Moskvada Anar haqqında kitab nəşr olundu
Moskvanın "Maska" nəşriyyatı
Xalq yazıçısı
Anar haqqında kitab nəşr edib.
"İllərini
sayan Anar" adlı kitaba yazıçı haqqında
məqalələr, çıxışlar,
mətbuat səhifələrində
gedən müxtəlif
rəylər daxildir. Kitaba rus
yazıçısı Sergey Sibirtsev Ön söz yazıb.
Kitab Anarın 60 və 70 illiyinə Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın təbrik məktublarıyla açılır.
"Anar haqqında söz" bölməsində Çingiz
Aytmatovun, Rimma Kazakovanın, Oljas Süleymenovun, Ukrayna, rumın, alman tədqiqatçılarının, Azərbaycanın Xalq şairləri və Xalq yazıçılarının
yazıları daxil edilib.
"Anarın nəsri" bölməsində
tanınmış rus
tənqidçiləri V.Perevedensevin,
D.Urnovun, L.Anninskinin, V.Kovskinin, A.Latıninanın,
A.Boçarovun, L.Lavrovanın,
E.Şklovskinin, bəstəkar,
SSRİ Xalq artisti
Nikita Boqoslovskinin, görkəmli
alim türkoloq Xalıq Koroğlunun və başqalarının
"Literaturnaya qazeta",
"Sovetskaya kultura",
"Komsomolskaya pravda", "Trud" qəzetlərində,
"Novıy Mir", "Drujba
narodov", "Yunost",
"Oktyabr", "Zvezda",
"Literaturnoe obozrenie"
jurnallarında çap
edilmiş geniş məqalələri yer alıb.
Anarın pyesləri
əsasında Azərbaycan,
İstanbul, Moskva, Kişinyov, Daşkənd,
Qazan və başqa şəhərlərdə
qoyulmuş tamaşalar
haqqında rus teatrşünaslarının, azərbaycanlı
müəlliflərin "Pravda" qəzetində, "Teatr",
"Sovremennaya dramaturqiya"
jurnallarında dərc
olunmuş məqalələri
və resenziyaları kitabın ayrıca bölməsində toplanıb.
Kitabın başqa bir bölümündə Azərbaycan
yazıçısının əsərləri haqqında
rus, alman (ADR və AFR), Fransa, İsveçrə, Avstriya,
Macarıstan, Rumıniya,
Türkiyə, İran,
MDB və ərəb ölkələri mətbuatında
çıxmış yazılardan
örnəklər verilib. Məktublar
bölməsində Anara
Rəsul Həmzətovun,
Çingiz Aytmatovun, Eduardas Mejelaytesin, İrakli Andronnikovın,
Viktor Astafyevin, Leonid Zorinin,
Sergey Baruzdinin, Rimma Kazakovanın, Yunna Moritsin, Vladimir Amlinskinin,
Leonid Juxovitskinin, İvan
Draçın, İlya
Averbaxın, Baninin, Şmidenin, Əziz Şərifin, Xalıq Koroğlunun məktubları
dərc edilib. Kitabın bir bölümündə də
Moskva tənqidçisi
və nasiri Lüdmila Lavrovanın Anara həsr olunmuş kitabından Azərbaycanın görkəmli
ədəbiyyat, sənət,
mədəniyyət xadimlərinin
Xalq yazıçısı
haqqında fikirləri
əks olunub.
Kitabın sonunda yazıçının
rus dilində çıxan kitablarının
siyahısı, filmoqrafiya
və bioqrafik məlumatlar dərc olunub. Üz qabığında
Anarın Tahir Salahov tərəfindən
çəkilən rəsmi,
içəridə isə
yazıçının müxtəlif
yaşlarında rus rəssamları Lüdmila
Skubko-Karpasın, Tatyana Selvinskayanın,
Azərbaycan rəssamları
Toğrul Nərimanbəyovun,
Tahir Salahovun yağlı boyayla çəkdikləri portretləri
var.
Nəşrin tərtibçisi Natəvan
Xəlilova, redaktoru Lüdmila Lavrovadır.
Kitaba yazılmış Ön sözü oxuculara təqdim edirik.
Ədəbiyyat qəzeti.- 2017.- 22 iyul.- S.3.