“ÖZ ƏSƏRİNİ
DANIŞDIR”
Fərid Hüseyn - "Bir də
heç vaxt"
- "Bir də heç vaxt"
haqqında danışacağıq
-Bu, əgər sizlərin istəyidirsə, mənim üçün xoşdur. Sizlər deyəndə, oxucuları, müsahibə dərc olunacaq qəzeti və o mətni alnını turşutmadan oxuyacaq adamları nəzərdə tuturam. Əks təqdirdə, mənim üçün kitabım haqqında danışmaq, başdan sona maraqsız olardı. Çünki mən İlahinin verdiyi istedadı inkişaf etdirmək, cilalamaq və onun vasitəsi ilə qalıcı, yaşarı şeirlər və yazılar yazmaq istəyirəm, istedadın dalınca düşüb onu divara-daşa vura-vura özümü gözə soxmaq, yazdıqlarını təriflərə sarı itələmək zəhlə tökən işdir.
-Bu seriyadan
kitabınızın çıxmasını siz istəmişdiniz,
ya təklif gəlmişdi?
-Təklif gəlmişdi, Seriyanın rəhbəri şair Səlim Babullaoğludu, qol çırmadığı əksər işlər, layihələr kimi bu kitaba peşə vicdanı, ədəbi ciddiyyəti ilə yanaşdı. Çox razıyam...
-Kitabın
adı - "Bir də heç
vaxt"-necə yarandı?
-Mən sözlərdə və ifadələrdə "zərbəliliyi" sevirəm. İfadənin mənası ilə yanaşı "ağızda partlayışı" da mənim üçün vacibdir. Bu ifadə, yəni kitabın adı həm mənası ilə, həm də səsləniş qüvvəti ilə mənə doğmadı.
-Hər bir mətnin, kitabın doğma bir hekayəsi var, insan onu düşünür, xatırlayır. Yəni, kitabın araya-ərsəyə gəlmə hekayəsi, hazırlandığı zaman yaşadığınız hisslər, sonrakı sevinci...
-Bu kitabı iki dəfə çapa hazırlamışam. Birinci dəfə çap etdirmədim, düşündüm ki, bir də oxuyaram, əlavə etmək istədiyim şeirlər vardı. Sonra əlavələri etdim. Nəhayətdə nəzərimdə tutduğum kimi alındı. Sevincim isə kitab çap ediləndən sonra oldu, çünki ali zövq sahibi saydığım yaradıcı insanlar, say-seçmə oxucular tərəfindən bəyənildiyini, ən əsası doğru qavrandığını görüb, müəllif kimi mənimlə bölüşülən fikirlərdən məmnun oldum.
-Əvvəlki
kitablardan hansısa şeirlər salınıbmı bu nəşrə?
-Əvvəlki kitablardan 5-10 şeir daxil etdim, qalanları yeni şeirlərdir. Son dörd ildə yazılanlar...
-Necə bir
duyğuydu məhz bu kitabın çap olunmasını
gözləmək?
- Xoş duyğudur, ancaq məndən daha çox anam kitabın çap olunmasını gözləyirdi, o şeirlərimi oxumuşdu, deyirdi ki, kitabını şəklində çap elətdir. Kitab çıxan ərəfədə gəlmişdi Bakıya, dedim, yaxın günlərdə çıxasıdı, getmədi, gözlədi... Mənə əsas onun sevincindən pay düşdü...
-Deməli, bu
kitabı bir də ananıza ən gözəl hədiyyə
adlandırmaq olar. Şeirlərinizə yanaşması necədir
ananızın? Məqamı düşmüşkən bu barədə
danışın...
- Anam rayonda yaşayır,2-3 aydan bir gəlir yanıma. O, mənim bütün yazı arxivimi səliqəylə yığır. Şeirləri, esseləri, tərcümələri, müsahibələrimi və sair. Hər birini ayırıca qovluqlarda saxlayır. Səsləndirilən şeirlərim telefonunda var. Mən kitabları oxuduqca rayona göndərirəm, burda az kitabım var. Orda kitabxanamı formalaşdırıb, tez-tez onların tozunu silir, hazırlayıb, kataloqlaşdırıb ki, nəyin harda olduğunu bilim. Eyni zamanda cehizlik servantının şüşə gözlərini çıxartdırıb, yerinə taxta vurdurub kitab şkafı mənədüzəltdirib. O məni anlayır, dəyərləndirir, və bu mənim ədəbiyyata sevgimi daha da artırır. Bakıya gələndə kitablardakı qeydlərimi iki təsnifat üzrə dəftərlərə köçürür
- Yeri gəlmişkən,
yaradıcı insanın ruhunun sakitliyi ona doğma adamlardan gələn
gözəl hisslərə də borcludur,
razısınızmı bununla?
