzü
görünmür, fayton təkərlərinin
cırıltısı, atın ayaq səsləri eşidilir.
Aktrisa
Şükriyyə xanımın səsi ilə
danışır:
Səs:
"Novruz bayramına az qalırdı, səhər-səhər
suya getmişdim. Elə təzəcə
bulağa çatmışdım ki, Cavad yanımda peyda oldu.
Heç bilmirəm haradan çıxdı.
Mənə yaxınlaşdı. Birdən
dedi ki, Şükrü, ay Şükrü, səni aparsam, mənimlə
gedərsən? (Görüntülər). Diksindim, elə bildim göy başıma
töküldü. Bir xeyli sonra başa
düşdüm ki, başqa yolum yoxdur. Birdən-birə
dilim açıldı. Cavadın ürəkli
olmağı xoşuma gəlmişdi. Dedim, bir azdan atam
yığıncaqda iştirak etmək üçün evdən
çıxacaq, gələrəm, gedərik. Günortaya
yaxın gəldim. İnanmazsınız,
Cavad neçə saat idi durduğu yerdə bitib
qalmışdı. Çox həyəcanlı
idi. Elə bil, qorxurdu ki, məni itirər,
bir də heç vaxt görməz. Sözləşdik
ki, piyada yolla, ayrı-ayrılıqda gedib şəhərin kənarına
çıxaq. Belə də elədik.
Sonra Cavad fayton saxladı. Bax,
bu faytonu.
(Kamera üzlərini göstərir. Şükriyyə
xanımı canlandıran aktrisa Əhməd Cavadı
canlandıran aktyora sığınıb.)
Cavadla ilk dəfədir... hə, ilk dəfədir yan-yana
oturmuşuq.
Və birdən məni dəli ağlamaq tutdu...
(Musiqi. At ayaqlarının səsi, fayton çarxının cırıltısı.)
Səs: "Mənə elə gəldi ki, doğma şəhərimi bir də heç vaxt... ömrüm boyu görməyəcəyəm. Cavad mənim ağlamağıma dözmədi. O da qoşuldu mənə. Baş-başa verib bir yerdə ağladıq".
Musiqi.
FİLMİN
ADI
Natura. Gəncə. Gecə. Kamera
qaranlıqda bir qapıya yaxınlaşır. Kadrda bir nəfər addımlayır.
Kadrarxası
səs: "1915-ci ildə gecənin bir aləmi gəncəli
Məşədi Ağanın qapısı
döyülür."
Əl
asta-asta qalxır, qapını döyür:
Səs:
"Nökər ev yiyəsinə xəbər verir ki, Cavad əfəndi
gəlib. Məşədi kürkünü
çiyninə salıb həyətə düşür,
qapıdakı iti damına bağladır. (İt. Görüntü.) Cavad yanında iki
qız uşağını - gözündən yaralanmış Ruqiyyəni
və Gövhəri Məşədiyə təqdim edir:
Aktyor,
görüntü:
- Məşədi,
öz balalarımızdır. Türk
qızları. Sarıqamışda
ata-anaları ölüb, düzdə qalıblar. Bu
qızlara balaların kimi baxıb, yiyəlik et!"
* * *
Natura. Batumi dəmiryol vağzalı. Sarıqamış
faciəsi, Ərzurumun işğalı, Qars və Batumidəki
qırğınlara aid kinoxronika. Qatar səsinin
müşayiəti ilə.
Kadrarxası
səs: "Əhməd Cavad Batumiyə Türk ordusuna kömək
üçün yollanıb yardım mərkəzinin rəhbəri
olur. Batumidə yaşayan iki mindən artıq azərbaycanlının
uşaqları üçün ayrıca məktəb
açmaqdan ötrü Bakıya qayıdıb Hacı
Zeynalabdin Tağıyevlə görüşmüş,
lazımı vəsaiti alıb məktəbin
açılmağına nail olmuşdu. (Tağıyevin
görüntüləri.) Batumidəki xəstəliyi,
aclığı, insanların dəhşətli aqibətini
Cavad heç vaxt unutmayacaqdı və o illərdə köməksiz
insanlara pal-paltar, dava-dərman yardımı edib, vicdan borcunu
yerinə yetirməkdən ötrü gecəsini
gündüzünə qatacaqdı. (Təkrar kinoxronika) Amma təkcə pal-paltar, dava-dərmanmı?
