Tənqidin Elnarə Akimova
kürsüsü
Elnarə Akimovanı "Ədəbiyyat qəzeti"nin çoxsaylı oxucularına və ümumən, ədəbi ictimaiyyətə tanıtmağa heç bir ehtiyac duymuram. Onun imzası on yeddi ildi ki, "Azərbaycan", "Ulduz" dərgilərində və xüsusən, "Ədəbiyyat qəzeti"nda tez-tez görünür. Müasir ədəbiyyatın elə bir problemi yoxdur ki, Elnarə o barədə nəsə yazmasın: ədəbi tənqidimizin 90-cı illər mənzərəsini əks etdirən "Azərbaycan ədəbi tənqidi müstəqillik illərində", şeirimizin son iyirmi ilinin inkişaf perspektivlərini, həm uğurlu, həm də bu inkişafa ziyan gətirən məqamlarını "Çağdaş poeziya və ədəbi təmayüllər", müasir tənqidimizin toxunduğu problemlərdən söz açan "Yeni təfəkkür və ədəbi tənqid" kitabları, həmçinin sayı-hesabı bilinməyən onlarla məqalələr Elnarə Akimovanın qələmindən çıxıb. Elə çox sevdiyi, dəyərli "Ədəbiyyat qəzeti"nin 2016-cı il saylarında Elnarənin qırxdan çox məqaləsi dərc edilib. Kimsə, kimsələrsə "Azərbaycanda ədəbi tənqid yoxdur" iddiası ilə çıxış edir, bu sırada akademikindən tutmuş yazıçısına və professional oxucusuna qədər gileylənənlərə Akimovanın müasir ədəbiyyata aid dərc etdirdiyi onlarla yazısının siyahısını təqdim edə bilərəm. Elnarə Akimova böyük tənqidçilərimiz - Məmməd Arifin, Məmməd Cəfərin, Yaşar Qarayevin, Elçinin, Akif Hüseynlinin təməlini qoyduğu müasir tənqidimizin ənənələrini davam etdirir. Amma mən onun tənqidçilik fəaliyyəti barədə bu yazını başlayanda üç Azərbaycan xanımını xatırladım. On altı tarixi romanın müəllifi, Azərbaycan klassik ədəbiyyatının tanınmış tədqiqatçısı, "Azərbaycanın şair və aşıq qadınları" kimi çox qiymətli bir toplunun tərtibçisi, professor Əzizə xanım Cəfərzadəni xatırladım. Müasir ədəbi tənqidimizdə iz qoymuş, Rəsul Rza haqqında ilk monoqrafiyanın müəllifi, professor Gülrux Əlibəylini xatırladım. Azərbaycan nizamişünaslığına gözəl əsərlər bəxş etmiş, klassik ədəbiyyatımızın bir çox problemləri və şəxsiyyətləri haqqında monoqrafiyaları ilə diqqəti cəlb edən professor Azadə Rüstəmovanı xatırladım. İndi onlarpın heç biri həyatda yoxdur və elə bilirəm, Elnarə Akimova - yaşı hələ qırxa çatmamış və indi də "cavan tənqidçi" imicini qoruyub saxlayan bu xanım yazar Əzizə xanımın, Gülrux xanımın, Azadə xanımın ləyaqətli davamçılarından biridir.
Elnarə Akimova Nizami adına Ədəbiyyat İnstitutunun "Ədəbi tənqid" şöbəsinin aparıcı elmi işçisidir və bu ilin sonuna qədər onun filologiya üzrə elmlər doktoru müdafiə kürsüsündə görünəcəyinə heç bir şübhəm yoxdur. Yeri gəlmişkən deyim ki, Akimova Ədəbiyyat İnstitutunun fəal əməkdaşlarından biridir, müasir ədəbiyyatla bağlı keçirilən bütün müzakirələrdə Akimovanın da sözünü dinləmək xoşdur. Hər il İnstitutda keçirilən və ilin ədəbi yekunlarına həsr olunan elmi yaradıcılıq müşavirəsində poeziya haqqında məruzə ona tapşırılır.
Bu "giriş sözü"ndən sonra Akimovanın çağdaş ədəbi prosesdə və təbii ki, ədəbi tənqiddə nəyə qadir olduğunu sübut etmək və əlbəttə, bir tənqidçi kimi mübahisə doğuran yazılarına da münasibətimi bildirmək fikrindəyəm.
