Səksənlərdən doxsanlara, yaxud "Bülbülün
nağılı"
"Elçin: yazıçının
yaradıcılıq yolu"
silsiləsindən yeddinci
yazı
"Altmışıncı"lar yetmişinci illərdə özlərini
təsdiq etmək uğrunda döyüşürdülər
("gəmidə oturub
gəmiçi ilə
dava edirdilər" -
Elçin), səksəninci
illərdə isə artıq meydan onların idi.
Gəmini də, sükanı da ələ almışdılar.
Köhnə klassiklər "unudulur",
ədəbiyyata yeni klassiklər gəlirdilər.
Bu mürəkkəb dövrün özü qədər mürəkkəb siyasi- ideoloji mənzərəsinin, sosial-mənəvi təbəddülatlarının, insan iztirablarının ədəbi salnaməsini yaradan Azərbaycan yazıçıları içərisində Elçinin xüsusi yeri vardır. Və bu yer həm keyfiyyət, həm də kəmiyyətcə fərqlənir.
1983- cü ildə Elçinin "Bülbülün nağılı" kitabı nəşr edildi ki, Əziz Mirəhmədov həmin kitaba ön sözündə yazır:
"Hörmətli oxucunun əlindəki bu kitabın, bütün yaxşı kitablar kimi, başlıca məziyyəti həyat həqiqətlərindən danışması, özü də ibrətamiz ruhu, səmimiyyəti, şirinliyi ilə seçilən dildə danışmasıdır. Onun digər mühüm məziyyəti şeiriyyətidir. Bu, həmin əsərlərdə əks etdirilən həyatın şeiriyyəti olmaqdan daha artıq müəllifin varlığa münasibətindəki şeiriyyətidir. Onun nəsrinin şeiriyyətidir".
Ön söz müəllifinin dəqiq müşahidələrindən biri də ondan ibarətdir ki, "həyatın acı həqiqətlərindən danışanda da şirin, səmimi, xeyirxah dillə danışmaq ancaq sinəsində şəfqətli sənətkar ürəyi gəzdirənlərə qismət olur ki, Elçin də onların cərgəsindədir. Hərçənd nöqsanın mahiyyətindən, eybəcərliyin dərəcəsindən, bəlanın ölçüsündən asılı olaraq ara-sıra onun səsində barışmazlıq, sərtlik, tikan da duyulur. Amma burada ilıq gülüş, təəssüf, nəvaziş daha güclüdür".
Kitaba, əsasən, 60-cı, 70-ci illərə aid olub yazıçının əvvəlki kitablarında çıxmış hekayə və povestlər daxildir. 80-ci illərin ilk hekayələri olan "Bülbülün nağılı" və "Baladadaşın toy hamamı"ndan başqa.
"Bülbülün nağılı" Azərbaycan dilinin sintaktik-üslubi imkanlarını nümayiş etdirən olduqca zəngin (dolu!) bir cümlə ilə başlayır:
"Dan ötdü, gün doğdu və həmin gün birdən-birə bu büllur çilçırağın, bu qızıl şamdanların, Təbriz ustalarının düzəltdiyi bu gümüş pəncərə şəbəkələrinin parıltısı basma kağıza düşmüş sarı mürəkkəb damcısı kimi yayıldı və yox oldu, bu xalıların, gəbələrin alışıb-yanan rəngləri, mütəkkələrin, döşəkçələrin üzünə çəkilmiş, qapı- pəncərələrə tutulmuş Çin ipəyinin, hind mahudunun işıltısı, qız-gəlinin barmaqlarını, biləklərini, bellərini, boyunlarını, qulaqlarını, oğlanların xəncərlərinin qınını, dəstəyini bəzəyən ləl-cəvahiratın şöləsi gözdən itdi, kəniz-qaravaşların gizli bir hüznlə onunçün oxuduqları mahnıların, çaldıqları udun səsi tamam eşidilməz oldu və hər tərəfi bir bozluq bürüdü və bu hər tərəfi bürümüş bozluq get-gedə işıqlandı, şəffaflandı və bu işıq içində o kiçik, kimsəsiz yetim uşağın solğun çöhrəsi göründü".
Və məlum olur ki, bu "kiçik, kimsəsiz yetim uşağın solğun çöhrəsi" artıq qocalmış, haldan düşmüş, ölüm ayağında olan bir həyatın çox-çox uzaq məsafəsindən görünür. "Qupquru qurumuş ağacdan ibarət idi, bir damcı da su yox idi və bu ağac bu saat ovulub töküləcəkdi, bir torba ovuntu olacaqdı".
