Davul səsindəki qan
Şəki teatrında "Davul səsi"
...Qarşı köydən davul səsi geliyor...
...Davul səsi şu sinəmi
deliyor...
...Baba, vallah Zeyneb gelin oluyor...
...Mən Zeynebsiz dünya malın
neylerem?...
Düz üç aydır,
teatrın otaqlarında, dəhlizlərində, pilləkənlərində,
aktyorların dilində, yaradıcı heyətin
pıçıltılarında bu türkü səslənib
durur...
Gözəl səsi qara qıvrım
saçlarına, gözəl üzünə qarışıb
yanıqlı hava saplayır qəlbimizə Türkanın...
Düz üç aydır gözəl Türkan Zeynəbi gəlin
yollamağa hazırlaşır...
Təkcə omu?
Yox...
...Teatra gələndə
aldığım iş təklifinə ilk cavabım bu
olmuşdu ki, etiraf edirəm, mən teatr sənətini bilmirəm...
Teatr həmişə mənim üçün
sehrli, sirli, bir qat yuxarıda, yuxuların və həqiqətlərin,
üsyanların və boyun əymələrin, ölüm və
yaşamın üstünə güzgü kimi bərq vuran
şəffaf tül pərdə kimi uzaqlarda
parıldayırdı. Bilirdim ki, dramaturgiya, pyes, əsər,
lap elə tamaşa özü-hələ teatr deyil. Teatr tam başqa, canlı və eyni zamanda
canlılıqdan yuxarıda bir həyat parçasıdır.
Onun qapısından keçmək asandır, amma
qapısı arxasındakı sirri çözmək və o
sirrin bir zərrəsinə çevrilmək...
Və budur, teatr qapılarını
mənim qarşımda açdı...
Və mən o qapıdan
ayağımı içəri atıb hər yerə
yayılan türküylə rastlaşdım. Rastlaşmadım, o
türküyə qarışdım, o türkü canıma,
qanıma, gözlərimə keçdi... Gah aşkar, gah gizli dinlədim, dinlədim,
dinlədim... Ana hissimi dinlətdi
mənə o türkünü o cür, ya övladlıq xatirələrimi,
bilmirəm...
Və budur, son gün gəlib
çatıb-"Baba, vallah Zeynəb gəlin oluyor"...
...Şəki teatrı
öz zəngin keçmişi və ənənələrilə
möhkəmlənmiş sənət qalasıdır. Bu
günün elə də asan günlərdən keçmir.
Üstəlik bir də əyalət teatrı
olmağın zorluqları var. İçində olmayan bilməz.
Hər şey hansı çətinliklərlə
başa gəlir. Ən kiçik səhv
belə nəyisə bir addım geri ata bilər. Bir addım irəli getmək üçünsə
böyük zəhmət, mətanət, ən əsası-sənətə
sevgi tələb edilir. Teatr amansızdır,
amma teatr səxavətlidir-torpaq kimi. Ona can qoymalısan,
ona canından can verməlisən.
Teatr hər şeyi görür və
bilir - Tanrı kimi...
Bunlar əlbəttə,
hamıya bəlli şeylərdir, mən təkrardan dilə gətirirəm. Gətirirəm, həm də
məndən əvvəl məlum olan gerçəklərin
üstünə əlimi qoyub şahidlik edirəm,müqəddəs mətnlərə and
içirmiş kimi-"Teatr haqqı!"....
...Qonşu köydən davul səsi
gəliyor...
...Axundovdan, Mirzə Cəlildən,
Haqverdiyevdən, Cəfər Cabbarlıdan.... bu yana səhnəmiz
həmişə qadın dərdinə tərcüman oldu.
Öləzidi qadın dərdi, sönmədi, bəzən
yaraları sarındı, amma sağalmadı... Qan verdi, qan verdi, qan verdi...
Dünyanın baş dərdidir qadın
dərdi, baş əzilmişliyidir qadın əzilmişliyi,
baş yıxılmışlığıdır qadın
yıxılmışlığı...
Qadın!
Örtülən və
açılan, alınan və satılan, gizlədilən
və yayılan, vurulan və yıxılan qadın... Hardandır, ey
qadın, sənin həsrət türkülərinin
içindən keçib gedən yanıqlı həzinlik?
Hardan başladı, hardan şaxələndi,
hardan yayıldı sinəmizin tən üstündən
kainata?
Biz bunu bilmərikmi-bilərik...
Kimlər dilləndirmədi
sənin yanıqlı türkülərini, kimlər
ağlamadı sənin göz yaşlarınla?
Nə işə yaradı - heç bir işə!
