"Əkinçi"də şeir davası
Bu davada “Əkinçi” məğlub oldu
"Əkinçi" qəzetində H.Zərdabi ideyalarının ardıcıl davamçısı, onun mövqeyini müdafiə edən həmfikri, həmməsləki kimi ciddi maraq doğuran imzalardan biri də Əhsənül-Qəvaiddir. Qəzetin "Məktubat" bölməsində fəal çıxış edən, o dövrün ən aktual və gündəliyə gətirilməsi risk tələb edən məsələlərini qəzet səhifələrinə gətirən Əhsənül-Qəvaidin kimliyi barədə ikili fikir var. Seyid Əzim Şirvaninin üçcildlik əsərlərinin ilk tərtibçisi Süleyman Rüstəmov bu imzanı Əsgər ağa Goraninin istifadə etdiyi təxəllüs hesab edirdi. Feyzulla Qasımzadə isə "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" kitabının 1974-cü il nəşrində bir arxiv sənədinə - Əhsənül-Qəvaidin 1876-cı ildə Həsən bəy Zərdabiyə yazdığı məktuba əsaslanaraq yazırdı: "Bu məktubdan onun Həsən bəy Zərdabi ilə dost olub, çoxdan yazışdığı, əsli Gəncədən, adı Hacı Məhəmməd Sadiq olduğu və Rəştdə yaşayıb, oradan "Əkinçi"yə məqələlər göndərdiyi anlaşılır".
Əhsənül-Qəvaid də H.Zərdabi və N.Vəzirov kimi hələ öz varlığından tam xəbərdar olmayan millət qarşısında zəmanənin qoyduğu vəzifələrdən çıxış edərək bir maarifçi kimi diqqəti daha çox elm və təhsil məsələlərinə yönəltməyə çalışırdı. Onun "Əkinçi" qəzetinin 28 fevral 1876-cı il tarixli nömrəsində nəşr olunmuş yazısı, əslində, öz dövləti olmayan toplumda millət və dövlət şüurunun formalaşması probleminə həsr olunmuşdur. Əhsənül-Qəvaidin "milləti qardaşlıq" kimi istifadə etdiyi anlayış insanların milli maraqlar ətrafında birliyini ifadə edir. Müəllif Azərbaycandakı müsəlman toplumu arasında milli maraqların mövcud olmadığının, milləti təşkil edən ayrı-ayrı ictimai zümrələrin vahid maraqlar ətrafında birləşməməyinin səbəbini elmsizlikdə, cahillikdə görürdü. Başqa millətlərin tərəqqi tapmasına, bizim millətin və məmləkətin tənəzzül etməsinə səbəb axtaran Əhsənül-Qəvaid "elmdən başqa mə'muriyyət üçün bir səbəb və cəhldən savayı xarabalığa bir illət olmadığını..." göstərirdi. Elmsizliyin bir ucu isə gedib çıxırdı məktəbdə öyrənilən və öyrədilən şeirin, ədəbiyyatın üzərinə: "Çifayda bizim varlı, varsız, hər kəs öz haqqına razı olmamağına binaən bir-birinə inanmır. Belədə işlər yerdə qalır. Bunun illəti odur ki, bizim müəllimlər tüfuliyyətdə elmi-ədəb, elmi-süluk, elmi-xəvas, əşyayi-pəndiyyat və hikməti-qəvaid ilə tərbiyət etməyib, kitabi-Hafiz, Sədi, Leyli-Məcnun, Yusif-Züleyxa və hətta Qaani oxudub elmi-kəmal əvəzinə eşqbazlıq, cürəkeşlik, həzliyyat elmləri örgədirlər". Buradakı ifadələri sadələşdirsək, müəllifi müsəlmanlara uşaq vaxtı məktəbdə dünyəvi və ictimai biliklər əvəzinə eşqbazlıq, cürəkeşlik, lağlağı söyləmək kimi keyfiyyətlər aşılanması narahat edirdi. Əhsənül-Qəvaid yazının sonunda vəziyyətdən çıxış yolu da təklif etmişdi. Göstərirdi ki, uşaqlara ziyanlı kitablar oxutmaq əvəzinə, ədəb elmini öyrədən kitablar yazıb tədris etməyə ehtiyac vardır. "Ziyanlı kitabların" içində isə Şərq divan ədəbiyyatının klassik nümunələri də nəzərdə tutulurdu.
