Adil Cəmil
Günahsız qatil
Dan yeri təzəcə qızaranda kənd atəşə
tutuldu. İriçaplı silahlardan atılan güllələr,
uğuldaya-uğuldaya gələn "qrat" mərmiləri
kənd sakinlərini çaşbaş qoymuşdu.
Hamı qaçmağa, bu vaxtsız və yersiz ölümdən
can qurtarmağa çalışırdı. Adamlar
dəyərli nəyi varsa götürüb maşın yoluna
çıxırdılar. Yolun bəri
başında hündür, üstünü mamır
basmış bir qaya vardı. Müseyib müəllimin
oğlu Əli həmin qayanın üstünə
çıxıb var səsi ilə bağırdı:
- Ay
camaat, hara qaçırsınız? Erməniyə
də elə bu lazımdır. Başınıza
dönüm, getməyin, qayıdın evinizə. Bir azdan bizim könüllü batalyonun
uşaqları gələcək. Dığaların
anasını ağ…
Qəfildən vıyıltı və
vızıltıyla gələn "qrat" mərmisi
Əlinin başının üstündən
şığıyıb kənd məktəbinin pəncərəsindən
içəri dürtüldü, bir neçə saniyədən
sonra eşidilən gurultu məktəb binasını eybəcər
hala saldı.
Arvadını
və iki nəvəsini yanına alıb kənddən
çıxmağa tələsən Qiyas kişi
(o, qəlyan çəkdiyinə görə ayaması
vardı: Qəlyan Qiyas) dönüb tərs-tərs Əliyə
baxdı:
- Bura bax ə,
ay ağıllı cəbhəçi. Bu
top-tüfəngin dili yox, düşmənin də Allahı.
Gördün, sözün ağzında
qaldı. Az qalmışdı mərmi
başını aparsın. Camaatı qırğına
vermə. Qoy qaçıb canlarını
qurtarsınlar.
Kənd yuxarıdan aşağı boşalmağa
başladı.
Ermənilər dağ kəndinin başı
üstündəki Yəhəryurd deyilən təpədə
mövqe tutmuşdular. O yüksəklikdən
Çiçəkli kəndi əl içi kimi aydın
görünürdü. Yuxarıdan bir daş atmaqla da adam öldürmək çətin olmazdı…
Bu kəndin oğlu Fariz neçə illər idi ki,
Rusiyada yaşayırdı. Özünə
görə işi-gücü vardı. Kənddə
qalan bir anası, bir də yeniyetmə bacısı idi. Hər ay onlara pul-para göndərib korluq çəkməyə
qoymurdu. Bir gün eşidəndə ki, ermənilər
bizim torpaqları işğal etməyə başlayıb,
bütün iş-gücünü buraxıb doğma
torpağının müdafiəsinə gəldi. Gələn kimi könüllü
özünümüdafiə dəstəsinə
yazılıb döyüşə atıldı. O zaman
ölkədə nizami ordu yox idi. Hərə bir
silahlı dəstə düzəldib bildiyi kimi idarə edirdi.
Bu qüvvələr bir mərkəzdən idarə
olunmadığına görə təxribatlar, xəyanətlər
baş alıb gedirdi. Rayonun Qərb sərhədində
Xanım dərəsi deyilən yerdə istehkam quraraq
düşməni torpağımıza soxulmağa qoymayan
könüllü batalyonda döyüşən Fariz xəbər
tutdu ki, onların kəndi düşmən əlindədir və
camaat qaçır. Gözünün
qabağına qoca anası və yeniyetmə bacısı gəldi.
Bir neçə saatdan sonra toran çalanda Fariz
kəndin girişindəki mamırlı qayanın yanında
idi. Dağılmış məktəb
binası, işığı sönmüş evlər, mələşən
mal-heyvan, ulayan itlər onu zəlzələ kimi silkələdi.
Üz qoydu evlərinə tərəf. Onların, bir də qonşu məhəllədəki
poçtalyon Qədimin evində işıq yanırdı.
Ətrafda bunlardan başqa bir işıq gələn,
bir inni-cinni yox idi. Məsələ aydın idi… Sürətli addımlarla özünü doğulduğu
evin həyətinə çatdırdı. "Ana, ay ana" deməklə qapı
açıldı. Sən demə kənd
köçməyə başlayandan Suğra xala Farizi hər
dəqiqə gözləyirmiş.
- Hardasan,
ay oğul?! Gərək bizi əsir
aparsınlar? Mən cəhənnəm, bəs
o bacına yazığın gəlmir?
