HƏLLEDİCİ
İŞTİRAK
Bu fundamental kitab
kiməsə görünə
biləcək qədər
sadə deyil. Gözəl Azərbaycan
yazıçısı Anarın
yaradıcılığı və şəxsiyyəti
haqqında məqalələr,
fikirlər, rəylər
kitabı ilk baxışda
oxucu üçün
bayram kimi qavranıla bilər.
Çünki oxucu başqalarının, nüfuzlu
tənqidçilərin, ictimai
xadimlərin, musiqiçilərin,
rəssamların, rejissorların
təəssüratları vasitəsiylə
yenidən sevimli müəlliflərinin yaradıcılıq
aləminə daxil ola biləcəkdir.
Kimsə
onu özüyçün
yenidən kəşf
edəcək. Anarın yazıçılıq
ustalığı, vətəndaşlıq
və həyat mövqeyi haqqında dəyərləndirmələr və mülahizələr
güzgüsündə böyük
sənətkarın sirrini
açmaq, onun Sözünün nədən
yarandığını bilmək
mümkün olacaq.
Əlbəttə, belə bir baxış
da məqbuldur. Amma bu
lap üz qatda belədir. Bu məqamda mən Anarın gizli və incə ironiyasını duyuram.
Sonra elə bu kitabda onun
dostu, şair Fikrət Qocanın fikriylə rastlaşıram
və başa düşürəm ki, məşhur ədəbiyyatşünasların,
tənqidçilərin mətnlərinə
rəğmən Anar irsinin asan mənimsənilməsi
aldadıcı ilyüziyadır,
yaradıcılığını - nəsrini, filmlərini, tamaşalarını, tədqiqatlarını,
esse və məqalələrini əhatə
etmək və deməli, müəllifi
tam tanımaq imkansızdır.
F.Qoca etiraf edir: "Elə bilirsiniz ki, Anarı tanıyırsınız?"
Amma mən deyərdim: "Anar o şəxslərdən deyil
ki, onu tanımaq
asan olsun. İlk baxışda hamıya açıqdır, amma eyni zamanda, öz
içinə qapanıb.
Ünsiyyətlidir, çoxlu dostu,
tanışı var, amma eyni zamanda,
çox tənhadır.
Bu, dəhşətli deyil, Allah da tənhadır".
Bax belə... Nə qədər cəhd olunsa da, yazıçını
ən dərin və parlaq rəylərin toplusuyla da dərk etmək
mümkün olmayacaq.
Deməli, bu kitabla tanış
olan hər kəs Anar yaradıcılığına
açarın sorağında
maraqlı bir səyahətə çıxır,
ayrı-ayrı fraqmentlər
əsasında əlvan
və çoxcəhətli
Anar adlı freskayla tanış olur. Kədərli olsa da, etiraf edim ki,
bazar ədəbiyyatıyla
tərbiyələnmiş müasir
oxucu üçün
bu ilk baxış kifayət etməyəcək.
Bu kitabı
oxuyarkən qəlibləşmiş
ehkamlardan ayrılmaq gərəkdir. Sovet ədəbiyyatı və "altmışıncılar"
ehkamlarından uzaqlaşıb
dərinlərə varmaq
lazımdır. Anar şəxsiyyətinin
formalaşdığı qəliz
və ziddiyətli Zaman haqqında düşünməlisən. Onun müəllimləri və
tarixi şərait, ailəsinə və dünyagörüşünə təsir edən amilləri nəzərə
almalısan, onu qüdrətli milli zəmində yetişdirən
və eyni zamanda, dünyanın insanı kimi püxtələşdirən səbəbləri
araşdırmalısan. Kitabdakı yazılardan birində dəqiq deyildiyi kimi, Anarın varlığında Azərbaycan
milli xarakterinin ən yaxşı cəhətləri dünya
insanının cizgiləriylə
üzvü şəkildə
birləşir. Bir rus yazıçısı kimi
mənə Anarın rus mədəniyyəti və ədəbiyyatına
münasibəti çox
qiymətlidir. O yazır:
"Rus dili bizim də sərvətimizdir,
bu dilin vasitəsiylə biz azərbaycanlılar
da, tatarlar, qazaxlar, özbəklər,
türkmənlər də
dünya mədəniyyətinə
və öz-özlüyündə
çox zəngin olan rus mədəniyyətinə
qovuşuruq".