Əhsənül-Qəvaid "Əkinçi"nin növbəti - 15 mart 1876-cı il tarixli nömrəsində yenidən millətin tərəqqisi mövzusunun üzərinə qayıtmışdı. Onun qəzetdə dərc olunan məktubu kamala yetişməyə həsr edilmiş, bunun üçün ağıl yolunun, elm körpüsünün və doğruluğun əsas şərtlər olduğu vurğulanmışdır. Elmli adamın sözünün, mənalı kəlmənin cəvahirdən qiymətli olduğunu göstərərək, bu barədə Azərbaycan dilində bir rübai vermiş, rübaidən sonra isə özünün nəzm və şeir haqqında mülahizələrini irəli sürmüşdü. Müəllif kəlamdakı şeiri xörəkdəki duza oxşadır, bihudə və batil sözlərin yer aldığı şeirlərin çap olunub uşaqların əlinə düşməsinə isə kəskin etiraz edirdi. "Hər laübali adamın pər-puç sözləri bir-birinə toxuyub birini mədh, birini həcv, şərab və əmrədləri (bığ yeri hələ tərləməmiş oğlan uşaqlarını - M.O.) vəsf etməsini" kəskin tənqid edirdi və bu cür insanların kamal sahibləri olmadıqlarını, şeytana xidmət edib, xalqı yoldan çıxardıqlarını göstərirdi. Onun fikrincə, bu cür insanlar şeir yazmaq əvəzinə, bez toxumaqla, yaxud yamaqçılıq etməklə cəmiyyətə daha artıq fayda verə bilərdilər.
Əhsənül-Qəvaid məqalədə millət üçün iki növ hakimə ehtiyac olduğunu yazırdı: biri fiziki yaşayışa, maddi aləmə lazım olan əməllərə rövnəq və sərəncam versin; digəri isə axirət həyatına lazım olan əməllərə nizam versin.
O,
insanların kamala yetmələri, cəmiyyətin cahillikdən
qurtulması üçün insanın ağlını elmə
sərf etməyi məsləhət görürdü. Əhsənül-Qəvaid
istər ayrı-ayrı fərdlərin, istərsə də cəmiyyətin
və millətin həyatında dini elmlərlə (elmi-ədyan)
müqayisədə dünyəvi elmlərin (elmi-əbdan)
rolunun daha üstün olduğunu iddia edirdi və bu ideya Həsən
bəy Zərdabidən gəlirdi...
Cənab ağa, cəddin fədası olum...
Bu yazı nəşr olunandan altı həftə sonra - "Əkinçi"nin 28 aprel 1876-cı il tarixli nömrəsində, yenə "Məktubat" bölməsində "Şüərayi-ərbəeyi-Şirvan" ("Şirvanın dörd şairi") imzası ilə "Cəvabi-Əhsənül-Qəvaid" başlığı altında qəzəbli bir yazı dərc olundu. Əhsənül-Qəvaidin sonradan bu məktuba "Cənab Ağa, cəddin fədası olum" müraciəti ilə verdiyi cavaba əsasən, ehtimal etmək mümkündür ki, "Şirvanın dörd şairinə" başçılıq edən görkəmli maarifpərvər şair Seyid Əzim Şirvani idi (S.Ə.Şirvaninin başqa bir əsəri - "Qarabağlı Nalan təxəllüslü şairə" başlıqlı mənzum məktubu, eləcə də Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı tarixi materialları"nda Seyid Əzimə həsr etdiyi oçerk bu ehtimalı tam təsdiqləyir).
Məktub sərt ifadələrlə başlamışdı, müəlliflər Əhsənül-Qəvaidi şairlərin məlahətli şeirlərindəki gözəlliyi və lətafəti dərk etməməkdə, zövqsüzlükdə qınayır: - "Görünür, şüəranın şərab mədhi və şahidü səfa damağınıza dəyibdir", - deyə ona rişxənd edirdilər.
Daha sonra isə Əhsənül-Qəvaidin fikirlərinin təkzibi başlayırdı. Eşqbazlıq, gözəllik, şərab haqqında Şərqin Şeyx Bəhayi, Əbu Əli Sina, Şeyx Sədi, Hafiz Şirazi kimi böyük mütəfəkkirlərindən farsca iqtibaslar gətirilir, Əmirəlmöminin - Həzrət Əlinin ərəbcə bir həcvinə istinad edilirdi. Şirvan şairləri Əhsənül-Qəvaidin fikirlərini təkzib etmək üçün onun sözlərindən məntiqi nəticə çıxarıb iddia edirdilər ki, Əhəsnül-Qəvaid şərabı və gözəli tərənnüm edən bu böyük insanların mərifət və kamal sahibi olmadıqları, xalqı yoldan azdırdıqları fikrindədir: "Pəs sizin fərmayişatınızdan məlum olur ki, bu büzürgüvarlar ki, biri şərabı və biri şahidi vəsf edibdilər, nəuzübillah bunlar cümlə bimərifət və bikamal kimsənələrdir ki, nə üçün biri şərab və biri şahid vəsfini edibdirlər və xəlyaqi gumrah edib zəlalətə salırlar".