- Ədəbiyyat adamlarının çoxu aqressivdirlər, deyirlər oxucular bizi anlamır, ailəmiz yazdıqlarımızı başa düşmür. Və bu, insanda eqo yaradır, ən zəif yazan da elə bilir onu anlamırlar. Ancaq etiraf edək ki, ailədə insanı dəyərləndirən olanda cəmiyyətin biganəliyi də o qədər köksyandıran olmur. İnsanları qınamıram, yazanların sayı dəhşətli dərəcədə çoxdur, adamların vaxtı yoxdur onları seçsinlər, sosial şəbəkələr isə bu seçim imkanını lap məhdudlaşdırır, qarışıqlığı artırır, mübarizə üsulu yoxdur, nəticədə Ali ilə axmaq eyni çərçivənin arxasındaymış kimi görürlər. Ona görə də böyük ədəbiyyatla məşğul olanlar içəridən sınır, ailə tərəfindən qəbul edilməyəndə isə faciəsi lap qaçılmazlaşır. Eyni dildə danışıb, eyni evdə yaşayıb, eyni qabdan yeyib illərlə bir-birinin kim olmasından xəbərsiz adamlar, ailə üzvləri var.
-
Kitabınızda birbaşa ananıza ünvanlı şeir
varmı?
- Bu kitabda yoxdur, "Qandalı görməsin" adlı kitabımda "Özüm öz ölmümə qara kağızam" adlı bir şeirim Anama həsr olunub.
-..."Mən şeirlərimi reseptlərdən sonra yazdım
o zaman ki, dərmanlar kar etməmişdi ağrılara"...
Hansı ağrılar
var ki, şeirlər onları ovundurur?
-Şeir ağrıları xatirəyə çevirir. Ədəbiyyatın gücü bundadır Allah övlad dağını heç kəsə göstərməsin, çünki başqalarının timsalında görmüşəm ki, o ağrıyla barışmaq olmur, bir də bədən üzvlərinin itirilməsiylə. Yerdə qalan ağrılarla hardasa uyğunlaşma, kənardakılara baxıb təsəlli tapmaq, gələcəyə bel bağlayaraq toxdamaq olur. Əksərən ciddi şeirlər, ağrılı sətirlər, təsirli düşüncələr hamısı dərd-bəladan doğulur. , çatışmazlıqların ifadəsindən vücud tapır. Ağrılarım keçib, ta danışmayaq onlardan, "özümü dərdin yadına salmaq" istəmirəm...
-"Şəkillər yanır", adamlar "sevirəm" deyə bilməyə "vaxt tapmadan ölür", "qapılar bağlanır"... Bəlkə də bunlar unudulardı, amma baş verməsi unudulmur... "Xatirələr əzab verir"mi? Axı "Xatirələrin içimdə qəlpə kimi gəzindiyini" görmüsünüz...
- Heç nə unudulmur, hər şey öz adıyla əzaba dönür: Sevgi sevgi adıyla, nifrət nifrət üzüylə. Unudulmaq deyilən şey yoxdur bəlkə də, xatırlamamaq, yaxud gec-gec anmaq var. Ürək xəstəliklərinin çoxu tam sağalmır, sadəcə tutmalar gec-gec olur, yaxud ağrının dərəcəsi azalır, yaxud hansısa bir xəstəliyə çevrilir, adı, ünvanı dəyişir. Görünür, ürəklə bağlı heç nə təsadüfü deyil....
- Sizin şeirlərinizi
mənə sevdirən hiss onlarda nifrətin
olmamasındadır... Hər kəsi anlamaq-atıb gedənləri
də qalıb incidənləri də... Allahın
yazdığı alın yazısına üsyansızlıq,
ancaq və ancaq ruhun təmizliyini qorumaq,"bir -iki dəyərli
şeir" kimi təmənnasız və sadəcə
yaşamaq...