... Saatbasaat, günbəgün
içimizə hopan türkünün səsi bir tərəfdə
səslənə-səslənə ilk kəlmələri
oxunmağa başladı növbəti səhnəyə
qoyulacaq tamaşanın. Hər səhər əvvəl
dəhlizə bir xışıltılı hava doldu, sonra o
hava kiçik məşq zalına yönəldi... Ordan get-gedə ucalmağa
başladı...
Otağımda oturub diqqətimin bir
yarısı işimdə, bir yarısı dəhlizin tinindəki
oxu zalında... Bəzən qarşısından
ayaqlarımın ucunda, astaca keçib gedirəm... Qorxuram ki, yad
tappıltılarım içəridə mayalanmaqda olan
canlının bir yerinə toxunar, bir yerində zədə
yaradar. Kiminsə diqqəti dağılar, kiminsə
gözü yol çəkər...
Bəzən istəyirəm ki, heç görünmədən,
duyulmadan keçib bir qıraqda oturum, baxım, baxım,
baxım... Amma etmirəm uzun
zaman...
Sonra səslərə səslər
dolur, indi məşq otağı mənə bir addım daha
yaxınlıaşıb, indi mənim addımlarım daha asta
toxunur döşəməyə...
İndi gözəl Türkanın səsi
də daha tez-tez səslənir. O da, eynən nəfəslər kimi,
sözlər kimi böyüməyə başlayıb...
Bir gün qapını ehtiyatla
açıb içəri keçirəm, bir küncdə
otururam, istəyirəm ki, heç kim bilməsin
ki, içəridə hazırlanan tamaşada yad adam var... Bəli,yad adam.
Çünki mən bu tamaşanın
iştirakçısı deyiləm, ona səsimi qatmayacam,
jestimi qatmayacam... Mən bundan
uzağam, bilirəm ki, bu böyük cəsarətdir - Zeynəb
olmaq cəsarəti, Pənbə olmaq cəsarəti... Əsma
olmaq, Murad Çavuş olmaq cəsarəti... Fərqi yoxdur, sən
haqqın tərəfindəsən, ya nahaqqın - səhnədə
hər ikisi cəsarət istər...
Sonra bir də, sonra bir də...
Artıq nələrin baş verəcəyi
(verdiyi) mənə aydındır...
...Rejissor Mirbala Səlimlinin
maraqlı iş prinsipi var. Heç zaman aktyorları tələsdirmir,
səbrini itirmir, heç nəyi "belə et"
deyib göstərmir. Təlqin etmir... Aktyor azaddır, onun
qarşısında yeganə tələb var -
özünü duymaq, dərininə enmək və
canladıracağı personajı keçmişin, bu
günün, lap elə sabahın içindən tapıb
çıxarmaq... O içdən çıxan adam aktyor adama dürüstcə deyəcək
ki, bu rol onunkudur, ya deyil. Məhz o içə inanır
rejissor, inanır ki, heç bir səhnə həvəsi
içində oynayacağı rolu tapmayan aktyoru
hırçınlaşdıra, eqoya yükləyə,
"tamaşada görünmək" ehtirasına razı
sala bilməz...
"Davul səsi" ilk əsərdir,
ilk dəfədir mənim gözlərim önündə teatr
- Tanrı yeni bir varoluş yaradır, bir az
torpaq, bir az su götürür və nəhayət, günlərin
birində öz nəfəsini onun üstünə
üfürür. Bir ruh qeybdən gəlib dolur
tamaşanın cisminə...
...-Öz hekayəni yaz, sən nə
edərdin?...
Bu, hər kəsə aiddir. Məsələn, sən,
aktyor, Pərviz - Murad Çavuş ola bilərdinmi?
... Uzun zaman elə
görünürdü ki, Murad Çavuş olmaq çətin
məsələdir... Amma məhz bu-səhnədə oynamaq...
Murad Çavuşlar həyatda hər yerdədilər, kəndimizdə,
şəhərimizdə, məhəlləmizdə, hətta
evimizin içində... Murad Çavuşlar
qızlarımızın, qadınlarımızın
başı üstündə asılan qılıncdır, bəlkə
də bir başa kəsib atmır, amma əvəzində
çiyinlərimizə toxunur, arxadan uzanıb kürəyimizə
dəyir, qorxulu əl kimi... Diksinib sıçarayırıq,
qaçırıq, dua pıçıldayırıq... Görəndə ki, yoxdur o əl,
dərindən nəfəs alırıq, bir bardaq su
içirik, sakitləşirik, amma unutmuruq...
...Bir də Kocabəylər var -
qılıncı (Murad Çavuşları) tutan əllər.
Onlar güclüdür, hökmlüdür,
onlar sahibdir. Onlar hakimdir...
Fərqi nədir hardadırlar, varlar və qılınc (Murad
Çavuş) o əldədirsə
(Kocabəy) mütləq kəsəcək...
...Bir də Əsmalar var...