Şirvan şairlərinin məktubundakı maraqlı məqamlardan biri də şərabın və gözəl oğlan uşaqlarının vəsfi ilə bağlı Qurandan gətirilən iqtibaslardır. Onlar şərabın və gözəl oğlan uşaqlarının vəsfini Allahın buyruğu kimi qələmə verirdilər. Bu mülahizəyə əsaslanıb, Əhsənül-Qəvaidə məsləhət görürdülər ki, gərək öz etirazını şairlərə deyil, Allaha etsin: "Əzizim, pəs gərək siz bu diqqəti və bu nüktəgirliyi xudavəndi-aləmə edəydiz ki, o da şərab vəsfin və şahid vəsfin Quranda bəyan edibdir. Şərab vəsfində buyurublar: Ənharün min xəmrin ləzzətün lişşaribin (İçənlərin ləzzət alması üçün çaxır çayları yaratdım).
Və əmaridi-vildan xüsusunda buyururlar: vildani-müxəllədun (üzünə tük gəlməmiş oğlan uşağı)".
Məktubun sonunda Əhsənül-Qəvaidə onun barəsində həcv yazılacağı ilə hədə-qorxu gəlinmişdi...
Azərbaycan ədəbiyyatşünaslığında divan ədəbiyyatı ilə bağlı üzərindən sükutla keçilən bir məqama aydınlıq gətirməyi zəruri hesab edirik. Əhsənül-Qəvaidə ünvanlanmış məktubda cidd-cəhdlə Allah kəlamı kimi təqdim edilən "əmaridi-vildan" məsələsi, əslində, divan şeirində uşaqbazlığın təbliği ilə bağlı idi və Əhsənül-Qəvaidin kəskin tənqid etdiyi, qarşısının alınmasını istədiyi də elə bu idi. Dinin əsasları barədə kifayət qədər məlumatlı olan Əhsənül-Qəvaid Şirvan şairlərinə cavab yazısında Qurandakı "əmaridi-vildan"ın şeirə heç bir aidiyyəti olmadığını qeyd edirdi: "Ənvari-xəmr ya vildani-müxəlləd ki, Qurani-məciddə zikr olub, o ayatın şüəranın şeirinə şəbahəti yoxdur, onun ziddidir".
Onu da deyək ki, bu mövzu sonradan "Molla Nəsrəddin" jurnalının daim diqqətdə saxladığı ciddi ictimai problemlərdən biri oldu.
Divan ədəbiyyatında uşaqbazlığın təhriki yalnız Azərbaycan və ya Şirvan şairləri ilə bağlı lokal hadisə olmayıb, müəyyən ictimai və tarixi səbəblərlə bağlı olan geniş yayılmış bir mərəz idi. "Kadını toplum yaşayışından uzaklaştıran anlayış divan şiirinde de etkisini gösterir. Divan şairi kadını ve kadın sevgisini küçümser, bunun sonucu olarak da kadına karşı duyulan sevginin anlatılmasından, giderek kadınla cinsel ilişkilerin konu edinilmesinden kaçınır. Peygamberleri bile hileyle kandıran kadına inanıp güvenmemek gerektiğini söyler. Bu anlayış onu kadınlarla hiç ilişki kurmamayı, evlenmemeyi öğütlemeye kadar götürür. Böyle olunca da kadın aşkı yerine eşcinsel ilişkilerle temellenen bir aşkın geçirilmesi doğaldır. Divanlardaki hammamiyye'lerde hamamlarda rastlanan güzel delikanlılar betimlenir, onlara duyulan cinsel istek şiirleştirilir. Kimi şairlerse sözünü ettikleri delikanlı sevgililerinin adlarını anmaktan da çekinmezler". İqtibas Konur Ertopun "Türk edebiyatında seks"kitabından götürülmüşdür. Bax: https://www.turkedebiyati.org/turk-edebiyatinda-cinsellik.html
Daş dəyəndə güzgü sınar...