İlk yazısını ("Elçin yaradıcılığında müasirlik") 2001-ci ildə 23 yaşında "Filoloji araşdırma" dərgisində çap etdirən Akimova ədəbiyyata böyük sevgiylə gəlmişdi. Bu sevgini yaşatmaq və onu qorumaq böyuk məsuliyyət tələb edir və bu on yeddi il ərzində Akimovanın yazıları sübut edir ki, o, komplementar tənqidə meyl etməmişdir. Akimovanın peşəkarlığı, professional hazırlığı göz qabağındadır. Onun yazı tərzi, fərdi üslubu əsasən elmi (burada publisistikanın müdaxiləsi o qədər də hiss olunmur) təfəkküründən güc alır. Görkəmli tənqidçimiz Akif Hüseynli onun ilk kitabına yazdığı "Problemlər, şərhlər" adlı ön sözdə qeyd edirdi ki: "Məni qane edən əsas cəhət odur ki, Elnarənin qələmində tədricən fərdi üslub formalaşır. Özəl üslub - özəl düşüncənin təzahürüdür; yaradıcı insanın fərdi mövcudluğu da elə buradan başlayır. Monoqrafiyada fikir səlis ifadə olunur, məsələlərin şərhində məntiqi ardıcıllığa, təhlillərə və ümumiləşdirmələrə aşkar cəhd də bu üslubun əlamətləri kimi mənalanır. Nəticədə nəinki fikrin ifadə tərzi xeyli dərəcədə elmi təsir bağışlayır, həm də əsərin mühakimə tutumluluğu, problem dolğunluğu nəzərə çarpacaq şəkildə artır".
Ədəbi tənqidin elm yoxsa publisistika, hətta bədii yaradıcılığın bir qolu olduğunu, onu fəlsəfə, psixologiya, tarix, hətta pedaqogika elmləri ilə ilişgili bir sənət sahəsi kimi təqdim edirlər və zənnimizcə, bütün bu "bağlantılara" baxmayaraq, tənqid müstəqil bir fəaliyyət sahəsidir və ədəbiyyatsız tənqid, tənqidsiz də ədəbiyyat düşünülməz. Və tənqidçi də ilk növbədə, tənqidi fikrin aparıcısı olmaq missiyasını yerinə yetirən bir şəxsdir. Böyük tənqidçimiz Məmməd Cəfər müəllim bir məqaləsində yazırdı ki, əsl tənqidçi o zaman nüfuz qazana, ədəbi prosesə, yazıçıya təsir göstərə bilir ki, o, xalqının həyatını, tarixini, fəlsəfəsini, ədəbiyyatını, eləcə də müasir ictimai gerçəkliyi, cəmiyyəti dərs vermək istədiyi yazıçıdan, eləcə də oxucusundan artıq bilə, ümumi bilik səviyyəsi, istedad dərəcəsi ondan üstün ola. Burada "dərs vermək" ifadəsi heç də pedoqoji mənada anlaşılmasın. Sadəcə, tənqidi fikrin yazıçıya necə təsir göstərəcəyi amili nəzərdə tutulur. Elnarə Akimovanın yazılarında da belə bir dərs vermək, yazıçılara nəyi isə anlatmaq, başa salmaq iddiası yoxdur. Amma təbii ki, onun müasir nəsr, poeziya və ədəbi tənqidlə bağlı yazıları və öncə adını çəkdiyim monoqrafiyaları ədəbi prosesin inkişafını əsasən düzgün əks etdirdiyi və bununla yanaşı, haqqında söz açdığı müəlliflərin əsərləri barədə əksərən obyektiv rəyləri müasir tənqidimizin nailiyyəti sayıla bilər.
