İsgəndərin şikəstəsi

 

Aprel şəhidlərinin müqəddəs ruhuna ithaf olunur

 

Ssenari

 

Qaçqın düşərgəsi. Yaz çağıdır. Düzənlik sahədə qamışdan, kərpicdən tikilmiş balaca evlər görünür.Külək ətrafdakı yulğun kollarının başı üstən əsir. Belinə yun şal bağlamış yaşlı bir qadın ətrafa səpələnmiş toyuq-cücəni hinə salmağa çalışır. O, İsgəndərin nənəsi Gülnisə arvaddır. Kənardakı daşlığın üstündə 10-11 yaşlarında bir oğlan uşağı dizlərini qucaqlayıb oturub. Yanında oturan cavan oğlan isə dizinin üstündəki bloknota nəsə qeydlər edir. O, jurnalistdir.

Jurnalist: - Evinizi necə xatırlayırsan, İsgəndər? O vaxtdan bəri heç kəndinizi yuxuda görmüsən?

İsgəndər: - Bizim kəndimiz bura kimi deyildi eee. Hər tərəf dağlar, meşələr idi, kəndimizin yanından çay axırdı. (Gözləri yol çəkir).

İsgəndər başını aşağı dikib yalın ayağının baş barmağı ilə torpağı eşir. Göz yaşlarını jurnalistdən gizlətməyə çalışır.

Jurnalist: - (İsgəndərin başına sığal çəkir) Evinizçün çox darıxırsan, hə?

İsgəndər: - Hə. Hər şeyimiz orda qaldı. Atam da, Təhməz müəllim də...

Jurnalist: - Təhməz müəllim kim idi ki?

Gülnisə arvad ocaq üstə pıqqapıqla qaynayan çaydanı götürüb jurnalistə çay süzür.

Gülnisə arvad - Ay bala, gəl otur, bir stəkan çayımızı iç.

İsgəndər: - (üzündə hiddətli ifadə var) Böyüyəndə onların qisasını alacağam! Hamının qisasını alacağam onlardan!

 

*  *  *

 

Beş il əvvəl

Düşmənlə təmas xəttinə yaxın kəndlərdən biri. Hava qaralmaq üzrədir. Ağarzanın köhnə "QAZ -53"ü kərpicdən tikilmiş ikimərtəbə evin qarşısında dayanır. Ağarza maşından yorğun halda düşüb dəmir darvazadan içəri keçir. Həyətdən oğlan uşağının səsi eşidilir. O, "Qarabağ şikəstəsi" oxuyur. Atasını görüncə səsini kəsir. Atası ona baxıb gülümsünür. Oğlan oğurluq üstə tutulmuş kimi gözlərini atasından gizlədir.

Ağarza: - Niyə utanırsan? Mən də sənin yaşında mal nobatına gedəndə səsimi atırdım başıma, nə gəldi oxuyurdum.

Oğlan: - Bəs indi niyə oxumursan?

Ağarza: - (qəhqəhə çəkir) Ayə, köpəyoğlu, mənim indi oxuyan vaxtımdır?

Ağarzanın arvadı Zəhra eyvanda görünür.

Zəhra: - Xəbərin oldu da, ay kişi. Qudurmuşlar gecə yenə atırdılar axı. Güllələr Xanoğlan kişigilin damını aşsüzənə döndərib.

Ağarza ( köks ötürür): - Mən belə həyasız millət görməmişəm. Onların əlacı olsa, silahlarını atıb dünəndən çıxıb gedərlər. Özbaşına deyillər, addımlarını geri atsalar, yerlərindəcə güllələyərlər bunları. Mən çox vaxt evdə olmuram, uşağı çölə buraxma. Gözün üstündə olsun. Şeytan qızımız necədi? Yenə bütün günü ağlayır? (Otağın küncündə qoyulmuş beşiyə yaxınlaşıb körpənin üzünə baxır. Körpə şirin yuxudadır).

Zəhra: - Ağlamağı bir az azalıb. Gəl yeməyini ye. Allah baisin evini yıxsın!

Ağarza: - Yəqin ağıl dişi çıxır, uşaq ona görə ağlayır.