Bax, bu fəlakətdir...
Qadın-qadına
qarşı, qadın-anaya qarşı, qadın-haqqa
qarşı.
qadın-özünə
qarşı... O nə Murad
Çavuşdur, nə də Kocabəy. O nə
qılıncdır, nə də onu tutan əl. Əsma
- ipdir. Fərqi yoxdur o kimi kimə, kimi nəyə,
nəyi nəyə hörür və ya hörməyə cəhd
edir. Əhəmiyyətsiz
göründüyü qədər də əsas tipdir,
"kimdir ki?" dediyimiz qədər də qorxuruq ondan.
Əsmalar hər yerdə evimizə, ocağımıza, bizim,
məhz bizim övladlarımızı bizə qarşı
çevirə bilər... Əsmaların niyyəti
sorğulanmır, birmənalı qəbul olunur- "Səbəbkarlıq
savabdır".
Əsmaların eyni vəzifəsi
var- gizlində, aşkarda, bəlkə özü belə bilmədən
Zeynəbləri dartır, qoparır, öz ayağıyla
pozulmuş nizama sürükləyir və
sıldırımın başından boşluğa itələyib
deyir:
-Anana qulaq asma, o səni heç
düşünmür. Sən mən deyənə bax, get mən
aparan yolla, evin, ərin, geyim-keçimin, bir qab yeməyin,
qapısı örtülən damın olacaq. Get, get, Zeynəb,
get...
...İçimdə bütün Əsmalara kin
yarandığını hiss edirəm, çünki mən
Əsmalardan qorxuram, çünki mən anayam - qız
anası!
...Hər şey həmişə
yaxşı başlayır, elə bu tamaşadakı kimi. Amma bu sizi aldatmasın, səslənən şən
türkünün səsini qəzəbli qadın səsi
dağıdacaq. O gözəl qadın ki, əri on səkkiz
ildir onu atıb başqa məmləkətə qazanc dalıyca
gedib və artıq on beş ildir ki,
heç gəlmir... On beş ildir
qızının üzünü görməyib, Zeynəb onu
heç xatırlamır da, atasının son gəlişində
cəmi üç yaşı vardı... Qadın uzaq kənddə,
uçuq daxmasında, hər tərəfdən üstünə
gələn vəhşi ehtirasların, gizli
pıçıltıların arasında əyilməməyə,
qürurunu yedirməməyə çalışıb.
Namusuna göz dikənlərlə təkbətək
savaşıb... Ona inanmırlar, onu qınayırlar... Onun üstünə ayaqlanırlar,
gizli, aşkar...
Pənbə, o gözəl
qadın tək qalıb. Amma sədaqətini, vəfasını, namusunu qoruyub.
Qorunan ad ona nə verib? Heç nə! O heç nələrin
içində bir də qəlbinin dərinliyində gizli qəzəb
düyünlənib dayanıb. Vəfayla qarışıq qəzəb...
O da silahlıdır - Zeynəbi var. Zeynəbin ərlik
yaşı çatıb, amma anası onu kimsəyə verməyəcək:
-Atası gəlməsə vermərəm!
Tanış hekayətdir, eləmi? Hə, tanış
hekayətdir...
...Qulaqlarımda davula
çırpılan toppuzun çıxardığı səs
uzanıb gedir... Əlimi sinəmə
aparıram, elə bil mənə dəyir o səs... Elə
bil kəndlərimizdə, şəhərlərimizdə eyni
taleyi yaşayan, gəncikən tərk edilmiş
qadınlarımızın sinəsinə dəyib
üstümə qayıdır o səs... Necə
də öz taleləriylə barışmış
görünürlər? Amma hərəsinin qəlbində
bir qəzəb vulkanı, hərəsinin evində Zeynəblər... Təkcə Zeynəblərmi?
Bəs Murad Çavuşları kim
doğur, kim böyüdür? Analar, tərk edilmiş və
edilməmiş analar-qadın!
Bir gün o qadın da
yığışıb illərdir gəlməyən
kişinin ardıyca yollara düşəcək... Nə fərqi var, bu
yol onu yad məmləkətə aparacaq, ya yad dünyaya?
O dünyaya ki, orda artıq Zeynəb xəyal kimidir, Pəmbə
dəli kimi küçələrində dolaşır yadlaşmış məmləkətinin...
...-Mənim bir atam vardı,
nağıl kimi...
Zeynəbin sözüdür... Havadan asılı qalmış,
unudulmuş, təhqir edilmiş, cizgiləri sərtləşmiş,
qadınlıq duyğuları kobudlaşmış
Qadının qızının...
...-Zeynəbi saxlayıb neyləyəcəksən?
