Halal lənət
Bir çox intizar və əziyyətlərdən sonra axır ki, Bakının Bilgəh qəsəbəsində özümə kiçik bir kənd həyəti ala bildim. İlk dəfə evi görəndə şair xəyallı olduğum üçün evin içi və həyəti deyil, küçəsindəki bəzi şeylər məni o evi almağa təşviq etmişdi. Deməli, evin qapısı "Bilgəh Qocalar evi"-nin arxa divarına açılır və çox rahatlıqla qocalar evinin həyəti və səd əlbəttə, pəncərədən eşiyə başını çıxarmış, həsrətlə oyan-bu yana baxan qocaları görmək olardı. Açığı, mən birinci dəfə o mənzərənin şahidi olanda sanki sehr olmuş kimi o evə bağlandım. Həyatın faniliyi və dünyanın vəfasızlığından hər zaman həm şikayət etmiş, həm də kifayət qədər klassik ədəbiyyatda şairlərimzin şikayətini oxuyub təsirlənmişdim. Mənə elə gəlirdi ki, həyat qocalar evinin divarının o tayı ilə bu tayı arasında baş verən bir hadisədir. İnsan, mənim aldığım kənd evinin qapısı kimi doğulanda sanki qocalığa bir qapı açır, sonra böyüdükcə ortadakı divarı aşır, yaşlanır və qocalar evində öz "səfər"inin sırasını gözləyir, sonra da ki, "Allah rəhmət eləsin", ya eləməsin. Əslində, o qocalar evi mənim üçün bu dünyanın həqiqəti və özəyini əks etdirirdi. Mən o bağ evini alanda məhz bu hisslərin mühasirəsində qaldım deyə, qiymət üstündə bir kəlmə də olsun satıcı ilə çənə döymədən razılaşdım. Ata-anamdan yüzlərlə kilometr uzaqda olmağım, tərbiyə və təlimimdə valideynlərimin hədsiz əməyinə inandığım, borclu olduğum üçün harada bir yaşlı kişi və ya qadın görsəm, ona mütləq əlimdən gələn yardımı edərəm. Mənim üçün o qocalar evində olan hər bir yaşlı nəslin nümayəndəsi də ata və ya ana kimi müqəddəs hesab olunurdu.
Ancaq məsələ burasındadır ki, aldığım o evin böyük bir problemi var idi. Evin küçə qapısının sağ tərəfində sakinlərin tökdüyü böyük bir zibilxana var idi. Hansı ki, çoxlu milçək və ağcaqanadın mənzili, eyni zamanda pis iy və qoxunun mərkəzi kimi küçəni dözülməz vəziyyətə gətirib çıxarmışdı. Xüsusilə külək üzü dənizə tərəf əsməyə başlayanda demək olar ki, iy-qoxudan evdə oturmaq mümkün olmurdu. Mən yazıq dəfələrlə traktor tutub oraları təmizlətdirdim, amma təəssüf ki, üç-beş gün sonra yenə də həmin vəziyyət təkrarlanırdı. Mən qalırdım və itlərin küçəyə dağıtdığı körpə pampersləri, qida qalıqları və saysız-hesabsız burun deşiyindən girib qulaqdan çıxan mir-milçək, ağcaqanad ordusu. Bilgəhi yaxşı tanımırdım deyə, gücüm ona çatırdı ki, qonşulara üz tutub xahiş edim, yalvarım ki, "siz Allah zir-zibilinizi yerə-yurda tökməyin". Nəticə də bəlli idi, bir-iki qonşunu çıxmaq şərtilə qalanı yenə öz vərdişlərinə davam edirdilər. İş elə bir həddə çatdı ki, qocalar evi və yaratdığı o müqəddəs hissləri demək olar ki, unutdum. Qladiator kimi qılınc-qalxanımı götürüb bu əngəllə mübarizə etməyə and içdim. Gedib bir boya spreyi alıb, qocalar evinin divarında qəzəblə yazdım ki, "buraya zibil tökənin atasına lənət!" Dedim bəlkə zibili yerə atan adam bu yazını görər və atasına etdiyi hörmətə görə zibil atmaz. Məhəllədəki bütün uşaqlara zibil tökənlərin kim olduğunu mənə deməkləri müqabilində futbol topu vəd verdim. Qonşuların hərəsini bir formayla ələ aldım və qısa bir müddətdə