"Qar" - Romandan parça -

 

Fermin Maksans 17 mart 1968-ci ildə Fransada - Albervildə doğulub. Maksans Fermin ilk kitabı olan "Qar" romanından (1999) sonra məşhurlaşıb. Əsər dünyanın bir çox dillərinə tərcümə edilib, böyük tirajlarla dəfələrlə çap edilib. Onun bir az da Eqzüperini xatırladan özünəməxsus roman-pritçaları ona "XX əsrin nağılçısı" şöhrətini qazandırıb. Parisdə oxuyub, bir müddət Afrikada çalışıb.

 

1

 

Yalnız qar haqqında düşünmək

Ağ nə varsa.

Artur Rembo

 

Yuko Akita iki şeyi çox sevirdi. Haykunu və qarı.

Hayku yapon ədəbiyyatının janrıdır, üç sətirdən və on yeddi hecadan ibarət olan şeir.az, nə çox.

Qar da şeirdir. Buludların köksündən dənəciklərlə yağır. Göyün ovcundan, Allahın əllərindən tökülür yerə.

Onun bir adı var. Gözqamaşdırıcı adı:

Qar.

 

2

 

Qış küləyi,

Sintoist monaxı,

Meşədə dolaşır.

İssa

 

Yukonun atası sintoist keşişi idi. Yaponiyanın şimalında, Hokkaydo adasında yaşayırdı. Burda qış sərt keçir və qurtarmaq bilmirdi.

Oğluna kosmik qüvvələrin gücündən, imanlı olmağın, təbiətə və hayku sənətinə məhəbbətin vacibliyindən bəhs etmişdi.

1884-cü ilin aprel günlərinin birində Yukonun on yeddi yaşı tamam oldu. Cənubda, Kyuşuda albalı ağacları ilk çiçəklərini açmışdı. Yaponiyanın şimalında dəniz hələ də buz içindəydi.

Gəncin etik və dini tərbiyəsi tamamlanmışdı. Artıq özünə bir sənət seçməliydi. Mənsub olduğu Akita ailəsinin üzvləri uzun illər ərzində ya dindar, ya da hərbiçi olurdular. Yuko isə nə keşiş, nə də hərbiçi olmaq istədi.

- Ata, - Yuko öz ad gününün səhəri, gümüşü çayın sahilində atasına dedi, - mən şair olmaq istəyirəm.

Keşiş güclə sezilən şəkildə qaşlarını çatdısa da, ancaq dərindən məyus olmasını gizlədə bilmədi. Günəş suların ipəyində bərq vururdu. Ay-balıq daşların arasıyla sivişib keçdi və taxta körpünün altında gizləndi.

- Poeziya peşə deyil, oğlum. Zamanın axmasıdır. Şeir dediyin axıb gedən sudur. Bax, bu çay kimi.

Yuko gözlərini lal sulara dikdi. Sonra üzünü atasına tərəf çevirib dedi:

- Mən də elə bunu eləmək, bununla məşğul olmaq istəyirəm. Zamanın necə axıb getməsinə baxmağı öyrənmək istəyirəm.

 

3

 

Çatlayan su bardağının səsi

(bu gecə su dondu)

Məni yuxudan etdi.

Basyö

- Poeziya nədir? Keşiş soruşdu.

- Heç zaman açılmayan sirdir, - Yuko cavab verdi.

Bir səhər, çatlayan su bardağının səsi poeziya çeşməsinin gözünü açır, ordan sızan bircə damcı qəlbi oyadır, bu gözəlliyi ona bəxş edir. Bu an sən bir qayda olaraq sözlə deyilməsi mümkünsüz olan sözləri deyə bilirsən. Bu artıq hərəkətsiz, yerindən qımıldanmadan etdiyin səfərdir. Və sən şair olursan.

Nəyisə bəzəməyə ehtiyac qalmır. Danışmağa da. Bax və yaz. Çox yox, bir neçə söz. On yeddi heca. Hayku.