Bir də
baxarsınız ki, uzaq bir şəhərdə
tanımadığınız " bir qarının gəlinlik
donunda dilənməsi" sizi dəli edə bilər...
- Sağ olun, dəqiq müşahidənizə görə. Bunun belə olmasının əsas səbəbini odur ki, mən hamının bir-birini bağışlamasının tərəfdarıyam. Bu yaşımayaraşmaz müdriklik-filan deyil, sadəcə belə düşünürəm. "Bağışlamaq" şeirində fikrimi imkan daxilində ifadə etməyə çalışmışam:
Tanrıya sevgi tövbəni pozmamaqdı,
bəndəyə sevgi hər dəfə bağışlamaqdı.
Kürəkdəki dost yarasın unudub,
yar bıçağın çıxardıb,
gülərüzlə onlara meyvə doğramaq gərək.
Səni aldadanın da,
səni ağladanın da taleyidir günahı.
Ürəyini açmalı, əlini uzatmalı,
özgənin günahına öz suçuntək ağlamaq -
bağışlamaq hamını, hər dəfə bağışlamaq...
-Amma bir yandan da əvvəl
də dediyimiz kimi: "Mən hamını unudub sonra yazmaq istəyirəm"
ancaq gücünüz çatmır... və buna görə də
yazdıqlarınız da "soyutmur ürəyinizi"... Yəni,
bəlkə də Qahirədə bir dünyadan o biri
dünyaya beş xırda pulla keçmək olar, amma daha
ömür tərəfə keçmək olmur...
Fərid
Hüseynin səyahətlə arası necədir?
- Dünyanın müxtəlif ölkələrində olmuşam. Xeyli şəhərləri həm qatarla, həm gəmiylə, həm də maşınla gəzmişəm. Elə ölkə olub ki, 10 şəhərini gəzmişəm. O şəhərlərin bəziləri haqqında şeirlər yazmışam və onların hər biri təsvir yox, mahiyyət ağırlıqlıdır. Məni dünyada heyrətə gətirəcək şeylərdən biri də budur ki, izdihamlı küçələrdə gedərkən qəfildən düşünürəm: sənin reallığınla, dininlə, düşüncənlə yaşamayan gör nə qədər adam, tale var və onlar necə yaşayır, nə düşünür və s. Dünyanın böyüklüyü, say və tale çoxluğu məni heyrətləndirir. Çalışıram hansı ölkəyə gedirəmsə mütləq reportajlar, yazılar və əgər ürəyim diktə edirsə şeirlər yazam. Beləcə, istirahət üçün getdiyim səfərlər də yaradıcı səfərə çevrilir çox vaxt.
- Ən çox
hansı şəhəri sevmisiniz?
- Sankt-Peterburq, Praqa, İstanbul...
-Şerlərinizin adi adamların yanından xəbərsizcə
keçib getdiyi şeyləri duyduğunu oxudum. Keçmiş, bu gün, gələcək,
nigaranlıq... Bir də harda olursunuz olun içinizlə
daşıdığınız şeylər... "Bəzən
böyük şəhərlərə" "hansısa
xatirənin ardıyca" da gedilir, onun "balığının
üstünə limon sıxmağa da", "onu"
axtarmağa da...
-Hə bəzən xatirələrinin dalinca getmişəm hansısa şəhərə. Harda ki, bir ömürcə məni təqib edəcək xatirələr var, o yerlər mənim xatirə marşurutu seçmişəm özümə. Gedəndə o yerləri eyni yolu tutub gəzirəm, düşünürəm...
-Fərid
Hüseyn şəhərləri dolanır. Baxır, düşünür, axtarır... Suallar verir... Məsələn
soruşur ki-Müəllim kimdir? Və budur o-"Suallara
cavabı olan"... Lakin bir yandan da "Hər şeyin
doğrusunu Allah bilir" deyərək öz həqiqətini
gizlətmək stəyir... Həqiqət nədir?
O hansı məkanda gizlənib?
- İnsan yanılır, çünki xeyirli bildiyi məlum
olur ki, onun ziyanına imiş. 40 il
yaradıcılıqla məşğul olub axırda oxunmamaq,
unudulmaq nə deməkdir? 40 il aldanmaq deyil?
