"Dayday" və Liviyada şimal küləyi

 

"Keqebeşnik dayday"

 

Uzaq səksəninci illərin əvvəllərində bir müddət Qəzzafi Liviyasında mütərcim işləmişəm. O zaman başıma gələn maraqlı macəraların bir qismindən mətbuatımızda yazmışam ("Çujoy sredi svoix, svoy sredi çujix" və yaxud sovetlərin mənə verdiyi "tsenniy podarok").

Həmin xatiratda Liviya əks-kəşfiyyatının həbs etdiyi dostlarımın azad edilməsində iştirakım, prosesin maraqlı ayrıntıları və sovetlərin fəaliyyətimə verdiyi qiymətə dair zarafatyana əhvalatlar da yer alır.

Bir daha xatırladım ki, həmin dövrdə "Atomenerqoeksport" Birliyinin Liviyada baş ofisində çalışırdım. Və əhvalatların qəhrəmanlarından biri sovet KQB-sinin bizimlə çalışan əməkdaşı B.Kotelnikov idi. Bakıdan olan tərcüməçi uşaqlar öz aralarında ondan söz salanda söhbətin kimdən getdiyi bilinməsin deyə "dayday" deyirdilər. İndi düşünürəm bakılıların təbirincə işlətdiyimiz bu təbəssüm doğuran "dayday" sözünün zarafat çaları həm də o zamanlar artıq barəsində lətifələr danışılan sovet rəhbəri Brejnevə, onun sisteminə münasibətdə rişxəndli ovqatla da bağlı olmamış deyildi. Zarafat bir yana, bu  "dayday" təkcə bizi, Azərbaycandan olan ərəbşünasları deyil, elə digərlərini də boğaza yığmışdı. Hamını izləyir, hamı haqqında məlumat toplayır, bir sözlə, sovet təhlükəsizlik xidmətinin köhnədən qalma işçisinə xas vərdişlərini ahıl cağında da sürdürməyə xeyli həvəsli görünürdü… Amma bu da var ki, o, öz işində ikən, biz də öz işimizdə idik - sorğuya tutduqlarının əksəriyyəti çalışırdı kimlərinsə nüfuzuna, işinə xələl gətirməyən məlumatlarla onun başını qatsınlar. Və bu da həyatın qanunudur ki, satqınlarsız keçinmək olmur…

Tikinti və kommersiya işlərinə cavabdeh rəhbərlik fəaliyyətimi yüksək dəyərləndirirdi. Liviyada haqqımda yaranan rəy Moskvadakı müvafiq rəhbər strukturlarda xoş qarşılanırdı. Rəy də belə idi ki, xasiyyətcə xeyli qəliz liviyalılarla mənim iştirakımla keçən təmasların həm müsbət nəticəsi, həm perspektivi olur. Bir dəfə işlədiyim ofisdə baş mühasibin yerli şəraitə adekvat olmayan iş üslubu ucbatından vacib maliyyə sənədləri it-bata düşmüşdü, "Atomenerqoeksport" liviyalıların audit xidməti tərəfindən yüksək məbləğdə cərimələnməli idi və "Atomenerqoeksport"u bu aqibətdən şəxsi münasibətlərimə görə xilas etmişdim. Rəhbərlik məəttəl qalmışdı. İş o yerə çatmışdı ki, Sovet-Liviya hökumətlərarası danışıqlara Moskvadan gələn tərcüməçini deyil, sıravi bir tərcüməçi olsam da, məni cəlb etmişdilər. Tripoliyə ezam edilən iki rus rəssamı - Andrey Kuznetsov (Rusiya Federasiyasının əməkdar incəsənət xadimi, dövlət mükafatı lauretı, SSRİ Nazirlər Soveti mükafatının laureatı) və Anatoliy Sadçikov məndən xahiş etmişdilər işdən kənar vaxtımda poza verim portretimi işləsinlər. Birinci yağlı boya ilə, ikinci isə karandaşla portretimi çəkdi.

Və bütün bunlar "dayday"ın şahidliyi ilə baş verdiyinə görə mənimlə başqalarına nisbətən məsafəli davranırdı. Onu da hiss edirdi ki, ən müxtəlif iş bəhanələri ilə onunla təmaslardan boyun qaçırır, yaxamı ələ vermirdim, necə deyərlər, demə, "dayday" da qayğılanırmış ki, necə ola bilər axı, bu 25 yaşlı növcavan həm rəhbərliyin nəzərində yaxşı olsun, həm sıravi işçilərlə isti münasibət saxlasın, həm də hörmətli qalaraq özünü keqebedən kənar şax tutub "kef eləsin".