Birdən nəyi isə xatırlayır.
"Hər tərəfi bürümüş meşə yaşıllığı içində neçə-neçə illər bundan əvvəlki sarı bülbülü gördü və sarı bülbülün nəğməsini eşitdi, amma meşədəki yox, əvvəlki nəğməsini - eşitdiyi, hüznlü, kədərli nəğməsini".
Yetim bir uşaq ağlına, istedadına, işgüzarlığına görə çox varlı bir tacirə çevrilir, lakin tədricən insanlığını da itirir və onu hərislik idarə edir. Qızıl pulla alıb qızıl qəfəsə saldığı bir bülbülün oxuduğu qəmli nəğmələrdən tacirin gözəl bağının gül-çiçəyi solur. Və tacir bülbülü qəfəsdən buraxıb göydəmir ürgə ilə onun arxasınca düşür.
Bülbül bir meşəyə çataraq öz son nəğməsini oxuyub ölür.
"İndi birdən-birə o meşənin zümrüd yaşıllığı hər tərəfi bürüdü, amma bu zümrüd yaşıllığı içində sarı bülbül meşə nəğməsini oxumadı, elə hey əvvəlki nəğməsini, dərdli-ələmli nəğməsini oxudu".
Ölüm ayağında olan insan həyatda arzuladığı hər şeyə çatmışdı, ancaq faciəsi onda idi ki, onun arzu təsəvvürünün özü məhdud olmuşdu. Və "onun saz dinləməyə, Dədə Qorqud boylarına qulaq asmağa əməlli-başlı vaxtı olmamışdı, işlərindən macal tapmamışdı, amma bu axır məqamda da onu Dədə Qorqudun sözlərilə səslədilər; onu heç vaxt üzünü görmədiyi atası səslədi: "- Oğul, oğul, ay oğul! Qarşı yatan dağın yüksəyi, oğul! Güclü belim qüvvəti, canım, oğul! Qaranqulu gözlərim aydını, oğul!".
Və ömür bitir.
Elçin bütün yaradıcılığı boyu həm bilavasitə nağıllar yazıb, həm də onun istənilən janrda yazdığı əsərlərində, hətta irihəcmli əsərlərində - romanlarında, dramlarında da özünün aydın konturları: təhkiyə tərzi, obrazları, məcaz sistemi ilə diqqəti dərhal cəlb edən (ümumiyyətlə isə, yazıçının fərdi üslub tipologiyasının müəyyənləşməsinə əhəmiyyətli şəkildə təsir göstərən!) qandan-gendən gəlmə, sağlam və enerjili - törədici elə bir nağılçılıq ruhu var ki, bu ruh həmin mükəmməlikdə (və miqyasda) dünyanın hansı tək-tük qələm adamlarında olubsa, onlar, şəksiz-şübhəsiz, böyük ədəbiyyatın, məhdud "izm"lər içərisində boğulmayan ədəbiyyatın, milli və ümumbəşəri səviyyədə generativ-transformasiyon ədəbiyyatın yaradıcısına - müəllifinə çevriliblər. Və Elçinin fitri istedadı elə ilk qələm təcrübələrindən etibarən onu bu yolla aparır.
"Baladadaşın toy hamamı"nda yazıçı yenidən özünün (və artıq ümumən yeni ədəbiyyatın!) sevimli mövzu-obrazına müraciət edir ki, həmin mövzu-obraz, tamamilə təbiidir ki, əvvəl doğma Abşeron mənzərələrini, arxasınca isə eyni dərəcədə doğma, hətta həmin mənzərələrin, müəyyən mənada, bilavasitə tərkib hissəsi olan surətləri öz səciyyəvi tərəfləri, tipik xarakterlərilə yada salır: Çayçı Qəzənfər, Əmirqulu, Ələkbər, Gümüş Malik.
