AYŞƏGÜL

 

Bir irmaq

         səni çağırır, Ayşəgül.

Bir rüzgar,

    Anadolunun hitit məbədlərinin

     neçə min illik yuxusunu qaçıran

bir rüzgar

         səni çağırır, Ayşəgül.

Səni çağırır

        Karvanyolunu isladan

                  göz yaşları ulduzların.

Səni çağırır

       ilk eşqə düşəndən bəri

                    arayıb-axtardığın

                           o məna, o məna -

səhərin tərləmiş aynasında

                 həyatın gözlərindən

                                 öpəsən deyə.

Bir quş

çağırır səni, Ayşəgül, bir quş,

dünyaya qanad taxmaq üçün

hara getdiyini bilmədiyin

             yollar çağırır səni, yollar;

sən

   ayaqqabılarını axtarırsan,

                             tapammırsan -

bir zürafə çağırır səni,

                             bir zürafə,

boylan, deyir, boylan,

                         tapacaqsan!

Bir qatar

           çağırır səni, Ayşəgül,

onu

    öküzlərin

             çaşqın baxışlarından

                         qurtarasan deyə.

Səni,

səni Servantes çağırır:

"Ayşəgül xanım,

    niyə son vaxtlarda

        "Don Kixot"u az oxuyurlar,

                     hətta sizin ölkədə

Halbuki, bax,

ədəbiyyat müəlliminizin

                             üzündəki üzüntü ilə

mənim

        zavallı Sançomun

                        üzündəki üzüntü

                                  eynidir!"

Bir tonqal,

İnebahtda batan

                  bir yelkənli qayıq,

Çanaqqalada

                       şəhidlərin önündə

                                     diz çökən Ay

ağlaya-ağlaya çağırır səni.

Bir qırmızı yağış

                    çağırır səni, Ayşəgül,

bir qırmızı yağış

Səni çağırır, səni,

Eyni anda

Çatalhöyükdə

qapısı ulduzlara

                           açılan evlər,

kimsəsiz adalar

           inqilab nümayişləri,

əllərin bir yerə gedir,

                       ayaqların bir yerə

İbtidai sinif müəllimin

Şaziyə xanım

                   çağırır səni:

"Ayşəgül,

      yavrum, oldu

  bizim gözəl türkcəmizə?"

Yoxsul bir uşaq

            çağırır səni,

                 oyuncağım olarsanmı deyə?

Bir yarpaq

           bax, o niyə çağırır,

                                  vallah, bilmirəm.

Bir dodaq

           çağırır səni, Ayşəgül,

                                          bir dodaq,

gözlərin

            çay bağçasına

                              bənzəyir deyə

Bir şeir çağırır səni,

səni

bir dağ yolundan başqa

                              bir şey olmayan,

yalnız

çılpaq ayaqlarla yüyürdükcə

dadı duyulan EŞQİ…

Səni mən çağırıram, mən,

anlayırsanmı, Ayşəgül.

 

 

EŞQ VƏ QUYRUQLU ULDUZ

 

Şükür

Çox şükür

Konsiliumdan

           yekdil fikir çıxdı:

eşq xəstəliyi

             imiş xəstəliyim,

bu yaşdan sonra,

       şiddətlənərək

              qəlbimi daha çox

                             saracaqmış

Şükür

Çox şükür

Amma

mən -

ürəyimdə yaranan

        o qəfil aydınlıqdan,

                       parıltıdan sonra -

Quyruqlu ulduzla

     toqquşduğumu zənn etmişdim

Şükür

Çox şükür

 

 

 

YALNIZ QANADLARINA GÜVƏN

 

Sevgilim,

           eşqimiz

çiyni çantalı bir duman

mələklə toqquşan

       kəpənək qanadından

                         tökülən bir toz

  seldə

           sürüklənən

                    bir budaq kimi

bir gün

    aramızdan

          istəmədiyimiz yerlərə

                               çıxıb gedərsə,

yalnız qanadlarına güvən.

Uçurumun kənarında

bərk-bərk

     tutduğumuz

             bir qapı dəstəyidir

                                         həyat

   eşq

       əlimizdən

              ən dərin quyuya

                        düşən kaman -

inim-inim inildər müdam

Sevgilim,

       yeridikcə,

             yollar daralarsa,

                   piləkənlər çökərsə,

yalnız qanadlarına güvən.

