"Dayday" və Liviyada şimal
küləyi
"Keqebeşnik
dayday"
Uzaq səksəninci illərin əvvəllərində bir müddət Qəzzafi Liviyasında mütərcim işləmişəm. O zaman başıma gələn maraqlı macəraların bir qismindən mətbuatımızda yazmışam ("Çujoy sredi svoix, svoy sredi çujix" və yaxud sovetlərin mənə verdiyi "tsenniy podarok").
Həmin xatiratda Liviya əks-kəşfiyyatının həbs etdiyi dostlarımın azad edilməsində iştirakım, prosesin maraqlı ayrıntıları və sovetlərin fəaliyyətimə verdiyi qiymətə dair zarafatyana əhvalatlar da yer alır.
Bir daha xatırladım ki, həmin dövrdə "Atomenerqoeksport" Birliyinin Liviyada baş ofisində çalışırdım. Və əhvalatların qəhrəmanlarından biri sovet KQB-sinin bizimlə çalışan əməkdaşı B.Kotelnikov idi. Bakıdan olan tərcüməçi uşaqlar öz aralarında ondan söz salanda söhbətin kimdən getdiyi bilinməsin deyə "dayday" deyirdilər. İndi düşünürəm bakılıların təbirincə işlətdiyimiz bu təbəssüm doğuran "dayday" sözünün zarafat çaları həm də o zamanlar artıq barəsində lətifələr danışılan sovet rəhbəri Brejnevə, onun sisteminə münasibətdə rişxəndli ovqatla da bağlı olmamış deyildi. Zarafat bir yana, bu "dayday" təkcə bizi, Azərbaycandan olan ərəbşünasları deyil, elə digərlərini də boğaza yığmışdı. Hamını izləyir, hamı haqqında məlumat toplayır, bir sözlə, sovet təhlükəsizlik xidmətinin köhnədən qalma işçisinə xas vərdişlərini ahıl cağında da sürdürməyə xeyli həvəsli görünürdü… Amma bu da var ki, o, öz işində ikən, biz də öz işimizdə idik - sorğuya tutduqlarının əksəriyyəti çalışırdı kimlərinsə nüfuzuna, işinə xələl gətirməyən məlumatlarla onun başını qatsınlar. Və bu da həyatın qanunudur ki, satqınlarsız keçinmək olmur…
Tikinti və kommersiya işlərinə cavabdeh rəhbərlik fəaliyyətimi yüksək dəyərləndirirdi. Liviyada haqqımda yaranan rəy Moskvadakı müvafiq rəhbər strukturlarda xoş qarşılanırdı. Rəy də belə idi ki, xasiyyətcə xeyli qəliz liviyalılarla mənim iştirakımla keçən təmasların həm müsbət nəticəsi, həm perspektivi olur. Bir dəfə işlədiyim ofisdə baş mühasibin yerli şəraitə adekvat olmayan iş üslubu ucbatından vacib maliyyə sənədləri it-bata düşmüşdü, "Atomenerqoeksport" liviyalıların audit xidməti tərəfindən yüksək məbləğdə cərimələnməli idi və "Atomenerqoeksport"u bu aqibətdən şəxsi münasibətlərimə görə xilas etmişdim. Rəhbərlik məəttəl qalmışdı. İş o yerə çatmışdı ki, Sovet-Liviya hökumətlərarası danışıqlara Moskvadan gələn tərcüməçini deyil, sıravi bir tərcüməçi olsam da, məni cəlb etmişdilər. Tripoliyə ezam edilən iki rus rəssamı - Andrey Kuznetsov (Rusiya Federasiyasının əməkdar incəsənət xadimi, dövlət mükafatı lauretı, SSRİ Nazirlər Soveti mükafatının laureatı) və Anatoliy Sadçikov məndən xahiş etmişdilər işdən kənar vaxtımda poza verim portretimi işləsinlər. Birinci yağlı boya ilə, ikinci isə karandaşla portretimi çəkdi.
Və bütün bunlar "dayday"ın şahidliyi ilə baş verdiyinə görə mənimlə başqalarına nisbətən məsafəli davranırdı. Onu da hiss edirdi ki, ən müxtəlif iş bəhanələri ilə onunla təmaslardan boyun qaçırır, yaxamı ələ vermirdim, necə deyərlər, demə, "dayday" da qayğılanırmış ki, necə ola bilər axı, bu 25 yaşlı növcavan həm rəhbərliyin nəzərində yaxşı olsun, həm sıravi işçilərlə isti münasibət saxlasın, həm də hörmətli qalaraq özünü keqebedən kənar şax tutub "kef eləsin".