-
Bacım hanı?
- Zirzəmidə…
neyləyim, qorxumdan orda gizlətmişəm.
- Deyəsən
kənddə heç kim qalmayıb.
- Hə,
hamı canını götürüb qaçdı. O tərəfləri
bilmirəm, biz tərəfdə bircə o poçtalyon
qalıb.
- Bəs
o, niyə getməyib?
- Nə
bilim…
-
Yaxşı, hazırlaşın, getməliyik. İndi
gəlirəm.
Fariz çevik addımlarla poçtalyongilin həyətinə
girdi, evin qapısı bağlı idi. Pəncərədən onu
görən Qədim kişi qapını
açdı. Qısa bir söhbətdən sonra poçtalyon
öz qərarını verdi:
- Mən
getmirəm. Xəstə adamam, onsuz da ölməyimə
bir şey qalmayıb. Gedib yolda-izdə ölməkdənsə,
elə evimdə ölərəm, həm də heç kimə
yük olmaram…
Farizin təkidi Qədim kişiyə təsir etmədi. O, artıq öz qərarını
vermişdi.
Fariz anasını və bacısını
götürüb yola çıxdı. Hər tərəf
elə qaranlıq idi ki, Ay işığı da bu zülməti
yarıb keçə bilmirdi. Hər
addımda düşmənlə üz-üzə gəlmək
təhlükəsi vardı. On beş
yaşlı Günayın qorxudan ürəyi
çırpınır, ancaq əli avtomatlı
qardaşına baxanda bir az toxdayırdı. Qəfildən
qarşı döngədən bir maşın burulub
işığını düz onların gözünə
saldı. Fariz avtomatın tətiyini
çəkdi.
Sürücü:
- Əyə, mənəm, Sərdaram, - deyib yerə
düşdü. Sonra davam etdi: - Tunelin o başında ermənilər
pusqudadır. Bizimkilərdən neçəsini
əsir götürüblər. Bu yolla
getmək qorxuludur. Ancaq dağ yolu, piyada
gedib harasa çıxmaq olar. Mən də evdən
bir-iki şey götürüb qayıdıram, inşallah gəlib
sizə çataram…
Fariz məyus
oldu: Demək tuneldən keçmək, mərkəzi yola
çıxmaq, təhlükədən qurtulmaq mümkün
olmayacaq… Suqra xala oğlunun tərəddüd içində
qaldığını görüb dilləndi:
- Fariz,
köhnə dəyirmanın arxasından kahalar tərəfə
bir cığır qalxır. O yolu mən tanıyıram. Sən
işıq sal, o yolla gedib o kahaların birində gecəni
açaq, səhər Allah kərimdi…
Bu məqamda kənd atəşə tutuldu. Bir
anlığa göyün üzü işıqlandı.
Alovlanan ot tayasının
işığında bir maşın da tüstülənirdi,
o, bayaq "gəlirəm" deyən Sərdarın ağ
nivası idi…
Çox keçmədən Farizgil köhnə dəyirmanın
arxasından kahalara qalxan cığıra
çıxdılar. Cığırdan və Ay
işığından tutub kahalar deyilən təpəyə
qalxdılar. Bu təpədə
beş-altı kaha vardı. Ən
böyük kahanın oyuğuna girdilər. İçəridə
iyirmi-otuz adam rahat yerləşərdi. Onlar isə üç nəfər idi. Bu genişlikdə bir darısqallıq, bir
sıxıntı vardı. Görəsən
düşmən onların yerini bilməz ki?! Səhəri qorxu, həyəcan içində
açdılar. Üfüq təzəcə
ağarırdı. Fariz hansı yolla gedəcəklərini
düşünürdü. Qəfildən
ermənicə sözlər eşitdi. Kahanın
giriş tərəfindən baxanda onlar tərəfə
dırmaşan beş-altı erməni yaraqlısı
gördü. Anasına və
bacısına içəridən çıxmamağı
tapşırdı. Fariz əvvəl
düşündü ki, bəlkə atəş açıb
yerlərini bildirməsin. Ancaq görəndə ki,
düz onların gizləndiyi kahaya tərəf gəlirlər,
avtomatın tətiyini çəkdi… Erməni cəsədləri
üzü aşağı diyirləndi. Bu
məqamda beş-altı yüz metrlik məsafədə
çadırlı bir yük maşını dayandı.
