Adil Mirseyidin güzgüsü, yaxud
"... köksün altı sarı
bülbül" -
Gördüyün, təmasda olduğun, hər gün rastlaşa biləcəyin adam haqqında danışmaq elə görünə bilər ki, asandır, çünki onu hər gün öyrənirsən. Ancaq bu, məncə, çətindir. Elə şeylər var ki, öyrəndikcə qapanır, boşluqlar dolduqca ilk anlar aldığın informasiya sənə çox şeyləri tanıdır, bilmirsən, hiss etmirsən ki, bu boşluqların dolması onun dərinliyindəki mənanı birdəfəlik gizlətməyə xidmət edə bilər. Bu mənada zaman keçməlidir. O boşluqlar səni unutmalıdır. Gələcəkdə səni tanımadığı adam kimi qəbul etməlidir.
Söhbət şairdən gedirsə, bu daha da çətinləşir.
Adil Mirseyid. Onun böyük poeziyaya gəlişi təkanlarla oldu, Adil sanki özünə qədər yol gələn sözlərə sahib çıxdı. Sehrli sözlərə. Hamının dilinə gətirmədiyi sözlər ilk baxışdan cazibəli görünsə də, şeir mətnində o zaman "görünür" ki, şairin ürəyini, ordan fırtına, qasırğa kimi keçən duyğuları özünə çəkə bilsin. Bax, bu məqamda "şair taleyi" deyilən nəsnə dünyaya gəlir. Ziddiyyətli və amansız məqam. Səndən nəyisə alır, verəcəyini vermir, aldadır və beləcə şair bu xoş, şirin, həm də ölüm qədər əziz aldanışın yaratdığı boşluqlarda yaşamağa məhkum olur. Bir hissi, duyğunu necə deyərlər, "ölümdən o yana" yaşayırsan, beləcə yazdığın mətnlərdə qatlar, səviyyələr yaranır. Şair zamana, dövrana qarşı "üzür", bu kəsişmə anı onun taleyini bəlləyir. Bu anda sən, elə Adilin dediyi kimi, ölümdən o yana baxmaq istəyəcəksən.
Bu məqamdan doğulan təbəddülatları kiməsə danışmalısan, xəyali bir kimsəyə, ota, gülə, qarışqaya, güzgüyə...Güzgüdə gördüyün "sən"i başqa bir adama çevirib danışırsan.
Dərin-dərin
dəryada batan nakam insanın
Min bəlayla aldığı son nəfəs tək əzizsən.
Əli Kərim
Burda başqa bir məqam da var. Adilin şair taleyini mənalandırmaq
anlamında səciyyəvidir. Adilin yaşıdı
Aydın Əfəndinin şeiri.
Budda".
Şair
şairə
Min illər
boyunca
Dolaşan
vəsiyyətini pıçıldayır:
Kahin olsan
da, alışıb yanma,
Çox
təmtəraqlı yaşama,
Özünə
bir ada qur,
Orda tənhalıqda yaşa.
Bir də:
Biz hələ
ayrılmağa fürsət tapmamış
Aramızda ayrılıq, ayrılıq yaşardı.
Əllərimiz
qopmamışkən
Darıxmağın caynaqları canımıza
batmışdı.
Heç
doğulmamışdan
Ölüm
bizə gülürdü...
Bu parçaların yerinə şübhəsiz ki, Adilin
öz mətnlərindən misallar gətirə bilərdik. Ancaq şair nəfəsi
əmanət kimi aldığı üçün onun
içindəki sirr başqa birinin taleyinin güzgüsündə
daha aydın görünür və iki şairin mətnlərinin
kəsişdiyi yerdə məna çayları axır. Bu səsi, uğultunu eşitsən də, su
damcılarının səsini tuta bilmirsən. Bəstələr yaranır.
Yaşıl
yosunlu dəniz,
Yosunu
ovsunlu dəniz, -
Mənim bəxtim ol.
Nar
ağacı, nar ağacı,
Ömür
şirin tale acı,
Mənim bəxtim ol.
Köksün
altı sarı bülbül,
Ömür
oldu yarı bülbül, -
Mənim
bəxtim ol...
