Kişilərin sevdiyi feministlər

 

İndi dünyanın sosial bərabərliyini təmin etmək üçün bir çox ciddi sənədlərin əsas bəndlərində, toplantıların gündəliyində qadının gücləndirilməsi, yetkili edilməsi (woman empowernment) ifadəsini görə bilərik. Bu xətt tələb olaraq əksər böyük kommersiya şirkətlərinin korporativ sosial məsuliyyət planına da daxil edilir. Şirkətsən, güclüsən, o zaman mövcud olduğun ortamda qadını zəif olmaqdan xilas et. Mən nəinki əksər kişilərin, eyni zamanda böyük çoxluqda qadınların bu ifadədən qıcıqlandığını, onu lazımsız hesab etdiyini bilirəm. "Qadını gücləndir, ona səlahiyyət ver" sözünü deyən kimi kişilər "daha nə istəyirsiz, hər şeyimizi almısız, şalvar da geyinirsiz" və s. kimi bəsit fikirlər səsləndirir, qadınlar isə feminizmdən ən az doğal hüquqlarından xəbərsiz olduqları qədər uzaq durduqlarını büruzə verirlər. Və inanın, bəzən mən kişi hüquqlarının müdafiəsi təşkilatı yaratmağa hazır qadınlar da görürəm. Onların kişi təəssübkeşliyini yarımçıqlıq, savadsızlıq, yaxud elə məhz qarşı cinsin psixoloji təsiri nəticəsində zəncirli düşüncə nümunəsi kimi dəyərləndirirəm. Ola bilməz ki, bu gün qadınlar güclü olsun, çətinlik tamamilə aradan qalxsın. Qadının kifayət qədər gücə sahib olduğunu düşünənlər onunzaman səsvermə, əmlak, varislik hüququna yiyələndiyindən məlumatsızdı. Elmin və texnikanın inkişaf etdiyi, Birinci Dünya müharibəsinin başlayıb-bitdiyi ortamda qadın hələ də yaşadığı məkanın siyasi qərarlarına təsir edəcək gücdə deyildi. Və təsəvvür edin, bir çox inkişaf etmiş ölkədə adamlar seksual inqilab mövzusunun müzakirəsinə qadına səsvermə və azad düşünmə imkanı verməzdən qabaq başlayıb. Qadın yüz deyil, min deyil, milyonlarla ilin fiziki və mənəvi asılılığından heç bir əsr deyil kağız üzərində qurtulub. Onun bu qısa zaman kəsiyində artıq lazımi gücə sahib olduğunu düşünmək əqli korluq, kasadlıqdı. Əslində, indi məqsədim təkcə bunlardan bəhs etmək deyil. Daha doğrusu, bunları bir yazıçı qadın simasında ifadə etmək arzusundayam. Örnəyim Virciniya Vulfdur. Vulf (l hərfi incə tələffüz olunmur) yazıçı-publisist ata, aktrisa ananın qızıdır. Atanın şöhrəti və yaxşı maddi təminatı var. Virciniya tez-tez evlərində cəmiyyətin məşhur adamları ilə görüşsə də, onların bəsitliklərindən qıcıqlanır, müdriklikdən uzaqda durduqlarını anlayır. Varlı və ziyalı ailədə doğulsa da, onun yeniyetməlik, ilk gənclik dövrü qadının ali təhsil ala bilmədiyi dövrə düşür. Qızlar ərə getmə kurslarına gedir, tikiş tikmək, gələcək həyat yoldaşını məmnun etmək üçün piano çalmaq, rəqs etmək öyrənirlər. Kembric qapılarını qızlara açmamaqda israrlıdı, cəmiyyətdə "qadın yadlar arasında elm öyrənməyə gedə bilməz, çox istəyirsə, eybi yox, müəllim bizə evə gələr" fikri hakimdir. Bütün maneələrə rəğmən, Virciniya dərin mütaliəsi və elmə sevgisi səbəbindən keyfiyyətli ev təhsili alır. On üç yaşında anası, 1904-cü ildə  atası dünyasını dəyişir. İlk dəfə anasının yoxluğundan sonra üzləşdiyi mənəvi təklik, daxili çəkişməsi beynini üsyana sürükləyir. Qız şizofrenik əsəb sarsıntısı keçirir. Lakin onun mənəvi düşüşünün başqa səbəbi də var: Virciniya və bacısı Vanessa ögey qardaşlarının cinsi istəyinin qurbanı olur. Həyatının bu dönəmi detallarla izlənməsə də, bu zədə ömrünün sonuna qədər onunla bərabər olur.

Atasının ölümündən sonra köçdükləri yeni məkanda Virciniya məşhur intellektual Blomsberi birliyinə daxil olur, elə oradaca gözəlliyi ilə bir çox kişinin diqqətini çəkir. Hər münasibətinin sonuna yaxın Virciniya mənəvi və əqli sarsıntılar keçirsə də, otuz yaşında ona düz iyirmi il hüzurlu həyat yaşadan adamla ailə qurur. Burda biz intihar anına qədər yazmağa davam edən qadının gücləndirilməsinə diqqət edək. Leonard Vulfla evli olduğu müddətdə 500-dən çox təkcə esse yazan Virciniya məhz həyat yoldaşı, bir kişi tərəfindən dəyərləndirildiyi üçün özünü yenidən doğa bilir. Məişət qayğılarından azad olan Virciniyanın yazmadığı tək gün belə yox idi. Bəzən o, yazını bitirməmiş evinin qapısında tezliklə son nöqtəsi qoyulacaq esseni nəşriyyata aparmaq üçün poçtalyon gözləyirdi.