Evə keçirlər. Ağarza süfrə arxasında oturub, Zəhra boşqabda buğlanan xörəyi onun qarşısına qoyur.

Ağarza: - Siz də gəlin oturun da.

Zəhra: - Biz yemişik, sən xörəyini ye.

Ağarza: - Yaxşı, gəl otur, sözüm var sənə.

Zəhra maraqla ərinin üzünə baxır və gəlib süfrə arxasında oturur.

Zəhra: - Xeyirdimi a kişi?

Ağarza (gülümsünür): - Xeyir olmamış nə olacaq? Mənə bax, bu gədənin əla səsi var e. Gəlsənə onu Təhməz müəllimin yanına aparım, bir səsini yoxlasın. Vaxtında hambalçılıqdan başım ayılmadı, oxumağın dalınca gedə bilmədim. Heç olmasa, mənim həyata keçməyən arzumu İsgəndər gerçəkləşdirsin. Hə, nə deyirsən?

 

*  *  *

 

"QAZ -53" divarları əhənglə ağardılmış birmərtəbəli musiqi məktəbinin  qarşısında dayanır. Atayla oğul maşından düşüb məktəbin qapısından içəri keçirlər.

Təhməz müəllim musiqi məktəbinin direktorudur, əlli-əlli beş yaşlarında kişidir. Çal, seyrək saçlarını səliqə ilə geriyə darayıb. Başında buxara papaq var. Boz kostyumun pencəyini çiyinlərinə atıb. O, həm də el şənliklərində xanəndəlik edir.

Təhməz müəllim oturduğu kreslodan qalxır, gəlib İsgəndərin qarşısında durur. Üzünü Ağarzaya tutub danışır.

Təhməz müəllim: - Həə, Ağarza qardaş, deyirsən uşağın səsi var, hə? Sənin də səsin bəd deyildi ha. O səsi sənə Allah vermişdi, qədrini bilmədin. Hə, bala, nə oxuya bilirsən?

İsgəndər: - "Qarabağ şikəstəsi".

Təhməz müəllim keçib yerində əyləşir, əllərini masanın üstündə qoşalaşdırıb boğazını arıtlayır.

Təhməz müəllim: - Çox yaxşı. Bir oxu görək.

İsgəndər həyəcanlıdır. Atasıyla baxışırlar, atası işarə edir ki, ayağa qalxsın. O, ayağa qalxıb səsini nizamlayır və "Qarabağ şikəstəsi"ni oxumağa başlayır. İsgəndərin səsinin fonunda Qarabağın cənnət meşələri, şırıltıyla axan bulaqlar, başı dumanlı dağlar görünür.

İsgəndər şikəstəni bitirər-bitirməz Təhməz kişi hövlnak yerindən qalxır.

Təhməz  müəllim: - Ağarza, bu uşaq bu gündən, bu saatdan etibarən oldu mənim. İsgəndər Qarabağın ən məşhur xanəndəsi olacaq!

 

 

*  *  *

 

Gecədir. Erməni yaraqlıları kefli halda təmas xəttində o baş-bu başa gedib gəlirlər. Uzaqdan "Qarabağ şikəstəsi" eşidilir. Komandir əsəbi şəkildə əmr verir.

Erməni komandir: - Kəsin o küçüyün səsini!

Yaraqlılar səs gələn tərəfi atəşə tuturlar.

Səs kəsilir və bir dəqiqə keçməmiş yenə eşidilir. Erməni komandiri söyüş söyür, yaraqlıların üstünə qışqırır. Yaraqlılar yenə səsi atəşə tuturlar. Onlardan biri hirsindən yerə tüpürüb mövqeyini tərk edir, harasa getmək istəyir. Komandirləri onun qarşısını kəsir.

Erməni komandir: - Hara? Sənə deyilmədi ki, o küçüyün səsini kəs?

Yaraqlı: - Gülləni adama atmaq mümkündür, səsə güllə dəymir, komandir.

Erməni komandirin yumruqları düyünlənir, dişlərini qıcayır, nə deyəcəyini bilmir.