Adil Mirseyid şeirinin poetikasında önəmli cizgilərdən
biri anjambmandan istifadədir, bu komponent şeir mətnində
ekspressiv və təsviri funksiya daşıyır. Bəzən olur ki, çay
öz yatağından ayrılıb daşdığı
kimi, şeirdə də sintaksis mətnin sərhədlərindən
kənara çıxır (Bu fikir A.S.Puşkinin tədqiqatçısı
M.İ.Şapirə məxsusdur). Mətnin sərhədlərindən
kənara çıxan söz, fikir, duyğu ... mətnlə ən
müxtəlif münasibətlərə girir, hissin,
duyğunun keçmişi ilə indisinin qarışıb
ayrıldığı məqam mətnə qəribə ovqat
bağışlayır, həm çərçivədə,
həm də ondan kənarda yaşamaq sözlərin təşkil
edildiyi səslərin rənglərini pardaqlayır, onların
içindəki işıq və qaranlıq, hərəkət
və sükunət... özünü büruzə verir; səsin
bu özəllikləri sözün gizlinlərini qoyur ortaya: sözün
doğuluş və ölümü məhz səslərin bu
özəllikləri ilə bağlanır. Aşağıdakı
şeirin birinci misrasına diqqət yetirin, - payız
sınıb tökülür ağacların budaqlarından -
səs eşidilir, qırov, sınan buz şülüzlərinin
səsi. Sonrakı misralarda bu səs rəngdən-rəngə
çalan quş lələyinə çevrilir, hər an dəyişir. Adilin şeirində
metafora dəyişə-dəyişə, rəngdən-rəngə
düşərək formalaşır və şeir
özü metaforaya çevrilir.
Payız
sınıb tökülür ağacların budaqlarından
əfsanəvi bir quş lələyi kimi
rəngdən-rəngə düşür hər an
rəngdən-rəngə düşür hər an
dənizdən əsən külək
yarpaq
qızılı dəniz mavisi Ay işığı bərq
vurur
qəfil
yağan yağışın büllur damarlarında
şüşə koleydoskopudu Bakıda payız
mən
bu şüşə koleydoskopun içində.
Ritmə ifadəlilik aşılayan forma (anjambman)
kontentin (məzmunun) strukturunu çeşidləyir, mənanın
bu dolanbaclardan keçib genişlənməsinə səbəb
olur.
...Ölümündən
sonra Adil Mirseyid haqqında yazmaq onun şeirlərinin dilini
açmaq qədər çətindir. Bəli,
"dilini açmaq". Hər bir
şeir, mənim zənnimcə, "dili bağlı"
doğulur, həmişə onu yaradanın diliylə
danışır, onun istədiklərini deyir və bundan əsla
kənara çıxmır. Ancaq bir gün şairin
qapısına ölüm təşrif gətirir və beləcə
şeir bir müddət yerlə göy arasında dilsiz
qalır, bu çıxılmaz hadisə məhz ona görə
baş verir ki, şeirin içindəki enerji düzənini
tapsın, nəhayətdə onun demək,
pıçıldamaq istədikıərinə uyar bir dili
yaransın və beləcə, şeir əsl libasında
doğulur. Bütün həyatı boyu iki dili
olan şeirin ruhundakı "ikilik" heç zaman yaddan
çıxmır. Ölüb getmiş
adamın göynərtili xatirsəi yeni dilin lisanına,
leksikonuna qarışır, onun intonasiya və ritmində xəfif
dəyişiklik yaradır. Ölüm
ayağında nitqini itirmiş adamın geri qayıtmaq
ümidi kimi.
Adil Mirseyidin şeirlərində hər şey
"paralel baxışla" ölçülür, o mənada
ki, bu mətnlərdə dünyanın gərdişinə,
gerçəklikdəki nəsnələrə etibar eləmək
hissi zəifdir, hər şey anidən tutulur və əldən
çıxır. Adilin hər bir şeirində həyat, ömür,
dünya... bir an kimi usta şəkildə
tutulur və qəfil əldən çıxan şar kimi
buludların arasında yox olur. Bu, onun
üslubunun, Adil Mirseyid üslubunu formalaşdıran fəlsəfənin
diktə elədiyi bir həqiqətdir. Bu fəlsəfənin
əsas qayəsi, zənnimizcə, ondan ibarətdir ki,
"sözlər bir şeyə yaramır", - onları
yan-yana düzüb qırıq olsa belə, bir nəfəs
yaratmaq mümkün deyildir. Sözləri
baş-başa gətirib, onları bəzi şairlər kimi
"toqquşdurub" nəsə əldə eləməyə
ümid bağlamaq bihudə işdir, çünki sözlə
dünyanı fəth eləmək olmaz, çünki
sözün içində belə bir imkan yoxdur. Hər bir şairin mətnlərini incələyərkən
bu əsas amili nəzərə almaq, tuta bilmək fikrimizcə
əsas işlərdən biri olmalıdır. Diqqət
yetirin:
Divardan
asılmış xalçanın naxışları
dəyişir göz önündəcə
butalar
quşa çevrilib uçur qədim xalçadan
buta
quşlar uçur kiçik otaqda
sən
saçlarını darayırsan güzgü qabağında
və
görmürsən otaqda uçan buta quşları
sonra
yenidən butaya çevrilir quşlar
sən
güzgü qabağından durub keçincə
qonşu
otağa
amma əksin
hələ də gülümsəyir güzgüdən.