öz hakimiyyətimi məhəllədə saxlaya bildim. Artıq zibillərin həcmi çox azalmışdı. Qonşuların dediyinə görə zibillərin çoxunu küçədən keçən adamlar yerə atırdı deyə əlimizdən artıq bir iş gəlmirdi. Bu problemin də həllini onda gördük ki, kəndin icra nümayəndəsinə gedib xahiş edim küçəyə bir zibilqabı qoysunlar. Beləliklə, ayda müəyyən qədər pul ödəməklə zibilqabıya tökülən zibilləri günaşırı təmizləyirdilər. Hər şey yaxşı irəliləyirdi. Demək olar ki, mübarizəni qalib kimi tərk etməyə hazırlaşırdım. Ancaq yenə kiçik bir problem ortaya çıxmışdı ki, bu qələbəni qeyd etməyimə mane olurdu. Deməli, küçəyə yerləşdirdiyimiz zibilqabı, divara yazdığım lənət mesajı və qonşuların dəstəyinə baxmayaraq, yenə də kimsə var idi ki, sanki məqsədli şəkildə zibil torbasını divara çırpır, küçəyə dağıdırdı. Həm də torbanı elə kin-küdurətlə divara çırpırdı ki, zibillərin çoxu divara yapışıb qalır, qalanı da küçənin ortasına yayılırdı. Qonşuların fikrincə o adam kim idisə mənə "sataşırdı". Ancaq mən o kənddə təzə idim və kimləsə bir düşmənçiliyim yox idi deyə bu variantı kənara qoymuşdum. Mənə elə gəlirdi ki, kimsə mənimlə qaçdı-qovdu oynayır, zarafatlaşırdı. Uşaqlı-böyüklü, gecə-gündüz o qara muşketyoru axtarırdıq.
Bir gün səhər tezdən qapıdan çıxanda təsadüfən gördüm ki, təxminən 60-65 yaşında bir kişi gəlib əlindəki zibil torbasını zibilqabının yanındakı divara çırpıb, dilinin altında söyə- söyə, deyinə-deyinə getdi. Arxasınca sürətlə qaçıb "a kişi, a kişi!"-deyə onu çağırdım. Həmin kişi səsimi eşitsə də, dayanmadı. Sürətimi bir az da artırıb yanına çatdım. Əlimi uzadıb arxadan əlini tutdum ki, dayansın. Kişi guya diksinib kimi arxaya dönüb Bilgəh ləhcəsilə mənə dedi:
- Şəxsey! Nədi, dəli olmusan?
Kişidən möhkəm leş iyi gəlirdi. Sanki illərdir hamam görməmiş bomj kimi iylənmişdi. Burnumu tutub tələbkarlıqla dedim:
- Mən yox e, sən dəli olmusan. Zibili niyə küçəyə atırsan?
Özünü gicliyə vurub, sağ qaşını göyə qaldırıb cavab verdi:
- Nə zibil?
- Necə nə zibil? O divara çırpdığını
deyirəm də!
- Vaxsey, nə danışursuz, o zibil deyil ki,
lənət ayəsidu!
Xeyli təəccüblənib
dedim:
- Nəə? Lənət ayəsi nədi? A kişi, iki
aydır səni axtarıram. Səndə qanacaq-mərifət yoxdu?
Kişi mənə
tərəf dönüb
dedi:
- Əlimi burax, ala! Mən 60 ildi qanacağımın
çörəgini yeyirəm.
O sən dedigün zibilü də mərifətim var deyə atıram.
Kişinin hökmlü
cavabı məni bir az sakitləşməyə məcbur
etdi. Dedim:
- Axı, qonşu, sənə qanacağın deyir zibili yerə atasan?
- Hə, qanacağım deyir. Niyəsini bilmək istəyirsənsə
beş manat
ver deyim?
Üzümə təbəssüm gəldi. Dedim:
- Beş manat nə üçündü?
Dedi:
- Qonşu, səni televiziyadan görmüşəm, tanıyıram,
söz xiridarısan. Mən də sirrimi sənə satıram də. Olmaz bəyəm?
Güldüm. Əlimi
burnumdan çəkib
cibimə saldım:
- Niyə olmur ki, olar?
Buyur, bu da beş
manat. Di de görüm
nə deyəcəksən?
Kişi beş manatı alıb tələsik cibinə qoyub dedi:
- Hə, bax, indi oldu.
Bilirsən nədi, qərdeş,
mən uşaq olanda atam bizi
atıb bir Nataşa ilə ursiyətə getdi.
O gedənnən sora də biz avara qaldıq, düşdük
küçələrə. Anam namuslu arvadı idi deyə onun-bunun
evində işlədi
məni böyütdü.