 

*  *  *

 

Kəndə hay-həşir düşüb. Adamlar təşviş içində evlərinə girib-çıxırlar. Qadınlar evin qiymətli, ələ gələsi əşyalarını yığıb bağlama edirlər. Ağarzanın "QAZ-53"ü sürətlə küçələrdən, dar cığırlardan keçir. Maşın qapıya çatanda qəfil əyləcin basılmağından silkələnir. Ağarza maşından düşüb həyətə cumur.

Ağarza: - Tez olun, teeez!.. Cəld ol, Zəhra! Bir an belə gecikmək olmaz, mühasirəyə düşə bilərik. Heç nə götürməyin, tez doluşun maşına!

Zəhra qucağında körpəsi gözüyaşlı halda pilləkanı qalxıb düşür, qapıya çatıb yenə geri qayıdanda Ağarza qolundan tutub onu maşına tərəf sürüyür.

Ağarza: - Vaxt yoxdur! Bir azdan gəlib sizi burda qıracaqlar. İsgəndər, tez maşına! Yubanma.

İkimərtəbə mülkdən bir iri bağlama ilə çıxırlar. Qoyun-quzu mələşir. Zəhra qucağındakı körpəni İsgəndərə verib tayadan bir qucaq ot götürüb tövləyə keçir. Ağarza qaçıb onu tövlədən çıxarır.

Ağarza: - Rəhmətliyin qızı, qoyun-quzu hayındasan e hələ. Heyvanlara rəhmin gəlir, bəs balalarına yazığın gəlmir? Tez ol, qalx maşına!

Ağarza yol boyu ayağıyalın qaçan qız-gəlini, arvad-uşağı maşının kuzovuna götürür. Musiqi məktəbinin binası alova bürünüb.

İsgəndər: - Ata, nolar maşını məktəbin yanıyla sür, Təhməz müəllimi də götürək. Nolar, ata. Müəllim orda qalıb yanacaq.

Ağarza: - Gecikirik, oğlum. Görmürsən məktəbin binası yanır. Ora yaxın düşmək mümkün deyil. Tüstüdən boğularıq.

İsgəndər inadla atasına yalvarır. Maşın isə sürətlə irəliyə doğru şütüyür. Yolda arvad-uşaq görəndə saxlayır, kişilər qadınların kuzova qalxmağına kömək edir. Musiqi məktəbinin alovlara bürünmüş binası arxada qalır.

İsgəndər: - Təhməz müəllimin səsi yandı, ata!..

Ağarza - Səs kağız deyil, taxta deyil ki, yansın. Odda yanmaz, suda batmaz. (Gülümsəməyə çalışır, oğlunun üzünə baxıb ciddiləşir).

İsgəndər əllərini üzünə tutub hönkürür.

 

*  *  *

 

Rayon mərkəzi. Qış çağıdır. Əliuşaqlı qadınlar ağlaşır, çəliyinə söykənmiş qocalar təşvişlə qarşı yola baxırlar. Adamların bəziləri nazik ev paltarındadırlar. Evdən çıxanda kimin nəyə gücü çatırsa, götürüb çıxıb. Quruca canını götürüb çıxanlar da var. Ah-nalədən ağız deyəni qulaq eşitmir. Zəhra Ağarzaya yalvarır.

Zəhra: - Başına dönüm, Ağa! Yol təhlükəlidir, hara qayıdırsan? Güclə sağ-salamat çıxa bilmişik. Balalarına yazığın gəlsin, qurban olum! Getmə!

Ağarza: - Ay qız, camaat pay-piyada yollara tökülüb. Gedib heç olmasa, 15-20 nəfəri kuzovda gətirə bilərəm. Piyada gəlib çıxınca ermənilər qabaqlarını kəsəcək. Siz narahat olmayın, budey, İsgəndər yanınızdadır. Maşallah, yekə kişidir. İsgəndər, bax, ananla bacını sənə tapşırıram. Gözün üstlərində olsun, ata da bir azdan qayıdacaq. Yaxşımı?

Ağarza İsgəndərin saçlarını qarışdırır, əyilib üzündən öpür. Maşın silkələnib irəli atılır və sürətlə kənd yoluna çıxır. Zəhra qucağında körpəsi, İsgəndərin çiyinlərini qucaqlayıb ərinin getdiyi yola baxır. Göz yaşları yanaqları boyu axır.