"Dayday"ın
əməliyyatı pozulur
Bir gün mənə yaxınlaşır ki, bəs bir əməliyyat var, sən mütləq iştirak etməlisən. Soruşuram "xarici əməliyyatdır, yəni vətən naminədir, Sovet-Liviya münasibətlərinə dair ciddi məsələdir?" Bic-bic baxır, özündənrazılıqla üzünə təbəssüm qonduraraq deyir "xarici əməliyyatı boş ver getsin, başqa işdir". İzah edir ki, mənimlə işləyən Anatoli haqqında əməliyyat məlumatı daxil olub. "Deyirlər, bizimlə əlaqələndirici qismində çalışan liviyalıdan qızıl üzük istəyib. Bu, rüşvətdir. Həmin ərəb sabah ertədən sovet iqtisadi əlaqələr komitəsinin Tripolidəki ofisinə gələcək. Onunla söhbət edərsən, yanında kadrlar şöbəsinin əməkdaşı da olacaq. Qızıl üzük məsələsini təsdiq edib-etmədiyini sonra mənə danışarsan" - bunu söyləyəndə amiranə tonu da sezdirməyə çalışır.
Anatoli kommersiya şöbəsinin əməkdaşıdır, hər gün təmasda olduğum bu şəxslə çox yaxın münasibətlərimiz yaranıb. Rüşvət məsələsini tam istisna edirəm. Əvvəla, mənəviyyatlı və təcrübəli şəxsdir, səlahiyyət sahibi də deyil ki, hansısa məsələni həll etsin - kommersiya şöbəsinin sıravi əməkdaşı kimi sadəcə, rəhbərliyin tapşırıqlarını yerinə yetirməklə məşğuldur. İkincisi, həmin o əlaqələndirici liviyalı çox nadir hallarda bizim ofisdə görünür, gələndə də təlimata görə yalnız kadrlar şöbəsinin işçiləri ilə görüşür. Görəsən, onu nə yollasa çaşdırıb oyuna qatmayıblar ki?.. Özü də əməlli-başlı savadsızın biri. Bəlkə kimsə Anatolini ləkələyib yerinə öz adamını gətirmək istəyir? Xaricdə işləmək, xarici valyuta ilə yüksək maaş almaq qapalı bir ölkədə yaşayan çoxlarının arzusu idi... Fikirləşirəm Anatoli heç nədən bunların güdazına getsə, karyerası ilə birdəfəlik üzülüşməli olacaq və üstəgəl mənim də bunda iştirakım olsa, di gəl ömrün boyu vicdan əzabından qurtul görüm, necə qurtulursan...
"Dayday"a müxtəlif bəhanələr gətirirəm ki, məndən əl çəksin. Sabah xeyli yüklü olacağımdan, yazı işlərimin bolluğundan danışıram; bir-iki sözün tərcüməsi elə də çətin şey deyil, başqa kimi istəyirsə bu işə cəlb edə bilər və s. Əl çəkmək fikri yoxdur. Məcbur qalıb insani hisslərinə toxunmaq istəyirəm, deyirəm "Tolya ilə yaxın dostam, bu işi bacarmayacağam". Qır-saqqız olub yapışır yaxamdan ki, yox, elə məhz mən getməliyəm. Əlbəttə, başa düşürəm, bu zalımın məqsədi təkcə Anatoli ilə məsələni aydınlaşdırmaq deyil, belə olsaydı, nə çox başqa tərcüməçi. İstəyir, fürsət düşmüşkən, məni də sındırılmışların siyahısına salsın. "Rəhbərlikdə də bilirlər bunu, sabah saat 9-da maşın səni gözləyəcək, gedərsən, nəticəni sonra səninlə müzakirə edərik. Özün haqqında da fikirləş" - deyib aralanır. Sonuncu ifadəni xüsusi vurğu ilə söyləyir.