40 il doğru hesab edib yanılmaq deyil? Ona görə də Allaha təslim olmağı - nəticəni
qiymətləndirməyi seçirəm. Duaların
birində belə bir məqam var: "İlahi, mənə hər
iki dünyada xeyirli olacaq ruzi bəxş et".
Çünki ola bilər ki, bu dünyada
xeyirli bildiyin ruzi, o dünyada zəqqumun olsun. Mən
axirət dünyasına inanıram deyə, bu fikri qəbul
edirəm. Həqiqət nədir,
Ölüm nədir? Belə suallara cavab
vermək mənimçün çətindir, çünki
insanın bir ömür düşünməli olduğu məsələyə
15 dəqiqəyə cavab verə bilmərəm. Bir
gün Şopenhaur bir bağın yanından keçir,
gözəl gül sataşır gözünə, əyilib dərmək
istəyəndə, bağban qışqırır: Sən
kimsən? Filosof cavab verir ki, mən ömrüm
boyu bu sualın cavabın düşünmüşəm.
Yəni "mən kiməm?" sualının
cavabını.
- Gözəl cavabdır, çox
sağ olun. Kitabda növbəti bölüm "Zindan
şeirləridir" Adı belə çox
ağırdır... Üstündən xeyli zaman keçib həmin
hadisələrdən, hələ də yazılırmı
"zindan şeirləri"?
- Kitabda
yer alan "Həbsxana haykuları"
silsiləsi yenidir. Bilirsiz ki, haykular təbiət təsvirli
şeirlərdir və məlum ölçüsü var. Mən
o silsilədə həbsxananın "təbiəti"ni canlandırmışam
-Şair üçün
zindan haradır?
- İki əsas zindan var: düşüncənin səni
saldığı, saxladığı yer, bir də
qorxularının qalası. Bunlar ən dəhşətliləridir.
Ancaq bizim bildiyimiz mənada həbsxana da usandırıcıdı,
xüsusən, qürbət ölkədə. Bəlkə də
inanmırsınız, həbsxanada mən ən çox məni
sevənlərin dərdini çəkirdim ki, niyə onlara bu
nisgili, ağrını yaşatdım. Sağ olsun
dövlət başçısı da, dövlətimiz də,
bu xüsusda çalışanlar da,
azadlığımızı istəyənlər də,
ürəyi yananlar da..
- Bəli, sağ olsunlar həqiqətən.
Mən o günləri yaxşı xatırlayıram,
sarsılmışdıq, dostlar nəsə etməyə
çalışırdılar, narahatlıq ifadə
edilirdi... Şükür ki,
keçdi... Zindan sizə həm də gözəl
mətnlər qazandırdı. İndi o
günləri düşünəndə dediyiniz olurmu
heç-kaş nə o zindan olaydı, nə də bu mətnlər?
- Əlbəttə, o fikirdəyəm. Dostoyevski
deyirdi ki, heç bir müharibə qələbəsi bir
uşağın göz yaşına dəyməz. Əsər yazmaq üçün bəlaya sevinmək
olmaz. Onda biz müharibələrə görə sevinməliyik
ki, nə yaxşı müharibələr olub, Remark o cür əsərlər
yazıb. Bu səhv qənaətdir. İnsan və sakit həyat çox qiymətlidir.
-Zindan həm də o yerdir ki, orda
ancaq insanlar var. Talelərini zindana daşımış, ya da
talelərinin zindana gətirib çıxardığı
insanlar. Başqa heç nə yoxdur, nə küçə,
nə ev, nə çöl, nə dəniz... Ancaq və ancaq insanlar və sizin qeyd etdiyiniz
kimi, taleləri izləyirsiniz...
Təsvir edirsiniz... Üstəlik, orda, o zaman içərisində
deyil, sonradan da... Bu da bir cür xatirələrin
əzab verməsidirmi?
-Talenin
içində hər şey var: həm peşimanlıq, həm
nəticə, həm günahkarlıq duyğusu, ən əsası
da dərk. Ona görə kənar təsvirlərə
ehtiyac görmürəm. Çünki
azadlıq orda təxəyyüldür. Təxəyyül
təsvirdir, reallıq yox. Reallığın
təsvirə ehtiyacı var ancaq.