Necə də dəhşətli
sualdır! Necə də dəhşətli həqiqətdir! O
həqiqət ki, nə mədəniyyət, nə elm, nə ədəbiyyat... Heç nə, heç nə, əsrlərdən
bəri qızlarımızı bir heç sayan, gərəksiz
sayan, yersiz sayan, qolunu buran, ayağını zəncirləyən,
arzularını nəinki məhv edən, onlara heç
yaranmağa imkan verməyən girdabdan xilas etməyib... Oxuyub-yazmağı
olmayan ananın zorla höccələyən qızı.
O nə arzulaya bilər? Müəllim
gördümü ki, müəllim olmaq istəsin, həkim
gördümü ki, həkim olmaq istəsin,
yazıçı gördümü ki, yazıçı
olmaq istəsin? Kimi gördüsə, o olmaq istədi... On altı yaşı
bitməmiş başına al duvaq salınıb gəlin
köçən qızlar gördü... Onunsa iyirmi bir
yaşı var, evdə qalıb... Uzaqdan gələn davul səsiylə
bütün etirazı dilə gəlib:
...-Ana, sən inanırsan ki, atam bizi
unutmayıb?...
...-Bizim də başımızın
üstündə bir kişi dayanardı...
Və nəhayət:
-Bəsdir ana, bəsdir, bəsdir, mən
daha dözmürəm, hər şey bax, burda - əlini
boğazına aparır - düyünlənib, kim olur-olsun,
getmək istəyirəm!...
Faciədir...
Və hamı, ağıllısı
da, dəlisi də, yaxşısı da, pisi də, kiçik
kənd əhlinin yeganə sualı var:
-Qızı saxlayıb nə edəcəksən?...
...İndi
türküçü Türkanın səsi o qədər həzin,
o qədər kədərli, o qədər yaslıdır ki...
...Davul səsi şu sinəmi dəliyor...
Nə fərqi var, silah kimin əlində
açılıb, nə fərqi var, o silah
açılıb, ya açılmayıb?
"Ya ərə, ya gora"...
...Bircə dəli Məmmədin kədərli
baxışlarında günahkarlıq hissi yoxdur. O qədər
çirkinliyin içində bir təmiz hava gətirən
külək kimi gəlib keçir dəli Məmməd...
...Kürəyindən güllə dəyib
al qanına bələnmiş Zeynəb, başına al
örpək salınıb gəlin gedən Zeynəb...
Qan donduran, tamaşaçını
gözü yaşlı səhnəyə zillənib saxlayan həllidir..
Rejissor kişi fəhmilə,
atalıq hissilə
güzgünün üstündəki tozu
üfürüb qadına həqiqəti
çılpaqlığıyla göstərə bilir:
-Dağılın!
Dağılın! Bütün dünya getsin!
Bu, bir anda saçları bəmbəyaz
olmuş Pəmbənin keçmiş həyatında son,
parıltılı gözlərində oynayan dəli
işığın başlandığını bəlli
etdiyi dəli həyatın ilk kəlmələridir...
Hamı gedir, bütün dünya...
Və gedərkən al qanına bələnmiş al
duvaqlı Zeynəbi də aparıb gedirlər...
"Qız uşağı ya ərə,
ya gora"...
Hamı səhnəni tərk edir... Hər
yer qan qırmızısına boyanıb, ev də, həyət
də, adamlar da, Tom-Tom
Əlinin əkib qoyub getdiyi ağac da, o
ağacın yarpaqları da, budaqları da... Kəndin başı üstündən
asılan küçə fənərinin işığı
da...
Hamı səhnəni tərk edib
gedir... Hamını bir-bir
qırmızı, qan kimi işıq qarşılayır o
üzdə... Yüz əlli lirəyə
boyun əyib hər işin dalıyca qaçan Qədiri də,
çəpərdən boylanan qonşu qadını da... Hamını... Hekayətdə heç bir rolu
olmayan adamları da... Zalda oturub
baxan tamaşaçını da...
Hamının üstünə tək-tək qan
düşüb... Hamı
günahkardır...
...Təkcə Kocabəy
görünüb itir, öz qaranlıq naməlumluğuna
çəkilib orda gizlənəcək...
Meydanda yenə də Pəmbə
qalacaq... Təkbətək...
Az əvvəl qızına atəş
açıb öldürmüş Pəmbə...
...Baba, vallah Zeynəb gəlin
gediyor...
...Bəs sən hardasan, Kişi?
...Kim bilir, bəlkə Pəmbə
Zeynəbin gələcəyidir, bəlkə Zeynəb Pəmbənin
keçmişidir...
Hamı bir-biridir...
Pərdə...
Son... və:
...Mən Zeynəbsiz dünya
malın neylərəm?...
Hədiyyə Şəfaqət
Ədəbiyyat
qəzeti.- 2017.- 22 iyul.- S.14-15.