Bu tipli şeirlər Adilin kitablarında çoxdur, bəlkə
də ard-ardadır. Ancaq məncə, onun üslubunun özəlliyi
daha çox bu tipli deyimlərin kənarında, bəlkə də
bir hovur nəfəs almaq üçün dizinin üstündə
yazdığı şeirlərdədir. Məsələn,
Burma-burma
buludlar
Asılıb
göy üzündən
Bir
gün mənim göz yaşım
Axar sənin gözündən.
Bunlar heç də gəlişigözəl sözlər və ifadələr deyildir, tam əksinə, bu dünyada Adil adında bir şairin inam və ümidsiziliyini, eşq və yalanını... tam şəkildə açıqlamaq gücündə olan misralardır və mən deyərdim ki, şairin özündən xəbərsiz doğulan sətirlərdir. Onun poeziyasında rastlanan bütün əşya və onların obrazlarını bir yerə cəmləsək və düşünsək ki, bunlardan hansı onun içindəki doğulmağa həsrət, insanın Allahla, kosmosla əlaqələrini daha dürüst təyin edə bilər, - şübhəsiz ki, biz "bulud"un üzərində dayanmalı olardıq. Burma-burma buludlar / asılıb göy üzündən / bir gün mənim göz yaşım / axar sənin gözündən... Bütün etibarsızlıqlara, həyata, gerçəkliyə ümidin puça çıxmasına rəğmən, heç nə bihudə deyil, həmişə "su axıb çuxurunu tapdığı kimi", hər bir əməlin bədəli var, sənə kölgən qədər yaxındır. Adil bəzən nəhəng bir evin - binanın (ədəbiyyatdakı "dünya evi" metaforası) yepyekə, adamı güzgüsündə itirən pəncərəsindən acımasız bir şəhərin mənzərəsinə baxmaqdan vaz keçib, o pəncərənin çölə açılan yerində dən axtaran qaranquşu görürdü. O quşa baxmaq və onu görmək bəs eləyirdi ki, Adil misraları ilə əflaka qədər qalxa bilsin, ancaq .... qaldığı yerlərdən, bildiyi (intuitiv hiss etdiyi) yerlərdən yer üzünə düşmək, elə sözün həqiqi mənasında "düşmək" idi (düşüş, padeniye, la şüt....- müxtəlif dillərdə) və elə buna görə, artıq idrakı, ağılı, ürəyi, ruhu başqalaşmış halda, gözü tükü-tükdən seçə bilmək acısına yiyələndikdən sonra bayaq qeyd etdiyimiz kimi, həyatı bir an kimi usta şəkildə tutduqdan sonra əli, barmaqları yanırmış kimi, onu tez də buraxır və yenidən o səfər etdiyi yerlərə qayıtmaq istəyirdi, ancaq əsl faciə də bundaydı ki, o məkanlara qayıtmaq artıq mümkün deyildi, yuxuda olsa belə... Şairin həyatı, gerçəkliyi anlaması dəhşətli bir şeydir, həyatın dibini görüb də şeir yazmaq, heç kəsin gözünün görmədiyi inciləri, inci misalı mətləbləri əlində tutub onların saçını, qanadlarını sığallamaq yerinə yarıyumulu əllərinin, yuxuya həsrət yarıyumulu bəbəklərindən ürəyi göylərə uçur, quş kimi.
Ulduzları kəpənək kimi ovlamaq
Və bir çiçək ölümünə ağlamaq
Ölümü şərab kimi son damlasınadək içmək
Və Tanrı sevgisiylə özümüzdən vaz keçmək
Bu dünyada ölümdən çox uzaqlara baxmaq
Kəfən geyəndə belə yaxamıza gül taxmaq
Çiçəkləsin könlümüzdə qan qoxulu bir ümid
Yenidən doğsun bizi bəyaz sevdalı bulud.