Səhər yuxudan oyanırsan. Məqam yetişir - daha çox təəccüblənmək üçün dünyadan çəkilib gedirsən.

Səhər, sübh... elə bir vaxt ki, həyatı görə, necə yaşamağına tamaşa edə bilərsən.

 

4

 

İlk cırcırama

Dedi və getdi

Yağış.

İssa

 

Aylar keçdi. 1884-cü ilin yayında Yuko yetmiş yeddi hayku yazdı, biri-birindən gözəl.

Səhəri, tutqun günəş altında qəfildən çiynində kəpənək qanadını hiss etdi, orada zərif ulduz tozunun izlərini qoymuşdu, iyun yağışı yox etmişdi bu izləri.

Bəzən, nahardan sonra çay yığan qızların mahnılarını dinləməyə gedərdi.

Səhəri gün qapısının ağzında ölü kərtənkələ gördü.

Son zamanlar gördüyü yalnız bu oldu.

Qışın ilk günləri gələndə yenə də Yukonun gələcəyi ilə bağlı suallar çıxdı meydana.

Bir dekabr səhəri atası onu Honsonun mərkəzi hissəsindəki Alp dağlarının ətəyinə apardı, dağın zirvəsini göstərdi, qarın ömür-billah ərimədiyi yeri, azuqəylə dolu torbanı və ipək kağızı oğluna uzadıb dedi:

- Seçimini dəqiqləşdirmədən geri qayıtma: keşiş, ya da hərbiçi, ikisindən birini seç.

Gənc dağa dırmaşmağa başladı, yorğunluq və qorxu bilmədən. Zirvədə buz bağlamış bir qaya parçasının dibində sığınacaq tapdı. Oturdu, dünyanın əzəmətiylə qabaq-qənşər. Düz yeddi gün göylərin qapısı ağzında kirimişcə oturdu, gözəllikdən feyz aldı. İpək kağız üzərində ancaq bir söz yazdı, gözqamaşdırıcı , ağappaq söz.

Atasının yanına qayıtdıqda o, dərhal soruşdu:

- Yolunu seçdinmi, Yuko?

Gənc dizləri üstə çökdü:

- Daha gözəlini tapdım. Qarı seçdim.

 

5

 

Bu qara tutulmuş ölkədə

Mən də ölsəm

Qar Buddasına çevrilləm.

Hosui

Qar elə şeirdir. Gözqamaşdıran şeir. Yanvar ayında o, Yaponiyanın şimalının tən yarısını örtür.

Yukonun yaşadığı yerdə qar qışın şeiri idi.

Atasının məyusluğuna rəğmən 1885-ci il yanvar ayının elə ilk günlərindən Yuko şairliyə başladı. Qərara almışdı ki, yalnız qarın gözəlliyini vəsf etsin. Yolunu tapmışdı. Dərindən hiss edirdi ki, daim bu həyatla yaşayacaq.

Qışda hər gün, səhər tezdən evdən çıxıb dağlara üz tuturdu. Şeir yazmaq üçün həmişə eyni yerdə qərar tuturdu. Bir ağacın altında oturur, saatlarla burda qalır, dünyada on yeddi ən qənirsiz hecanı seçib-sonalayırdı. Şeir yazıb bitirdimi, onu ipək kağıza köçürərdi.

Hər gün yeni şeir, yeni ilham, yeni kağız parçası. Hər gün bir başqa peyzaj, başqa bir günəş, başqa bir işıq. Ancaq həmişə hayku və qar. Ta gecə düşənəcən.

Evə həmişə eyni vaxtda - süfrəyə çay bardaqları düzüləndə gəlib çatardı.

 

6

 

Qırçınlarla oynayaraq

Onlar bilmədən

Ayaqlarını araladılar.

Taici

 

Ancaq bir gecə Yuko geri qayıtmadı. Mehtab, bədirlənmiş Ay. Hər şey gün işığındaymış kimi görünürdü. Göyün üzünü elə qar kimi tiftikli buludlar zəbt etmişdi. Sanki minlərlə geyimli əsgərlərdi.

