Hey, sevdiyim şair qız!
Hey, sevdiyim şair qız!
nədən susubsan,
giləsi,
arzuların solubmudur
qucağında?
Sən dinməsən əlbət
inqilab olacaq -
dünyanın bilmirəm,
hansı bir bucağında.
*
* *
Röyalarıma sarıl,
oxu kabuslarımı
həyatla mırtlaşmağım
gəlir...
bu gecə özümdən aşmağım
gəlir
getmək bəhanəsi
varım...
məndən qabaq başmaqlarım gedir!
nə gözəl inqilab idi əllərini
tutmaq
və gözlərinin
dənizində boğulmaq
ay şeir,
ay şeir,
ay şeir
və nə gözəl səssiz bir intihardı
şair olmaq...
*
* *
Halını sormağa nə
gərək
gözlərin?!
Yusifə
məhkum olan quyu
bax mənə, giləsi...
*
* *
Yağışlı şeirlərim,
islanmış gözlərim
və bir sınıq ürək
bağışla, üşüsən,
giləm,
qucağımda payız...
sürgün olub mənə!
*
* *
Mən hər gecə özümlə əlbirəm
cinayətə,
addım-addım intihardayam
şeir dəftərimdə
kəndir-kəndir sənsizliyim
boğazıma saldırmadadır...
yoxluğun nə soyuq...
nə acı!
*
* *
Dönsən əgər bir gün
sənə məktub
yazacağam
öylə bir məktub ki,
içindəki güllər
gülsün...
və bütün quşlar azadlığa uçsun, giləsi....
*
* *
Bu gecə tütün yerinə
sənsizliyi eşib
dolduracağam siqaretimə.
Sonra sənsizliyə od
vurub çəkəcəyəm...
yarın ağrılarımı
ağ saçlarıma
ağlayacaq buludlar....
*
* *
Bağışlayın, xanım,
sizi bundan öncə sevməmişəm?
gözlərinizi öpməmişəm?
tanış gəlir
baxışınız...
ağaclar üstə
yonulan xatirələr
kimi
köhnə albomlarda
qalmış bir əsgi şəkil kimi!
Bağışlayın...
əllərinizin ətri
tanış gəlir mənə
əllərinizin çiçəyin
dərməmişəm
dar kəndirimə oxşarı varmı?
bundan öncə saçlarınızı hörməmişəm?
bağışlayın, xanım!
*
* *
Gözlərin payızdır
silkələyir şeirləri
üstümə
yağış yağdırır
sənsizlik saatlarıma
gözlərini bağışla
mənə,
üşüsəm də, islansam da
yetər şair
olmağıma !
*
* *
Darıxmışam
sərin baxışına
gözlərinə darıxmışam
tənə vuran
dilindən axan acı sözlərinə
darıxmışam...
öpmədiyim dodaqlara
dişləmədiyim yanaqlara
mən dəli daraqlara darıxmışam...
yadırğayıb, məni
"sən" yox
"siz" deyərək
səsləmənə darıxmışam
yuxu girmir gözlərimə
sürgün düşüb
röyalarım
yatıb yenə
səhərədək
sənə dolu düşlərimə darıxmışam.
bilmirdim necədir mənsiz olan günlərin
bilmirəm
amma yaman bu gecə
səni darıxdıran
darıxmalara darıxmışam!
səndən sonra heç kimsəni sevmərəm
söz verdiyim, sözümə darıxmışan!
*
* *
Buz yataq bağrına basacaq məni
bu gecə düşüncəm girib
yatacaq
illərdir üzümə
gülməyən bulud
dolmayan göllərə
bir daş atacaq.
Yastığım daş olub beynimi dəlir
yorğanım dərd
olur halımı qatır
göylərdə sancılan
bulud damcısı
bu gecə yağışın gözümə
çatır.
Həftələr nazını çəkdiyim
gözəl
sevişmək yerinə
üzün döndərir
alnında bir öpüş dodaqlanmadan
öpüşün gizlədib
közün göndərir.
Mən şeir yazmıram yanıram, qardaş
içimdə biri var məni aldadır
əlimdə odlanan qələm çırpınır
hər gecə başqası şeiri dadır.
*
* *
məni burax
təkcə sənin
nisgil dolu gülüşlərinlə
görüşmək qorxudur məni...
görüşə gəlməyə
titrəyir ayağım
bir azdan yıxılacaq şəhər...
Arəş Əhmədi 1985-ci ildə
Güney Azərbaycanın
Culfa şəhərində
anadan olub. Uşaqlıqdan həmin şəhərdə
yaşamaqdadır. Xeyli vaxtdır
şeir dünyasına
ayaq basıb. Bundan öncə şeirləri
virtual məkan və qəzetlərdə çap
olub. Arəş
Əhmədi keçmiş
ədəbiyyatı mütaliə
edərək modern ədəbiyyatda
çalışmağa başlayıb...
Arəş Əhmədi
Təqdim etdi:
İlham QƏHRƏMAN
Ədəbiyyat qəzeti.- 2017.-22
iyul.- S.21.