Məhz əri onun daxili gücünü alovlandırıb, adını yaşadığımız günə qədər daşımaqda vasitəçi oldu. Leonard Vulf olmasa, Virciniya onu anlamayan alaçiy kişilərin qurbanına çevriləcək, yoxoluşu sürətlənəcəkdi. Mənbələr deyir uğursuz münasibətlərinin sonu yaxınlaşanda Virciniya təşviş keçirir, psixi tutmaları başlayırdı. Əri Leonardın simasında isə onu heç bir halında, heç vaxt tərk etməyəcək partnyor (tərəfdaş) tapmışdı. Virciniyanı gücləndirdiyi, yaşatdığı üçün ona borcluyuq. Vulf, atam ölməsə, heç vaxt yazmağa cəsarət etməzdim deyirdi. Bu, onun uzun zaman güclü atanın mənəvi zəncirində qalmasının ifadəsidi. Hərtərəfli hökmran ata qızını özgüvənsiz, əzik böyüdürdü. Beləliklə, Virciniyanın yazıçı kimi ilk addımları atasının fiziki ölümü ilə başladı. Atasının ölümü onu anasının ölümündən daha çox sarsıtdı. Qız sağlığında atasını lazımi qədər sevmədiyinin, anlamadığının acısını yaşayırdı. İnsanlar pis münasibətdə olduqları doğmalarının ölümünü yaxşı münasibətdə olduqları adamların ölümündən pis keçirirlər, elm belə deyir.

Virciniya Vulf bir qadın, bir nəsr ustası olaraq Avropanın dəyəridi. Bu dəyər nəinki bizim ölkəmizdə, eləcə də Rusiya daxil, bütün Şərqdə lazımi qədər tanınmır. Məkan olaraq bizə yaxın insanlar çox zaman onun adını və ideallarını adət etdikləri dəyərlərə yamaq kimi görürlər. Halbuki, Vulfun simasında qadın gücünün formalaşması nümunəsini görərək, sosial bərabərsizliyi qismən aradan qaldıra bilərik. Yuxarıda sadaladıqlarıma birbaxaq. Vulf atasının mənəvi, ögey qardaşının cinsi zərbələri ilə böyüyür, düşdüyü ziyalı ortam onu qadın olaraq özünü güvəndə hiss etməyə qoymur, necə var elə ifadə etsək, qadını dəli edir, həyat yoldaşı isə uzun müddət onun əqli pozuqluğunu aradan qaldırmağı bacarır. Ərindən və ən yaxınlarından başqa Virciniyanın psixi dolaşığından kimsə xəbər tutmur. Ər Vulf qərara alır ki, arvadını sağaltmaq üçün yaxşı qida, qayğı və yazması üçün şərait yaratmaq lazımdır. O, haqlı olaraq Virciniyanın qurtuluşunu yazmaqda görür. Yazıçı Vulfun esseləri - qadın gücü, sosial bərabərsizlikdən söz açan yazılar çoxaldıqca onları çap eləməyən naşirlər (kişilər) də artır, onda ər nəşriyyat açaraq həyat yoldaşını mövzu məhdudiyyəti zəncirindən xilas edir.

Vulfu adi statistik Amerika kişisi, AsiyaAvropa kişisi bəlkə də eyni dərəcədə, eyni qədərdə oxumur. Vulfu Markes kimi kişilər oxuyur və yaradıcılıqlarının təkanverici qüvvəsi sayır. Vulf "yazıçı qadın və kişi başlanğıcını birləşdirərək yazmağa başlayır" deyir, hamıdan, bütün erkəklərdən hər işdə bu münasibəti umurdu. Vulf feminist qadın, yenilikçi yazıçı olaraq sevimli obrazımdır.

Qadınla kişi dialoqu bəşəriyyətin ən qədim dialoqudu. Qadınla kişinin uğurlu dialoqu nə qədər anlaşmazlığın çözümü deməkdi. VirciniyaLeonard Vulflar şübhəsiz, bu yolda çalışan ən fədakar insanlardandırlar.

İndi, otuz yaşı keçən vaxtımda özümü feminist kimi hiss edirəm. Feministliyin etirafı özünü yanlış anlatmaq qorxusunun yoxa çıxdığı zaman yaranır. Mən yanlış anlaşılacağımdan qorxmuram. Nəyi müdafiə etdiyimi dəqiq bilirəm. Özgüvənimi artıran, mənə dəyərli olduğumu göstərən bütün qadınlara, kişilərə minnətdaram. Bəzən kişilərlə çətinliyi olan, əks cins tərəfindən sevilməyən qadınların feminist olduqlarını deyirlər. Mənsə, müşahidələrim və rastlaşdıqlarım, eləcə də şəxsi nümunəmlə ayrı qənaətdəyəm. Əksinə, feminist qadın uğurlu kişilərlə rastlaşıb yetərincə güclənmiş biridir. O, güclüazad fərd kimi yaşamağın dadını bilir, başqa həmcinslərinin bu səadəti yaşamasına çalışır. Kişi təəssübkeşliyi çəkməyin tərkibində isə əks cinsə yarınmaq, bəyənilmək, onlar tərəfindən tədqir olunmaq istəyi görünür.

Mən qadınları onlara dəyər verən kişi ilə birgə güclənmiş, feministazad görməyi arzulayıram.

 

Sahilə İBRAHİMOVA

 

Ədəbiyyat qəzeti.-2017.- 22 iyul.- S.5.