İçindən azı otuz nəfər erməni
yaraqlısı düşdü. Komandaya əsasən
kahalar tərəfi nişan ala-ala
üzü yuxarı qalxdılar. Fariz
avtomatını yoxladı. Yuvada cəmi on
iki patron qalmışdı. Bir ədəd
də əl qumbarası vardı. Vəssalam… Ağlına nə gəldisə, əl
qumbarasına əl atdı. Kahaya
yaxınlaşan erməni yaraqlılarının üstünə
atdı. Ölən, yaralanan oldu. Farizi də ayağından vurdular. Onun iniltisinə Suğra xala kahanın ağzına
çıxdı. Oğlunun
yarasını sarımaq istədi. Ancaq
düşmən gülləsinə hədəf oldu. Son
nəfəsdə Farizə bacısını - Günayı
tapşırdı…
Fariz anasının meyitini kahanın içərisinə
aparanda Günaya baxdı. Qızın gözləri
hədəqəsindən çıxmışdı. Əlləri, ayaqları, dodaqları əsirdi.
Fariz "burdan çıxma" - deyib, bir də
kahanın girişinə atıldı. Ermənilər
aşağıdan yuxarı qarışqa kimi gəlirdilər.
Atəş açmaqla onları
yaxınlaşmağa qoymadı. Qəfildən
nə düşündüsə gülləsini saydı.
Cəmi iki patron qalmışdı. Tez kahanın içinə qayıtdı. Diqqətlə
on beş yaşlı, üzündən
uşaq saflığı hələ silinməmiş
bacısına baxdı. İçi qan
ağladı. Günay qardaşını
başa düşərək onun üstünə gəldi.
Boynunu qucaqlayıb göz yaşları içində
qardaşına yalvardı:
- Qurban
olum, qaqaş, məni öldür, ermənilərə əsir
düşmək istəmirəm. Qurban olum, başına
dö…
Günayın ürəyindən dəyən güllə
son sözünə macal vermədi. Fariz
bacısını anasının yanına apardı. Ermənilər artıq kahanın qabağına
çatmışdılar. İçəridən
güllə səsi gəldi. Bu, Farizin
öz ürəyinə sıxdığı sonuncu gülləsi
idi.
Yanğı
Münəvvər
xala can üstündə idi. Oğlu Ənvər şəhərin
adlı-sanlı həkimlərindən neçəsini ona
baxmağa gətirsə də, qapıdan çıxanda
hamısının sözləri eyni olmuşdu:
- Ümid Allaha qalıb. Nə yaşasa qənimətdir…
Ənvər anası üçün hər şeyə
hazır idi. Lap istəsəydilər hansısa orqanını
verməkdən belə çəkinməzdi, təki anası
ölməyəydi. Beş uşağını
atasız böyüdən (ata çox cavan ikən avtomobil qəzasında
həlak olmuşdu)
Münəvvər xalanın ilk övladı
Ənvər idi. Özündən kiçik
qardaş-bacılarının böyüyüb boya-başa
çatmasında anası ilə birgə Ənvərin -
böyük qardaşın da əziyyəti az
olmamışdı. İndi çarpayıda
halsız, hərəkətsiz uzanmış ananın dövrəsinə
düyülən o biri uşaqlarının da gözü
Ənvərin üzündə qalmışdı. O, həmişəki
kimi ümid yeri idi. İnanırdılar ki, ata əvəzi
olan böyük qardaşları analarını nə yolla
olur-olsun ölməyə qoymayacaqdır…
Dərin
sükutu Ənvərin qalın səsi pozdu:
- Ana, sənə
qurban olum, ürəyin nə istəyir. Axı neçə
gündür heç nə yemirsən, su da içmirsən…
Münəvvər xala su sözünü eşidəndə
diksinən kimi olub gözünü açdı. Zorla eşidiləcək zəif
səslə bunları deyə bildi:
- Nə
istəyəcəyəm ki, bizim dağların suyundan istəyirəm.
Yanğımı o soyuda bilər…
Yenə də araya dərin bir sükut
çökdü. Ənvərin isə xəyalı Kəlbəcərdən
qaçqın düşdükləri o dəhşətli
günlərə qayıtdı. Kimin əlinə
nə keçmişdisə, götürüb yola
çıxmışdı. Əslində,
hamı canını qaçırırdı. O məqamlarda
mərmi yağmurundan "quru çıxmağın"
özü bir qəhrəmanlıq idi. Sağ qalmaq, yaşamaq
dağılan ev-eşikdən, talan olan var-dövlətdən
daha dəyərli idi. Bu qaçaqaçda qonşuluqdakı
Mürsəl kişi də hörmə zənbilində
"İstisu" etiketli iki şüşə suyu
qucağına alıb gedirdi. Bu ağlamalı anlarda ona
gülənlər də vardı…
Tükürpədici o mənzərə kino lenti kimi
Ənvərin gözü qabağından bir də keçdi. O, yenə Mürsəl
kişinin bağrına basdığı "İstisu"yu
xatırladı. Üzündəki kədəri
içindəki sevincin işığı əvəzlədi.