Sevdalılar bilər -

bir çiçək yağışı,

bir gül ətridi

                  ilk bahar,

sevməyi bacarmayanların

           kəşf etdikləri yasaqlar

yox olar

       ipək kölgələrində yayın

  dilimizin ucunda

                           ballanar eşq,

sonra

     sarı kəsmiş

           şəkər kimi

                       əriyər payız

sonra

   bitməyəcək

           bir qışdan

                  söz açılarsa,

sevgilim,

yalnız qanadlarına güvən.

Sənə

   bir hərb gəmisi

       göstərmək istəyirdim,

sükanında

    bir kapitan,

           qan iyindən bayılmış,

Sənə

     bir ölkə

           göstərmək istəyirdim,

üfüqlərdə

       od-alovun ürəyinə

                         sürüklənmiş

Sənə

   doyüş təyyarəsinə çarpmış

              göyərçinlər göstərmək istəyirdim,

           tükləri

                  yer üzünə səpələnmış

           Bir gün

                       apararlarsa məni,

                                    əli-qolu bağlı,

           köçəri quş kimi

                             alnımın yanından

           mənsizliyə

                                  havalanarkən,

qorxma, sevgilim, qorxma,

amma

amma

       yalnız qanadlarına güvən

 

 

 

QUŞ BAXIŞI

 

Sənin baxışın, sevgilim,

 

sənin baxışın

 

buludlarla

            yanaq-yanağa uçan

                                   qaranquş,

çərpələngin

       sirrini bilən

              albatros - fırtına quşu,

yağışlı günlərdə

            günəş rəqsi oynayan

                                   göyərçin

Sənin baxışın

     telefon köşkünün üstündə

                səsimlə sevişən qumru,

göy gurultusunun

            üstündən keçən durna,

qovğaya qanad verən qartal.

Sənin baxışın, sevgilim,

Sənin baxışın:

"çox uzaqlara getməyim

          özümü tapmaq üçün" -

                      deyən leylək,

"uzaqlara gedərsəm,

        yaxındakıları da itirərəm" -

                                      deyən sərçə, -

başı qara,

            içimdəki yazı bağçasına

                                           dadanan

Sənin baxışın, sevgilim,

sənin baxışın

qısa otlara

      uzun budaqların

            hekayətini anladan

                                    çalıquşu,

uşaqlığımın

şeytan çərpələngləri ilə yarışan,

aynaların önündən

ustufca-ustufca keçən tovuzquşu,

sənin baxışın, sevgilim,

işığın

     yırtıldığı yerdə

           göy üzünü gözləyən

                  bir ispinoz quşu -

mavi tüklü,

               gözəl səsli...

Hərb gəmilərinin

          göyərtələrinə yağan

                               qağayılar

sənin baxışlarındı -

             təlaş qorxu içində.

Sənin baxışlarındı

gecəni,

     sevişdikcə

           qanadı qanayan gecəni

sübh işığıyla

                  aralayan çöl qazı.

Sənin baxışın

qonduğu ağacları

        bir-bir bağrıma basdığım,

dəstədən

        vaxtından əvvəl

                  ayrılan bildirçin,

cüyürün kürəyində

                     uyuyan kəklik.

Sevgilim,

sənin baxışın

   beşikdəki göy qurşağına

              layla deyən bülbül,

sənin baxışın

    dimdiyi ilə kədərə

         təbəssüm nəqş edən qayaşaqrağı,

yarpaqdan

            çəmənə xəbər aparan

                                          ötləgən,

sənin baxışın

          dənizçilərin unutduğu

                                          bəhri,

Sevgilim,

sənin baxışların - ağac,

sənin baxışların - yuva,

sənin baxışların -

                   dağ, dəniz,

sənin baxışların -

göy üzü,

         göy üzü,

                  göy üzü...

Sənin baxışların

               quşlarla dolu,

                          dopdolu!

 

HƏR GECƏ

 

Ovçunun gözlərindən

                           su içən əlik,

çocuq meşə,

ayaqları

      dünyanın ayaqlarından

                        çox üşüyən gözəl,

uçan xalçamı

     kimyəvi təmizləmə

            məntəqəsinə verməsəydim,

bir yaxşıca

                   gəzdirərdim sizi,

ulduzların

            pəncərəsini sındırıb,

                             doluşardıq içinə,

yatardıq,

            yatardıq,

                        yatardıq -

günəş xəbər tutana

 

 

ÇİN SƏDDİ

 

Ayrıldıq

İkimizə aid

            vardısa, yandırdım -

içim "cız" etmədimi, etdi,

                       Allah qəhr etsin,

gözlərimə

    təyyarələr enmədimi, endi,

                          Allah qəhr etsin,

gül yarpaqlarından

                        kağız düzəltdim,

məktub yazacaqdım sənə,

                        Allah qəhr etsin,

hər yan su, su, su

Nuhun gəmisi paramparça,

                        Allah qəhr etsin!