Elnarə Akimova XXI əsrin tənqidçisidir. XXI əsr bir çox mənalarda XX əsrin davamıdır və xüsusən, bu cəhət ədəbiyyatda daha çox hiss olunur. Amma bir fərqli məqamı nəzərə çarpdırmaq istəyirəm: biz - yetmişinci illərin tənqidçiləri - Aydın Məmmədov, Kamil Vəli, Rəhim Əliyev, Nadir Cabbarlı, İsa Həbibbəyli, Kamal Abdulla, Şirindil Alışanlı, Nizaməddin Şəmsizadə özümüzdən əvvəlki tənqidçilərdən öyrənə-öyrənə (Yaşar Qarayevdən, Akif Hüseynlidən, Elçindən, Şamil Salmanovdan, Arif Səfiyevdən) ədəbiyyata gəldik, amma çalışdıq ki, tamamilə fərqli bir yol seçək, onları təkrar etməyək, yeni düşüncə tərzi nümayiş etdirək və bir nəsil kimi ədəbiyyata özünəməxsus münasibətimizi ortaya qoyaq. Hər halda, buna nail ola bildik. Sonrakı tənqidçi nəsli - Nizami Cəfərov, Rüstəm Kamal, Tehran Əlişanoğlu, Cavanşir Yusifli, Əsəd Cahangir , Məti Osmanoğlu da ədəbi tənqiddə yeni təfəkkür tərzi ilə seçildilər. Nəhayət, İradə Musayeva, Nərgiz Cabbarlı, Elnarə Akimova - XXI əsrin ilk illərində tanınan bu tənqidçi nəsil də öz sələflərindən seçilməyə can atırlar. Əlbəttə, "seçilmək", "fərqlənmək" o demək deyil ki, onların yazıları əliyyül-əladır, tənqiddə birincilik estafeti onların əlindədir, nə yazırlarsa, əvvəlkilərdən yaxşı yazırlar. Heç də belə deyil. "Seçilmək", "fərqlənmək" onların tənqiddə yeni axtarışları, necə yazmaq meyillərini ifadə edir. Elnarə Akimova Azərbaycan ədəbi tənqidinin müstəqillik illərində mənzərəsini, özü də bütöv mənzərəsini canlandırarkən deyək ki, özündən heç bir Amerika kəşf eləmir, ilk baxışda həmin o mənzərə - tənqidin uğurları və uğursuzluqları, sağlam meyilləri və sovet dövründən qalan xəstə meyilləri sənə yaxşı tanışdır təsəvvürünü verir. Amma monoqrafiyanı səhifəlikcə bu təsəvvür silinib gedir, mənzərə o qədər real və inandırıcı təsvir olunur ki, səndə 90-cı illər tənqidinin bütün meyil və tendensiyaları haqqında tam və bitkin bir təsəvvür yaranır. Nəticədə, heç bir Amerika-filan kəşf olunmasa da, 90-cı illər Azərbaycan tənqidi bütün reallıqları ilə gözlərimiz qarşısında canlanır. "Azərbaycan ədəbi tənqidi müstəqillik illərində" kitabı bir mənada tənqidi tənqidçilərə tanıdan bir əsərdir və şəxsən mən həmin illərdə yazdığım məqalələrdə nəyə qadir olduğumu, nədə yanıldığımı Akimovanın elmi təfsirlərində aydınca duydum. Monoqrafiyasının lap girişində Akimova yazır ki: "İctimai fikir sahəsi olaraq tənqidin başlıca missiyası bədiyyatın ideya-estetik dərkini, onun həyat, zaman və insan üçün pozitiv tərəflərini açmaq, bu yolla bədii düşüncə və zövqün formalaşmasına rəvac verməkdir. Əlbəttə, bu çox çətin, böyük məsuliyyət və yüksək intellektual bədii səriştə tələb edən bir vəzifədir" - hər halda Akimova bir tənqidçi kimi bu vəzifəni yerinə yetirməyə qadir olduğunu sübut edir.
Akimova daha çox şeirdən yazır: "Yeni şeir" haqqında estetik-nəzəri fikrin müəyyənləşməsi, "Yeni şeir" sindromu və bədii-estetik dəyərlər", "Gənc duyğuların izi ilə", "Çağdaş Azərbaycan şeiri içrə gəzişmələr", "Çağdaş Azərbaycan poeziyasında feminizm çalarları", "Çağdaş Azərbaycan postmodern şeirində Tanrıya münasibət", "Bircə ana Vətənmiş, yerdə qalan qürbət" (M.İsmayılın poeziyası haqqında), "Təkliyi sevənlər üçün: "Darıxmağın adı" (Şəhriyar del Geraninin şeirləri haqqında), "Bir şeir: müharibə yaddaşı və insan həqiqəti", "Bilinmir ömürdür, ya da ki, oyun...", "Səni axtarıram, poeziya" (silsilə məqalələr), "Göy üzünün bu üzünü dinləyən şair- Vaqif Bayatlı Odər", "Ramiz Rövşən şeiri iki əsrin qovşağında", "XXI əsr şeirinin mənzərələri", "Yeni dünya həqiqətləri" və postmodernizmin poeziyada təzahür üsülları", "İçi şəkil dolu şeirlər" (Aqşinin şeirləri barədə), "Azadlığa aparan yolun şairi - Vaqif Səmədoğlu"…sayıb qurtarmaq olmur məqalələri... və "Çağdaş poeziya və ədəbi təmayüllər" monoqrafiyası. Bu yazıları sadalamaq mənə heç bir üzüntü gətirmədi, əksinə, hər yazının adını çəkəndə onu oxuduğum və o yazıların içində görmək istədiyim maraqlı, orijinal fikirləri, yozumları xatırladım. Vaqif Bayatlı Odər mənim də çox sevdiyim şairdir və Aydın Məmmədovla Cavanşir Yusiflinin məqalələrindən sonra onun poeziyası haqqında tutarlı bir yazı oxumamışdım. Amma Elnarə Akimova Vaqif Bayatlı Odəri mənim üçün yenidən kəşf etdi. "80-ci illərin əvvəllərində V.B.Odər şeiri irfansız qalan, Allahından uzaqlaşdırılmış poeziyanı yenidən varlığına, qatqısız başlanğıcına, təbii rənginə qaytarmaq üçün doğulur"- məqalə bu hökmün təsirilə davam edir. Poeziya tənqidçisi üçün xarakterik olan şərtlərə Akimova sədaqətlə əməl edir:şair və zaman, şair və dünya (Böyük dünya və onun öz dünyası - bunların vəhdəti), şeirin özəllikləri, obrazları, yeni bədii təsvir vasitələri və bir də bu şairin özünün obrazı - bütün bunlar o yazıda minimum əks olunmalıdır. Poeziya tənqidçisini "qızıl axtarana" da bənzədiblər. Şeirin qızılı isə onun uzun müddət səni öz təsirindən ayırmayan və lap yuxunda da səslənən misralar, obrazlı deyimlərdir.
