"Qəlbə yaxın"
Maksim Qorki və Fransa haqqında
On beş il öncə rus
yazıçısı Maksim Qorki Parisə səfər etdi.
Bu hadisənin xronoloji qaydada nə zaman baş verdiyini dəqiq
bilmirəm: Sarı İblis şəhəri - Nyu-Yorka
tüpürəndən əvvəl, yoxsa sonra. Lakin hər
halda o, ekzotik yeniliklərə tez zamanda alışan və həmin
sürətlə də uzaqlaşan Parisdə müəyyən
qədər uğur əldə edə bilmişdi.
Düzünü desək, onun Yeni Vavilona səfəri Seneqal
şahzadəsinin və kazak Aşinovun səfərindən
daha çox yadda qalmışdı. Ayaqqabı mağazalarının
vitrin-sərgilərində La semelle pour les pieds "Gorky".
(Ayaqqabı içliyi "Qorki")
yazılı plakatlar hələ də asılı qalır.
Reklamın mətni göstərir ki, Qorkinin
uğuru həqiqətən də demokratik xarakter
daşıyırdı.
Həmin zamanlar Parisdə digər
yazıçı - Amfiteatrov "Krasnoe znamya" adlı
jurnal nəşr edirdi. Jurnal nə qədər səs-küylü
idisə, bir o qədər də zərərsiz idi. Bu jurnalda Qorkinin çar II Nikolayla, ədəbsizlik
nümunəsinə çevrilən uydurma satirik-müsahibəsi
dərc olunmuşdu. Mövzu qanlı tiran
və xalqın içərisindən çıxan cəsur
müğənni haqqında idi. Nəticə
mövcud olmayan mülkədar və qaçaq təhkimliyə
aparıb çıxarırdı.
Ardınca, elə həmin
"Krasnı znamen"də Qorki öz manifestini Fransaya təqdim
etdi. Onun mənası
belə idi: "Əziz fransızlar, rus çarına borc pul
verməyin, onlar bu pullarla alışan rus inqilabını
söndürəcəklər, axı siz yer üzündəki
ilk inqilabçılarsız".
Görünür, gənc
anaların könlünə qəfildən bol süd içmək
düşdüyü kimi, Qorkinin də ağlına
şöhrət sərxoşluğu
düşmüşdü. Yoxsa o, bu cür
ağılsızlıq etməzdi. O, ümumiyyətlə
ağılsız insan deyildi, əksinə, uzaqgörən
hiyləgər idi.
Sözügedən manifestin
korrekturası təsadüfən nəşriyyatın olduqca təcrübəli,
ağıllı və yumor hissinə malik sahibinin nəzərini
cəlb etdi.
O, Amfiteatrova Qranki (Qranki -
bütün oxu prosedurlarından keçmiş və dərc
olunmazdan əvvəl müəllifə son razılaşma
üçün təqdim olunan məqalə - X.N.) gətirdi
və soruşdu:
- Bunu sizin məşhur Qorki yazıb?
- Bəli. Nə olub ki?
- Əlbəttə,
böyük adamların törətdiyi kiçik
yanlışlar əfvediləndir. Amma tamamilə axmaq
olmalısan ki, fransız düşüncəsinə bu formada
müraciət edəsən.
- Bəs, sizcə, necə etmək
lazımdır?
- O, deyə və sübut edə bilərdi
ki, çar alınan borcu faizi ilə geri qaytarmayacaq. Çox güman ki, onun səsi duyulacaqdı.
Amma... Rusiyada inqilab. Bu,
fransızlar üçün Qonoluludakı dövlət
çevrilişi və ya Marsda xalq üsyanı kimi mənasızdı.
Həqiqətən də. Rus
yazıçısının isterik
çığırtısı heç bir təəssürat
yaratmadı.
Bunu bilən və hiss edən Qorki
yeni yola əl atdı. "Sənin üzünə
tüpürürəm, gözəl Fransa...qanlı
tüpürcəyimlə..."