Ay işığı altında oturmuş Yuko sakitcə bu işğal səhnəsinə tamaşa edirdi. Evə yalnız şəfəq söküləndə qayıda bildi.

Yolda, günəşin ağımtıl işığı altında fəvvarədən su götürən qızı gördü.

Qız əyiləndə alt köynəyi düz qoltuqlarına qədər dartıldı və qar kimi sinəsi göründü.

Bir az sonra, Yuko öz otağında alnını ovuşdururdu: alnı bir stəkan qaynar sake  kimiydi.

Əli qırımzı bibər kimi qalxmış cinsi orqanının üstündə yuxu aparmışdı onu. Küçədə şaxtaydı.

 

7

 

Şiddətli soyuq

Gavalı çiçəklərini öpürəm

Xəyal içində.

Soseki

 

Qarın beş əsas xüsusiyyəti var:

Ağdır.

Dondurur və qoruyur.

Daim dəyişir.

Qərarsızdı, sürüşgəndi.

Suya çevrilir.

 

Bu barədə atasına danışanda, atası bunda yaxşı şeyin olmadığını bildirdi, yəni, oğlunun belə bir əcaib müşahidəsi soyuğun şiddətini bir az da artırmışdı.

Qar ağdır. Ona görə də görünmür və yaşamaq haqqı yoxdur.

Təbiətdə nə varsa dondurur və qoruyur. Bütün dünyanı üşüdüb donmağa məcbur etmək təşəxxüs deyilmi?! Daim dəyişir, dönür. Yəni, bu səbəbdən etibarsızdır.

Sürüşgəndir. Qar üstündə sürüşmək kimin xoşuna gələr ki?

Suya çevrilir. Əridikdə az qalsın bizi suda batıracaq.

Yuko öz dostunda onun şairlik istedadını təmin edən beş əsas keyfiyyət görmüşdü.

Ağdır. Demək, poeziyadır. Çox təmiz şeirlərdir.

Təbiəti dondurur və qoruyur. Ona görə o, həm də rəssamlıqdır. Qışın ən zərif rəsmi.

 

Dayanmadan dəyişir. Ona görə kalliqrafiyaya, həm də yazı xəttinə bənzəyir. "Qar" sözünü yazmağın on min üsulu var.

Səthi olduqca sürüşkəndir. Demək, rəqsdir. Qar üstündə hər kəs özünü rəqqas hesab eləyə bilər.

Suya çevrilir. Buna görə o, musiqidir. Yazda çaylar və bulaqlar notların simfoniyasına çevrilir.

- Bütün bunlar sənin üçündürmü? - keşiş soruşdu.

- Bunlardan daha çox şeylər...

Bu gecə Yuko Akitanın atası anladı ki, oğlunun gözlərini qarın gözəlliyi ilə doldurmağa hayku bəs etməyəcək.

 

8

 

Yuko haykuya, qar və yeddi rəqəminə sitayiş edirdi.

Hesab edirdi ki, yeddi sehrli rəqəmdir.

Bu rəqəmin içində həm kvadratın  tarazlığı, həm də üçbucağın səbatsızlığı yaşayır.

Şair olmağı qərarlaşdıranda Yukonun on yeddi yaşı tamam olmuşdu.

On yeddi hecalı şeirlər yazırdı.

Yeddi pişiyi vardı.

Atasına söz vermişdi ki, hər qış cəmi-cümlətanı yetmiş yeddi hayku yazacaq.az, nə çox.

İlin yerdə qalan fəsillərində evdən çölə çıxmadan qarı unutmağa çalışacaq.

 

9

 

Bir yaz günü, günəş təzə doğanda imperator sarayının şairi Meyjinin gözü Yukonun əsərlərinə sataşdı. Onun yaşadığı kəndə gələrək Akitanın atasının evini tapdı və şairi soruşdu. Qonşu məbəddən qaçaraq özünü yetirən keşiş imperatorun elçisini ehtiramla qarşıladı, ona bir fincan çay təklif edib dedi:

- Bu axşam oğlumun dağlarda keçirdiyi son gün olacaq. Bu gün onun yetmiş yeddinci haykusu tamamlanacaq. İstəsəniz, sizi onun iş otağına apara bilərəm. Burada o, ipək perqament kağızların üzərində yazdığı şeirlərini saxlayır.