Bütün gecəni məni fikir götürür ki, əgər həmin ərəb Anatoli ilə bağlı qızıl üzükdən söz salsa, zavallının həyatı alt-üst olacaq. Həmin ərəblə söhbətdən mənim prinsipial imtinam vəziyyəti dəyişməyəcək. Belədə söhbəti onsuz da bir başqası aparmalı olacaq. Və mənim vicdan əzabından xilasolma perspektivimdə o da var ki, gələcəkdə xaricə səfərlərimə əngəllər yaranacaq və bu əngəlləri "dayday"ın "xeyir-duası" ilə keqebe yaradacaq hökmən. Tolyanın, necə deyərlər, "kitabı" isə hər iki halda bağlanır. Elə bu əzablı fikirirlər içində özlüyümdə qərar verirəm "dayday"ın əməliyyatını necə olursa gərək pozum…
Səhər ertədən maşın məni sovet iqtisadi əlaqələr komitəsinin Tripolidəki ofisinə gətirir. "Dayday"ın mənə qoşduğu əməkdaşın kabinetində əlaqələndirici liviyalını gözləyirik. Saat 10-na qalıb, o da 10-da gəlməlidir. Hər şeyi öz-özlüyümdə ciddiyyətlə, əslində isə sadəlövhcəsinə planlaşdırmışam. Ya həmin ərəbi imkan olsa dəhlizdə qarşılayıb deməliyəm qızıl üzük barədə ağzını yumsun, artıq-əskik danışmasın, ya da birbaşa kabinetə girəcəyi təqdirdə hal-əhval tuta-tuta sözarası astadan deyəcəyəm "o şeyin adını tutma". Nəzərə almışam ki, "dayday"ın tapşırığı ilə söhbətdə iştirak edəcək əməkdaş ərəbcəni bilməsə də, "üzük" sözünün ərəbcəsini hər ehtimala qarşı əvvəlcədən öyrənmiş olar.
10-na beş dəqiqə qalmış otaqdan çıxıram. Əməkdaş niyə çıxdığımı soruşur. Ayaqyoluna getdiyimi deyirəm. Dəhlizdə o baş-bu başa var-gəl edəndən sonra ayaqyoluna girib bir-iki dəqiqə qalandan sonra qayıdıram həmin otağa. Həyəcanlıyam. Bu zalım harada qaldı? Fikrim o ərəbdə, həyəcanımı da gizlətmək üçün gözlərimi dikmişəm qarşımdakı masanın üstündəki qəzet parçasına, guya çox maraqlı nəyi isə diqqətlə oxuyuram. Hövsələsizəm. Bayaq dəhlizdə enli bir stolun üstündə yan-yana düzülü qəzet dəstlərini görmüşəm. Yenə də qalxıb kabineti tərk edirəm, həmin qəzet dəstlərindən birini götürüb vərəqləyirəm. Bir gözüm də dəhlizin qapı olan başında. Baxıram həmin əməkdaş şübhəli-şübhəli mənə yaxınlaşır ayırd etsin ki, bu dar macalda nə həşirdir bu adam otaqdan tez-tez çıxır və içəridə də, dəhlizdə də qəzet oxuyur. Özümü o yerə qoymayıb deyirəm "bax burada bir yazı var, gərək mütləq tərcümə edib göndərim Moskva qəzetlərinin birinə çap etsinlər…" Maraqlanmır nə yazıdır, heç nə demir, dönüb gedir, mən də az sonra arxasınca daxil oluram kabinetinə. Saat 10-dan on-on beş dəqiqə keçib. "Kaş gəlməyəydi" deyə ürəyimdə dua edirəm. Əməkdaşa da deyirəm "sizin liviyalı əlaqələndiriciniz gələsi olmadı deyəsən."
Elə bu vaxt otağa "Atomenerqoeksport"un Liviyada kommersiya işləri üzrə müdiri Vladimir Fokin daxil olur, məni görüb deyir Liviya tərəfi ilə olduqca vacib bir məsələni həll etmək lazımdır. Rəsmən tabeçiliyində olduğumuz şəxsdir. Münasibətlərimiz normaldır, xasiyyətcə mülayim, düşüncə etibarilə azad şəxsdir. Onun qəfil gəlişi və bir məsələnin dalınca mənimlə getmək istəyini dərhal o mənada fürsət kimi dəyərləndirirəm ki, bu kommersiya müdirini ən fərqli bəhanələrlə 5-10 dəqiqə bayırda yubada da bilərəm. Bu müddətdə həmin ərəb gəlsə, onu küçədə qarşılayıb sözümü deyəcəkdim. Mənsiz də onu başqa tərcüməçi vasitəsilə dindirəcəkdiər. Kabinetdəki əməkdaş da Fokinlə danışığımızı eşidir. Qalxıram, həmin əməkdaşa deyirəm B.Kotelnikova çatdırsın ki, vacib dövlət işi ilə əlaqədar Fokinlə gedəsi oldum. Bir söz demir. Fokinlə bayıra çıxanda ona təklif edirəm işimiz tələsik deyilsə, üzbəüz səkidəki kafedə dondurma yeyib gedərdik. Razılaşır. Oradan məlum ofisin qapılarını aşkar görürəm. Və artıq məndə əminlik yaranıb ki, həmin o əlaqələndirici liviyalı nəzərdə tutulan görüşə gəlməyəcək.
