"Qar" -
Romandan parça -
Fermin Maksans 17 mart 1968-ci ildə
Fransada - Albervildə doğulub. Maksans Fermin ilk
kitabı olan "Qar" romanından (1999) sonra məşhurlaşıb.
Əsər dünyanın bir çox dillərinə
tərcümə edilib, böyük tirajlarla dəfələrlə
çap edilib. Onun bir az da
Eqzüperini xatırladan özünəməxsus
roman-pritçaları ona "XX əsrin
nağılçısı" şöhrətini
qazandırıb. Parisdə oxuyub, bir müddət
Afrikada çalışıb.
1
Yalnız qar haqqında
düşünmək
Ağ nə varsa.
Artur Rembo
Yuko Akita iki şeyi çox
sevirdi. Haykunu və qarı.
Hayku yapon ədəbiyyatının
janrıdır, üç sətirdən və on yeddi hecadan
ibarət olan şeir. Nə az, nə çox.
Qar da şeirdir. Buludların köksündən
ağ dənəciklərlə
yağır. Göyün ovcundan, Allahın əllərindən
tökülür yerə.
Onun bir adı var.
Gözqamaşdırıcı ağ
adı:
Qar.
2
Qış küləyi,
Sintoist monaxı,
Meşədə
dolaşır.
İssa
Yukonun atası sintoist
keşişi idi. Yaponiyanın şimalında, Hokkaydo
adasında yaşayırdı. Burda
qış sərt keçir və qurtarmaq bilmirdi.
Oğluna kosmik qüvvələrin
gücündən, imanlı olmağın, təbiətə
və hayku sənətinə məhəbbətin vacibliyindən
bəhs etmişdi.
1884-cü ilin aprel günlərinin
birində Yukonun on yeddi yaşı tamam oldu. Cənubda,
Kyuşuda albalı ağacları ilk çiçəklərini
açmışdı. Yaponiyanın
şimalında dəniz hələ də buz içindəydi.
Gəncin etik və dini tərbiyəsi
tamamlanmışdı. Artıq özünə bir sənət
seçməliydi. Mənsub olduğu Akita
ailəsinin üzvləri uzun illər ərzində ya dindar,
ya da hərbiçi olurdular. Yuko isə nə
keşiş, nə də hərbiçi olmaq istədi.
- Ata, - Yuko öz ad gününün
səhəri, gümüşü çayın sahilində
atasına dedi, - mən şair olmaq istəyirəm.
Keşiş güclə
sezilən şəkildə qaşlarını
çatdısa da, ancaq dərindən məyus olmasını
gizlədə bilmədi. Günəş suların ipəyində
bərq vururdu. Ay-balıq daşların
arasıyla sivişib keçdi və taxta körpünün
altında gizləndi.
- Poeziya peşə deyil, oğlum. Zamanın axmasıdır. Şeir
dediyin axıb gedən sudur. Bax, bu çay
kimi.
Yuko gözlərini lal sulara
dikdi. Sonra
üzünü atasına tərəf çevirib dedi:
- Mən də elə bunu eləmək,
bununla məşğul olmaq istəyirəm. Zamanın
necə axıb getməsinə baxmağı öyrənmək
istəyirəm.
3
Çatlayan su bardağının səsi
(bu gecə su
dondu)
Məni yuxudan etdi.
Basyö
- Poeziya nədir? Keşiş
soruşdu.
- Heç zaman açılmayan
sirdir, - Yuko cavab verdi.
Bir səhər, çatlayan
su bardağının səsi poeziya çeşməsinin
gözünü açır, ordan sızan bircə damcı
qəlbi oyadır, bu gözəlliyi ona bəxş edir. Bu an sən
bir qayda olaraq sözlə deyilməsi mümkünsüz olan
sözləri deyə bilirsən. Bu
artıq hərəkətsiz, yerindən qımıldanmadan
etdiyin səfərdir. Və sən şair
olursan.
Nəyisə bəzəməyə
ehtiyac qalmır. Danışmağa da. Bax və yaz. Çox yox, bir
neçə söz. On yeddi heca. Hayku.
Səhər yuxudan
oyanırsan. Məqam yetişir - daha çox təəccüblənmək
üçün dünyadan çəkilib gedirsən.
Səhər, sübh... elə
bir vaxt ki, həyatı görə, necə
yaşamağına tamaşa edə bilərsən.
4
İlk cırcırama
Dedi və getdi
Yağış.
İssa
Aylar keçdi. 1884-cü ilin
yayında Yuko yetmiş yeddi hayku yazdı, biri-birindən
gözəl.
Səhəri, tutqun günəş
altında qəfildən çiynində kəpənək
qanadını hiss etdi, orada zərif ulduz tozunun izlərini
qoymuşdu, iyun yağışı yox etmişdi bu izləri.
Bəzən, nahardan sonra
çay yığan qızların mahnılarını dinləməyə
gedərdi.
Səhəri gün
qapısının ağzında ölü kərtənkələ
gördü.
Son zamanlar gördüyü
yalnız bu oldu.
Qışın ilk günləri
gələndə yenə də Yukonun gələcəyi ilə
bağlı suallar çıxdı meydana.