 

*  *  *

 

"QAZ -53" qıvrılan dağ yolu ilə kəndə enir. Maşın açıqlığa çıxan kimi bir neçə istiqamətdən atəşə tutulur, əlli metrə qədər gedib yoldan çıxır və dərəyə yuvarlanır. Ətrafda tüstülənən bacalar görünür. Partlayış. Maşını alov bürüyür. Alovların içindən Zəhranın ağlar gözləri görünür.

Zəhra: - Balalarına yazığın gəlsin, qurban olum! Getmə!

 

*  *  *

 

Rayon rəhbərliyindən nümayəndələr çaş-baş vəziyyətdədirlər. Camaatın saysız sualları qarşısında özlərini itiriblər. Yaşlı qadınlar bağlamaların üstündə oturub dizlərinə çırpır, ağı deyirlər. Bir gəlin adamların içində havalı kimi gəzir.

Gəlin: - Atam orda qaldı, ataaam! Qoymadılar atamı axtarım, qoymadılar!

Yun şala bürünmüş bir qarı ona təsəlli verməyə çalışır.

Qarı: - Ay bala, toxta, qadanı alım. Bizim uşaqlar da kənddədirlər. Allah böyükdür, sağ-salamat gəlib çıxarlar. (Üzünü göyə tutub əllərini qaldırır). Bu nə müsibət idi bizə göstərdin, ey yeri-göyü yaradan Allah?! Bu tifillərə yazığın gəlsin! Bircə ölüm-itim olmasın, ay Allah! Qoyma bu balalar yetim qalsın! Sağ-salamat bu qadadan sovuşaq, ya Rəbbim!

Kamera göy üzünü göstərir. Ekrandan qara buludlar keçir.

 

*  *  *

 

Musiqi məktəbinin binasından qalxan alov göyə qalxıb qatı tüstüyə çevrilir. Fonda "Qarabağ şikəstəsi" səslənir. İsgəndərin səsidir. Ağarzayla Təhməz müəllimin üz-gözü tüstüdən qaralıb. Ağarza Təhməz müəllimə dil tökür, yalvarır.

Ağarza: - Təhməz müəllim, burda qalmaq olmaz. Yol-riz doludur ermənilərlə. Gələndə maşınımı atəşə tutdular. Güclə canımı qurtardım. Yolun qırağındakı qaya olmasaydı, dərənin dibindəydim.

Təhməz müəllim: - Sən axı niyə qayıtdın, Ağarza? Qayıt geri. Mən burda qalacağam.

Ağarza: - Öldürəcəklər səni. Təhməz müəllim... Öldürəcəklər...

Təhməz müəllim əlini Ağarzanın çiyninə qoyub nəsə demək istəyir, gözü nəyəsə sataşıb bir anlıq donub qalır.

Təhməz müəllim: - İsgəndər! Sən burda neyləyirsən? (Ağarzaya çönüb qışqırır) A kişi, bəs sən bu uşaqları kənddən çıxarmamısan?! Tez olun gedin burdan!

İsgəndər əlini qulağının dibinə qoyub ucadan "Qarabağ şikəstəsi"ni oxumağa başlayır. Kamera alovlar içində yanan musiqi məktəbini hündürdən çəkir. Ağarzayla Təhməz müəllimin silueti bədənlərindən ayrılıb göyə ucalır...

Kamera daxılın içindəki yataq otağını göstərir.  Gecədir. Gülnisə arvad nəvəsinin çiyninə toxunub onu oyatmağa çalışır.

Gülnisə arvad: - Ay bala, ay İsi! Nolub, niyə qışqırırsan? Bir oyan görək.

İsgəndər qan-tər içində hövlnak yuxudan oyanır. Ətrafına baxıb yerinin içində oturur. Gülnisə arvad onun başına əl-ayaq qoyur.

Gülnisə arvad: - Bismillah, bismillah! Nə yuxu görürdün, a bala? Gah dədə deyirdin, gah hansısa müəllimi çağırırdın.

