Tarık Akanın başında niyə bit vardı
və ya "ey həyat,
sən nə qəribəsən..."
Tarık
Akanın yeganə kitabı "Ana, başımda bit var.12
sentyabr xatirələri"ni ("Can" nəşriyyatı,
İstanbul, 2002) oxuyanda ilk əvvəl yadıma əfsanəvi
"Qaya" vokal kvartetinin "Ey, həyat sən nə qəribəsən"
adlı hiti düşdü.
Yeri
gəlmişkən, o "Qaya"nın ki, solistlərindən
biri də Teymur Mirzəyevdi...
Mirzəyevin
həm də, hazırda İsraildə ömür-gün
keçirən böyük aktyorumuz, xüsusi rəğbət
bəslədiyim Tofiq Mirzəyevin qardaşı olduğunu da
xatırladım...
...Təyyarə
hava limanına enmək üzrədir, salonda "Yol"
filmindəki Seyid Əli roluna görə "ən
yaxşı kişi oyunçu" nominasiyasına namizəd
göstərildiyi Kann film festivalından dönən,
aşağıda onu nə gözlədiyini dəqiq bilməsə
də, həbs olunmaq təhlükəsinin
reallığını çox gözəl anlayan həyəcanlı
Tarık Akan, habelə, ona ürək-dirək verməyə
çalışan Müjdat Gezen, Perran Kutman və digər
aktyorlar da var...
...Almaniyadakı
mədəniyyət məzmunlu
çıxışını təhrif edilmiş formada,
yalan-yanlış bir başlıqla səhifələndirən
"Tərcüman" qəzetinin güdazına gedən
böyük aktyor aeroportda birinci (siyasi) şöbənin
polisləri tərəfindən
saxlanılır...
...Bu arada "Hürriyyət" qəzetindən Nezih Demirkentin böyründə dayanmasının fərqinə varan Tarık Akan, ona tərəf dönüb; "bu olub-bitəni qəzetiniz yazsa, mənim üçün də kömək olar" deyir jurnalistə. Demirkent də arxayınca, Tarıkı inandırır; "Sən heç darıxma, lazım gələn hər şeyi edəcəyik". Amma, "Hürriyyət" Akanın həbs xəbərindən qeyri, onunla bağlı ən xırda bir yazı verməyi belə özünə rəva görmür...
Aeroportdan Akanı mikroavtobusda, ön və arxadakı "Renault"ların müşaiyyətiylə təhlükəli cinayətkarlartək polisə sürükləyirlər, belə münasibətdən o, yaman diksinir...
İlk sual-cavabı yekunlaşdırıb axtarışdan ötrü Akanı mənzilinə aparırlar. Yaşadığı binanı da çoxsaylı polis və əskərlərin sıx-sıx mühasirəyə aldığını görən Akan yenidən çaş-baş düşür; əcaba, nə iş görüb ki, onunla bu cür davranırlar... Sağ olsun, komissar masadakı yasaq kitabları siyahıya salmır, Nəsiminin şeirinisə siyahıya almaq istədikdə "bunu da yazmayın" deyir aktyor, komissar da qulaq asır... Akan xatırladır ki, bir az əvvəl yoldakı yeməkxanada polislərə verdiyi qonaqlıq, deyəsən işə yaramışdı...Sənətçi, yalnız azadlığa qovuşarkən öyrənir ki, Müjdatın məlumatlandırdığı qardaşı, iki yoldaşının köməyiylə, evdəki kitablardan bir qismini dənizə tullaya bilib; hansı kitabların qadağan olunduğunu bilmədiklərindən bütün qırmızı cildliləri çemodanlara doldurublar...
Polislər Tarıkın mənzilindən onun səfər çemodanının ardınca Müjdat Gezengilə yönəlir, qapını döyürlər, içəridən Müjdatın səsi eşidilir: "kimdir o?", "polis" cavabı verilərkən, "bir dəqiqə" deyir Gezen, lakin dəqiqə yox, xeyli müddət ötür, nəhayət, qapı açılır və Müjdat alt paltarında varid olur... Akanın çemodanı otağın bir küncündədir, Müjdat polislərlə söhbətləşərkən o, çemodanı açır, ürəyi döyünə-döyünə, Müjdata yox etməsini tapşırdığı telefon kitabçasını xalçanın altına qoyur...və polislər çemodanı da alıb oradan da ayrılırlar.
İndi kitabdan xüsusu vurğuyla bir cümlə ayırıram. Oxuyun: "Bayıra çıxmaq üzrə irəliləyərkən (Müjdatın evindən), yataq otağının qapısından bir qızın yataqda oturduğunu gördüm..."
...Ancaq nə dünyanın, nə Nezihin, nə də Müjdatın işlərinə heç təəccüblənməyək...
Tarıkın fotosunu çəkir, barmaq izlərini götürüb iyrənc qoxulu bir hücrəyə atırlar... Hücrə eni bir, uzunu iki metrlik bir xarabadı... Qaydasında tualet izni vermədiklərindən Akan kiçik tualet ehtiyacını elə oradaca etməyə məcbur qalır, bu vaxt çalışır ki, quru hissəni islatmasın...və beləcə, otaqdan niyə belə pis iyin gəlməsinin səbəbini də bilmiş olur...