Günortadan xeyli keçib, işlərimizi görüb geri qayıtmışıq. "Atomenerqoeksport"un ofisindəyik. Öz otağıma gəlirəm. "Dayday" içəri girib məni kabinetinə çağırır. Qapını arxadan örtüb hirslə deyir "deməli, məqsədinə çatdın, əməliyyatı pozdun, eləmi?" Hiss edirəm ki, bu səhər onun mənə qoşduğu əməkdaş da haqqımda olan şübhələri, liviyalını gözləyərkən özümü necə apardığımı təfərrüatı ilə ona danışıb. Ona görə əməliyyatı qəsdən pozduğuma qəti bir əminliyi var… Hətta kommersiya müdiri Fokindən də şübhəlidir, onunla haralara getdiyimi də qəzəbli bir təkidlə soruşur. İçim sakitdir, üstümdən elə bil ağır yük götürülüb. "Dayday"ın əsəbiləşməsindən də rahatlıq tapıram, "yaxşı oldu, sənə bu da azdır" - deyə düşünürəm. Özünə də deyirəm barəmdə xüsusi bir yoxlamanı həyata keçirib əməliyyatı məhz mənim pozub-pozmadığımı şəxsən müəyyənləşdirə bilər. Madam peşəkar çekist kimi agenturası olmamış deyil, qoy bundan istifadə edib hər şeyin necə baş verdiyini aşkarlasın. Pərt-pərt deyir mümkün olan hər şeyi edəcək.
Əməliyyatın isə necə pozulmağından həqiqətən də xəbərim yox. Səbəbi heç maraqlandırmır da. İstədiyim baş verib. Tolyanın da üstündən şübhələr götürülüb, işinə davam edir. "Dayday" isə bir tərəfdən əlimdən dəmir çeynəyir, digər yandan rəhbərliyin haqqımda xoş sözlərini eşitmək zorundadır...
Heydər
Əliyevə arxalanan
gənc azərbaycanlı
mütərcim
Bu arada Bakıya bir aylıq məzuniyyətə
gəlmişəm. 1981-ci
ilin may, yaxud iyun ayıdır. Qasım Qasımzadə yazıçıların
Şüvəlan yaradıcılıq evində Heydər
Əliyevlə görüşündən mənə xeyli
söhbət açır. Onun gözəl
natiqliyindən, "Nə olar, qonşularımız kimi millət
yolunda siz də bir yol cızığınızdan
çıxın, uzaqbaşı bir partiya töhməti
alarsınız, sonra da bu töhməti üstünüzdən
silərik gedər" - deyə Azərbaycan
yazıçılarını "milli qeyrətə"
çağırışlarından söhbət salır.
Heydər Əliyevlə şəxsi söhbətlərindən
bəzi epizodları da mənə xatırladır. Azərbaycanın rayonlarına onu səfərləri
zamanı müşayiət edərkən aralarında bir
neçə dəfə maraqlı söhbətləri
olmuşdu və bu söhbətlərin başlıca
mövzusu millət məsələsi imiş. Yüksək
partiya və dövlət postunu tutan rəhbərlə bu təmaslarından
Qasım müəllim o dərəcədə təsirlənmişdi
ki, mənə deyirdi "Heydər Əliyevi qorumaq
lazımdır, Moskvada bizi gözügötürməyən
o qədər adam var ki..." Şüvəlan yaradıcılıq evində Heydər
Əliyevin yazıçılarımıza müraciətlə
"Cənubi Azərbaycanda soydaşlarımızın
milli-azadlıq mübarizəsinə dəstək
üçün biz də üzərimizə düşən
işi görməli, cənublu qardaşlarımızı
lazımi ədəbiyyatla təmin etməliyik" sözləri
də, açığı, onun şəxsiyyətinə məndə
dərin rəğbət oyatmışdı. Rəğbətimin
üstünə rəğbət gətirən az müddət sonra Liviyaya
qayıtdığımda Qasım müəllimdən
aldığım məktub idi. Yazırdı: "…Buradakı
hadisə və yenilik Yazıçılar
İttifaqının qurultayı oldu. Təəssüf
ki, açılışında iştirak edə bilmədim.
İkinci gün çıxışlar
maraqlı keçdi. Məruzələr o
qədər də sanballı deyilmiş. Elçininkini
tərifləyirlər. Mənim də bir
neçə dəfə adımı çəkibmiş
(müsbət mənada). Sənin adın
da ərəbcədən yeganə tərcüməçi
kimi məruzəyə düşüb, təbrik edirəm.