 

"Dayday"ın əməliyyatı pozulur

 

Bir gün mənə yaxınlaşır ki, bəs bir əməliyyat var, sən mütləq iştirak etməlisən. Soruşuram "xarici əməliyyatdır, yəni vətən naminədir, Sovet-Liviya münasibətlərinə dair ciddi məsələdir?" Bic-bic baxır, özündənrazılıqla üzünə təbəssüm qonduraraq deyir "xarici əməliyyatı boş ver getsin, başqa işdir". İzah edir ki, mənimlə işləyən Anatoli haqqında əməliyyat məlumatı daxil olub. "Deyirlər, bizimlə əlaqələndirici qismində çalışan liviyalıdan qızıl üzük istəyib. Bu, rüşvətdir. Həmin ərəb sabah ertədən sovet iqtisadi əlaqələr komitəsinin Tripolidəki ofisinə gələcək. Onunla söhbət edərsən, yanında kadrlar şöbəsinin əməkdaşı da olacaq. Qızıl üzük məsələsini təsdiq edib-etmədiyini sonra mənə danışarsan" - bunu söyləyəndə amiranə tonu da sezdirməyə çalışır.

Anatoli kommersiya şöbəsinin əməkdaşıdır, hər gün təmasda olduğum bu şəxslə çox yaxın münasibətlərimiz yaranıb. Rüşvət məsələsini tam istisna edirəm. Əvvəla, mənəviyyatlı və təcrübəli şəxsdir, səlahiyyət sahibi də deyil ki, hansısa məsələni həll etsin - kommersiya şöbəsinin sıravi əməkdaşı kimi sadəcə, rəhbərliyin tapşırıqlarını yerinə yetirməklə məşğuldur. İkincisi, həmin o əlaqələndirici liviyalı çox nadir hallarda bizim ofisdə görünür, gələndə də təlimata görə yalnız kadrlar şöbəsinin işçiləri ilə görüşür. Görəsən, onu nə yollasa çaşdırıb oyuna qatmayıblar ki?.. Özü də əməlli-başlı savadsızın biri. Bəlkə kimsə Anatolini ləkələyib yerinə öz adamını gətirmək istəyir? Xaricdə işləmək, xarici valyuta ilə yüksək maaş almaq qapalı bir ölkədə yaşayan çoxlarının arzusu idi... Fikirləşirəm Anatoli heç nədən bunların güdazına getsə, karyerası ilə birdəfəlik üzülüşməli olacaq və üstəgəl mənim də bunda iştirakım olsa, di gəl ömrün boyu vicdan əzabından qurtul görüm, necə qurtulursan...

"Dayday"a müxtəlif bəhanələr gətirirəm ki, məndən əl çəksin. Sabah xeyli yüklü olacağımdan, yazı işlərimin bolluğundan danışıram; bir-iki sözün tərcüməsi elə də çətin şey deyil, başqa kimi istəyirsə bu işə cəlb edə bilər və s. Əl çəkmək fikri yoxdur. Məcbur qalıb insani hisslərinə toxunmaq istəyirəm, deyirəm "Tolya ilə yaxın dostam, bu işi bacarmayacağam". Qır-saqqız olub yapışır yaxamdan ki, yox, elə məhz mən getməliyəm. Əlbəttə, başa düşürəm, bu zalımın məqsədi təkcə Anatoli ilə məsələni aydınlaşdırmaq deyil, belə olsaydı, nə çox başqa tərcüməçi. İstəyir, fürsət düşmüşkən, məni də sındırılmışların siyahısına salsın. "Rəhbərlikdə də bilirlər bunu, sabah saat 9-da maşın səni gözləyəcək, gedərsən, nəticəni sonra səninlə müzakirə edərik. Özün haqqında da fikirləş" - deyib aralanır. Sonuncu ifadəni xüsusi vurğu ilə söyləyir.