Adilin şeirləri indi həyatda olan şairlərin şeirlərinə bənzəməzdi və fərq baxışda, şeiri görmək, gördüyü kimi də yaratmaq inadında hifz olunurdu. Əşyaları olduğu halında götürüb olmadığı kimi yaratmaq böyük və tükənməz güc tələb eləyir. Sən susursan, əşya danışır, əşyalar susur, sözlər əşyalaşır. Bütün yer üzü, göy üzü, bütün insanlar susur, bir anlığa hamının dili tutulur. Yadımdan çıxıb kimin sözüdü: musiqinin içində elə bir sirr var ki, o açılsa bütün dünya alt-üst olar. Şeir yazmağa, nəğmə oxumağa dəyərmi?
Adilin şeirlərindəki qəribə ovqat onun əşya və nəsnələrə başqa, hamıdan fərqli baxa bilmək, nüfuz etmək imkanı sayəsində yaranırdı. Adilin şeirləri haqqında vaxtında çox yazılar yazıldı, çox araşdırmalar aparıldı, amma... onun üslubu çox fərqli olduğu üçün nə onun haqqında yazanlar, nə də özünü ona bənzədənlər bir uğur qazana bildi. Bu hələ zahiri fondur, əsl səbəb fikrimizcə, bambaşqa səbəblər içində gizlənib. Adil digər şairlər kimi misraları və bütövlükdə mətnləri ilə heç yeri (heç bir hədəfi) nişan almırdı, buna görə də hansısa "həqiqəti " nişan alıb onu bir ovçu sərrastlığı ilə vurmaq onun qələminə büsbütün yad idi. Şeiri, poeziyanı öldürən bu primitiv "ustalıqdan" vaz keçib həyatın sürrealist ovqatınının hənirini dinləmək, həyatın hər bir, hətta adidən-adi nəsnəsinin "qapağını" da bir mücrü kimi açmaq alışqanlığı Adili fərqli sözlər deməyə məcbur edirdi.
Nə günahın sahibiydim belə uzun yaşadım,
Otuz yaş da qocalıqdı mənimçün.
Gicgahımda
bir ağrı var,
Qəfil
sancır gicgahımda bir damar, -
Güllə
yeridi bəlkə....
Bir də, belə bir obraz. Amansız
fırtınalarda gəminin batdığı anda nəsə
yazıb şüşənin içinə qoymaq, onu sulara təslim
etmək ki, bu sözləri kimsə oxuya bilsin.
İnansın ki, divin canı şüşədədi...
Adilin bir şeiri var, uzaq doxsanıncı illərdə
yazılıb.
İtirdiyimiz dünyaya ulaşmır artıq
yollar. Küləyin qanadında o dünyadan nəsə
var, nəsə qalıb, adam öz
qanına susayır.
Al
yaşıla yaşıl maviyə,
Mavi sarıya, sarı bəyaza qarışır.
Bir-birinə
qarışır al yaşıl mavi sarı,
İtirdiyimiz dünyaya ulaşmır artıq yollar.
Və
birdən yuxarıda adını çəkdiyimiz misra gəlir:
Bir
şüşənin içinə məktub qoyub atsam şəhərə
Və məktub
sənin əlinə keçsə bir gün
Neynərsən
bu insan dənizində boğulan şairi
Xilas eyləmək üçün.
Yuxarıda xatırlatdığımız məqam gəlir. O ağır, məşəqqətli
an kəsişmə nöqtəsidir. Yəni,
bu məqamdan doğulan təbəddülatları kiməsə
danışmalısan, xəyali bir kimsəyə, ota, gülə,
qarışqaya, güzgüyə... Güzgüdə
gördüyün "sən"i başqa bir adama
çevirib danışırsan.
Bu şeirdə qəribə, gözlənilməyən
mənzərə həmin o təbəddülatdan doğulur. Dostumun evində
balaca bir quşcuğaz gözlərimin içinə baxıb
oxuyur və dünyanın sonundan xəbər verir.
Həmin illərin məhsulu olan "Ağ at
nağılı" da maraqlıdır. Bir qoca, ixtiyar kişi ağ atın önündə diz
çöküb. Hər yerə ağır
sükut baltası sancılıb. Ağ atın məxməri
gözlərində də iki adam var, qoca,
ixtiyar...
... Allah çoxdan bağışlamışdı
qocanın bütün günahlarını
o da bağışlamışdı Allahı
sənin də gözlərinə
görünəcək o at bir gün
və o atın önündə
büküləcək sənin də dizin...
Cavanşir
YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2017.- 15 iyul.- S.26-27.