-Fərid bəy, kitabda elə
kitabdan gələn şeirlər var. Məlum, geniş məlumatlı
müəllifsiniz, dünya ədəbiyyatına yaxşı
bələdsiniz. Görünür bu mətnlərinizdə
öz izini qoyur. Lermontov, Tostoy, Axmatova, Svetayeva, Nizami Gəncəvi,
Məhəmməd Hadi, o. Henri, Nazim Hikmət... Bunlar həm də
sevdiyiniz müəlliflərdir-demək olarmı?
-Oxuduqlarim
da mənim həyatimin bir hissəsidir, onlar haqqında
düşündüyüm vaxt da ömrümdür, deməli
bütün sadaladıqlarım həyatımdır. Kitablara da həyatımın bir hissəsi kimi
baxıram, onlar da həyatla əlaqəlidir.
-Məlum, ədəbiyyatda "həyatdan
gəlmə" və "kitabdan gəlmə"
söz-söhbəti səngimir. Buna əhəmiyyət
verməyə dəyərmi? Məncə siz "yox"
cavabını seçəcəksiniz, kitabınız da buna
cavab ola bilər
- Həyatdan
və kitabdan gəlmə anlayışı müasir qavramda
yanlışdır, var ürəyi ilə rabitəni itirənlər
və itirməyənlərin yazdıqları. Bizə mətnləri
süni göstərən, əslində, şeiri
düşünərək, yəni ürəkdən xəbərsiz
yaratmaqdı. Süniliyin baiskarı
kimi nədənsə həmişə
barmağımızı kitablara tuşlayırıq. Ürəyi ilə əlaqəni itirənlərə,
obrazları robotları xatırladanlara, "alternativ
dünya" adı ilə senton, qurama mətn yaradanlara
kitabdan gəlmələr deyilir. Fikrimcə,
ədəbiyyat ifadə edə bilmək sənətidir mənə
görə. Ürəyindəki
bütün sözlər dilimizə gəlirmi? Xeyr, eləcə də düşündüklərini
istədiyi kimi yazmaq, həyati, canlı təsvir etmək hər
adama müyəssər olmur. Bunu yalnız
təbii istedadı olanlar, ürəyi ilə rabitəsi
qırılmamış qələm adamları edə bilir.
- Oxuduqlarınız
yazdıqlarınıza nə dərəcədə əks
olunur?
- Mən
oxuduğum mətnləri həyatla, günlə,
düşüncəmlə əlaqələndirirəm,
düşüncələrimi yazıram, birbaşa təsir və
ya fikir təlqinindən söhbət gedə bilməz.
Gündə ən azı 6-7 saat mətn oxuyan bir adam kimi - işlə bağlı və
mütaliə - kitablar, əsərlər ömrümün bir
hissəsidir, təkcə mənim yox, başqa yaradıcılarda
da belədir. Həm klassik ədəbiyyatı,
həm də müasir dünya ədəbiyyatını bilməyi,
öyrənməyi isə əsas məqsədlərimdən
biri hesab edirəm.
- "Qəlbin
tərbiyə dərsləri"...
Dərin anlam ifadə edir. Bu bəlkə
də elə "şair adam"
olmaqdır, çox az şair həm də "şair
adam" ola bilir. Siz razılaşırsınızmı
"şair adam" olmağınızla?
-
Razıyam... Şairlik şərəf gətirən
bir peşədir, həyat tərzidir. Ürəyinlə
rabitəni itirməməkdən böyük səadət barədə
düşünə bilmirəm. Bu səadəti
isə mənə şairlik bəxş edib.
-
Marağımı kitabınızdakı başqa bir
bölmə çəkdi: "Liriklər və antiliriklər"....
- "Bir də heç vaxt" kitabında sevgi,
ayrılıq, nisgil ilə bağlı şeirlər
adını çəkdiyiniz bölmədə cəm olub. O şeirlərdə mənimlə
birgə böyüyən sevgi hissinin ayrı-ayrı yaş
dövrü əks olunub.
- Və "Müharibə şeirləri"...
Həyatınızda müharibənin hansı
izləri var? Nədir sizin
üçün müharibə?