Gərək bu etimadı doğruldasan. İkinci gün Heydər Əliyev bütün
günü, gecə seçki qurtaranadək qurultaydan getmədi.
Kaş onun çox böyük müdrikliklə
dediyi sözləri, replikaları eşidəydin. Dedi ki,
millətin, xalqın mənafeyi yolunda yazıçılar,
xüsusən adlı-sanlı sənətkarlar gərək fədakarlıq
göstərsinlər. Füzulinin qəbrinin İraqda
sökülüb sümüklərinin bir küncə
yığılması ilə əlaqədar çox qəzəbli
danışdı, dedi ki, orda-burda millətdən
danışırsınız, ancaq işə gələndə
fəaliyyət göztərmirsiniz (Q.Qasımzadə məktubunun
bu yerində H.Əliyevin müraciət etdiyi bir neçə
xalq şairi və yazıçısının adını
çəkir - N.Q.). Hamıda böyük ruh
yüksəkliyi yarandı. Başqa vacib mətləblərdən
də ehtirasla danışdı…"
Məzuniyyətdən Liviyaya qayıtdığım
gün H.Əliyevə dair Bakıda eşitdiklərimi mənimlə
çalışan azərbaycanlı tərcüməçilərə
danışıram. Tərcüməçilərdən biri
mənim kurs yoldaşım A. idi. Atası,
sonralar özü də DTK zabiti olan A. hazırda təqaüddədir.
Mən H.Əliyevlə bağlı xoş təəssüratlarımı,
o isə özü ilə H.Əliyevin portretini gətiribmiş
Liviyaya. Ondan həmin portreti alıb surətini
çıxardıram. Belə qərarlaşırıq
ki, tərcüməçilərin mənim də əyləşdiyim
otağında stolumun başı üstündə həmin
portreti divara vuraq. Uşaqlara deyirəm,
"dayday" da qoy öz payını götürsün,
bizi arxasız bilib yeri gəldi-gəlmədi ilişməsin
bizə.
H.Əliyevin portretini vururam ofisdəki
otağımızın divarına. Otağa
girib-çıxanlar portretə baxıb bir söz demirlər,
ancaq fərqindəyəm ki, bu qədər politbüro
üzvləri arasında yalnız onun şəklinin
otağımızda olmasını milli təəssübkeşlik
kimi dəyərləndirməyə də bilməzlər.
Otağımıza ara-sıra baş çəkən
"dayday" da portreti narazı-narazı süzür, amma
heç nə demir. Uşaqlara göz vururam ki,
baxın "dayday"ı belə oturdarlar yerində. Nə deyə bilər, hünəridir politbüro
üzvlüyünə namizədin şəklinə etiraz
etsin.
Bir neçə gün keçir. Bir səhər
işə gələndə görürük portret yerində
deyil, çıxarıblar. Olsun. Surəti ki, var, təzəsini vurarıq. Yenə çıxarırlar. Yenə
də vururuq, yenə də gizlicə çıxarırlar.
Bilirik ki, "dayday"ın işidir. Məsləhət görürəm H.Əliyevə
qısqanmasınlar deyə onun portretinin yanında Brejnevinkini
də vuraq, bəlkə belədə sakitləşələr,
portretə toxunmazlar. Edirik və ertəsi
gün də qarşılaşdığımız bu olur ki,
H.Əliyevin portretini çıxarıblar, Brejnevin portreti isə
yerindədir. Uşaqlar zarafatla deyirlər
"duxun var sən də Brejnevin portretini çıxar".
Deyirəm, narahat olmasınlar, Brejnevin portretini divara
mismarlamayıblar, skoçla vurublar, mane olmayaq, bir müddətdən
sonra özü düşəcək... İradəmizi
dolayısı ilə olsa da, ifadə edə bildik, bu qədər
də kifayət edər fikri ilə özümüzə təskinlik
verirəm.
…"Dayday" da ki, əleyhimizə kompromat
toplamağındadır. Bir səhər işə gecikmişəm.
Tapşırıqların öhdəsindən yaxşı gəlirəm
deyə irad tutan da
yox. Günorta fasiləsindən sonra
deyirlər Oleq Davıdov gəlib Moskvadan, səninlə
görüşmək istəyir. Oleq Dmitriyeviç o
zaman "Atomenerqoeksport"un rəhbərlərindən
biri idi. Sonralar Yeltsinin hakimiyyəti dövründə
Rusiyanın Xarici iqtisadi əlaqələr naziri işlədi...