Sən mənim qəlbimdə
Bu yağan qar kimi əriyəcəksən,
Mən də sənin qəlbində
Eləcə, könül,
Ancaq hər nəğmədən, sözdən
Nəysə gözəl bir şey qalır dünyada.
Vaqif Bayatlı Odərin bir şeirindən məqaləsinə epiqraf kimi misal gətirilən bu misralar təsadüfi seçilməyib. Şeir tənqidçisinin bir məharəti də məhz fikrinin ifadəsi üçün seçə bildiyi misraları mətndə yerləşdirməkdi. Akimova bunu bacarır. Və hiss edirsən ki, tənqidçi ilə şair doğmalığı, birincisinin ikincisi, dərindən duymağa can atması yazını da maraqlı edir.
İlahi,
Yatağın nə sağında
Nə solunda,
Nə bir gözəlin qolunda
Yatmaq istəmirəm.
İlahi,
Nə söyüyd kölgəsində,
Nə dünyanın ən azad ölkəsində
Yatmaq istəmirəm.
İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm.
Bu isə Vaqif Səmədoğlunun
son şeiridir.
"Ona görə bu misraları yer
üzünün ən ağrılı, ən
üzüntülü…və ən səmimi şeir nümunəsi
kimi oxumaq olar. Şair heç vaxt olmadığı bir məhrəmliklə
Tanrısına üz tutub duasını eləyir: dar quyu,
qaranlıq nəm, işıqlı qəm. O işıq hələ
də bizimlədi. O işığa qarışmış
uşaq təbəssümü də. O təbəssümü
yer üzünə dua kimi çiləyən V. Səmədoğlu
şeirləri də".
Akimovanın bir çox məqalələri
başlanğıcdan sonadək çox ciddi, elmi təmkiniylə
diqqəti cəlb edir, amma tək-tük yazılarında sona
yaxın o yazıya emosional bir rəng də qatır. Fikrimcə,
burada ilk iradımı da bildirmək istərdim. Akimovanın əksər yazılarında
emosionallıq çalarlarının güclənməsini
gözləyirik. Mən Vaqif Səmədoğluya həsr
edilən yazıdakı essevari sonluğu nəzərdə
tutmuram (hərçənd ki, bu da lazımdır), axı, tənqidi-təhlili
məqalə təkcə elm adamları üçün
yazılmır, bir az da o yazılara
publisistik rəng qatmaqla dünya dağılmayacaq. Bəzi müəlliflər tənqidi yazılarda
publisistikanın qatılmağını ziyanlı hesab edirlər.
Amma tənqidi yazılarda müəllifin hissi-həyəcanı,
yanğısı da görünməlidir. Təbii ki, söhbət sosializm dövrünün əmək
qəhrəmanlarına həsr edilən püblisistik
oçerklərindən getmir. Baxın
böyük tənqidçimiz Yaşar Qarayevin
yazılarına, bu yazılarda nə qədər istəsən
publisistikaya xas olan səs var, rəng var, nəfəs var.