Elçin yaradıcılığının ən məhsuldar tədqiqatçılarından Tehran Əlişanoğlu yazır:
"Adətən, Elçinin hekayələrini biz "Abşeron hekayələri" kimi tanıyırıq, bəzən unudaraq ki, sayca Abşeron əhvalatları burada heç də üstünlük təşkil etmir. Bəlkə ona görə ki, yazıçının insan mifi bütün dolğunluğu və ecazı ilə məhz Abşeron qəhrəmanlarında təcəssümlənir. Ya bəlkə ona görə ki, Elçinin bütün hekayələrində bir Bakı havası, Abşeron nəfəsi var. Və hətta deyərdim, sanki Abşeron tablolarından gələn bu rəng qammasına - Abşeron günəşi, yağışı, buludu, küləkləri, Abşeron gecələrinin ilıqlığı və bütün bu kontekstdə qabaran sadə - sadəlövh insan qılığına o qədər aludə oluruq ki, bütünlüklə Elçin nəsrini həmin poeziya işığında təsəvvür və təfsir edirik.
Halbuki özgə Elçin də var, həm də elə ilk hekayələrindən var".
Əlbəttə, Elçinin yaradıcılıq, ideya- estetik maraq- mövzu dairəsi "Abşeron əhvalatları" ilə məhdudlaşmadığı kimi, "İnsan mifi", yaxud konsepsiyası da yalnız bu mühitin "sadə-sadəlövh" insanlarının daxili aləminin, həqiqətən, dərindən tədqiqinin yekunu olaraq meydana çıxmır. Yazıçının ideya- mövzu miqyası təsəvvür olunandan çox- çox genişdir.
Ancaq fakt faktlığında qalır ki, yüz ildən, min ildən sonra, Abşeron həyatının sözün geniş mənasında mənzərələri (qeyd edək ki, bu mənzərələr artıq xeyli dərəcədə tarixə çevrilmişdir) ilə kim maraqlansa, onları ən mükəmməl bakirəliyində məhz Elçinin əsərlərində tapacaqdır.
"Bir il idi ki, Baladadaş əsgərliyi çəkib qayıtmışdı kəndə və bir il idi ki, Baladadaş Abşeron yollarında 3 nömrəli tikinti idarəsinin təptəzə bir yük maşınını sürürdü".
Çayçı Qəzənfərin çayxanasında oturub çay içəndə Gümüş Malik Baladadaşla kobud danışır. Və Baladadaş bu kobudluğu, yekəxanalığı udmur.
"Çayçı Qəzənfər başa düşdü ki, işlər tamam xarab oldu.
Çayxananın camaatı heç cınqırını da çıxarmırdı.
Baladadaş ayağa qalxdı, əli ilə şalvarının dalını çırpdı və gəlib Gümüş Maliklə Ələkbərin qabağında dayandı və:
- O iyirmibeşliyi apar yapışdır oğraş kürəkənivün alnına, - dedi".
Gümüş Malik geri çəkilir:
"- Nolar, qədeş, sənin də mənə işün düşər!..
Baladadaş:
- Mənim sənün kimisinə işim düşməz, - dedi".
Hamı gözləyir ki, bu saat burada böyük bir dava olacaq, ancaq söhbət davasız bitir. Və məsələ burasında idi ki, düz altı gündən sonra Baladadaşın toyu idi. Gümüş Malikin yanında oturan bacanağı Ələkbər kənd hamamının müdiri idi və bu kəndin bütün evlənən cavanları toy hamamına Ələkbərin müdir olduğu bu bircə hamama gedirdi.
Kəndə xəbər yayılır ki, Ələkbərlə Gümüş Malik Baladadaşla ağızlaşdıqlarına görə, toy hamamı onun üzünə bağlı olacaq. Və təbii ki, böyük bir qırğın- dava gözlənilir.
Toy günü gəlib çıxır.
Baladadaş əlini atıb divardakı xalçanın üstündən asılmış qoşalüləni götürdü və qundağı döşüna sıxıb lüləsini Əzizağaya tuşladı:
- Düş qabağıma!
Sağdışı Əzizağanı qabağına salıb əli tüfəngli toy evindən çıxanda hamıya elə gəlir ki, Baladadaş hamamı onun üzünə bağlayan Ələkbəri öldürməyə gedir.
"Əmirqulu qabaqda Əzizağanı, dalca da əlitüfəngli Baladadaşı görəndə, kəndin cavanlarının, yeniyetmələrinin, uşaqlarının da bunların dalınca getdiyini görəndə durub o da düşdü bu dəstənin dalına, xəbər gəlib Ağabacıya çatanda arvad əli ilə üzünü cırıb "Vaxsey! - qışqırdı. - Evimiz dağıldı, - dedi. - Gedib öldürəcək o hamamçı Ələkbər oğraşı!"