Xeyli vaxt keçir, koridorda "aranızda danışanı görsəm ananızdan doğulduğunuza peşman edərəm" bağıran polis tualetdən ötrü üç dəqiqəliyə qapını açır. (Tarıkı gəda-güdaların qarşısında alçaldan rejimin yaradıcılarının aqibəti necə oldu, onu da bir cümlədə yazacağam... hələliksə, bu hoqqabazlığa dözək...)
Akanı murdarlıqla dolu tualetdən yenidən hücrəsinə qaytarır...ardından onu yenə də uzunu iki, eni bir metrdən ibarət başqa hücrəyə atırlar, içəridə hamısı birlikdə yeddi nəfərdi... bəziləri yer də tapmırdı ki, otursun...daha sonra uzunu da, eni də üç metrlik ayrı otağa keçirirlər...burasa düz qırx üç kişi salınmışdı...Bir tərəfi işgəncədən dönənlərə ayırmışdılar.Yatmaq çox vacibdi, çünkü səhəri kimin istintaqa çağırılacağı bilinmirdi... Sakit və dözümlü olmalıydılar... Lakin bütün gecəni rahat uyumaq imkansızdı; bitlər və birələr, qələbəlik və havasızlıq, eyni cür yemək; bədən tərləyib duz itirir, qidalarınsa heç birində duz yoxdu, bu da bədənin müqavimətini qırır, zehni yorur. Yeməklər qəsdən belə seçilib; yatmağı da, dincəlməyi də zorlaşdırır...
...Üç polis gəlir, biri Tarıka süpürgə verir: "hər kəs zir-zibili qapının altından bayıra atsın, artist də süpürsün". Hansısa hücrədən qışqırıq eşidilir; "Məmur bəy, mən süpürərəm, tualetləri də təmizlərəm, amma bu, Tarık Akana yaraşmaz". O, hədsiz qürurlanır, qəhərdən boğazı düyünlənir...İş böyüyür...Tarıka süpürgə verən polis hücrələrə tərəf aramsız çığırır... Nəhayət, A. adlı polis aktyora süpürgəni yerə tullamasını deyib bağıran polisi çəkib aparır..
Akanın yeri yenə dəyişdirilir; polis A., aktyoru başqa hücrəyə salır, ertəsi gecə Tarıkı çağırıb; "gəl, bir az söhbət eləyək" deyib sənətçiylə mehribanlaşır. Lakin A.nı maraqlandıran öz səviyyəsinə uyğun şeylərdir; "qadınlarla neynirsən, neçə məşhur aktrisayla yatmısan?.. "Bir ayrı polis də gəlir, Tarıka çay və siqaret qonaqlığı verirlər...
Və nəhayət, Akan Hüseyn isimli kimyaçı mühəndislə, az da olsa səliqəli başqa bir otağa düşür. Bir dəfə onlar kabab yeməkdən ötrü plan qurur, Akan bütün aktyor ustalığını işlədib, bunu A.nın boynuna qoyur; öz pullarıyla duzlu ayran, isti kabab aldırır, ağız dadıyla yeyib doyurlar...
Tarık durmadan qaşınır;
bit-birələr onu çox incidir. Günəşli
bir havada pəncərə
qarşısında şalvarını
çıxarıb görür
ki, tikişlərdə
sirkə-bit qaynayır...Xeyli əziyyət çəkib onları qırır...lakin az sonra pal-paltarı
yenə də əvvəlki hala düşür...
Vaxt keçir, Hüseyni istintaqa çəkirlər,
axşam dönərkən
yazığın olmazın
işgəncə gördüyü ilk nəzərdən gözə girir...
Tarıkı müdirin otağına
götürürlər, o, Tarıka
məsafəli yaxınlıq
göstərir (bunun səbəbini Tarık sonradan, atasıyla görüşəndə başa
düşür). Orada
Tarık jurnalist Uğur Dündarla qarşılaşır, Dündar
TRT-nin baş direktoru olacağını,
bayırda kiməsə
sözü varsa, söyləyə biləcəyini
deyir, Tarıksa "yox" cavabını verir...
...Hücrənin qapısı
açılır, şişman
birini içəri itələyirlər. "Olimpiya" pavilyonunun sahibiymiş. Siyasi şöbə polislərinin
bir-ikisi orada yeyib-içmiş, möhkəm
sərxoş olmuş,
hesab ödəmək
istəməyəndə qarsonlar
da onları tutub gözəl-gözəl
döymüşlər. Bu səbəbdən, bütün
pavilyonu şöbəyə
doldurmuş, sahibkarı
da Tarıkın hücrəsinə atmışlar.
Şişmansa nəyin dərdindəymiş;
brillyantlı "Rolex" saatını qaytarmayacaqlar.
Əlaqələri vasitəsilə tezliklə
qurtulan şişman, çıxarkən Akanı
israrla qonaq çağırır. Çox
sonralar, Tarık həmin pavilyondaykən, şişman onu gülər üzlə qarşılayıb masasına
belə yerlərin ən lüks içkisi sayılan şampan şərabı
da qoyur...