Məscid

       pişiklərindənmi keçdi

                  bu yalnızlıq mənə,

                        Allah qəhr etsin!

Səni unutmaq istədim,

             bu qədər qısqanc

                  olmağıma rəğmən,

                        Allah qəhr etsin!

Ayrıldıq

Çin səddinin

            bir tərəfində mən,

                        bir tərəfində sən

yaman uzun imiş

            bu möcüzə dedikləri,

                       Allah qəhr etsin

 

SÜLH NƏDİR, SEVGİLİM?

 

Sülh nədir, sevgilim?

Bilirsənmi?

Bir körpümüdür,

    üstünə kölgə düşən kimi uçan?

Açılmadan

                       bağlanan şirkətdimi?

İki müharibə arasında

                      nahar fasiləsidimi,

yoxsa,

    velosipedi sınmış bir uşağın

                 təmirçiyə dediyi sözdü?

Eynşteynin

           Ruzveltə yazdığı

                       məktubdumu sülh?

Lozandan

           Mustafa Kamala gələn

                   telefon zəngidi yoxsa?

Bəlkə

     zibilini elmin süpürdüyü

                                      bir küçədi?

Danış, sevgilim,

de ki,

balaladığı eyvan

           plana düşən

                       bir quşdu sülh,

saatçı

      həbs olunduğu üçün

                işləməyən bir saatdı sülh,

de ki,

aldadılmış türküsüdür,

de ki,

dişləri çıxarılmış

           bir sirk qaplanıdır

                                              sülh,

de ki,

sevgilim,

lampası yanmış

                     bir əl fənəridir,             

bir dövlətin

           poçt qutusundan

                       ölü çıxartdığı -

açıb-ağartmadığı məktubdur...

Bunların

heç biri deyilsə,

bəs, onda,

bu sülh,

dillərdən düşməyən bu sülh

nədir, sevgilim?

 

 KRİT ADASINDA BİTƏN HÜZN

 

Sənin ölkəndə

        hüzndən boyu qısalan

                              yasəmən vardı,

donmuş göz yaşları,

qurumuş otlar

adını xatırlamadığım

bir yığın hüznlü şey vardı.

Komyüterlərə belə

hüzn proqramları yükləmişdilər...

O ki qaldı,

atanın

     bir beyin cərrahının

                    təmir çantası olmasına,

məncə,

           quru iftiradır,

amma,

   özünüöymə kompleksinin

       ona kimdən keçdiyi bir sirdir...

Anan isə,

          bir şüşənin içində

                   batmış gəmiləri

gözləmiş,

           gözləmiş,

                       gözləmiş...

Sonra

      kirələdiyi bir qar adamla

çıxmış kif rəngli yolçuluğa

əyyaş ayı kimi

     qadın hamamında bayıldığı gün

səni doğmuş,

             heç gözləmədiyi halda...

A mənim Cülyettam,

sonra atmışlar səni küçəyə,

                           baxmışlar keflərinə...

Sən kiçikmişsən,

sönük ulduzlar ormanında

                          qarışmısan insanlara,

nəyisə sevmək istəmisən,

                         dünyaya alışa-alışa,

dişlərini qıcamışlar,

insan

   insanın içinin qurdu imiş,

                                           sən demə.

Sonra mənə rast gəlmisən...

Sevməsinə, sevərdim səni,

amma

mənim

hüznlü Kirit adam yox,

hüznlü yasəmən kolum yox...

yox... yox... yox...

 

 

Görkəmli türk şairi Ağgün Ağova 1962-ci ildə Ağyazıda anadan olub. "Şair abi" (1991), "Papatya" (1992), "Ata, qışqırma" (1994), "Eşq və quyruqlu ulduz" (1997), "Sevdiyim qadın adları kimi" (2002) və s. şeir kitablarının müəllifidir. Yaradıcılığı bir sıra yerli və beynəlxalq mükafatlara layiq görülmüşdür.

 

Ağgün Ağova şair olmaqla yanaşı, həm də məşhur fotoqrafdır. Onun hazırladığı albomlar dünyanın bir çox ölkəsində dərc olunmuşdur.

 

DİLSUZ

 

Ağgün Ağova

 

Ədəbiyyat qəzeti.- 2017.-22 iyul.- S.16-17.