Əhsənül-Qəvaidin Şirvan şairlərinin onu həcvlə təhdid etmələri ilə bağlı cavabında XX əsrin əvvəllərində yaranan ədəbiyyat və publisistika ilə səsləşmə olduğunu görürük. O, Şeyid Əzim Şirvaniyə müraciətlə yazmışdı: "Məni həcvi-şüəradan qorxutmuşduz. Mən ayinə kimiyəm, hər kəs məndə öz camalın görər və bir də kəlam şəxsin ətri və buyidir, gülün ətri öz lətafətin və mütəəffin şeyin buyi öz xəbasətin zahir edir". ("Əkinçi" qəzeti, 13 may 1876)
Əhsənül-Qəvaidin bu qeydi aradan təxminən 30 il keçəndən sonra proqram səciyyəli iki yazıda: Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalının manifesti kimi yazdığı "Tiflis, 7 aprel" məqaləsində və Mirzə Ələkbər Sabirin məşhur "Nə yazım?" şeirində əks-səda verəcək və həmin yazılar Azərbaycan ədəbiyyatında yeni perspektiv müəyyənləşdirəcəkdi. Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin"in oxucu ilə ünsiyyətini bu müddəa üzərində qurmuşdu: "Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqətlə baxınız camalınıza". ("Molla Nəsrəddin", 7 aprel 1906).
Mirzə Ələkbər Sabir isə öz şeirini yaxşılığı və pisliyi, aydınlığı və qaranlığı, əyrini və düzü əks etdirən ayna kimi təqdim etmişdi:
Şairəm, çünki vəzifəm budur əşar yazım,
Gördüyüm nikü bədi eyləyim izhar, yazım,
Günü parlaq, günüzü ağ, gecəni tar yazım,
Pisi pis, əyrini əyri, düzü həmvar yazım,
Niyə bəs boylə bərəldirsən, a qare gözünü?
Yoxsa bu ayinədə əyri görürsən özünü?!
Şeyid Əzim Şirvaninin mövqeyi bu üç müəllifin mövqeyi ilə əkslik təşkil edir. Onun ayinə məsələsinə münasibəti həm şairin sözün ictimai funksiyasına yanaşmasını, həm də yaradıcılığının estetik sistemini şərh etmək baxımından çox maraqlıdır. O, Əhsənül-Qəvaidin "mən ayinə kimiyəm, hər kəs bu ayinədə öz camalın görər" fikrinə "Qarabağlı Nalan təxəllüs şairə" müraciətlə yazdığı mənzum məktubda rişxənd edərək bildirirdi ki, şairlər daşdır, daş dəyəndə güzgü sınır:
Ey özün ayinə sanan rüsva,
Bunu da bil ki, səngdir şüəra;
Ehtiyat eylə, ey günü qarə,
Ayinə səngdən olur
parə.
Bilmirəm səndə bu nə halətdir,
Şüərayə bu nə
ədavətdir?
Əslində, başqa adama
ünvanlanmış olsa da, həcmi 100 beytdən artıq olan
bu mənzum məktub Əhsənül-Qəvaid barədə
həcvdir. S.Ə.Şirvanini narahat edən məsələ
Əhsənül-Qəvaidin "şairlər silkini"
gümrah - yolundan azmış göstərməsi idi. S.Ə.Şirvaninin fikrincə, Əhsənül-Qəvaid
şeiri məzəmmət etmək üçün Quranı
dəlil gətirsə də, onun istinad etdiyi ayə
bütün şairlərə aid deyil. Bunun
ardınca S.Ə.Şirvani cidd-cəhdlə Qurandan, hədislərdən
və imamlar haqqında rəvayətlərdən iqtibaslar gətirərək
İslam dininin "batil olmayan" şairlərə rəğbətini
əsaslandırırdı. S.Ə.Şirvani şairləri
əhli-beytin - Məhəmməd peyğəmbərin ailəsinin
məddahları adlandıraraq onların şərəfli
iş gördüklərini vurğulayır, şərabın
şeirdə rəmzi məna daşıdığını,
meyxanə deyəndə cənnət bağının nəzərdə
tutulduğunu, orada şahi-Mərdanın -
Həzrət Əlinin saqi olduğunu qeyd edirdi.
İllət nə olub ki, bizim millət,
məmləkət tənəzzül etməkdədir?