Görüşürük. İşə nə səbəbə
gecikdiyimi soruşur. Hiss edirəm, soruşmağında
bir ciddilik yox, bilirəm, mənə qarşı çox rəğbətlidir,
haqqımda hər zaman xoş danışan da odur. Amma təəccüb qalıram nə əcəb
ondan, məni qınayırmış kimi sorğuya tutub?!
İzah edirəm ki, yuxuya qalmışam,
axşam işdən sonra karate məşqlərim olub,
yorğun yatmışam və s. Karate söhbəti
marağına səbəb olur. Soruşur
karatedən məqsədim nədir. Deyirəm
"karate ilə məşğul oluram ki, yeri gələndə
kiməsə qarşı istifadə edə bilim". "Axı kimə qarşı? Ümid
edirəm özümüzünkülərə qarşı
olmaz, yadların əleyhinə olar" - deyib
gülümsünür. Mən də "yox elə
özümüzünkülərin də əleyhinə olar,
işə gecikməyimi kim sizə
satıbsa, konkret olaraq ona yaxşı bir karate zərbəsi
endirərdim". İstəyir üzünə
ciddi ifadə versin, alınmır. Yenə
də təbəssümlə deyir, "görürəm
çox ərköyünsən, sizdə
yazıçılar uşaqlarını belə ərköyün
böyüdürlər? Kimə belə
arxalanırsan?" Cavabım
hazırdır, hərbiçi təriqi ilə. "Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan
KP MK-nın 1-ci katibi Heydər Əliyeviçə" - deyirəm.
Məni mənalı-mənalı süzüb
mövzunu dəyişir. Aydındır ki, məqsədi
heç də məni danlamaq yox, vacib bir iş
üçün danışıqları müzakirə etmək
imiş. Bir daha başa düşürəm ki,
Davıdovun da gözündən məni salmaq istəyi
"dayday"dan gəlir.
"Dayday" pərt olur
Davıdovla maşına elə təzəcə minirik
ki, "dayday" ona yaxınlaşıb bizimlə getmək
istədiyini deyir, Tripolidə filan ünvana
çatdırmağımızı xahiş edir. Yolboyu
üçümüz də sakit oturmuşuq. Sükutu
"dayday" pozub Davıdova şikayətlənir ki,
işçilərin arasında xeyli adam
var "Amerikanın səsi" radiosuna qulaq asır.
Davıdov da "dayday"ı pərt edib deyir: "Axı
harada, hansı sənəddə yazılıb ki,
"Amerikanın səsi"ni dinləmək yasaqdır? Çalışın adamlarımızı
boş-boş şeylərin üstündə pisikdirməyəsiniz,
bu adamları istedadlarına görə seçib uzaq vətəndən
buraya göndərmişik, onlar da milyonlarla valyuta
qazandırırlar hökumətə, siz isə belə
iradlarınızla ümumi işimizə mane olursunuz."
"Dayday" susur, mən də ləzzətlə
düşünürəm "nə yaxşı, bir qolu da
"dayday"ın qapısından Davıdov keçirdi,
özü də mənim səssiz azarkeşliyimlə".
Sonralar müstəqillik illərində
O.Davıdov Rusiya demokratlarının tərkibində hökumətdə
nazir postuna təyin ediləndə onun hələ
çox-çox öncə başqalarına nisbətən
xeyli azaddüşüncəli bir şəxs olduğunu və
həmin epizodu xatırlamışdım.
... Liviyada iki illik müqavilə müddətimin bitməyinə
təxminən 2 ay qalıb. Bir gün
"dayday" məni kabinetinə dəvət edir. Kefi əməlli-başlı kökdür. Deyir "eşitmişəm, dostun İ. (azərbaycanlı
mütərcimlərdən biri) sovetlərdən gətirdiyi
fotoaparatını bir ərəbə satıb.
Özün də yaxşı bilirsən, xaricdə işləyənlərin
fəaliyyətinə dair təlimata zidd hərəkət edənin
cəzası var. İ. söhbətin bizimkilər arasında
yayıldığını bilən kimi səndən
xahiş edib öz fotoaparatını ona verəsən ki,
sorğulansa, yalandan desin elə bir şey olmayıb, səninkini
göstərib yaxasını ələ verməsin ki,
baxın, bu da mənim fotoaparatım".