* * *
Natura. Şəmkirin Seyfəlli kəndi. Görüntü. Ümumi plan.
Sonra Şükriyyə xanımın yaşadığı ev göstərilir. Kənd sakinlərindən
birinin səsi eşidilir:
"Məşədi Ağanın uşağı olmurmuş. Həə... Cavad
əfəndinin gətirdiyi qızları götürür
övladlığa. (Kadr. Kənd sakini. Yaşlı kişi).
Onlardan birinin adı Ruqiyyə olub. İki il keçir, üç il keçir, bilmirəm,
Ruqiyyənin gözündən aldığı yara irinləyir.
Yazıq uşaq yaşamır. Mən lap
balaca olanda Gəncənin köhnə kişiləri
danışırdılar ki, Cavad əfəndi 15-ə
yaxın qız uşağını varlı ailələrə
verib deyərmiş ki, bu qızlar bizim namusumuzdur, rusların əlinə
keçib bədbəxt olmasınlar. Öz
balanız kimi baxın, böyüdün."
Natura.
Batumi. Çakva yörəsi, Keda obası.
Şükriyyənin böyüdüyü
küçə. Ev. Şükriyyə
xanımın səsi:
"Cavad mənə tez-tez məktub yazırdı. Onun məktubları
mənim ağlımı başımdan alırdı. Həmin vaxtlar imtahana hazırlaşırdım.
Amma Cavadın məktubları, xəyalı mənə
imkan vermirdi ki, fikrimi toplayım, dərsi oxuyum. Bir dəfə məktubda şeir yazmışdı.
Üç
qərənfil verəyim,
Aç qoynunu girəyim.
Sən
ordasan mən burda,
Soyuqdanmı öləyim?"
Şəmkir. Seyfəlli kəndi. Şükriyyə
xanımın qohumlarından biri Əhməd Cavadın
Şükriyyə xanımı qaçırması əhvalatını
danışır:
"Əhməd Cavad Batumidə xeyriyyə işlərinə
kömək edən Süleyman bəylə tanış olur. Dost olurlar.
O vaxt Şükriyyə xanım 16 yaşında olub. Gimnaziyada oxuyurmuş. Cavad əfəndinin kirələdiyi
ev harda olsa yaxşıdır: Süleyman bəyin
evi ilə üzbəüz. Sən demə, Cavad əfəndi
qəsdən orda ev tutub ki, Şükriyyəni
görsün. Həə... Özü elçi
düşməyə utanır, dostu Əli Səbridən
xahiş edir ki, bəs, mənim istəyimi acar bəyi
Süleymana çatdır. Əli Səbri ilə də
Süleyman bəyin arasında belə danışıq olub:
Əli Səbri soruşub ki, Cavad əfəndi nasıl biridir?
İyi oğlandırmı? Süleyman
bəy də deyib, iyi, iyi. Güzel
şeirler yazıyor.
Əli Səbri ürəklənir. Deyir ki, bəs
Şükriyyəni Cavada istəyirəm. Süleyman bəy
türk əsilli
acar bəyi olub. Özü də sərt, ötkəm adamın biri
imiş. Elçinin sözünü geri
qaytarır. Deyir ki, qızımı
gözümdən uzağa qoymaq istəmirəm.
Kadrarxası
səs: Acar bəyinin qızı Cavada verməməsinin
başqa səbəbi də var idi. O, Şükriyyəni
Qızılbaşa ərə vermək istəmirdi. Cavad əfəndi şiə, acar bəyi Süleyman
sünni idi. Bu qədər sadə.
Əli Səbri qızı ala bilmədiyini görəndə
söz altında qalmır: "Verməzsən,
qaçırdarıq".
Şükriyyə
xanım: "Gəncədə toyumuz oldu. Biz
Cavadın ata yurduna - Seyfəli kəndinin Mehirli tirəsinə
gəlmişdik. Burda Cavadın beş
hektardan artıq ata torpağı vardı. Biz sonralar
bu torpağı əkib-becərənlərin verdiyi pulla
dolanırdıq. Cavadın ata mülkünə qədəm
basdığım birinci günü, ara
sakitləşəndə, qohumlar, dostlar çəkilib gedəndən
sonra o mənə dedi ki, Şükrü, bu
gördüyün adamlar mənim ən yaxın qohum-əqrəbamdır.