"Şairlərlə ədavət"
məsələsində Əhsənül-Qəvaid
"Əkinçi"də çap etdirdiyi cavab
yazısında öz məqsədini açıqlayaraq
bildirmişdi ki, onun şairlərlə və digər sənət
sahibləri ilə heç bir ədavəti yoxdur. Məqsədi başqa millətlərin
tərəqqisinin və bizim millətin tənəzzülünün
səbəblərini axtarmaqdır: "Mənim şüəra
ilə ədavətim ya sair nas ilə xüsumətim yoxdur. Mətləbimiz
əsasi-məmuriyyətə bais olan səbəbləri və
ona eyib yetirən illətləri bəyan etməkdir ki, aya cəhət
nə olmuş ola ki, miləli-digər bu qədər
tərəqqi tapıb, millət, məmləkətləri məmur
olub və illət nə olub ki, bizim millət, məmləkət
tənəzzül etməkdədir".
("Əkinçi" qəzeti, 13 may 1876)
Yaradıcılığında,
xüsusən 1870-ci illəri əhatə edən maarifçi əsərlərində
dinlər və insanlar arasında birliyi təbliğ edən,
hamını eyni Allahın bəndələri sayan, bu birliyi
pozmaq istəyənlərə sərt münasibət göstərən
Seyid Əzim bu şeirində Əhsənül-Qəvaidin
Avropanın tərəqqi etdiyi, qabağa getdiyi barədə
qeydlərinə böyük qısqanclıqla
yanaşırdı.
Şeirdə Əhsənül-Qəvaid
"əhli-Yevropanı" öz millətimizdən yüksək
tutduğu iddia edilir, haqqında təhqiramiz ifadələr
işlədilirdi.
İndi ki, var məhəbbətin
küfrə,
Sən də onlar kimi
döşə süfrə.
Sən də gey çəkmə,
başuva qoy saç,
Salgilən rəğbət
ilə boynuva xaç.
Yerə çökmə, ayağun
üstə i...ə,
Yayda iç pivə, romu saxla
qışa.
Dəxi bundan sora yuma
g...ü,
Gərçi səhvən kəsiblə
sünnətüvi.
Eyləmə qüsl, getmə həmmamə,
Başuva şapqa qoy, nə əmmamə.
Hər urusə çatanda ver
çasti:
"Mayo
paçtenye,-söylə-izrasti!"
Məscidə getmə, gir kəlisayə,
Söylə Allahın
oğlu İsayə.
Seyid Əzimin müsəlmanlarla
avropalılar arasında apardığı bu müqayisələr
və üstünlük verdiyi "milli keyfiyyətlər"
"Molla Nəsrəddin" jurnalının, yaxud Mirzə
Ələkbər Sabir satiralarındakı avam tiplərin
mülahizələrindən heç də qabağa getmir:
"Ölsə də verməm riza şapka qoya
başına..."
Onu da deyək ki, bu yazışma ilə
bağlı böyük ziyalımız, peşəkar ədəbiyyatşünaslığın
yaradıcılarından olan Firidun bəy Köçərli
"Azərbaycan ədəbiyyatı tarixi materialları"nın Seyid Əzim Şirvaniyə həsr
olunmuş bölümündə geniş araşdırma
apararaq Seyid Əzimin Əhsənül-Qəvaidə
münasibətini haqsız hesab etmişdir. F.Köçərli
bunu Seyid Əzimin şair təbiəti, xarakterinin
çılğınlığı ilə
bağlayırdı. F.Köçərlinin
araşdrımasından o da aydın olur ki,
"Şirvanın dörd şairinin" məktubundan əvvəl
Seyid Əzim Əhsənül-Qəvaid haqqında həcv
yazıb, H.Zərdabiyə göndərmiş, lakin Həsən
bəy bu həcvin çapından imtina etmişdir...
İki ideoloji cərəyanın
bünövrəsi
"Əkinçi"də şeir
mövzusunda yazışmalara diqqətlə nəzər
salanda bir cəhət də gözdən yayınmır: istər
Əhsənül-Qəvaidin, istərsə də Şirvan
şairlərinin "Əkinçi"də nəşr
edilmiş yazılarının dili, məsələn, Həsən
bəy Zərdabinin, yaxud Nəcəf bəy Vəzirovun,
Əsgər ağa Goraninin dili ilə müqayisədə
çox qəliz və ağırdır. Bunu ayrı-ayrı
adamların savadının və ya təhsilinin səviyyəsi
ilə bağlı təsadüfi hadisə kimi qiymətləndirmək
istəməzdik.