Amma qardaş-bacıları Ənvərin qəfil
dəyişən əhvalından bir şey anlamadılar.
Kəlbəcərdən
çıxanda Mürsəl kişi də
Bakıya oğlugilə üz tutmuşdu. Oğlu
atasını Murovun Gəncə üzündə
qarşılamağa gəlmişdi. Ənvər onu da
bilirdi ki, Mürsəlin oğlu Natiq həkim Bakının
Masazır kəndində yaşayır…
Sonra
evsiz-eşiksiz, bir tikə çörəyə möhtac, didərgin
taleli insanların uzun müddət bir-birlərindən xəbərləri
olmadı… Ənvər, anası, iki
qardaşı, iki bacısı Bakının Sabunçu
rayonunda - uşaq bağçasında məskunlaşmışdı.
Əslində, bir çox ailələr kimi bu ailəni də
Bakıya çəkib gətirən iş tapmaq, çörək
tapmaq arzusu idi.
Son günlərini yaşayan ananın yurd
bulağından su içmək arzusunu gerçəkləşdirmək
istəyən oğul ayağa durub şəhərə
çıxdı. Üz tutdu Masazıra. Soraqlaya-soraqlaya Natiq həkimin evini tapdı. Darvaza qapısını açan da elə Natiq
özü oldu. Qısa
tanışlıqdan sonra Natiq həkim kəlbəcərlilərə
məxsus qonaqpərvərliklə Ənvəri evə dəvət
etdi. Ənvər Mürsəl kişinin
öldü-qaldısından xəbərsiz idi. Odur ki, cəsarət edib Natiqdən atasını
soruşa bilmirdi. Axır ki, çətin də olsa mətləbə
keçdi:
- Bilirsiz,
bağışlayın… Natiq həkim… O vaxt biz Kəlbəcərdən
didərgin düşəndə Mürsəl dayımın əlində
iki şüşə "İstisu"
görmüşdüm. Yəqin ki, ta indiyə
qalmaz. Gör neçə il
keçib… Hə, anam ölüm döşəyindədir.
Deyir heç nə istəmirəm, kaş bircə qurtum o
dağlarımızın suyundan ola…
Natiqin gözləri doldu. Heç nə demədən
durub qonşu otağa keçdi. Bir azdan qayıtdı - əlində
"İstisu" şüşəsi:
- Bircə
şüşə qalıb. Bunu yurd nişanəsi
kimi gizlin bir yerdə saxlayırdım. Atam keçən
il rəhmətə gedəndə son
anlarında dedi ki, o suyun birini gətirin içim. O torpağa
qovuşa bilmədim, heç olmasa suyuna qovuşum…
Ənvər də qəhərləndi. Amma bu qiymətli
yurd əmanətini götürməyə cəsarət eləmədi.
Durub gedəndə Natiq həkim həmin
şüşəni torbada ona uzatdı. Ənvər:
- Yox, yox,
qoyun qalsın, bu bir nişanədir - deyəndə Natiq təkid
etdi:
- Siz nə
danışırsınız. Bu, anamızın
arzusudur. Yoxsa günaha batarıq…
Ənvər evə elə gedirdi ki, sanki anasını
ölümün pəncəsindən xilas edəcək bir dərman
aparırdı.
Münəvvər xala "İstisu" şüşəsinə
diqqətlə baxdı. Əlini şüşənin
üstündəki yazıya sürtdü. Sonra o
yazını dodaqlarına yaxınlaşdırdı…
"Açın bir-iki qurtum içim" - dedi. Bir stəkan
həmin sudan içib "oxqay" - dedi.
Nə fikirləşdisə "şüşənin
qapağını bağlayın" - dedi. - Bir xahişim
var, ay uşaqlarım. Canımı tapşıranda bu sudan gözümə tökün, sonra gözümü
qapayın… Bu su həm də torpağı əvəz eləyir…
Ədəbiyyat qəzeti.- 2017.- 15
iyul.- S.24.