Burada məsələ Qorkidə
və onun dəvə xislətli tüpürmək adətində
deyildi. Nə Vandom kolonnası, nə də Nyu-Yorkdakı
azadlıq abidəsi bu təhqiramiz hadisəyə böyük
əhəmiyyət vermədi. İngilis kralını edam meydanına aparanda qələbəlik
içərisindən hansısa əclaf onun üzünə
tüpürdü. "Yəqin ki, sən öz ananın da
gözlərinə bu cür tüpürərdin", - məzlum
kral dedi.
Öz vaxtında Qorki də
vətənə nifrətini içtimaiyyət
qarşısında etiraf edərək eyni hərəkətə
yol vermişdi.
"Savadsız" - bu ifadəni o, Puşkinin kədərli
sözlərinə əsaslanaraq deyirdi: "Rusiyada
ağıllı və istedadlı doğulduğum
üçün mənə lənət olsun". Puşkin
kimi Rusiyanı şövqlə və həssaslıqla kim sevirdi ki? Deməli, Qorki haqqında
bu qədər kifayətdir. Haşiyədən
kənara çıxdığım üçün, üzr
istəyirəm.
Lətifənin mahiyyəti
ağıllı naşirin düzgün mülahizəsindən
ibarətdir və hal-hazırda rus əcnəbi
yazıçılarına, siyasətçilərə və
Avropanın, əsasən də Fransanın bizim xalqın
taleyi haqqındakı kollektiv fikir yürüdən
içtimai xadimlərinə də eynilə bu cür
yanaşılır.
Onların hamısı
göz yaşları ilə mərhəmət oyatmaq,
Rusiyanın bolşevik vəhşiliyindən çəkdiyi
heç yerdə görülməyən əzabların
gündəlik təsvirləri ilə qəlblərə və
təsəvvürlərə toxunmağa
çalışırlar.
Keçilmiş və
yanlış yoldur.
Təsəvvür olduqca tez
zamanda qüvvəsini itirir, ürək isə kütləşir. Müharibənin
başlanğıcında ilk öldürülənlər və
yaralananlar haqqındakı xəbərləri eşitdikdə
bizim lənət oxuyaraq ağlamağımız
yadınıza gəlirmi? Aman Tanrım! İyirmi gənc
ömür! Yüzlərlə əlil!
Yarım il sonra, qəzeti
qatlayaraq kənara qoyub deyirdik: "Aha! On min nəfər
itkimiz var. Lakin..."
Amma əcnəbilərin
çoxusu haqqında demək olar ki - həqiqəti söyləmək
lazımdır - onlar bolşevik dəhşətləridir -
tamamilə yad dəhşətlər. Qonşunun dişi
ağrayır - necə yazığın gəlməyə bilər,
heç olmazsa, görüntü xatirinə. Amma onun
dişi sabah da ağrıyacaq, birisigün
də, bütün ayı da və qonşu hər gün
gileylənəcək. "Daşa! O,
yanağı sarıqlı gələndə, deyərsən
ki, mən evdə yoxam. Lənətə gəlmiş,
lap təngə gətirib!"
Məsələ də elə
bundadır ki, rus mühacirləri - bütün o
düşünmək, yazmaq və danışmaq qabiliyyəti
olanlar heç olmazsa öz əməli fəaliyyətsizliklərinə
bəraət qazanmaq üçün şikayətlənməməli,
sivilizasiyalı dünyaya sübut etməlidirlər ki, onun
qarşısındakı başqasının diş
ağrısı deyil, karantinlə qorunmaq mümkün olan vəbaya,
tauna bənzəməyən ümumi xəstəlik təhlükəsidir.
Onu, mərkəzi Moskvada olan, ərazisi boyunca
genişlənəcək qorxulu, insanlığı məhv edəcək
epidemiya gözlədiyini, artıq evdəki prafilaktik tədbirlərlə
qorunmağın gec olduğu haqqında xəbərdar etməlidir.