Elnarə Akimova ədəbi prosesdə
baş verən yenilikləri, novator meyilləri duya bilir, duya
bildiyi üçün də vaxtında qələmi əlinə
alır, kimdənsə tez, kimdənsə bir az gec poeziyada, nəsrdə
baş verən və ciddi hadisə kimi mənalanan əsərlər,
yeni meyil və tendensiyalar, "izm"lər haqqında fikirlərini
oxuculara çatdırır. Xüsusilə,
çağdaş poeziyada gəncliyi təmsil edən
şairlərin, nasirlərin yaradıcılığına
münasibətini ifadə edir, avanqard şeirin müəllifləri
olan ötkəm şairlərin şeirlərini təhlil edir,
Rasim Qaracanın, Murad Köhnəqalanın, Zahir Əzəmətin,
Aqşinin, Şərif Ağayarın, Qismətin, Feyziyyənin,
Fəridin şeirlərini təhlilə çəkir,
müasir poeziyada modernist cərəyanların izinə
düşür, Avropadan "idxal" olunan bu cərəyanların
ədəbiyyatımızda
yaşayıb-yaşamayacağının fərqinə
varmayaraq nəzər-diqqətini şeirlərin, nəsr əsərlərinin
bədiiyyatına yönəldir,
Salamın, Adil Mirseyidin timsalında simvolist şeirin
poeziyamızda necə əks-səda yaratdığını
nəzərə çarpdırır, postmodernizmin
şerimizin ümumi mənzərəsində
görüntülərini əks etdirir, bəzən bu məqamlarda
onlara haqq da qazandırır, poeziyada çöküş fəlsəfəsinə,
"dekadentizm"in müasir ədəbiyyatımızda təzahür
formalarına diqqət yetirir və əlbəttə, onun bu təhlilləri
dünya ədəbi prosesi zəminində daha maraqlı
görünür. Amma bizim "postmodernistlərin"
əsasən eksperiment səciyyə daşıyan şeirlərin
sadəcə təhlili ilə kifayətlənmək olmaz.
Bu nümunələrin əksəriyyəti ədəbiyyatımıza
heç nə vermədi. Bu da mənim
ikinci iradım ki, Akimova o nümunələrin tənqidinə
və gərəksiz olduğuna diqqətini artırmalıydı.
Və maraqlıdır ki, böyük tənqidçimiz
Yaşar Qarayevin bu xüsusda bir fikrini misal da gətirir ki,
"Qərbin təlqin etdiyi cərəyanların tətbiqi üsulu" yalnız
"mili fakta çevriləcəyi, ədəbiyyatın
özünün potensiyası, daxili zərurəti kimi
yetişəcəyi təqdirdə onların tətbiqi
faydalı nəticə verəcəkdir". Amma bu
"faydalı nəticə"ni
görürükmü?
Akimovanın müasir nəsrimizlə də bağlı
maraqlı yazıları az deyil və hiss olunur ki, o, nəsr tənqidində
də sözünü deyə bilir. Çünki
nəzər-diqqətini əsasən poeziyaya yönəldən
tənqidçilər görmüşük ki, nəsrdən
yazanda çətinlik çəkirlər. Ya da əksinə, nəsr tənqidçiləri
poeziyaya o qədər meyl eləmirlər. Elnarə
Akimovada hər ikisi alınır. "Elçin nəsrinin
yeni uğuru", "Dolu" yağan məkanlar",
"Haramı" romanı: Qəhrəman və zaman problemləri
önündə", "Yollarda keçən
ömür", "Azərbaycan
romançılığında itirilmiş zaman",
"Qaraqovaq çölləri":Nəsrin fəzasından
baxarkən", "Nəsrimizdə
teoloji konsert", "Hərflərdən başlanan
psevdotarix", "Bir daha proza haqqında" və s. məqalələr
və eləcə də Anarın, Elçinin son romanları
haqqında yazılar bədii mətnə
tənqidçi "müdaxiləsinin", həmin mətni
düzgün qavramaq və mənalandırmaq cəhdinin
uğurlu nümunələridir. Xüsusilə, Qarabağ
müharibəsi ilə bağlı roman və povestlərin təhlili
(Şərif Ağayarın və Əlabbasın əsərləri
ilə bağlı) tənqidçinin
yazıçını, onun təsvir etdiyi obrazlar aləmini
yaxşı duymasına misal ola bilər.
Akimova ikimizin də elmi rəhbəri olan ustad
Kamal Talıbzadə haqqında portret bir yazı yazıb. O da, Yaşar Qarayev də bizim üçün
heç bir vaxt əzəmətini itirməyən uca
dağlardır, tənqid zirvələridir. Özümə də,
Elnarə Akimovaya da deyirəm ki, ustadlarımıza layiq olmaqda
davam edək, tənqid kürsümüzdən enməyək!..
Vaqif Yusifli
Ədəbiyyat qəzeti.- 2017.- 22 iyul.- S.18-19.