Bütün gecəni məni fikir götürür ki, əgər həmin ərəb Anatoli ilə bağlı qızıl üzükdən söz salsa, zavallının həyatı alt-üst olacaq. Həmin ərəblə söhbətdən mənim prinsipial imtinam vəziyyəti dəyişməyəcək. Belədə söhbəti onsuz da bir başqası aparmalı olacaq. Və mənim vicdan əzabından xilasolma perspektivimdə o da var ki, gələcəkdə xaricə səfərlərimə əngəllər yaranacaq və bu əngəlləri "dayday"ın "xeyir-duası" ilə keqebe yaradacaq hökmən. Tolyanın, necə deyərlər, "kitabı" isə hər iki halda bağlanır. Elə bu əzablı fikirirlər içində özlüyümdə qərar verirəm "dayday"ın əməliyyatını necə olursa gərək  pozum…

Səhər ertədən maşın məni sovet iqtisadi əlaqələr komitəsinin Tripolidəki ofisinə gətirir. "Dayday"ın mənə qoşduğu əməkdaşın kabinetində əlaqələndirici liviyalını gözləyirik. Saat 10-na qalıb, o da 10-da gəlməlidir. Hər şeyi öz-özlüyümdə ciddiyyətlə, əslində isə sadəlövhcəsinə planlaşdırmışam. Ya həmin ərəbi imkan olsa dəhlizdə qarşılayıb deməliyəm qızıl üzük barədə ağzını yumsun, artıq-əskik danışmasın, ya da birbaşa kabinetə girəcəyi təqdirdə hal-əhval tuta-tuta sözarası astadan deyəcəyəm "o şeyin adını tutma". Nəzərə almışam ki, "dayday"ın tapşırığı ilə söhbətdə iştirak edəcək əməkdaş ərəbcəni bilməsə də, "üzük" sözünün ərəbcəsini hər ehtimala qarşı əvvəlcədən öyrənmiş olar.

10-na beş dəqiqə qalmış otaqdan çıxıram. Əməkdaş niyə çıxdığımı soruşur. Ayaqyoluna getdiyimi deyirəm. Dəhlizdə o baş-bu başa var-gəl edəndən sonra ayaqyoluna girib bir-iki dəqiqə qalandan sonra qayıdıram həmin otağa. Həyəcanlıyam. Bu zalım harada qaldı? Fikrim o ərəbdə, həyəcanımı da gizlətmək üçün gözlərimi dikmişəm qarşımdakı masanın üstündəki qəzet parçasına, guya çox maraqlı nəyi isə diqqətlə oxuyuram. Hövsələsizəm. Bayaq dəhlizdə enli bir stolun üstündə yan-yana düzülü qəzet dəstlərini görmüşəm. Yenə də qalxıb kabineti tərk edirəm, həmin qəzet dəstlərindən birini götürüb vərəqləyirəm. Bir gözüm də dəhlizin qapı olan başında. Baxıram həmin əməkdaş şübhəli-şübhəli mənə yaxınlaşır ayırd etsin ki, bu dar macalda nə həşirdir bu adam otaqdan tez-tez çıxır və içəridə də, dəhlizdə də qəzet oxuyur. Özümü o yerə qoymayıb deyirəm "bax burada bir yazı var, gərək mütləq tərcümə edib göndərim Moskva qəzetlərinin birinə çap etsinlər…" Maraqlanmır nə yazıdır, heç nə demir, dönüb gedir, mən də az sonra arxasınca daxil oluram kabinetinə. Saat 10-dan on-on beş dəqiqə keçib. "Kaş gəlməyəydi" deyə ürəyimdə dua edirəm. Əməkdaşa da deyirəm "sizin liviyalı əlaqələndiriciniz gələsi olmadı deyəsən."

Elə bu vaxt otağa "Atomenerqoeksport"un Liviyada kommersiya işləri üzrə müdiri Vladimir Fokin daxil olur, məni görüb deyir Liviya tərəfi ilə olduqca vacib bir məsələni həll etmək lazımdır. Rəsmən tabeçiliyində olduğumuz şəxsdir. Münasibətlərimiz normaldır, xasiyyətcə mülayim, düşüncə etibarilə azad şəxsdir. Onun qəfil gəlişi və bir məsələnin dalınca mənimlə getmək istəyini dərhal o mənada fürsət kimi dəyərləndirirəm ki, bu kommersiya müdirini ən fərqli bəhanələrlə 5-10 dəqiqə bayırda yubada da bilərəm. Bu müddətdə həmin ərəb gəlsə, onu küçədə qarşılayıb sözümü deyəcəkdim. Mənsiz də onu başqa tərcüməçi vasitəsilə dindirəcəkdiər. Kabinetdəki əməkdaş da Fokinlə danışığımızı eşidir. Qalxıram, həmin əməkdaşa deyirəm  B.Kotelnikova çatdırsın ki, vacib dövlət işi ilə əlaqədar Fokinlə gedəsi oldum. Bir söz demir. Fokinlə bayıra çıxanda ona təklif edirəm işimiz tələsik deyilsə, üzbəüz səkidəki kafedə dondurma yeyib gedərdik. Razılaşır. Oradan məlum ofisin qapılarını aşkar görürəm. Və artıq məndə əminlik yaranıb ki, həmin o əlaqələndirici liviyalı nəzərdə tutulan görüşə gəlməyəcək.