İsgəndər: - Musiqi məktəbinə getmişdim, nənə. Gördüm məktəb yanır, amma Təhməz müəllim alovun içindən sağ-salamat çıxır. Dədəmlə söhbət edirdilər.

Gülnisə arvad doluxsunur, İsgəndərin başını sinəsinə sıxıb saçlarına sığal çəkir.

Gülnisə arvad: - Can, bala! Fikir eləmə. Böyüyərsən, atanın arzusunu yerinə yetirərsən. Hər dəfə sən o şikəstəni oxuyanda atan rəhmətlik gəlib durur gözümün önündə. Onun iyini səndən alıram.

İsgəndər: - Mən hərbiçi olacağam, nənə! Atamın da, Təhməz müəllimin də qisasını alacağam. Hamının qisasını alacağam!

Gülnisə arvad gözlərini gecənin qaranlığına zilləyib. Dinmir.

 

***

 

Qəzet redaksiyası. Əməkdaşlar bir otağa toplaşıb televizorda səslənən xəbəri həyəcanla izləyirlər. Xəbəri qadın diktorlardan biri oxuyur.

Diktor: - Azərbaycan Ordusu düşmənə cavab olaraq sarsıdıcı zərbələr endirdi. Nəticədə Ermənistan silahlı qüvvələrinin 200-ə yaxın hərbiçisi, çoxsaylı texnikası məhv edildi, 2000 hektara yaxın ərazi, o cümlədən Lələtəpə və Talış yüksəklikləri erməni işğalından azad edildi!

Otaqda sevinc nidaları yüksəlir. Gözləri sevincdən yaşarmış əməkdaşlar bir-birlərini qucaqlayırlar. Baş redaktor eynəyini çıxarıb sevincdən yaşarmış gözünü silir.

Baş redaktor: - Bu, bizim böyük qələbəmizdir! Düşmən böyük itki verib. Bizdən də yaralananlar var. Cəbhə bölgəsindəki müxbirimiz indicə zəng vurmuşdu. Yaralıları rayon mərkəzindəki hospitala aparıblar. Gedir onlarla görüşsün.

 

***

 

Rayonun mərkəzində yerləşən hospitalın qarşısında qələbəlikdir. Jurnalist çiynində çantası hospitala yaxınlaşır. Onu bir zabit və icra hakimiyyətinin nümayəndəsi müşayiət edir. Adamları yara-yara içəri keçirlər. Dəhlizdə həkimlə danışıqlar gedir. Tibb bacıları palatalara girib çıxır.

Həkim: - Xahiş edirəm, mümkün qədər tez yekunlaşdırın. Onları çox narahat etmək olmaz.

Jurnalist: - Bir-iki sual verəcəm və şəkillərini çəkib çıxacam.

Palata. İçəridə bir çarpayı var, çarpayıdakı yaralının sağ ayağı və başı sarıqlıdır.

Jurnalist: - Salam!

Yaralı gözlərini aralayıb içəri daxil olanlara nəzər salır, qəfildən gözləri canlanır. Dikəlmək istəyir. Ağrıları imkan vermir, üz-gözünü bürüşdürür.

Yaralı: - Salam, köhnə dost!

Jurnalist təəccüblə ona yaxınlaşır.

Yaralı: - Məni tanımadınız deyəsən...

Jurnalist "yox" mənasında başını yırğalayır və diqqətlə yaralını süzür.

Yaralı: - Mən sizə demişdim axı qisasımı alacağam!

Yaralı gülümsünür. Jurnalist sarsılıb. Çarpayıda uzanmış bu iri cüssəli qəhrəmanı tanıyır.

Jurnalist: - İsgəndər!

Yaralı: - Hə. Sənin yazının qəhrəmanı. Yazının adı xoşuma gəlmişdi. "İsgəndərin şikəstəsi".

"Qarabağ şikəstəsi" səslənir.

 

Əzizinəm Qarabağ,

Şəki,Şirvan,Qarabağ.

Aləm cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ.

 

Ekranda Qarabağın cənnət guşələri görünür.

 

29-30 iyun 2017-ci il

 

Kənan Hacı

 

Ədəbiyyat qəzeti.- 2017.- 22 iyul.- S.12-13.