Şair çayın ətirli qoxusunu ciyərlərinə çəkdi, ürəyi sevinclə doldu, - birdən yadına o gün düşdü, qafiyə ustalarından birinin diqqətini çəkmişdi, buna görə imperatorun sarayına aparılmışdı ki, şeirlərini ona oxusun, oxumuşdu da, imperator razılıqla gülümsəmişdi. Çaydan bir qurtum alıb dedi:

- O möcüzəni mənə göstərin. 

Keşiş əlinin işarəsiylə onu müşayiət etməyi göstərdi, onlar iş otağına daxil oldular, divarlarına perqament kağızaları yapışdırılmışdı. Baxan kimi adamın nitqi quruyurdu.

- Usta, budur onlar. Oğlumun bütün haykuları ixtiyarnızdadır.

Şair ləng, ancaq əzəmətlə yaxınlaşdı, Yukonun bu il qələmə aldığı yetmiş altı haykunun hər brini oxudu.

Oxuyub qurtaranda keşiş onun göz yaşlarının necə parıldadığını sezdi.

- Möhtəşəmdir. Ömrümdə belə bir şey oxumadım. Zənnimcə, imperator oğlunuzu saray şairi təyin edə bilər, yəni, mən artıq bu dünyadan yükümü çəkib gedəndən sonra.

Yukonun atası sevincdən özünü itirmiş halda hörmətli qonağın ayaqlarına düşdü.

- Bununla belə, - deyə qonaq əlavə etdi, - etiraf etməliyəm ki, bu şeirlərdə məni razı salmayan iki şey var.

Keşiş səksənmiş halda başını qaldırdı.

- Necə yəni, sizcə, bu haykular Basyö dövrünün şeirlərindən yaxşı deyilmi?

- Onlar misilsizdir. Sözlər elə əls gözəllik çeşməsindən axıb gəlib. Mətnlər çox musiqilidir, ancaq onlarda rəng azdır, demək olar, yoxdur. Oğlunuzun yazdığı dil ümidsizcəsinə ağdır. Görünmürlər. Əgər o, əsərlərini imperatora təqdim edəcəksə, mütləq şeirlərinə rəng qatmağı öyrənməlidir.

- O hələ gəncdir, bunu unutmayın. Cəmi on yeddi yaşı var. Sizi daha nə narahat edir bəs?

Şair daha bir fincan çay istədi, evin qabağında çiçəklərə bürünmüş skamyada oturdu, üzünü fikirli dağlara tutdu. Bir qurtum alıb soruşdu:

- Niyə bəs qar?

 

10

 

Yuko dağlardan qayıdanda öyrəndi ki, qapılarına gələn yad bir adam onun şeirlərini oxuyub və ən pisi də bu şeirləri xoşlayıb, - bunları biləndə qanı başına vurdu, az qala dəli olacaqdı.

- Bunlar qaralamalardır, başqa bir şey deyil. Hələ mən özüm də bu sənəti tamam-kamal bilmirəm.

- Ancaq səni artıq saraya çağırırlar! Bu çox, çox böyük ehtiramdır, - atası cavab verdi.

- Yox, - Yuko dedi, - rəzillikdi bu.

Keşiş saray şairinin dediklərini olduğu kimi çatdıranda Yuko hirsləndi:

- Rəssamlıqdan və rənglərdən nə bilir axı o? Şeiri yazmağın on min üsulu var, elə şeiri rəsm etməyin də, ancaq mənim gözümdə onlar qardı, qar...On min heca, ağlığı ağlı başdan alan on min heca yazanda imperatorun yanına gedəcəm. Düz on min, nə az, nə çox.

- Gör bir, on min heca hardasa beş yüz hayku deməkdir. İldə yetmiş yeddi hayku yazsan, düz yeddi ilin gedəcək.