Səndən xahiş edirəm, mənə
etdiyin qədər onlara hörmətlə, nəzakətlə
yanaş. Lap ayaqqabıları
palçıqlı-palçıqlı evin yuxarı
başına keçsələr də, birinin də xətrinə
dəymə. Onların ürəyi gül
kimidir. Qoy bizim evin qapıları həmişə
onların üzünə açıq olsun, öz evləri
kimi gəlib-getsinlər. Onların
uşaqlarını oxudaq, məktəbə, universitetə
düzəldək. Onların
çarıqları, qaloşları, batavaları səni
hürkütməsin. Mən Cavadın
sözlərini qulaqlarımdan sırğa edib asdım. Sonralar Cavad və mən həbs olunandan sonra həmin
adamlar uşaq evlərinə gedib bizim uşaqları
axtarıb tapdılar. Mənim
balalarımı ölüb-itməyə qoymadılar. Yaxşılıq yerdə qalmaz. O adamlar
körpə Yılmazıma ata-ana oldular".
Musiqi. Xronika.
Kadrarxası
səs: "Gün-gündən gözəl gəlirdi,
dünyadan kam almağın vaxtı-vədəsi
çatmışdı. Beş övladları
vardı - Aydın, Türkay, Niyazi, Yılmaz adlı dörd
oğul, Almaz adında bircə qız. Sevgili el
adamları, əziz dostlar, bir də evinin divarları
arasında yolunu gözləyən o acar qızı gözəl
Şükriyyə... O acar qızı gözəl
Şükriyyənin bircə nisgili vardı: atası onlardan
üz çevirmiş, xeyir-duasını verməmişdi. Bu
nisgilin, xiffətin ömrü uzun olur - 20 il.
Ta 1936-cı iləcən. Bəy
Süleymanın ürəyi dözmür, gəlir Gəncəyə.
Qızını görür, kürəkəniylə
görüşür, nəvələrini bağrına
basır. Beləcə barışıq olur, yollar
açılır, gəliş-gediş başlanır..."
* * *
Gəncə. 30-cu illərə aid kinoxronika. Gəncə Kənd Təsərrüfatı
Universitetinin görüntüləri, pilləkənlər,
otaqlar…
Müsahibə:
"Əhməd Cavad 1930-33-cü illərdə Gəncədə
Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda rus
dili müəllimi, daha sonra kafedra müdiri işləyir. 1933-cü ildə professor olur. Yeri
gəlmişkən, Azərbaycanda rus dili üzrə professor
rütbəsinə bu dövrdə layiq görülən ilk
azərbaycanlı Əhməd Cavad olub. O zaman Seyfəlidəki
məktəb dördillikmiş. Əhməd
Cavad hər dəfə kəndə gələndə məktəbə
baş çəkər, məktəblilərlə, müəllimlərlə
söhbət edərmiş. Valideynlərə
deyərmiş ki, uşaqlar dördilliyi bitirəndən sonra
Gəncəyə gətirin, hamısını orda məktəbə
qoyacam. Uşaqları Gəncəyə
oxumağa aparır, arxalarında dayanırdı. Mənim tanıdığım 15-16 nəfər onun
sayəsində oxuyub sonradan məktəbimizdə müəllim
işlədilər. Aparıb Gəncədə
oxutduranda da əl çəkmirdi, gözü üstlərində
olurdu".
Xronika. Mir Cəfər Bağırovun görüntüləri.
Kadrarxası
səs: "Qəribə taledir, Əhməd Cavadın taleyi. Onun aqibətini elə müəllimliyi həll
etmişdi. Quba qəzasında Mir Cəfər
Bağırovla müəllim yoldaşı olmuşdular".
Qusar. Əhməd Cavadın və Mir Cəfər
Bağırovun işlədiyi məktəbin
görüntüləri.
Səs:
"Əhməd Cavad Mir Cəfər Bağırovla müəllim
yoldaşı olanda aralarında olan münasibətlər
sonradan düşmənçiliyə çevrilib. 1923-cü ildə ilk dəfə həbs olunanda
Bağırov qəflətən onu dindirən müstəntiqin
otağına gəlib, əllərini ölçə-ölçə
Əhməd Cavada hücuma keçmişdi".
Görüntü. Aktyor canlandırır: "Ləzgi qızları"
şeirində sən əxlaqsızlığı təbliğ
edirsən, ləzgi qızlarını yatağına
çağırırsan. Yerli sovet
qızlarını "üşüyürəm" adı
ilə aldadıb, dilə tutursan, namuslarına təcavüz
etməyə çalışırsan. Bəs
bunlar əxlaqsızlığı, fahişəliyi, inqilabdan əvvəl
gördüyün pritonları, qəhbəxanaları bərpa
etmək deyil, onda nədir? Hə, səndən
soruşuram, nədir?".