Yəni ki, ərə-zada getmədi. Mən də bir az böyüyəndən
sora fəhlə işləməyə getdim.
Evlərdə, tikilən
binalarda, harda iş olsaydı, orada da gedib
işləyərdim. Yəni ki,
biləsən, dərs
oxumadım. Yəni ki,
imkan olmadı. Ana da rəhmətdik
tez öldü. Xəsətə idi ağ cigərdən.
Vallah mən deyərdim onu ağ cigər
yox, mənim atasızlığım öldürdü.
Mən də ki, evlənə
bilmədim. Yəni ki,
necə evlənə bilərdim? Atasuz-anasuz
mən kasıba kim etibar
eliyib qız verərdi, qonşu? Camaat bir işi başlayanda
bismillah deyər, mən də ki, altmış ildi "Allah atama lənət eləsin"
deyirəm. Lənətdik
şeyinin güdazına
verdi bizi!
Sən də ki, sənə
qurban olum qonşu, inciməginən,
yəxşu adamsan, amma görəndə ki, divara helənçinə
yazıbsan vallah sevindim. Dedim şükür Allaha, mənnən birlikdə atama söyən olacaq. Sən Allah incimə qonşu, çox sağ ol ki, divara
o sözü yazubsan...
Soyuq bir tər bütün
bədənimi bürümüşdü. Çox qəribə
dünyadı. Kiminsə müqəddəs
bildiyi bir şey bir başqasının
nifrət etdiyidir.
Ona görə də dünyada heç bir inanc və
əqidə yoxdur ki, həqiqətə uyğun olsun. Mütləq
içində hansısa
bir çatışmazlıq
var. Qonşunun həqiqəti
ilə mənim həqiqətim də tam əks və iki qoçun buynuzları kimi kəllə-kəlləyə gəlmiş
həqiqətlər idilər.
Əslində həqiqətin cinsi
və materialı hər yerdə və hər kəsin içində eyni olsa da
onlardan tikilmiş düşüncələri tam fəqli olur. Yadıma qocalar evində yaşayan bir qoca kişi düşdü.
Hansı
ki, hər axşam saat 17-də başını pəncərədən
bayıra çıxarıb
uca səslə “məə-məə” deyə
quzu səsi çıxarırdı. Bir dəfə
şübhələndim ki,
bəlkə qocalar evinin həyətində qoyun-quzu var. Kişi “məə” eliyəndə
divardan boylanıb həyətə baxdım,
heç nə yox idi. Həyətdə təkcə
yaşlı bir kişi ilə
qadın skameykada oturub söhbət edirdilər. Bu da
yuxarıdan onlara baxıb quzu səsi çıxarırdı.
Dedim:
- Qardaş, nə deyim mən
sənə, səni başa düşürəm.
Gəl belə eləyək.
Olarmı ki,
sən zibilini zibilqabına atasan, mən də sənə söz verim ki, hər
gün beş dəfə atana lənət deyim?
Güldü:
- Bu lənət məsələsi cığallıq
götürməz, qərdeş.
Onda o halal lənət sayılmaz. Helənçi lətənə qalsaydı, bu boydana kənddi də, gedib bir yerinə atardım zibillərimi.
Şükür Allaha, hər
yer zibilqabıdu.
Mən yerə atacıyam. Sən də söy. Belə bilirsən nədi, gündə min dəfə
atama lənət de, incimirəm ki.
Açığı, dilim ağzımda şişib qaldı. Bu boyda həqiqətin qabağında dil aciz qalır. Dedim:
- Yaxşı, qonşu, sən narahat olma, zibilini
at yerə. Mən də özüm
heç, bütün
yaxınlarıma tapşıraram
ki, zibili yerə atdığına
görə atana lənət desinlər.
Amma kişilik elə, heç olmasa zibilqabının dibinə
at. İtlər küçəyə yayırlar.
Sol cibindən yarımçıq bir siqaret çıxarıb ağzına qoyub dedi:
- Yandırqalkan var?
- Yox, çəkmirəm.
Dodağının küncü
ilə dedi:
- Sən də çəkəceysən.
- Necə, nəyi çəkəcəm?
- Heç nə, qonşu, sən narahat olma. Mən zibili elə
atacıyam ki, halallıq olsun. Nə
sən inciyəceysən, nə də lənətdə
cığallıq olacey...
Sayman Aruz
Ədəbiyyat
qəzeti.- 2017.- 22 iyul.- S.9.