Fikirləşmədən dərhal deyirəm
"boş söhbətdir". "Dayday"
şaqqanaq çəkir. Sonra irişə-irişə
deyir "əzizim mənim, sən ciddi oğlansan,
danmağın yeri yoxdur, bir işdir də olub-keçib, səndən
sadə bir şey xahiş edəcəm, özü də
işimizin deyil, dostluğumuzun xatirinə, sən də
xahişimi yerinə yetirəcəksən, hər şey
yaxşı olacaq, darıxma". Xahişinin nədən
ibarət olduğunu soruşuram. Xasiyyətimi
bildiyi üçün əvvəl deyir "narahat olma, şəxsən
İ.-nin əleyhinə səndən ifadə vermək tələb
olunmur". Sonra da əlavə edir "sadəcə,
bir kağız parçasına yazacaqsan ki, mənim
fotoaparatımın nömrəsi filandır, vəssəlam!"
İ.-nin Azərbaycanda xatirəsi əziz tutlan mərhum
atasından söz salıram, deyirəm belə bir hörmətli
ailənin övladıdır, fotoaparatını da, bildiyimə
görə, satıb-eləməyib, nə isə başqa bir
şeylə dəyiş-düyüş eləyib, bu xırda
məsələdən ötrü onu cəzalandırmaq da ədalətdən
deyil. "Yox, cəzasını mütləq çəkməlidir,
qoy bundan sonra ömrü boyu sovet rublu ilə yaşasın,
valyuta üzünə həsrət qalsın" - deyir.
İ.-ni "nevıezdnoy", yəni xaricə
buraxılmayanların siyahısına saldırmaq fikri var
"dayday"ın. "Axı nəyə görə"
sualıma da cavab verir ki, bu gün bir əşyasını
xarici vətəndaşa satan sabah ölkəsinə
də xəyanət edər. O zamanlar sovet ölkəsinə
"xəyanət edənlər" də əsasən
SSRİ-dən qaçıb Qərbdə sığınacaq
tapanlar olurdu. Deyirəm "xahiş edirəm məhz
bu məsələdə ünvanı qarışıq salmayasınız.
Bizimkilər (azərbaycanlıları nəzərdə
tuturam) ailələrinə çox bağlı olurlar, elə
bu bağlılıq yetər ki, ölkəsini qoyub başqa
yerdə həyat axtarmasınlar. İ.-lə filankəsi
lütfən bir tutmayın!". "Dayday"
möhkəm tutulur.
İndi həmin o filankəsin adı yadımdan
çıxıb. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsinin şöbə müdirinin bizimlə
çalışan, ixtisasca fizik olan oğlu idi, həyat
yoldaşı və körpəsi ilə atom mərkəzinə
bir illik ezamiyyətə gəlmişdi. Bir
neçə həftə əvvəl müqaviləsi bitdiyinə
görə ailəsi ilə Tripolidən Moskvaya
uçurmuş. Biletlərini qəsdən
Vyana üzərindən tranzit sərnişin kimi
alıbmış. Təyyarə Vyanada enən
kimi aeroportda dərhal polis məntəqəsinə gedib Qərbdən
siyasi sığınacaq istədiklərini bəyan ediblərmiş.
Atası Moskvanın Vnukova aeroportunda hökumət
avtomobili ilə Vyanadan enən həmin təyyarənin
trapınadək gəlibmiş. Elə
oradaca oğlunun siyasi sığınacaqla bağlı Qərb
dövlətlərindən birinə (gərək ki, ABŞ
olsun, çünki əvvəllər orada bir müddət təcrübə
keçibmiş) müraciət etdiyi xəbərini ona çatdırıbmışlar,
yüksək vəzifəli zavallı ata bu xəbərdən
sarsılaraq oradaca ürəyini tutub
yıxılıbmış. Sonra da təbii ki, öz ərizəsi
ilə vəzifəsindən gedibmiş...
"Dayday"
pərtliyindən bilmir nə cavab versin, zəif yerindən yapışımışam deyəsən. Əlavə
edirəm ki, "necə olur, belə bir xəyanətkar
gözünüzdən yayına bilir, İ. kimi saf
oğlanı gözümçıxdıya
salırsınız". Birdən
"İ.-ni də sizinkilərdən biri satıb" - deyərək
düz gözümün içinə baxır. Doğru deyir, razılaşıram. Və
çuğulçunun kimliyini də dəqiq bilirəm... Xatırlayıram İ. məndən fotoaparat istəyi
ilə yanıma gələndə soruşmuşdum ki, mənə
bu xahişlə müraciət edəcəyini kiməsə
demişdimi. Azərbaycanlı tərcüməçilərdən
birinin adını çəkmişdi. Onu buna görə
qınasam da, sözünü, əlbəttə, yerə sala
bilməzdim... İndi "dayday" da donosçunun milli
kimliyinə işarə vurmaqla məni pərt etmək istəyir,
həm də az əvvəl ona dediyimin
acığını çıxır. Nə isə... "Dayday"a deyirəm "yəqin sizin İ.-dən
başqa da hədəfiniz var və yəqin o da mənəm.