...Bir gün çoxdan
gözlədiyi hadisə
olur; Tarıkı istintaqa çağırırlar.
Suallardan
biri də buydu; "niyə Yılmaz Güneylə birlikdəsən, niyə ona kömək edirsən?"
"Ona kömək etmirəm ki... O, mənim məsləkdaşımdır.
Birlikdə gözəl işlər
görməyə çalışırıq."
"Bax, Tarık, bizə yalan söyləmə. Səni
əzərik"..
"Səni əzərik",
Akana hədsiz toxunur, onu dərindən
yaralayır, ağrıdır...
"Sürü" filmini
niyə çəkdin?",
"Mədən", ""Dəmiryolu" kimi filmlərdə niyə oynayırsan?","Bu vətənə
niyə xəyanət
edirsən?"
Həəə...alçaqların
axırıncı sığınacaq
yeri...Vətən...Vətən...Vətənin
namından murdar niyyətlərin ört-basdırı
üçün neçənci
istifadədir bu...
Tarıkı Səlimiyyəyə, həbsxanaya göndərirlər...
(Bitlər yenə də ona aramsız
əziyyət etməkdədir...)
Orada prokuror Tarıkın həbssiz mühakimə olunmasına
qərar verir...
Bayırda qardaşı qarşılayır
Akanı. Beşinci mərtəbədəki mənzilə
güclə çıxır...
az qalır nəfəsi kəsilsin...İstefaya çıxmış
hərbçi polkovnik
olan atasının ilk
sualı bu olur ona; "Sənə işgəncə
verdilərmi?..." Tarık
"yox" deyir.
Sən demə, atası hansısa generala ağız açıb;
"oğluma işgəncə
verdirmə". O, həbsdə
niyə işgəncə
görməməsinin səbəbini indi anlayır...üç gün evdə oturub başında hər gün dörd-beş dəfə
bit-sirkə axtartdırır
anasına...və onun başını oxşayıb-sığallamasından sonsuz xoşbəxtlik duyur...ancaq nə
bit tapılır, nə
sirkə...
...Gecikmədən məşhur
vəkil Orxan Apaydınla görüşüb
öz məhkəmə
perspektivini müzakirə
edir. Orxan Apaydın qardaşı vəkil Bürhanla birgə ona məsləhət görür
ki, ölkədən qaçıb getsin, əks təqdirdə, altı il
səkkiz ay müddətə
azadlıqdan məhrum
ediləcək. Tarık olub-qalanını
satıb pul toplayır ki, gizli yolla Yunanıstana
keçsin...Lakin Apaydın zəng vurub onu təcili
çağırır, dosyesini
təkrar incələdiyini,
ittihamda çoxlu boşluqlar tapdığını
deyir. Tarık, Apaydının məsləhətiylə
əsas şahidi, çalğıçı Osman
İşmenlə görüşür,
İşmen and içir
ki, adından Tarıkın əleyhinə
verilmiş ifadələrdən
xəbərsizdir, polislər
özləri nə gəldi yazıb ona imza etdiriblər,
məhkəmədə də
sözünü tutub
həqiqəti deyir...Eləcə də, Almaniyadan Tarıkın əleyhinə teleqramlar vurulmuş ünvanlar da yoxlanıldıqda bəlli olur ki, ümumiyyətlə,
elə yerlər mövcud deyil...Digər sənədlər
də araşdırılır...və Tarık Akan bəraət alır! Lakin o, 1979-cu ildə Nazim Hikmətin doğum şənliklərində
iştirakı və
"Barış dərnəyi"nə
üzvlüyü bəhanəsiylə
təzədən mühakimə
(bu dəfə həbssiz) olunur, ancaq daha bir
qələbə; yenə
bəraət alır...
Sonrasa nə, nələr baş verdi...yuxarıda söz verdiyim o bir cümləni yazıram;
Gün gəldi, 12 sentyabr 1980-ci il hərbi çevrilişinə
rəhbərlik etmiş
Kenan Evren başda olmaqla, sağ qalan qiyamçı generallar mühakimə olundu və məhkəmə,
18 iyun 2014-cü il tarixdə, Evrenin ordu generalı rütbəsinin
sökülüb sıravi
əskərliyə endirilməsinə
və ömürlük
azadlıqdan məhrum
edilmə cəzasına
məhkum edilməsinə
qərar verdi...lakin 97 yaşlı qocanın həbsxanaya qədər nəfəsi çatmadı, 9 may 2015-ci ildə
xəstəxana küncündə
öldü...
Mən burada heç nə demirəm...üç kəlmədən
ibarət "Tarık,
səni əzərik"
şərəfsizliyinin heç
bir qarşılığı
yoxdur...ancaq...hər halda..., "Ey həyat, sən nə qəribəsən"...
Qəribədir, deyilmi?
...Sənsə nur içində yat, Böyük İnsan, Böyük Usta-Tarık Akan!
Mətləb Ağa
Ədəbiyyat qəzeti.- 2017.-
15 iyul.- S.31.