Günortadan xeyli keçib, işlərimizi görüb geri qayıtmışıq. "Atomenerqoeksport"un ofisindəyik. Öz otağıma gəlirəm. "Dayday" içəri girib məni kabinetinə çağırır. Qapını arxadan örtüb hirslə deyir "deməli, məqsədinə çatdın, əməliyyatı pozdun, eləmi?" Hiss edirəm ki, bu səhər onun mənə qoşduğu əməkdaş da haqqımda olan şübhələri, liviyalını gözləyərkən özümü necə apardığımı təfərrüatı ilə ona danışıb. Ona görə əməliyyatı qəsdən pozduğuma qəti bir əminliyi var… Hətta kommersiya müdiri Fokindən də şübhəlidir, onunla haralara getdiyimi də qəzəbli bir təkidlə soruşur. İçim sakitdir, üstümdən elə bil ağır yük götürülüb. "Dayday"ın əsəbiləşməsindən də rahatlıq tapıram, "yaxşı oldu, sənə bu da azdır" - deyə düşünürəm. Özünə də deyirəm barəmdə xüsusi bir yoxlamanı həyata keçirib əməliyyatı məhz mənim pozub-pozmadığımı şəxsən müəyyənləşdirə bilər. Madam peşəkar çekist kimi agenturası olmamış deyil, qoy bundan istifadə edib hər şeyin necə baş verdiyini aşkarlasın. Pərt-pərt deyir mümkün olan hər şeyi edəcək.

Əməliyyatın isə necə pozulmağından həqiqətən də xəbərim yox. Səbəbi heç maraqlandırmır da. İstədiyim baş verib. Tolyanın da üstündən şübhələr götürülüb, işinə davam edir. "Dayday" isə bir tərəfdən əlimdən dəmir çeynəyir, digər yandan rəhbərliyin haqqımda xoş sözlərini eşitmək zorundadır...

 

Heydər Əliyevə arxalanan

gənc azərbaycanlı mütərcim

 

Bu arada Bakıya bir aylıq məzuniyyətə gəlmişəm. 1981-ci ilin may, yaxud  iyun ayıdır. Qasım Qasımzadə yazıçıların Şüvəlan yaradıcılıq evində Heydər Əliyevlə görüşündən mənə xeyli söhbət açır. Onun gözəl natiqliyindən, "Nə olar, qonşularımız kimi millət yolunda siz də bir yol cızığınızdan çıxın, uzaqbaşı bir partiya töhməti alarsınız, sonra da bu töhməti üstünüzdən silərik gedər" - deyə Azərbaycan yazıçılarını "milli qeyrətə" çağırışlarından söhbət salır. Heydər Əliyevlə şəxsi söhbətlərindən bəzi epizodları da mənə xatırladır. Azərbaycanın rayonlarına onu səfərləri zamanı müşayiət edərkən aralarında bir neçə dəfə maraqlı söhbətləri olmuşdu və bu söhbətlərin başlıca mövzusu millət məsələsi imiş. Yüksək partiya və dövlət postunu tutan rəhbərlə bu təmaslarından Qasım müəllim o dərəcədə təsirlənmişdi ki, mənə deyirdi "Heydər Əliyevi qorumaq lazımdır, Moskvada bizi gözügötürməyən o qədər adam var ki..." Şüvəlan yaradıcılıq evində Heydər Əliyevin yazıçılarımıza müraciətlə "Cənubi Azərbaycanda soydaşlarımızın milli-azadlıq mübarizəsinə dəstək üçün biz də üzərimizə düşən işi görməli, cənublu qardaşlarımızı lazımi ədəbiyyatla təmin etməliyik" sözləri də, açığı, onun şəxsiyyətinə məndə dərin rəğbət oyatmışdı. Rəğbətimin üstünə rəğbət gətirən az müddət sonra Liviyaya qayıtdığımda Qasım müəllimdən aldığım məktub idi. Yazırdı: "…Buradakı hadisə və yenilik Yazıçılar İttifaqının qurultayı oldu. Təəssüf ki, açılışında iştirak edə bilmədim. İkinci gün çıxışlar maraqlı keçdi. Məruzələr o qədər də sanballı deyilmiş. Elçininkini tərifləyirlər. Mənim də bir neçə dəfə adımı çəkibmiş (müsbət mənada). Sənin adın da ərəbcədən yeganə tərcüməçi kimi məruzəyə düşüb, təbrik edirəm. Gərək bu etimadı doğruldasan. İkinci gün Heydər Əliyev bütün günü, gecə seçki qurtaranadək qurultaydan getmədi. Kaş onun çox böyük müdrikliklə dediyi sözləri, replikaları eşidəydin. Dedi ki, millətin, xalqın mənafeyi yolunda yazıçılar, xüsusən adlı-sanlı sənətkarlar gərək fədakarlıq göstərsinlər. Füzulinin qəbrinin İraqda sökülüb sümüklərinin bir küncə yığılması ilə əlaqədar çox qəzəbli danışdı, dedi ki, orda-burda millətdən danışırsınız, ancaq işə gələndə fəaliyyət göztərmirsiniz (Q.Qasımzadə məktubunun bu yerində H.Əliyevin müraciət etdiyi bir neçə xalq şairi və yazıçısının adını çəkir - N.Q.). Hamıda böyük ruh yüksəkliyi yarandı. Başqa vacib mətləblərdən də ehtirasla danışdı…"