- Birinci
sinfə gedəndə məktəbin dəhlizində
gördüm ki, çoxlu şəhid şəkilləri,
adları yazılıb. Hər ay ya
soyqırım, ya işğal günüdür, matəm
tarixçələri ilə doludu həyatımız. Müharibəni uşaqlığıma düşmən
hesab edirəm. Çünki müharibə
olmasaydı Azərbaycan tamam başqa cür olardı. Əminəm ki, poeziyamızın mövzuları da
fərqlənərdi. Beyninin bir tərəfində
daim düşməninin varlığını bilmək,
insanın rahatlığını əlindən alır.
Qarabağ işğal olunmasaydı, 20 Yanvar
hadisələri olmasaydı, heç o günlərdə
toplanmağa da ehtiyac qalmazdı, o barədə yazmağa da.
Müharibə gözəlliklərin ikinci plana
keçməsidir. Kaş əbədi
sülh, firavanlıq olardı, bu qədər
ağrını yaşamazdıq. Düşünün,
əzəldən sülh və xoşbəxtlik içində
yaşayan, dinc bir xalq...
-Ölüm əbədi
mövzudur...
-
Ölüm haqqında çox düşünürəm. Qəbiristanlığa yaxın evdə
yaşayıram deyə istədim, istəmədim gedib-gələndə
yolum o son dayanacağın yanından keçir. Baxıram məzarlara, deyirəm, İlahi, bunlar da
bizim kimi, yeyib, içib, gəzib, gülüb, arzuların ətəyindən
yapışıblar. İndi də mərmərdən
boylanırlar. Ölüm insana hər
şeyin axırını düşünmək şansı
yaradır.
- Bir tərəfdən də
"Allah bizə azmaq fürsəti verir ki, azmayaq"... Qısa, bütöv, həqiqəti
ən yaxşı nişan verən qənaətə
gəlmək... Bu haqda
danışmağı sizin öhdənizə buraxıram...
- Qoyulan
bütün qadağalar azmamağımız
üçündür, ancaq qadağalar insanın
rahatlığını zəbt edir. İnsan
ucalır qadağalarla, ancaq riayət etməyə iradəsi
çatmır bəzən. İmtahanları
ağırdır dünyanın, cavanlıqda vicdanın
sümükləri bərkiməmiş onlarla mübarizə
çətindir, axı həyat gözəldi, cazibəlidi...
- "Tanrını əlinizdən ala
bilməzlər" və ancaq buna görə "adamlara minnətdar
olmağa dəyər"... Buna görəmi "bağışlamaq
hamını, hər dəfə bağışlamağa"
dəyər?
-
Bağışlamaq lazımdır. Yalnız
bağışlayanda xilas ola bilirik. Əgər "çarmıxa çəkilməyə
bir nəfər lazımdır desələr" heç kəs
İsa Məsihi ideal saymayacaq.
Tarix göstərir ki, "cəzalandırılmağa
ən layiq olan" məsumlarmış. İsa Məsihi
xatırlayaq...
-Belə bir sual yarandı
içimdə, sizi, şair olaraq nə əsəbləşdirə
bilər?
-
Yaradıcı insanı ən çox əsəbiləşdirən
şey yazdıqlarının səhv başa düşülməsi
və təhrif olunmasıdır. Yalançı
tərif isə həm şəxsiyyətə qarşı əsl
münasibətin, həm də yazdıqlarına
formalaşmalı olan həqiqi dəyərin təhrifi deməkdir.
- Şeirlərinizdə
peşmanlıq duyğusu görünüb-itir... Peşman deyilsiniz ki?
- Mənim
beynim qəfil qərar verə bilmir, verəndə də səhv
edirəm. Mən ən adi şey haqqında bəzən
iki gün düşünürəm, əslində, səbirli
adamam. Ancaq nə baş verirsə, əksərən
xeyirliyə baş verir. Nizami deyir ki, "nə atəş bilir ki,
yandırıcıdır, nə də su bilir ki, dirilik
saçır". Yəni insan, əslində,
ona verilən missiyadan çox vaxt xəbərsiz olur. Nə
mənim ürəyimcə deyilsə, onu edirəmsə, xeyir tapmıram.
Ağlımın ümidinə qalsaydım bəlkə də
riyakarın yekəsi olardım, şükür ürəyim
mane olur mənə və nə yaxşı ki, ürəyimin
bir dediyini iki eləmirəm.
Söhbətləşdi:
Hədiyyə Şəfaqət
Ədəbiyyat qəzeti.- 2017.- 15
iyul.- S.28-29.