İlk milli qəzetimizdə yeni
formalaşmaqda olan Azərbaycan mətbuat dilinin iki istiqamətinin
rüşeymlərini görürük: bir istiqamət -
sonradan Cəlil Məmmədquluzadənin funksional sərhədlərini
dəqiqləşdirdiyi "türkün açıq ana
dilində" - xalq danışıq dilində yazmaq təmayülünün
təməlini təşkil edir; digər istiqamət isə
"Füyuzat" jurnalının dilə
yanaşmasının bünövrəsini nişan verir. "Əkinçi"də bu məsələ hələ
konsepsiya səviyyəsinə gəlməmişdi, hadisələr
öz təbii axarında davam edirdi, hər kəs dillə
bağlı məsələyə öz mövqeyindən
yanaşırdı. XX əsrin əvvəllərində
bu iki tendensiya iki aparıcı ideoloji cərəyana
çevrildi. Azərbaycançılıq
və türkçülük ideologiyalarının
daşıyıcıları olan dilin bir-birindən fərqlənən
iki müxtəlif səviyyəsi müəyyənləşdi.
"Əkinçi"də bunlar hələ
bir-birinin içindədir. Bu bir yana,
bəzi hallarda isə Osmanlıya münasibətdə ona
qarşı müharibə aparan Rusiya imperiyasına sədaqət
nümayiş etdirilirdi.
Bir xüsusiyyəti də
istisna edə bilmərik ki, o dövrün ziyalıları
özlərini nəzmlə daha yaxşı ifadə edirdilər. Məsələn, Əhsənül-Qəvaidin:
Hikmətin kəlməsinin
qiymətini gər bilələr.
Min ilin gövhəridir, hər
birinin qiyməti var.
Sözlərin canına lütf ilə
əgər fikr edələr,
Hər sözün bir canı yox, bəlkə
onun min canı var
("Əkinçi" qəzeti, 15
may 1876) dördlüyünün dili publisistik
yazılarının dilindən qat-qat sadədir. Eyni mənzərəni Seyid Əzim Şirvaninin nəzm
və nəsrlə qələmə aldığı
yazılarda da görürük. Seyid
Əzimin, eləcə də "Əkinçi" qəzetində
şeirlərini çap etdirmiş digər şairlərin nəzm
dili klassik divan ədəbiyyatı ənənələrindən
gəlir. Nəzmin publisistikaya, qəzet
dilinə uyğunlaşdırılması meylinin olduğu
müşahidə edilsə də, dil özünün klassik
məcrasından kənara çıxa bilmir. Bunu Seyid Əzimin "Rəbiül-ətfal"
kitabında uşaqlar üçün yazdığı əsərlərdə
də görürük. Kitabın
yazılmasının məqsədi ilə bu məqsədi
yerinə yetirəcək, sözü ünvanına
çatdıracaq poetik sistem bir-birini tamamlamır, hətta bəzən
ziddiyyət təşkil edir.
Sülh şəraitində
məğlubiyyət
"Əkinçi"nin şeir davasında maraqlı, eyni zamanda
paradoksal görünən bir fakt da var. Lap
başlanğıcdan ədəbiyyatda həcvə
qarşı müharibə elan edən qəzetdə 1877-ci ildə
iki həcv nəşr edilmişdir: bunlardan biri Seyid Əzim
Şirvaniyə aiddir və nə qədər qəribə də
olsa, həmin yazıda Əhsənül-Qəvaidin mövqeyi
müdafiə edilir...
Qəzetin 4 yanvar 1877-ci il tarixli nömrəsində Əhsənül-Qəvaidin
ictimai fikirdə böyük qalmaqal yaratmış növbəti
yazısı dərc olunmuşdu. Yazıda məhərrəmlik
təziyəsi zamanı baş yarmaq adəti tənqid
edilmişdi və müəllifin iddiasına görə, dinlə,
şəriətlə hər hansı əlaqəsi olmayan bu
adət ilk dəfə Qarabağda yaranmışdı. Yazı Mirzə Fətəli Axundzadə də daxil
olmaqla o dövrün maarifpərvər ziyalıları tərəfindən
rəğbətlə qarşılanmışdı. Bununla belə, bəzi mühafizəkar
düşüncəli insanlar bu yazıya görə qəzeti
və yazı müəllifini məhşər ayağına
çəkirdilər, qəzetin ünvanına təhqir dolu məktublar
göndərilirdi. "Bir şəxs bizim qəzetin əvvəlinci
nömrəsində əqrəba miyanında olan kəbin
xüsusunda yazılan mətləbin və Əhsənül-Qəvaid
baş çapmaq üstə yazdığı sözlərin
barəsində bir kağız yazıb, məxfi göndərib,
bizə bietiqad, biədəb, biidrak, bielm deyib, bir vərəqin
üstə olmayan sözlər yazıb deyir: əgər mərdsən,
bunu basdır".