Məzuniyyətdən Liviyaya qayıtdığım gün H.Əliyevə dair Bakıda eşitdiklərimi mənimlə çalışan azərbaycanlı tərcüməçilərə danışıram. Tərcüməçilərdən biri mənim kurs yoldaşım A. idi. Atası, sonralar özü də DTK zabiti olan A. hazırda təqaüddədir. Mən H.Əliyevlə bağlı xoş təəssüratlarımı, o isə özü ilə H.Əliyevin portretini gətiribmiş Liviyaya. Ondan həmin portreti alıb surətini çıxardıram. Belə qərarlaşırıq ki, tərcüməçilərin mənim də əyləşdiyim otağında stolumun başı üstündə həmin portreti divara vuraq. Uşaqlara deyirəm, "dayday" da qoy öz payını götürsün, bizi arxasız bilib yeri gəldi-gəlmədi ilişməsin bizə.

H.Əliyevin portretini vururam ofisdəki otağımızın divarına. Otağa girib-çıxanlar portretə baxıb bir söz demirlər, ancaq fərqindəyəm ki, bu qədər politbüro üzvləri arasında yalnız onun şəklinin otağımızda olmasını milli təəssübkeşlik kimi dəyərləndirməyə də bilməzlər. Otağımıza ara-sıra baş çəkən "dayday" da portreti narazı-narazı süzür, amma heç nə demir. Uşaqlara göz vururam ki, baxın "dayday"ı belə oturdarlar yerində. Nə deyə bilər, hünəridir politbüro üzvlüyünə namizədin şəklinə etiraz etsin.

Bir neçə gün keçir. Bir səhər işə gələndə görürük portret yerində deyil, çıxarıblar. Olsun. Surəti ki, var, təzəsini vurarıq. Yenə çıxarırlar. Yenə də vururuq, yenə də gizlicə çıxarırlar. Bilirik ki, "dayday"ın işidir. Məsləhət görürəm H.Əliyevə qısqanmasınlar deyə onun portretinin yanında Brejnevinkini də vuraq, bəlkə belədə sakitləşələr, portretə toxunmazlar. Edirik və ertəsi gün də qarşılaşdığımız bu olur ki, H.Əliyevin portretini çıxarıblar, Brejnevin portreti isə yerindədir. Uşaqlar zarafatla deyirlər "duxun var sən də Brejnevin portretini çıxar". Deyirəm, narahat olmasınlar, Brejnevin portretini divara mismarlamayıblar, skoçla vurublar, mane olmayaq, bir müddətdən sonra özü düşəcək... İradəmizi dolayısı ilə olsa da, ifadə edə bildik, bu qədər də kifayət edər fikri ilə özümüzə təskinlik verirəm.

…"Dayday" da ki, əleyhimizə kompromat toplamağındadır. Bir səhər işə gecikmişəm. Tapşırıqların öhdəsindən yaxşı gəlirəm deyə irad tutan da  yox. Günorta fasiləsindən sonra deyirlər Oleq Davıdov gəlib Moskvadan, səninlə görüşmək istəyir. Oleq Dmitriyeviç o zaman "Atomenerqoeksport"un rəhbərlərindən biri idi. Sonralar Yeltsinin hakimiyyəti dövründə Rusiyanın Xarici iqtisadi əlaqələr naziri işlədi...

