Verlibr
Pəncərəm dənizə baxır,
Səhər açılan kimi
Qara-qara qanadlar döyəcləyir şüşəni,
Qaranquşlar çağırır:
- Oyan!
- Oyan!
Pəncərəm dənizə baxır,
Dənizdən Günəş qalxır,
Yatağımdan mən.
Gülümsəyirik bir-birimizə:
- Salam!
- Salam!
Sonra ...
Sonra hər günün eyni işləri başlayır
Hər saatın fərqli hallarıyla.
Məsələn,
Mən yatağımı
toplayıram,
yastıqları düzürəm...
Günəş dənizi yığır.
Sonra isə
Tavan ayırır bizi.
Mən
Sadəcə, saçlarını
görürəm hərdən
-
Evin hər yanında uçuşan,
Çayıma, çörəyimə
düşən,
Qara-qara saçlarıma qarışan.
Gülümsəyirəm.
Yan otaqda televizor açıqdır,
Aparıcı bombalardan danışır.
Qara-qara uçaqlardan
tökülən,
Körpələr öldürən...
Qorxuram...
Saçlarım demişkən,
Qara-qara qaranquş
qanadı kimidirlər,
Alnımın üstündən
Gözlərimi döyəcləyirlər hər
an.
Hirslənirəm,
Sapsarı boyayıram
onları,
Yox, bəlkə də qızılı.
Sonra aynaya baxıram sevinclə -
Dünyadan bir qaranı azaltdım deyə...
Elə sevinirəm
ki,
Sanki...
Sanki bir də
Bombalar tökülməyəcək,
Körpələr ölməyəcək
Heç yerdə...
Sonra axşam düşür.
Darıxıram...
Pəncərəmi qırıb-qırıb dənizə
sarı baxıram.
Bombozdur hər yan...
Bozluqda qaranquşlar
uçuşur dəli
kimi,
o
yana, bu yana,
Çırpınırlar,
Şüşələrə, divarlara
çırpılırlar,
Küçədəki, evlərdəki
adamları
çarəsizcə çağırırlar:
- Yandırın işıqları!
- Yandırın işıqları!
Əllərimi kəsə-kəsə,
Qırıq şüşə
tikəsiylə saçlarımı
doğrayıram,
Qaranquşlara uzadıram
ovuclarımın içində,
Dənləyib uçuşurlar
bozluqda -
Günəş rəngli saç uclarımla.
Kimsə qonşu
pəncərədə arvadına
bağırır:
- Göydən od yağır,
tez ol, gizlət
uşaqları!
Sonra bütün pəncərələr açılır,
Ardınca güllələr.
Qaranquşları vururlar adamlar,
Qara-qara uçaqlara
bənzədərək...
Ağlayıram...
* *
*
Bir gecə
Yağışın dəli
vaxtında
Şimşəklərin işığına
qapadım gözlərimi,
İldırımların səsindən
Uşaq kimi qorxdum,
Gizlənməyə yer axtardım,
Vurnuxub, bətnimə yığıldım.
Necə nəhəng
idi dünya!
Necə kiçik
idim mən...
Necə tək...
Birdən elə sıxıldım,
Birdən elə darıxdım ki,
Gözlərimin dolacağı,
Ürəyimin boşalacağı,
Ruhumun havalarda
uçacağı
anlar üçün...
Və...
Sopsoyuq pəncərə
şüşəsinə
söykədim dodaqlarımı,
Tanrının qulağına
pıçıldadım:
- Nolar, sevindir məni.
Bilsən, necə
darıxmışam
qəfil bir xoşbəxtlik üçün,
Bilsən necə
təkəm, bilsən...
Və pıçıltım
Hayqırtıya çevrildi
ildırımın səsində,
əks-səda verdi göylərin qaranlığında:
- Nolar, sevindir məni.
Bilsən, necə
darıxmışam
qəfil bir xoşbəxtlik üçün,
Bilsən...
* * *
Sunamidən sonrakı
Sahil kimiydi hər yan,
Dağılmışdı hər şey -
İçində mən...
Divardakı saatda
Əqrəblər sürünürdü
əksinə,
Sevgidən sonra idi zaman.
Dağılmışdı hər şey -
Köynəyin döşəməyə,
Gülüşlərim tavana,
Saçlarım köksünə.
Ucları fırçalar
idi barmaqlarımın,
Sinəndə ürək
şəkli çəkirdi
-
İçində mən...
* * *
Nə olsun ki,
Evindəki bütün saatlar tərsinə işləyirdi?
Evindən kənarda
ki,
Zaman axarındaydı özünün?!
Məsələn,
Hər dəfə
kirayə pulu
Düz ayın
beşində ödənirdi,
İşıq kartı,
su kartı, qaz pulu bildirişi
Evindən kənardakı
zamana köklənirdi,
Öz vaxtında bitirdi, öz vaxtında gəlirdi.
Hətta zibil pulu yığan kişi də
Üç aydan bir, düz
vaxtında gəlirdi.
Yaxşı baxsa,
Görərdi ki,
İndi bayırda
iyuldur,
Adamlar yüngül
geyinirlər,
İstidən gileylənirlər.
Hardan tapmışdı bu evi?
Ya bəlkə də elə bu ev tapmışdı onu?!
Bir-birindən xəbərsiz
Bir-birini axtarmışdılar alqı-satqı
ofisində.
Zamanın yolub tökdüyü makler də
Saata baxıb tələsmişdi:
- Tez gedək, evi sizə göstərim, -
demişdi, - vaxtım çox azdı, xanım!
Beləcə qovuşmuşdular
zamandan
qovulmuşlar -
Adamlarsız ev,
Evsiz adam.
Bomboş idi otaqlar,
Bomboz idi divarlar,
Bambaşqa idi zamansızlıq -
Sanki bir az ilk qar
dadı verirdi,
Bir də...
Bir də gilas qoxuyurdu.
Və
Hər səhər
Günəşin aynaya çevirdiyi
pəncərə şüşəsindən
Hər gün bir başqa adam baxırdı.
Hər gün bir başqa yaşda...
Gödək saçlı
dolu qadın,
Uzun saçlı zərif qız,
Məktəbli,
Uşaq,
Körpə...
Beləcə
Zamansızca keçirdi zaman.
Amansızca.
Saatlar tərsinə
işləyirdi...
*
* *
Şəkillərindən tanıyıram
Ölmüş adamları
Və
Tənha qadınları.
Küləyin donub qaldığı bir an olur
onlarda mütləq.
Ölmüş adamların
baxışlarında
Və
Tənha qadınların saçlarında.
Havada donmuş
baxışların
Və
Havada donmuş
saçların
Soyuğu üşüdür adamı.
Hər ikisi
Bir cüt ələ möhtac kimi
yalvarır kirimişcə -
- Qapayın bizi...
Cavi Dan
Ədəbiyyat
qəzeti.- 2017.- 22 iyul.- S.7.