Gecikmədən, elə bu
gün, elə indi əsas mənbəni məhv etmək,
şimal xəstəliyindən yaranacaq qurbanları nəzərə
almadan ən qəti şəkildə fəaliyyət göstərərək,
qəddarcasına alovlanan ocaq yandırmaq lazımdır. Burada söhbət
Rusiyanın deyil, bütün bəşəriyyətin
qarşılıqlı özünəyardımından gedir.
Bu cür danışmaq
şikayətlənmək və ağlamaqdan daha
inandırıcı və aydındır. Hətta
danışmaq yerinə meydanlarda və küçələrdə
qışqırmaq da olar.
Vətən
Əşyalar, hadisələr
və sözlərin dərinliyinə varanda və inadla baxanda
onlar qeyri-adi görünür. Yeni rəng və
çalarlar hər zaman göz önündə dayanır.
Bax, Vətən
anlayışı budur. O, nə qədər darısqal və
ölçüsüz, hər şeydən üstün,
mübaliğəsiz genişlikdə olsa belə, böyüyəcəkdir.
Mən ona qarşı sevgimi ən
primitiv formada tanıdım - vəhşilərin
öldüyü və meymunların vərəmə
tutulduğu həsrət, xəstəlik obrazında... Mən üç yaşımdan iyirmi yaşıma
kimi moskvalı idim. Ailəmiz hər yay bağa gedirdi:
Petrovski parkına, Ximkaya, Boqorodski, Petrovsko-Razumovski, Ramenskiyə,
Sokolnikə. Yaşıllıqlar içərisində
yaşayarkən Moskvanın daş-kəsəyi
üçün, təkcə anamın başa
düşdüyü - heç olmazsa həftədə bir dəfə
şəhər gəzintisinə çıxmaq, onun isti, tozlu
küçələrində yürümək, əhəng,
qaynar asfalt qoxusunu içinə çəkmək, dəmir və
daş gurultusunu dinləmək ehtiyacı səbəbindən
o qədər darıxırdım ki...
Bir dəfə - biz o zaman
Ximkada, Nikolayevski dəmir yolunun 21-ci verstində
yaşayırdıq - evdə pul qalmamışdı. Moskvaya piyada getdim, tanış məruzəçinin evində
qaldım və piyada geri qayıtdım, tamamilə ac idim, amma
ruhum zənginləşmiş, dincəlmiş və
rahatlamışdı.
Lakin məkan
üçün darıxmaq, tale məni - yenicə tərxis
olunmuş leytenantı Cənub-Qərb vilayətinin ən uzaq
yerinə tulladığı zaman xüsusilə dözülməz
oldu. İlk
günlər və həftələr o qədər
darıxırdım ki! Yad adamlar, yad adət və ənənələr,
Qara dəniz ucqarının sərt, soluxmuş,
darıxdırıcı məişəti... ən əsası
isə - bu lap çox hiss olunurdu - vəhşiyanə, pozuq
şəkildə rus, malorus, polyak və moldovan dillərinin
xoşagəlməz qarışığı...
Gündüzlər hardasa dözmək
olurdu: darıxmağı əmək fəaliyyəti,
mühüm görüşlər, nahar və şam yeməyi
yığıncaqları ilə ört-basdır edirdim. Amma gecələr çox əzab çəkirdim.
Həmişə də eyni yuxunu görürdüm: Moskva,
Presnedəki Pokrov kilsəsi, Kudrinskaya Sadovaya, Malaya və
Bolşaya Nikitskilər, Novinski Bulvarı...
Və yuxuda belə hər zaman hiss
edirdim ki, onu heç zaman görə bilməyəcəyəm:
son, ayrılıq, demək olar ki, ölüm. Öz
hönkürtülərimin səsinə oyanırdım.
Yastıq su içərisində olurdu... Amma
dözürdüm. Bu zəifliyim
haqqında heç kimə danışmırdım.
Həm də necə danışasan? Xidmətdə
olduğum üçün gənc əsgərlərin xidmətdən
qaçma hallarını istintaqa mən bildirməli idim.