Görüşürük. İşə nə səbəbə gecikdiyimi soruşur. Hiss edirəm, soruşmağında bir ciddilik yox, bilirəm, mənə qarşı çox rəğbətlidir, haqqımda hər zaman xoş danışan da odur. Amma təəccüb qalıram nə əcəb ondan, məni qınayırmış kimi sorğuya tutub?! İzah edirəm ki, yuxuya qalmışam, axşam işdən sonra karate məşqlərim olub, yorğun yatmışam və s. Karate söhbəti marağına səbəb olur. Soruşur karatedən məqsədim nədir. Deyirəm "karate ilə məşğul oluram ki, yeri gələndə kiməsə qarşı istifadə edə bilim". "Axı kimə qarşı? Ümid edirəm özümüzünkülərə qarşı olmaz, yadların əleyhinə olar" - deyib gülümsünür. Mən də "yox elə özümüzünkülərin də əleyhinə olar, işə gecikməyimi kim sizə satıbsa, konkret olaraq ona yaxşı bir karate zərbəsi endirərdim". İstəyir üzünə ciddi ifadə versin, alınmır. Yenə də təbəssümlə deyir, "görürəm çox ərköyünsən, sizdə yazıçılar uşaqlarını belə ərköyün böyüdürlər? Kimə belə arxalanırsan?" Cavabım hazırdır, hərbiçi təriqi ilə. "Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın 1-ci katibi Heydər Əliyeviçə" - deyirəm. Məni mənalı-mənalı süzüb mövzunu dəyişir. Aydındır ki, məqsədi heç də məni danlamaq yox, vacib bir iş üçün danışıqları müzakirə etmək imiş. Bir daha başa düşürəm ki, Davıdovun da gözündən məni salmaq istəyi "dayday"dan gəlir.

 

"Dayday" pərt olur

 

Davıdovla maşına elə təzəcə minirik ki, "dayday" ona yaxınlaşıb bizimlə getmək istədiyini deyir, Tripolidə filan ünvana çatdırmağımızı xahiş edir. Yolboyu üçümüz də sakit oturmuşuq. Sükutu "dayday" pozub Davıdova şikayətlənir ki, işçilərin arasında xeyli adam var "Amerikanın səsi" radiosuna qulaq asır. Davıdov da "dayday"ı pərt edib deyir: "Axı harada, hansı sənəddə yazılıb ki, "Amerikanın səsi"ni dinləmək yasaqdır? Çalışın adamlarımızı boş-boş şeylərin üstündə pisikdirməyəsiniz, bu adamları istedadlarına görə seçib uzaq vətəndən buraya göndərmişik, onlar da milyonlarla valyuta qazandırırlar hökumətə, siz isə belə iradlarınızla ümumi işimizə mane olursunuz." "Dayday" susur, mən də ləzzətlə düşünürəm "nə yaxşı, bir qolu da "dayday"ın qapısından Davıdov keçirdi, özü də mənim səssiz azarkeşliyimlə". Sonralar müstəqillik illərində O.Davıdov Rusiya demokratlarının tərkibində hökumətdə nazir postuna təyin ediləndə onun hələ çox-çox öncə başqalarına nisbətən xeyli azaddüşüncəli bir şəxs olduğunu və həmin epizodu xatırlamışdım.

... Liviyada iki illik müqavilə müddətimin bitməyinə təxminən 2 ay qalıb. Bir gün "dayday" məni kabinetinə dəvət edir. Kefi əməlli-başlı kökdür. Deyir "eşitmişəm, dostun İ. (azərbaycanlı mütərcimlərdən biri) sovetlərdən gətirdiyi fotoaparatını bir ərəbə satıb. Özün də yaxşı bilirsən, xaricdə işləyənlərin fəaliyyətinə dair təlimata zidd hərəkət edənin cəzası var. İ. söhbətin bizimkilər arasında yayıldığını bilən kimi səndən xahiş edib öz fotoaparatını ona verəsən ki, sorğulansa, yalandan desin elə bir şey olmayıb, səninkini göstərib yaxasını ələ verməsin ki, baxın, bu da mənim fotoaparatım".