Ancaq Baladaşın məqsədi tamam başqa imiş.
Və yazıçı hekayənin bu yerində, həqiqətən, ədəbi şedevr sayıla biləcək bir mənzərə təsvir edir:
"Qayalıqdan qumluğa düşən kimi Baladadaş əlindəki qoşalülənin qoşa gülləsini də havaya sıxdı və o son payız günü bu sahilin sakitliyi belə pozuldu, sonra Baladadaş tüfəngi bir tərəfə tullayıb qaça-qaça və qaça-qaça da soyuna-soyuna özünü dənizə vurdu və elə bil ki, ancaq bundan sonra məsələnin nə yerdə olduğunu başa düşüb Əzizağadan tutmuş bütün dəstə hamısı qışqır-bağır sala-sala, yüyürə-yüyürə, soyuna-soyuna lüt anadangəlmə olub dənizə atıldı və heç kim payızı vecinə almadı, dənizin bumbuz soyuğunu vecinə almadı və bu günəşli son payız günündə, yəqin ki, sahil boyu sakitcə üzüşən balıqlar da bu qəfil şappaşurupdan, bu qəfil hay-küydən, bu qəfil dəniz sevincindən ürküb birdən-birə elə bil dəli olmuş bu sahildən uzaqlaşdı".
Baladadaşın toy hamamı dəstəsi dənizdən qayıdanda yolunu Ələkbərin hamamı qarşısından salır.
"Baladadaş ayaq saxladı, hamı səsini kəsdi və Baladadaş bərkdən qışqırdı:
- Alə, Ələkbər! O sənün hamamın, o da sən! Mən dənizdə çimdim! Özü də mənim oğlum. - Əvvəlcə Baladadaş söz tapa bilmədi ki, sözünün dalını gətirsin, amma Baladadaş hiss elədi ki, bu yerdə nəsə yaxşı, lap əntiqə bir söz deməlidi. - Mənim oğlum - Baladadaş yenə bir söz tapa bilmədi. - Mənim oğlum - Tapdı Baladadaş. - Mənim oğlum dənizə oxşayacaq, day sənin o xosma hamamuva yox!"
Tehran Əlişanoğlu "Baladadaşın ilk məhəbbəti" ilə "Baladadaşın toy hamamı"nı müqayisə edərək yazır:
"Baladadaşın toy hamamı"ndakı qəhrəman poetik saflığını içində gizləmiş həminki Baladadaşdırmı? Deməzdim: onun, əlində ov tüfəngi, Cümüş Malik və hamamçı Ələkbər üzərində qələbəsi də, əslində, parodik qələbədir; parodiyanın hədəfi də qəhrəmanlardan çox, yalançı ənənəçiliyi əlində silah etmiş kənddir, cəmiyyətdir; qabağa qaçıb onu da deyə bilərik ki, bir azdan Qarabağ savaşında bu silah həmin cəmiyyətin karına gəlməyəcək".
Şübhə yoxdur ki, "Toy hamamı"ndakı Baladadaş artıq "İlk məhəbbət"dəki Baladadaş deyil: əsgərliyə gedib-gəlib, bir ildi "Abşeron yollarında 3 nömrəli tikinti idarəsinin təptəzə bir yük maşınını sürür", ailə qurmağa hazırlaşır. Və əslində, onun Gümüş Maliklə hamamçı Ələkbər üzərindəki "qələbə"sində də elə bir parodiklik yoxdur, çünki hamam burada təsadüfən (doğrudanmı, təsadüfən?) yaranmış bir münaqişəni lazımi ədəbi-bədii gərginlikdə "həll etmək" üçün məlum etnoqrafik şəraitə uyğun düşünülmüş maraqlı vasitədir. O ki qaldı tənqidçinin "qabağa qaçıb" söylədiyi fikrə, burada heç haqlı deyil, hər şeydən əvvəl ona görə ki, bu məsələnin o məsələyə dəxli yoxdur.
"Baladadaşın ilk məhəbbəti" kimi
"Baladadaşın toy hamamı" da müəllifə böyük
şöhrət gətirdi. Və təsadüfi deyildi ki, həmin hekayə
- "Baladadaşın toy hamamı"
1982-ci ildə SSRİ Yazıçılar
İtiifaqının və "Nedelya"
qəzetinin "İlin
ən yaxşı hekayəsi" mükafatına layiq görüldü.
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.-
2017.- 22 iyul.- S.6-7.