("Əkinçi", 17 fevral 1877)
Qaragüruhçu qüvvələrin
qəzetə ünvanlandığı yazılar arasında həcvlər
xüsusi yer tuturdu. "Bizə
Badkubə poştuna salınan məxfi kağız göndərən
kəs indi bizi həcv edib, onu Qarabağ poştuna salıb
göndərib. Adına
Hadiyül-Müzillin Qarabaği deyir. Çünki
bir ləqəb ilə insanı tanımaq olmaz, ona binaən cənaba
məlum edirik ki, özünün və atasının
adını və sakin olduğu yeri yazıb məlum eləməsə,
bizdə ol həcvi çap etməyə ixtiyar yoxdur".
("Əkinçi", 17 mart 1876)
Həsən bəyin
reaksiyasından belə görünür ki, o bu cür
yazılara çox həssaslıqla yanaşırdı. Milləti qəflət
yuxusundan ayıltmaq üçün bütün
varlığı ilə çalışan bir insanın
ünvanına göndərilən həcvlər istər-istəməz
onda psixoloji gərginlik, ruh düşkünlüyü
yaradırdı: "Fikrim budur ki, bizim Zərdab kəndində
Qarabağın sərhədində bir daş qoydurub onun
üstündə zikr olan həcvi tamam qazdırım ki, gələcəkdə
bizim övladlar o yadigara baxıb bilsinlər ki, mən bu zəhmət
ilə milləti-islamı qəflətdən ayıltmaq istəyən
vaxtda necə nadanlara rast gəlmişəm!" (Həsən bəy Zərdabi. Seçilmiş
əsərləri, Bakı: 1960, səh. 19)
Əhsənül-Qəvaidin
yazısı ilə bağlı xüsusi canfəşanlıq
göstərənlərin önündə Qarabağdan Hadi təxəllüslü
şair gəlirdi. O, Əhsənül-Qəvaidi təkzib etmək üçün "Əkinçi"yə məxfi məktubla yanaşı, ədəb
sərhədlərini keçən həcv də göndərmişdi:
"Qarabağdan yazırlar ki, ağköynək barəsində
bizim qəzetdə yazılan sözlərdən ötrü bəzi
avamlar bizi həcv edib, hətta istəyirlər imiş bizdən
ərizə versinlər ki, guya ol sözlər məzhəbə
dəyən sözlərdir. Əgər bu xəbər
doğru isə, Hadiyül-Müzillin həqiqət
qarabağlı isə, Qarabağın anlayan kəslərinə
ərz olunur ki, gözünüz aydın olsun".
("Əkinçi", 31 mart 1877)
Göründüyü kimi,
"Əkinçi" elan etdiyi şeir davasında şairləri
həcv yazmaqdan daşındıra bilmədiyi bir yana, özü də həcvin hədəfinə
və qurbanına çevrilir. Aramsız təzyiqlərdən
sonra Həsən bəy Zərdabi öz prinsiplərinin və
"Əkinçi" qəzeti üçün müəyyənləşdirdiyi
etik xəttin əleyhinə gedərək Seyid Əzim
Şirvaninin Hadiyə ünvanlandığı həcvi nəşr
etmək məcburiyyətində qalır. (Məncə,
o ehtimal da yersiz sayılmamalıdır ki, bu həcv Həsən
bəy Zərdabinin arzusu və ya sifarişi ilə
yazılmışdır). Bu, XIX əsr Azərbaycan ictimai
və mədəni reallığının obyektiv mənzərəsini
əks etdirən və kədər doğuran bir
illüstrasiya kimi qəbul edilməlidir: cəmi 300 abunəçisi,
bir əlin barmaqlarının sayından artıq olmayan mütərəqqi
yazarları olan bir qəzetlə ictimai fikri hərəkətə
gətirmək, ictimai psixologiyanı dəyişmək
çox çətin idi. İctimai psixologiyanın dəyişməyi
bir yana, bu psixologiya ona əks
çıxan, onu dəyişdirmək iddiasında olan
insanları da öz uçurumunun qaşına çəkirdi.
XIX əsrin tipik həcvlərindən olan şeir "Məktubi-mənzum"
- "Mənzum məktub" sərlövhəsi ilə nəşr
edilmişdi və bu bəndlərlə başlayırdı:
Ey olan hadiyi-ərbabi-zəlalət
Hadi,
Ey Müzillini edən həqqə
hidayət Hadi.
Eylədin sən ki, bu mehdiliyə adət,
Hadi,
Elə bəs aləmə təbliği-risalət,
Hadi!