Çətin ki, həmkarlarımın
hansısa onların cinayətinin
günahsızlığını mənim qədər dərindən
hiss edəydi. Axı mən də heç olmazsa bir dəqiqəliyə
Moskvaya getmək, ora nəzər salmaq, qoxusunu içimə
çəkmək istəyirdim... Amma mən
intizama nəzarət edirdim və rəhbər idim.
Lakin bu qəddar hisslər
keçib getdi. Zaman nəyi unutdurmur ki... Sonra mən hər
tərəfi gəzib-dolaşdım, demək olar ki,
bütün orta Rusiyanı gəzdim. "Məkan
həsrəti"m sakitləşdi.
Daha sonra isə xarici ölkələri gəzdim. Məlum oldu ki, mənim vətən həsrətim ancaq genişlənir. Həmişə sarsılmaz, möhkəm mənəvi təməlim var idi: "Necə olsa da, orada evim var. Nə vaxt istəsəm gedərəm". Amma dönüş zamanı çatdı. Böyük ayı bürcü; onu gecənin bir yarısı görmək olur, sağdakı iki ulduzdan yuxarıya doğru xətt çəkirsən, demək olar ki, qütb ulduzuna çatırsan. Şimal. Və səni Rusiyaya çəkir, Moskvaya yox, məhz Rusiyaya. Çemodana bəzi xırda-xuruş əşyaları yığırsan, üçüncü sinif kupe və... səfər.
İndi isə xəstəlik "kəskinlik" gücünü itirib və xroniki xarakter alıb. Gözəl ölkədə yaşayırsan, ağıllı, xeyirxah adamların, nəhəng mədəniyyət abidələrinin arasında... amma hər şey qəsdən bu cür baş verir, sanki kinematoqrafın filmi geri göndərilir. Və bütün sakit, axmaq kədərin səbəbi odur ki, artıq
yuxuda ağlamırsan və arzularında Znamenski meydanını, Arbatı, Povarskini, Moskvanı, Rusiyanı yox, ancaq qara dəliyi görürsən.
1924
Rus yazıçısı və tərcüməçi Aleksandr İvanoviç Kuprin 1870-ci ildə məmur ailəsində anadan olmuşdur. Onun anası qədim tatar əsilzadəsi, knyaz Kulunçakovun qızı idi. Atasını bir yaşında itirən Kuprinin ailəsi yoxsul vəziyyətə düşmüş, dolanışığın mümkünsüz olduğunu görən anası balaca Aleksandrı Razumovski yetimlər evinə yerləşdirmişdi. Gələcək yazıçı məhrumiyyətlər və rəhmsizlik, qəddarlıq və biganəlik arasında böyümüşdür. O, anasına hədsiz pərəstiş edir, onun yoxsulluğuna dözə bilmir, utanır, əzab çəkirdi. Kuprin yazıçılıq istedadının anasından gəldiyini hər zaman qeyd etmişdir. Ana nənəsindən hələ uşaqkən eşitdiyi əfsanələr, sehrli nağıllar və tarixi əhvalatlar isə onun Şərq mövzusunda, hər yerdə ədalət simasında çıxış edən, hər şeyi eşidən və görən Allahın xofu olan əsərlər yazmasına rəvac vermişdir.
1919-cu ildə Oktyabr inqilabı baş verdiyi zaman Kuprin xaricə - Fransaya köçür. Lakin on səkkiz il davam edən vətən nisgili onu geri dönməyə məcbur etmişdir. Onun Rusiyaya getməzdən üç il əvvəlki sözləri də məşhurdu: "Aleksey Tolstoy kimi orden və ya məkan əldə etmək üçün getmək rüsvayçılıqdı, amma mən dəqiq, özü də tezliklə öləcəyimi bilsəydim, doğma torpağın qoynunda uzanmaq üçün vətənə gedərdim". Uzun xahişlərdən sonra - 1937-ci ilin mayında Rusiyaya geri dönən yazıçı bir il sonra - 1938-ci ilin avqust ayında gözlərini dünyaya əbədi olaraq yumur.
Aleksandr Kuprin
Tərcümə edən:
Xatirə Nurgül
Ədəbiyyat
qəzeti.- 2017.- 22 iyul.- S.28.