Üzünü
müstəntiqə tutur: Bunu hələ ağıla gətirməyibsiniz?
Otuz zopa vurdurun, adını da
"Qırmızı siyahı"ya əlavə edin.
Qapı çırpılır.
Şükriyyə
xanımın şəkli və ekranda yazılır:
"Cavad azad olub evə gələndə otura bilmirdi,
zopaların yeri qapqara qaralmışdı".
Musiqi.
Şükriyyə
xanımın səsi: "Bu həmin Mir Cəfər idi ki,
Cavad Qusarda müəllim işləyəndə dəfələrlə
bizdə qonaq olmuşdu. Ona süfrə
açmışam, nə bişirmişəmsə,
qabağına düzmüşəm".
30-cu illər. Kinoxronika. Azərbaycan
Sovet Yazıçılar İttifaqının
görüntüləri.
Səs:
"1937-ci il mart ayının 21-də keçirilən
iclasında mühakimə və ittihamlardan sonra Əhməd
Cavadı Süleyman Rüstəmin təklifi ilə
Yazıçılar İttifaqının üzvlüyündən
düşmən kimi çıxardılar. Yazıçı
Nurəddin Babayevin "Babam - nənəm, atam-anam və
biz" kitabından: (Başqa səs oxuyur. Ekranda
yazılı gedə bilər) "1937-ci ilin yazı idi.
Azərnəşrin böyründəki
küçə ilə "Spartak" kinoteatrına tərəf
enirdim. Küçənin tinində
Əhməd Cavada rast gəldim. Gözlərimə
inanmadım. Rəngi bomboz
bozarmışdı, mənə elə gəldi, kişinin qəddi-qaməti
də sınıb, beli bükülüb. Salamlaşdıq.
"Cavad Mirzə, necəsiniz?" soruşdum.
Dodaqları əsdi:
- Bala, - dedi, - indicə
məni Yazıçılar İttifaqından xaric etdilər...
bir düşmən kimi".
"Bu, həmin
Əhməd Cavad idi ki, Birinci Cahan savaşı onu əyə
bilməmişdi, Azərbaycan Xalq Cümhuriyyətinin
süqutu onu sındırmamışdı, 1923-cü ildə
"güllələnənlər"in siyahısına
düşəndə qamətini şax tutmuşdu, 1925-ci ildə
"Göy göl" şeirinə görə həbs edib
ona verilən işgəncələrə kişi kimi
dözmüşdü."
Kinoxronika.
"Əhməd Cavadın 12 oktyabr 1937-ci ildə
SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar
sessiyası tərəfindən əksinqilabi millətçilik
fəaliyyətinə görə güllələnməsi ilə
ailənin ağrılı-acılı günləri
başladı.
Əhməd Cavad Axundzadənin "İstintaq işi"ndə
saxlanılan, Şükriyyə xanımın verdiyi ifadə: "Mən Bayıl
türməsində dustaq kimi saxlananda, bizim vaxtı ilə ev
qulluqçumuz olan Mariya Sergeyevna da xırda oğurluq
üstündə yatırdı. O, dustaqlara yemək verilən
zaman mənə dedi ki, "Sənin ərini Bayıl türməsinin
səyyar xəstəxanasına başı bintlə
sarınmış halda, 40 dərəcə
temperaturla gətirmişdilər". Bu sözləri
eşidəndən sonra mən Əhməd Cavadla neçə
dəfə görüş istədim, ancaq rədd etdilər".
1937-ci il iyunun 4-də Əhməd Cavadı Bayıl
türməsində S.Fedarenko yoxlayıb. Ondan
bir bel kəməri, qalstuk, ayaq rezini və yeddi ədəd
Nikolay dövründə buraxılmış 5-lik qızıl
götürülüb.
* * *
Natura. İçərişəhər. Üç nəfər
qarapaltarlı adam küçəboyu irəliləyir.
Ayaq səsləri, musiqi. 6-cı
böyük qala döngəsi, 12 nömrəli ev.
Qapı döyülür. Qapını
saçları dağınıq olan, pərişan qadın
açır. Şükriyyə
xanımdır. Gələnlər evə
soxulur. Uşaqlar qorxudan evin küncünə
qısılır. Növbəti kadr - gecə,
boş küçə. Üç zabit,
bir qadın küçə ilə gedirlər.