Leyk peyğəmbər olan həcv eləməz
ümmətini,
Kişi lazımdı çəkə
ümmətinin qeyrətini,
Gərçi həcv eyləyənin
yoxdu kəsən sünnətini,
Sənə bu həcv nə
fərz oldu, nə sünnət, Hadi.
Müraciət tərzindən,
leksikasının natarazlığından da
göründüyü kimi, bu yazı, əslində,
"Əkinçi"nin və
"Əkinçi" müəlliflərinin mübarizə
apardıqları zehniyyətin ifadəsidir. Ondan
hər hansı maarifləndirici keyfiyyətlər ummaq da
artıqdır. Müəllif bu şeirlə,
sadəcə, ömrünü və düşüncəsini
maarifə, yeniləşməyə həsr edən
insanları müdafiə edirdi, özü də, belə demək
caizsə, qarşı tərəfin silahı ilə. Bu
silahın hədəfi isə "Əkinçi"nin idealları idi...
Bundan əvvəl qeyd etdiyimiz kimi, həcvlə
bağlı maraqlı cəhətlərdən biri də
burada Əhsənül-Qəvaidin mövqeyinin müdafiə
olunması, qaldırdığı ictimai problemlə
bağlı onunla həmrəyliyin nümayiş etdirilməsi
idi:
"Əhsənül-Qaidənin"
sahibi, yaxud özü bəg,
Yazmış idi nə rəva
xəlq olur ağköynək?
Sən, oba aşrı, əzizim, nəyə
lazım hürmək,
Nə üçün eylədin
izhari-ədavət, Hadi?!
Bu, sadəcə, Seyid Əzimin
mövqe dəyişikliyi deyildi, həm də divan şeirinin
funksional poetik sistem kimi öz dövrünü başa
vurduğunun bir göstəricisi idi: həcv, istər
"Əkinçi" üçün, istərsə də
fərqli mövqe sahibi üçün kimisə
"vurmaq" lazım gələndə işə
yarayırdı. Bu, cəmiyyətlə dialoq
qurmaqdan, cəmiyyətə təsir göstərməkdən
daha çox, fərdlə fərd arasında münasibətləri
aydınlaşdırmağa xidmət edirdi. Millət kimi yeni dəyərləri dərk etməli
olan bir toplumda cəmiyyətlə dialoq qurub, millətin
ağırlığını daşıya biləcək
sözə çox böyük ehtiyac var idi.
Həsən bəy ona həcv
yazanlara qarşı həcvdən istifadə etmək təcrübəsini
ziyalı ədası ilə "kompensasiya" etdi. - Hadinin Seyid Əzim
Şirvaniyə ünvanlandığı həcv qəzetin 9
iyun 1877-ci il tarixli nömrəsində
"Məktubat" bölməsində nəşr olundu:
Ey bizi həcv qılan
şairi-dövrani-Əzim,
Seyyidü sərvərü sərdari-süxəndani-Əzim,
Dəhri-gülzari ara
bülbüli-xoşxani-Əzim,
Əzizim, iki gözüm, cəddinə
qurban, Əzim!
* * *
İlk milli qəzetimiz olan
"Əkinçi"nin o dövrün ədəbi prosesindəki
rolu ilə bağlı
qeydlərimizdən belə nəticə əldə
edə bilərik ki, "Əkinçi"nin şeir
davasının məğlubiyyətə uğraması XIX əsr
Azərbaycan poetik fikrinin ibrətamiz bir
illüstrasiyasıdır. Zaman dəyişdikcə
şeirin poetik sistemi, düşüncə və
düşüncənin ifadə tərzi də dəyişmək
məcburiyyətində idi. Lakin dünyada sənaye
inqilabının baş verdiyi XIX əsrin sonlarına doğru
ənənəvi divan şeirinin dəyişmək
gücü "Əkinçi"dəki şeirlərin
yaranmasına, qəzetin mövqeyini müdafiə edən mənzum
müraciətlərə, "Rəbiül-ətfal" hekayələrinə
- "Gülüstan"ın, "Zinətül-məcalis"in
"milliləşdirilməsinə" ancaq çatdı...
Millətin işinə
yarayan şeirin yaranması üçün əvvəlcə
ənənəvi poeziyanı astar üzünə, parodiya
vasitəsinə çevirmək lazım olacaqdı. Bu tarixi vəzifənin
öhdəsindən gəlmək isə Seyid Əzimin
şagirdi Mirzə Ələkbər Sabirin üstünə
düşdü...
Məti Osmanoğlu
Ədəbiyyat
qəzeti.- 2017.- 22 iyul.- S.22-23.