- Demək saraya elə o zaman getməli olacam.

Atayla oğul bir daha saray şairini yada salmadılar. Bu yaz Yuko sözünü tutub bircə dənə də hayku yazmadı. İşi-gücü yaşıl bağda albalı çiçəklərini qoxlamaq oldu.Yayda Ayın və qarlı zirvələrin nəzərləri altında meşə balının ətrini çəkdi ciyərlərinə. Qasırğanın qopduğu ilk günlərində çayın kənarında sarı göbələk tapdı.

Ətirli və sakit bir il.

 

11

 

Qadınların dərisi,

Gizlətdikləri dəri

Necə də istidir!

Sutejo

 

Şeirlərin ikinci qışı gözqamaşdırıcı dərəcədə idi.

Qar həmişəkindən çox yağmışdı.

Bir dekabr gecəsini nə vaxtsa fəvvarənin yaxınlığında rastlaşdığı qızla keçirdi. Dərisi şaftalı qoxuyurdu. Ağappaq məməsini ağzına aldı və Aydan süzülən şərbət kimi sordu. Sübhün gözü açılana qədər.

Bu qış Yuko yetmiş yeddi hayku yazdı. Biri-birindən və gözəl.

Son üçünü oxuyun:

 

Təmiz qar

Sakitliyin və gözəlliyin

körpüsü.

 

Qar musiqisi

Qış sisəyi

Dabanlarımın altında.

 

Qürubdan sonra

Günəş qayıdır

Qağayıların qanadında.

 

Bu həmin haykular idi.

Təmiz şeylər. Təbii. Yaxın, çox yaxın. İncə, incə olduğu qədər də şəffaf və gözəl.

Sadə, öləri insanlar üçün nəsə anlatmasalar da, şairin könlündə ilahi işığa doğru ucalan körpü idi. Mələkələrin işığına doğru.

 

12

 

Günəş yazın ilk günlərində gəldi, onunla birgə saray şairi.

Bu dəfə tək deyildi.

Yanındakı qadın çox gözəl idi, şeiri də çox sevirdi. Dərisi , saçları zülmət gecə idi. Ustadı müşayiət edərdi.

Yukonun atası onları ehtiramla köşkdə qarşıladı. Köşk yaşıllıq içində itib-batırdı. Onları çox ətirli və bu yerlərdə az tapılan çaya qonaq etdi.

Ustad və qız çaydan bir qurtum alan kimi o dedi:

- Oğlum qapımıza gəlib şərəf verdiyinizi yüksək qiymətləndirir. Hesab edir ki, sənətini təkmilləşdirib kamillik mərtəbəsinə çatmaq üçün yeddi il lazım olacaq. Artıq bu, ikinci qışdır, demək qarşıda hələ beş il var.

Yaşlı adam sözünü deməzdən qabaq çayın gümüşü sularına uzun-uzadı baxdı.

- Beş il çox uzun müddətdir. Bilmirəm, imperator bu qədər gözləyərmi? Yuko nə vaxt qayıdacaq?

- Gecə.

- Gözləyək.

Yuko dağlardan qayıdanda iş otağında iki qonağın olduğunu gördü. Qızın məftunedici gözəlliyi dərhal diqqətini çəkdi. Müəllimin sifətində laqeydlikdən özgə bir şey görmədi.

- Yuko, - saray şairi dilləndi, - sənə iki sualım var.

- Sizi dinləyirəm, ustad.

- Niyə məhz yeddi il?

- Çünki bu sehrli rəqəmdir.

Yuko qızın dodaqlarından qaçan təbəssümü sezdi. Dodaqları şirəli meyvə kimi təptəzə idi. Dişləriylə onlara toxunmaqdan özünü güclə saxladı.

- Bəs onda niyə qar? - müəllim davam etdi.

- Çünki bu, eyni zamanda şeir, kalliqrafiya, rəngkarlıq və musiqidir.

Qoca Yukoya yaxınlaşdı və isti nəfəsiylə qulağına pıçıldadı:

- Bütün bunlarmı?