Qadın:
Məni hara aparırsınız?
Birinci
zabit: Əmr belədir ki, sizi özümüzlə aparaq.
Qadın:
Hara?
İkinci
zabit: Bayıl qalasına…
Sükut…
Üçüncü
zabit: Səbəbini niyə soruşmursunuz?
Qadın:
Sizin hər şeyə bəhanəniz var. Nəyi soruşum?
Musiqi. Kiçik, qaranlıq otaq. Müstəntiq
sorğu-sual edir:
- Bizə
göstəriş var ki, səni Axundzadə familiyasından
çıxardıb, təzədən Bejanidze familiyasına
qaytaraq. Yəni ərizə yazıb Axundzadədən
boşanmalı və azad olub evinə qayıtmalısan.
Yoxsa, səni qarlı Sibirə sürgün
gözləyir.
- Necə yəni Cavaddan
boşanmalı?
- Tapşırıq belədir. Yoldaş Bağırov sizi qorumaq istəyir.
- Mən Cavadı
heç kimə dəyişmərəm.
- Şükriyyə xanım, sizin
övladlarınız var…
- Amma Cavada görə yurdumu, doğmalarımı
atıb gəlmişəm.
Soyuq, nəm, darısqal kamera. Şükriyyə dizlərini
qucaqlayıb oturub. Keçmişi,
Cavadın toylarında oxuduğu şeiri xatırlayır.
Şeir səslənir.
Məndən
xoşbəxt varmı dünyada deyin,
Ey telli yavrusu Süleyman bəyin.
Baxtım
tərlan imiş, - yeyindən, yeyin,
Heç kəsə bu baxtı vermərəm, sənsiz.
Və doyunca ağlayır. O darısqal kamerada bitin-sirkənin əlindən
tərpənmək olmur. İçəridə siçan,
siçovul görünür…
Yenə kamera. Şükriyyə xanım divara söykənib
yuxulayır. Kameranın dəmir
qapısı açılır. Onu
aparırlar. Qarşısına boşanmaq
haqqında sənəd qoyulur.
Müstəntiq:
- Şükriyyə xanım, bircə imza
atmalısınız, vəssalam.
-
Atmayacam. Bəlkə də Cavadı güllələyəcəklər.
Amma mənim ondan imtina etməyim güllədən
betər olar.
* * *
Natura. Qatar yol gedir. Vaqon.
"1937-ci il. Bu qatar üzü Qazaxıstan
çöllərinə yol alıb. Vaqonda 47 nəfər
var, üç gündü ac-susuz yol gedirdilər, üstəlik
ayaq üstə. Həmin vaqonda Şükriyyədən
başqa kim olsa yaxşıdır: Ceyran
Bayramova.
(Kamera Ceyranın rolunu oynayan aktrisanı göstərir.)
"O Ceyran ki, Bakıda Şükriyyə xanımı
görməyə gözü yox idi. Tamam-kamal
başqa-başqa dünyaların adamıydılar, bir-birini
heç cür həzm edə bilmirdilər. Həzm etmək nədir, rastlaşanda bir-birindən
üz çevirir, qaşqabaq sallayırdılar. Biri bolşevik, o biri bəy qızı, başqa nə
olmalıydı ki?"
Qatar
stansiyada uzun-uzadı fit verir, 47 nəfər qadın vaqondan
atılıb sıraya düzülür, nəzarətçi
qadın beş nəfərin adını
oxuyur, onları qabağına "qatıb" aparır.
Kadrarxası
səs: "Nəzarətçi bu qadınları stansiya hərbiçilərinə
konserva və çörək əvəzi satmağa
aparırdı. Bu "alver"dən "can yiyəsi"nə
bircə tikə qara çörək çatırdı.
Acından ölməmək üçün… Bir
stansiya sonra rus hərbiçilərinə "bəxşiş"
kimi nəzarətçinin gözü Ceyran Bayramovaya zillənir.
Şükriyyə Ceyranın söykəndiyi
yeşiyin arxasından ayağını çəkir, yeşik
yerə düşüb parça-parça olur. Ceyran qatar relsinin üstünə yıxılır,
ağız-burnu qanasa da, rus zabitlərinin o məşum
otağından xilas olur. Yerbəyer olan kimi Şükriyyənin
ayağına yıxılır, bəy qızı nələri
xatırladı: Əhməd Cavadın qolunda salona daxil olur və
bu zavallı Ceyranın səsi kürəyini yandırır:
"Knyagina" budur? Fermaya basarıq işləməyə,
görək ondan nə qalır".