Ona görə, arxayın olun, heç bir
kağız-filan yazan deyiləm". Karyeramla risk etdiyimi
hirslə xatırladır. Məni də,
açığı, qəzəb bürüyüb, hirslə
"tüpürüm belə karyeraya" deyib otaqdan
çıxıram.
Məni vətənə Şimal
küləyi yola salır
…Vətənə
qayıtmağıma lap az - cəmi bir ay
qalıb. Bir gün A. gəlib deyir "dayday"la
yeyib-içirmiş və "dayday" dəm olan kimi
şaqqanaq çəkərək söyləyibmiş "Nəriman
da yekə oğlandır, bir eşşək nədir ki, onu
minə bilmədi". "Nə məsələdir?"
- deyə A. məndən soruşur. Yerimdə quruyub qalıram. Şoka
düşmüşəm. Deməli, təxminən
altı ay əvvəlin əhvalatıdır. Liviyada
istirahət günü olan bir cümədə Aralıq dənizi
sahilinə yaxın ərazidə yaşadığım yeri təkbaşıma
tərk edib payi-piyada üz tutmuşdum səhraya,
yorğunluğum-filan canımdan çıxsın deyə tənhalıqda
bir az vaxt keçirmək istəyirdim. Qarşıma çıxan portağal bağında
dincəlmiş, portağallardan yeyə-yeyə uzaqlıqda
görünən başqa yaşıllıqlara doğru yol
alıb getmişdim. Yolda qabağıma
qoyun-keçi sürüsü çıxmışdı,
yerli çobanla hal-əhval tutub söhbətləşmişdim.
Sonra yoluma davam edərkən bir eşşək
görmüş və çox istəmişdim bu eşşəyə
yaxınlaşıb minim, bir az
sürüm, kefim açılsın. Eşşəyə
yaxınlaşdıqca məndən qaçmışdı.
Başa düşmüşdüm ki, minə
bilməyəcəyəm, əziyyət çəkməyə
dəyməz. Qum üstə bir az da
dincəlib gəldiyim yolla geriyə dönmüşdüm. İndi məlum olur, demə, "dayday" məni
hətta istirahət vaxtı da qarabaqara izlətdirirmiş.
Özü də elə bir yerdə ki, arxanca
kimin gəldiyini lap uzaq məsafədən görmək
olardı. Bunu o necə edib, kəsdirə
bilmirəm, məəttəl qalmışam. A-ya bunu
danışıram, o da dəhşətə gəlir: bu qədər
çalışasan, səni rəhbərlik bu qədər tərifləyə
və sən bu qədər etibarsız olasan ki, hər
addımını izləsinlər.
... Bir-iki həftə sonra müqavilə müddətim
bitir. İdarəmizin kommersiya rəhbərliyi
xahiş edir razılıq verim müqaviləmi uzatsınlar.
Razılaşmıram, deyirəm "qismət
olsa, gələcəkdə yenə sizinlə əməkdaşlıq
edərəm". Əslində
yorulmuşam, Bakı həsrətilə geriyə
dönüşümə qalmış günlərimi
sayıram. Onda mənə deyirlər
"razısansa, qoy bizdən də sənə
gördüyün işlərə mükafat olsun, partiyaya
daxil olman üçün zəmanət verək. Bilməmiş olmazsan, xaricdə verilən belə zəmanətin
tarixi dəyəri də var". Minnətdarlığımı
bildirirəm.
…Getməyimə
bir-iki gün qalıb, zəmanətdən xəbər yox. Məlum olur ki, zəmanət yazılıb, zəmanətin
təsdiqinə "dayday" keqebe vasitəsilə qətiyyətlə
maneçilik göstərir. Yanına gedib
məsələnin nə yerdə olduğunu soruşuram.
Deyir, "əzizim mənim, məsələ
burasındadır ki, sənə münasibət heç də
birmənalı deyil…"
"Dayday"la söhbətimin nəticəsini bir neçə ay öncə onun uğursuz əməliyyatına tuş gəlmiş Anatoliyə danışıram. Soruşur "görəsən haradan əsir bu soyuq küləklər?" Acı bir təbəssümlə çiynimi çəkirəm. Ürəyimdən keçsə də, Anatoli ilə dostluğumuzun xatirinə deyə də bilmirəm ki, bu soyuq küləklər Şimaldan əsir...
Nəriman
QASIMOĞLU
Ədəbiyyat qəzeti.- 2017.- 15
iyul.- S.22-23.