- Bəlkə daha çox şeylər...

- Sən şairsən. Ancaq başqa sənətlər haqqında nə bilirsən ki?! Sən rəqs etməyi, rəsm çəkməyi, musiqi bəstələməyi bacarırsanmı?

Yuko heç nə demədi. Sifətinin necə qızardığını hiss etdi.

- Şairəm. Şeir yazıram. Ancaq daha nələrisə bacarmalıyam ki, sənətimlə məşğul ola bilim?

- Səhv edirsən. Poeziya hər şeydən əvvəl rəngkarlıqdır, xoreoqrafiyadır, musiqi və ürəyin səsidir. Şair eyni zamanda həm rəssam, rəqqas, musiqiçi və gözəl xətt ustasıdır. Mahir usta olmaq istəyirsənsə hər şeyi bacarmalısan. Sənin əsərlərin məftunedici dərəcədə gözəldir, musiqilidir, ancaq nədənsə həm də qar kimi ağdı. Onlarda parlaqlıq və rəng çatışmır. Sən rəssam deyilsən, Yuko. Yeganə çatışmayan da budur. Yalnız bu. Buna görə də, əgər qulaq asmasan mənə dünya sənin şeirlərindən heç zaman xəbər tutmayacaq.

Qoca artıq səbrini zorlayırdı, qız isə çox gözəl idi və onu məyus etmək istəmirdi.

- Sizi dinləyirəm, ustad.

- Yaponiyanın cənubunda sənətləri mükəmməl bilən bir şəxs yaşayır. Möcüzəli şeirlər yazır, musiqili pyeslər qələmə alır, ancaq hər şeydən öncə o rəssamdır. Bu çox görkəmli şəxsin adı Sosekidir. Mənim müəllimim olub. Mənim adımdan ona salam apar. Sənə səndə çatışmayan şeyləri öyrədəcək.

Bütün söhbət müddətində müəllimi müşayiət edən şəxs danışmadı. O, yalnız gülümsəyərək və hərdənbir bir qurtum çay alıb Yukonu nöqtəbənöqtə öyrənirdi.

- Gecikmə, - qoca dedi, - Soseki çox qocadı, ölə bilər.

Yuko təzim etdi və dedi:

- Ustad, elə günü sabah Sosekiyə baş çəkəcəm.

Sonra döndü və birdən qızın hər iki yanağından öpdü. Qız ancaq gülümsədi. Gülüşü birdən göyə millənən quş çığırtısına bənzədi. Sına-sına uçan səsə.

Yuko ona qarşı utancaqlıq qarışıq dərin sevgi hiss edirdi.

 

13

 

Elə həmin axşam Yuko fəvvarənin yanında rastlaşdığı qızla sevişdi. Onu albalı ağacının büllur çətirinin altında qar üstünə yıxdı. Düz yeddi dəfə məşğul oldular, usanmadan. Rəhmsizcəsinə və şiddətlə. Şeyi büzüşmüş ənginara oxşayana, qızın ağuşundasa bənövşəyi şırımlar açılana qədər.

 

14

 

Səhəri, hava işıqlaşanda Yuko kəndi tərk etdi. Atası və bütün ailəsi ilə vidalaşıb cənuba doğru getdi.

Bu, onun qəlbinin günəşinə doğru getdiyi yol idi. Dünyanın təmizliyi və işığı gözünə, baxışlarına yığılırdı. Yol boyu ağır-ağır addımlayan Yuko ürəyinin necə təmiz sevinclə dolduğunu hiss edirdi. Azad və xoşbəxt idi. Qəlbində məhəbbət və poeziyaya inam vardı.

Ancaq baş verməli şey baş verdi.  Qarı çox sevdiyindən qardan gələcək təhlükəni büsbütün unutmuşdu.

 

Fermin Maksans

 

Fransız dilindən tərcümə etdi:

Cavanşir Yusifli

 

Ədəbiyyat qəzeti.- 2017.- 22 iyul.- S. 20-21.