Anar haqqında yazan ən yaxşı tənqidçilərin uzaqgörənliyini
qeyd etməmək olmaz. Onun nəsrinin ideya-mənəvi
təməllərini - hərisliyi,
acgözlüyü, hər
şeyi qamarlamaq ehtirasını damğaladığını
vurğulayırlar, qeyd
edirlər ki, yazıçı daima mənəviyyatsızlığa, saxta öyüdçülüyə
qarşıdır. O şeylər
ki, insanın daxili aləmini çökdürür, "vətəndaş
məqsədləriylə şəxsi
səadət" arasındakı
tənasübü pozur.
Anar nəsri "etik cəhətdən tələbkardır"
(L.Poşexonov). Böyük sələfi
Cəlil Məmmədquluzadə
kimi, Anar da boş-boş möüzə oxuyanlara, bəlağətli boşboğazlara
nifrət bəsləyir.
Xəstəni müalicə
etmək əvəzinə
onun nəbzini yoxlayıb getməyə tələsən "həkimlər" ...
Belə "həkimlər" mənə
üzdəniraq "postmodernistləri"
xatırladırlar. Əsas məqsədləri
muzdlarını almaqdır,
oxucunu hansı mənəvi "qidayla"
doydurmaq istədikləri
isə onlarçün
vacib deyil.
Bununla belə, klassiklərin
humanist tövsiyyələrinə əməl edən Anar sırf ifşaçılıq mövqeyində
də dayanmır. Qeyd edir ki, ədəbiyyat
həmişə bəraət
qazandırır, hətta
məhkum edəndə
də... Çünki anlamağa çalışır.
İttiham edərək
həm də müdafiə edir... Yazıçı da Allah kimi çoxlu müxtəlif adamlar tanıyır, o cümlədən, çox
pis adamları da, amma hər
bir insanda, hətta ən pis insanlarda da o özünü axtarmalıdır.
Anar miqyaslı sənətkar kimi XX əsri adladı. "İllərini
sayan Anar" kitabı bir daha sübut edir ki, onun
Azəbaycan ədəbiyyatında
varlığı - həlledicidir.
Amma türk dünyasının
ədəbiyyatı da
Anarın təsirindən
xali deyil. Ümid edək ki, Anarı
uzun illər boyu maraqla oxuyan,
əsərləri haqqında
dərin məqalələr
yazılan Rusiyada da onun Sözü
eşidiləcək. "Drujba narodov" jurnalında Anarla geniş müsahibənin və onun yeni
əsərinin - parlaq
və sirli "Göz muncuğu" povestinin dərc olunması bunun əlamətidir.
Anar formal əllaməçilik arxasında
gizlənənlərdən deyil. Hələ "Kommunizmə işıqlı ümidlər"
dövründə o, cəsarətlə
qarşıdakı ağır
gələcəyin təlaş
doğuran işarələrini
görmüş və
göstərmişdi. Bunun ən əyani nümunəsi "Gecə
düşüncələri"dir" -
əsrin övladının
sarsıdıcı etirafı.
Bu səmimi etiraf
müəllifin öz
özüylə açıq
söhbəti, çoxyönlü
istedadın qəlbinin
aynasıdır.
Anarın bizlərə, bugünkülərə,
həm də yalnız yazıçılara
deyil, hamıya ən böyük dərsi öz işinə, yaradıcılığına
namuslu yanaşmaq dərsidir. Onunçün yaradıcılıq oyun deyil, məşhur
olmaq, tanınmaq, teleekranlarda, dəbdə olan təqdimatlarda görünmək deyil.
Anarçün yaradıcılıq sirli-sehrli
bir aləmdir, insanı bütünlüklə
yandırıb yaxan təbiət hadisəsidir. Həyatın elə bir həddidir
ki, şair demişkən "burda sənət bitir, torpağın, taleyin nəfəsi gəlir".
Sergey SİBİRTSEV
Ədəbiyyat qəzeti.- 2017.-
22 iyul.- S.3.