Fikirləşmədən dərhal deyirəm "boş söhbətdir". "Dayday" şaqqanaq çəkir. Sonra irişə-irişə deyir "əzizim mənim, sən ciddi oğlansan, danmağın yeri yoxdur, bir işdir də olub-keçib, səndən sadə bir şey xahiş edəcəm, özü də işimizin deyil, dostluğumuzun xatirinə, sən də xahişimi yerinə yetirəcəksən, hər şey yaxşı olacaq, darıxma". Xahişinin nədən ibarət olduğunu soruşuram. Xasiyyətimi bildiyi üçün əvvəl deyir "narahat olma, şəxsən İ.-nin əleyhinə səndən ifadə vermək tələb olunmur". Sonra da əlavə edir "sadəcə, bir kağız parçasına yazacaqsan ki, mənim fotoaparatımın nömrəsi filandır, vəssəlam!"

İ.-nin Azərbaycanda xatirəsi əziz tutlan mərhum atasından söz salıram, deyirəm belə bir hörmətli ailənin övladıdır, fotoaparatını da, bildiyimə görə, satıb-eləməyib, nə isə başqa bir şeylə dəyiş-düyüş eləyib, bu xırda məsələdən ötrü onu cəzalandırmaq da ədalətdən deyil. "Yox, cəzasını mütləq çəkməlidir, qoy bundan sonra ömrü boyu sovet rublu ilə yaşasın, valyuta üzünə həsrət qalsın" - deyir. İ.-ni "nevıezdnoy", yəni xaricə buraxılmayanların siyahısına saldırmaq fikri var "dayday"ın. "Axı nəyə görə" sualıma da cavab verir ki, bu gün bir əşyasını xarici vətəndaşa satan sabah ölkəsinə də xəyanət edər. O zamanlar sovet ölkəsinə "xəyanət edənlər" də əsasən SSRİ-dən qaçıb Qərbdə sığınacaq tapanlar olurdu. Deyirəm "xahiş edirəm məhz bu məsələdə ünvanı qarışıq salmayasınız. Bizimkilər (azərbaycanlıları nəzərdə tuturam) ailələrinə çox bağlı olurlar, elə bu bağlılıq yetər ki, ölkəsini qoyub başqa yerdə həyat axtarmasınlar. İ.-lə filankəsi lütfən bir tutmayın!". "Dayday" möhkəm tutulur.

İndi həmin o filankəsin adı yadımdan çıxıb. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin bizimlə çalışan, ixtisasca fizik olan oğlu idi, həyat yoldaşı və körpəsi ilə atom mərkəzinə bir illik ezamiyyətə gəlmişdi. Bir neçə həftə əvvəl müqaviləsi bitdiyinə görə ailəsi ilə Tripolidən Moskvaya uçurmuş. Biletlərini qəsdən Vyana üzərindən tranzit sərnişin kimi alıbmış. Təyyarə Vyanada enən kimi aeroportda dərhal polis məntəqəsinə gedib Qərbdən siyasi sığınacaq istədiklərini bəyan ediblərmiş. Atası Moskvanın Vnukova aeroportunda hökumət avtomobili ilə Vyanadan enən həmin təyyarənin trapınadək gəlibmiş. Elə oradaca oğlunun siyasi sığınacaqla bağlı Qərb dövlətlərindən birinə (gərək ki, ABŞ olsun, çünki əvvəllər orada bir müddət təcrübə keçibmiş) müraciət etdiyi xəbərini ona çatdırıbmışlar, yüksək vəzifəli zavallı ata bu xəbərdən sarsılaraq oradaca ürəyini tutub yıxılıbmış. Sonra da təbii ki, öz ərizəsi ilə vəzifəsindən gedibmiş...

"Dayday" pərtliyindən bilmir nə cavab versin, zəif yerindən yapışımışam  deyəsən. Əlavə edirəm ki, "necə olur, belə bir xəyanətkar gözünüzdən yayına bilir, İ. kimi saf oğlanı gözümçıxdıya salırsınız". Birdən "İ.-ni də sizinkilərdən biri satıb" - deyərək düz gözümün içinə baxır. Doğru deyir, razılaşıram. Və çuğulçunun kimliyini də dəqiq bilirəm... Xatırlayıram İ. məndən fotoaparat istəyi ilə yanıma gələndə soruşmuşdum ki, mənə bu xahişlə müraciət edəcəyini kiməsə demişdimi. Azərbaycanlı tərcüməçilərdən birinin adını çəkmişdi. Onu buna görə qınasam da, sözünü, əlbəttə, yerə sala bilməzdim... İndi "dayday" da donosçunun milli kimliyinə işarə vurmaqla məni pərt etmək istəyir, həm də az əvvəl ona dediyimin acığını çıxır. Nə isə... "Dayday"a deyirəm "yəqin sizin İ.-dən başqa da hədəfiniz var və yəqin o da mənəm. Ona görə, arxayın olun, heç bir kağız-filan yazan deyiləm". Karyeramla risk etdiyimi hirslə xatırladır. Məni də, açığı, qəzəb bürüyüb, hirslə "tüpürüm belə karyeraya" deyib otaqdan çıxıram.