Qaranlıq vaqon. Qatar hərəkət edir.
Səs:
"Ceyran Bayramova bircə suala cavab almaqdan ötrü dəridən-qabıqdan
çıxırdı: özünü
zabitlərin o məşum otağından necə qoruyursan, niyə
sənə toxunmurlar? Niyə, niyə, niyə?
Ceyran: - Səndən
cüzam vurmuş kimi qaçırlar. Neyləyirsən
ki?! Mənə də de!
Şükriyyə başı ilə tualeti işarə
edir, acı-acı gülümsəyir.
- Gecə
tualet növbəsində qapını arxadan bağlayıb
paltarlarımı çıxarıram. Tualetin
yerini silib əynimə geyirəm. Hamı
məndən iyrənir, yaxın durmur.
Ceyran quruyub qalır:
- Mən
acam, başa düşürsən, acam!
- Yox, mən
aclığın nə olduğunu hardan bilim ki?!
- Qisas
alırsan? Burda hamımızın taleyi eynidir.
Sükut. Şükriyyə Cavadı, o işıqlı
günləri, balalarını xatırlayır.
Ceyran: - Sən
ac deyilsən?
Şükriyyə:
- Mən heç kimə heç vaxt imkan vermərəm ki,
Cavadın ləyaqətinə toxunsun.
Ceyran: - Necə dözürsən?
Altı gündür...
Köksündən dəhşətli
bağırtı qopur.
Ceyran: - Mən acam. Yemək
istəyirəm, su istəyirəm. Boğuluram, dözə
bilmirəm! Elə bilirsən o çörəyi
yeyəndə xəcalət çəkmirəm? Mənə də yol göstər, ləyaqətimi
qoruyum.
Səs: "Və Şükriyyə
yolçuluğun birinci gününü, iki kilometr piyada gəldikləri
o yolu, o günün axşamı özünü tualetə
verib alt paltarını çıxarıb tualetin döşəməsini
sildiyini, saçını, üz-gözünü
murdarlamasını xatırlayır. (Görüntülər.)
Hıçqıra-hıçqıra hər şeyi
danışır. Sonra yaxasında gizlətdiyi kiçik sancağı
çıxarır:
Şükriyyə:
- Mən gündə bir dəfə bu sancaqla
barmağımı deşib, hamı yatandan sonra soruram. Bax aa, əvvəl adamın ürəyi
bulanır.
Səs:
"Ceyran barmaqlarını birləşdirib onları
paslı sancaqla deşdi və əlini ağzına təpib
körpə anasını əmirmiş kimi sormağa
başladı. (Görüntü). Ceyran körpə, yetim uşaq kimi barmaqlarını
sora-sora yatırdı."
Qazaxıstan. Şükriyyənin cəza çəkdiyi
yer. Görüntü. Müsahibələr.
"O dəhşətli
düşərgəsində ömrün səkkiz ilini xərclədi
Şükriyyə. Odun doğradı, yük
daşıdı, dərzilik, aşpazlıq elədi. Ta
1955-ci ilin 30 iyuluna - bəraət aldığı günə
qədər..."
Şəmkir. Seyfəlli. Kinoxronika,
övladlarının fotoları.
"Vətənə dönəndən sonra şəhərbəşəhər
düşüb balalarını başına
yığdı, Şəmkirin Seyfəllisində - Əhməd
Cavadın ata yurdunda yaşadı, dünya ilə də burda
vidalaşdı". (Qəbiristanlıq, Şükriyyə
xanımın məzarı).
Müsahibə:
Anar Axundzadə. (Əhməd Cavadın nəticəsi)
Şükriyyə xanımın toy kasetində
görüntüsü. TRT-nin arxivindən müsahibəsi.
"Mənim ərim günahkar deyildi. Mən bunu hər zaman demişəm, yenə deyirəm. Onun heç bir günahı yox idi. Səkkiz il günahsız yerə sürgündə olmaq sizə zarafat gəlməsin". (Ağlayır)
Şükriyyə mahnısı...
Cavid Zeynallı
Ədəbiyyat qəzeti.- 2017.- 15
iyul.- S.20-21.