 

Məni vətənə Şimal küləyi yola salır

 

…Vətənə qayıtmağıma lap az - cəmi bir ay qalıb. Bir gün A. gəlib deyir "dayday"la yeyib-içirmiş və "dayday" dəm olan kimi şaqqanaq çəkərək söyləyibmiş "Nəriman da yekə oğlandır, bir eşşək nədir ki, onu minə bilmədi". "Nə məsələdir?" - deyə A. məndən soruşur. Yerimdə quruyub qalıram. Şoka düşmüşəm. Deməli, təxminən altı ay əvvəlin əhvalatıdır. Liviyada istirahət günü olan bir cümədə Aralıq dənizi sahilinə yaxın ərazidə yaşadığım yeri təkbaşıma tərk edib payi-piyada üz tutmuşdum səhraya, yorğunluğum-filan canımdan çıxsın deyə tənhalıqda bir az vaxt keçirmək istəyirdim. Qarşıma çıxan portağal bağında dincəlmiş, portağallardan yeyə-yeyə uzaqlıqda görünən başqa yaşıllıqlara doğru yol alıb getmişdim. Yolda qabağıma qoyun-keçi sürüsü çıxmışdı, yerli çobanla hal-əhval tutub söhbətləşmişdim. Sonra yoluma davam edərkən bir eşşək görmüş və çox istəmişdim bu eşşəyə yaxınlaşıb minim, bir az sürüm, kefim açılsın. Eşşəyə yaxınlaşdıqca məndən qaçmışdı. Başa düşmüşdüm ki, minə bilməyəcəyəm, əziyyət çəkməyə dəyməz. Qum üstə bir az da dincəlib gəldiyim yolla geriyə dönmüşdüm. İndi məlum olur, demə, "dayday" məni hətta istirahət vaxtı da qarabaqara izlətdirirmiş. Özü də elə bir yerdə ki, arxanca kimin gəldiyini lap uzaq məsafədən görmək olardı. Bunu o necə edib, kəsdirə bilmirəm, məəttəl qalmışam. A-ya bunu danışıram, o da dəhşətə gəlir: bu qədər çalışasan, səni rəhbərlik bu qədər tərifləyə və sən bu qədər etibarsız olasan ki, hər addımını izləsinlər.

... Bir-iki həftə sonra müqavilə müddətim bitir. İdarəmizin kommersiya rəhbərliyi xahiş edir razılıq verim müqaviləmi uzatsınlar. Razılaşmıram, deyirəm "qismət olsa, gələcəkdə yenə sizinlə əməkdaşlıq edərəm". Əslində yorulmuşam, Bakı həsrətilə geriyə dönüşümə qalmış günlərimi sayıram. Onda mənə deyirlər "razısansa, qoy bizdən də sənə gördüyün işlərə mükafat olsun, partiyaya daxil olman üçün zəmanət verək. Bilməmiş olmazsan, xaricdə verilən belə zəmanətin tarixi dəyəri də var". Minnətdarlığımı bildirirəm.

…Getməyimə bir-iki gün qalıb, zəmanətdən xəbər yox. Məlum olur ki, zəmanət yazılıb, zəmanətin təsdiqinə "dayday" keqebe vasitəsilə qətiyyətlə maneçilik göstərir. Yanına gedib məsələnin nə yerdə olduğunu soruşuram. Deyir, "əzizim mənim, məsələ burasındadır ki, sənə münasibət heç də birmənalı deyil…"

"Dayday"la söhbətimin nəticəsini bir neçə ay öncə onun uğursuz əməliyyatına tuş gəlmiş Anatoliyə danışıram. Soruşur "görəsən haradan əsir bu soyuq küləklər?" Acı bir təbəssümlə çiynimi çəkirəm. Ürəyimdən keçsə də, Anatoli ilə dostluğumuzun xatirinə deyə də bilmirəm ki, bu soyuq küləklər Şimaldan əsir...

 

Nəriman QASIMOĞLU

 

Ədəbiyyat qəzeti.- 2017.- 15 iyul.- S.22-23.