Bir dekabr səhəri atası onu
Honsonun mərkəzi hissəsindəki Alp dağlarının
ətəyinə apardı, dağın zirvəsini göstərdi,
qarın ömür-billah ərimədiyi yeri, azuqəylə
dolu torbanı və ipək kağızı oğluna
uzadıb dedi:
- Seçimini dəqiqləşdirmədən
geri qayıtma: keşiş, ya da hərbiçi, ikisindən
birini seç.
Gənc dağa
dırmaşmağa başladı, yorğunluq və qorxu bilmədən. Zirvədə
buz bağlamış bir qaya parçasının dibində
sığınacaq tapdı. Oturdu,
dünyanın əzəmətiylə qabaq-qənşər.
Düz yeddi gün göylərin qapısı
ağzında kirimişcə oturdu, gözəllikdən feyz
aldı. İpək kağız üzərində ancaq
bir söz yazdı, gözqamaşdırıcı ağ, ağappaq söz.
Atasının yanına
qayıtdıqda o, dərhal soruşdu:
- Yolunu seçdinmi, Yuko?
Gənc dizləri üstə
çökdü:
- Daha gözəlini tapdım. Qarı seçdim.
5
Bu qara tutulmuş ölkədə
Mən də ölsəm
Qar Buddasına çevrilləm.
Hosui
Qar elə şeirdir. Gözqamaşdıran ağ şeir. Yanvar ayında o,
Yaponiyanın şimalının tən yarısını
örtür.
Yukonun yaşadığı
yerdə qar qışın şeiri idi.
Atasının məyusluğuna rəğmən
1885-ci il yanvar ayının elə ilk
günlərindən Yuko şairliyə başladı. Qərara almışdı ki, yalnız qarın
gözəlliyini vəsf etsin. Yolunu
tapmışdı. Dərindən hiss edirdi ki, daim bu həyatla
yaşayacaq.
Qışda hər gün, səhər
tezdən evdən çıxıb dağlara üz tuturdu. Şeir yazmaq
üçün həmişə eyni yerdə qərar tuturdu.
Bir ağacın altında oturur, saatlarla burda
qalır, dünyada on yeddi ən qənirsiz hecanı
seçib-sonalayırdı. Şeir
yazıb bitirdimi, onu ipək kağıza köçürərdi.
Hər gün yeni şeir,
yeni ilham, yeni kağız parçası. Hər gün
bir başqa peyzaj, başqa bir günəş, başqa bir
işıq. Ancaq həmişə hayku və
qar. Ta gecə düşənəcən.
Evə həmişə eyni
vaxtda - süfrəyə çay bardaqları düzüləndə
gəlib çatardı.
6
Qırçınlarla oynayaraq
Onlar bilmədən
Ayaqlarını
araladılar.
Taici
Ancaq bir gecə Yuko geri
qayıtmadı. Mehtab, bədirlənmiş Ay. Hər şey gün
işığındaymış kimi görünürdü.
Göyün üzünü elə qar kimi
tiftikli buludlar zəbt etmişdi. Sanki minlərlə ağ geyimli əsgərlərdi.
Ay işığı altında
oturmuş Yuko sakitcə bu işğal səhnəsinə
tamaşa edirdi. Evə yalnız şəfəq
söküləndə qayıda bildi.
Yolda, günəşin
ağımtıl işığı altında fəvvarədən
su götürən qızı gördü.
Qız əyiləndə alt köynəyi
düz qoltuqlarına qədər dartıldı və qar kimi ağ sinəsi göründü.
Bir az sonra, Yuko öz otağında
alnını ovuşdururdu: alnı bir stəkan qaynar sake kimiydi.
Əli qırımzı bibər
kimi qalxmış cinsi orqanının üstündə yuxu
aparmışdı onu. Küçədə şaxtaydı.
7
Şiddətli soyuq
Gavalı çiçəklərini
öpürəm
Xəyal içində.
Soseki
Qarın beş əsas
xüsusiyyəti var:
Ağdır.
Dondurur və qoruyur.
Daim dəyişir.
Qərarsızdı,
sürüşgəndi.
Suya çevrilir.
Bu barədə atasına
danışanda, atası bunda yaxşı şeyin
olmadığını bildirdi, yəni, oğlunun belə bir əcaib
müşahidəsi soyuğun şiddətini bir az da artırmışdı.
Qar ağdır. Ona görə
də görünmür və yaşamaq haqqı yoxdur.
Təbiətdə nə
varsa dondurur və qoruyur. Bütün dünyanı
üşüdüb donmağa məcbur etmək təşəxxüs
deyilmi?! Daim dəyişir, dönür.
Yəni, bu səbəbdən etibarsızdır.
Sürüşgəndir. Qar
üstündə sürüşmək kimin xoşuna gələr
ki?
Suya çevrilir. Əridikdə az qalsın bizi suda batıracaq.
Yuko öz dostunda onun şairlik
istedadını təmin edən beş əsas
keyfiyyət görmüşdü.
Ağdır. Demək,
poeziyadır. Çox təmiz şeirlərdir.
Təbiəti dondurur və
qoruyur. Ona görə o, həm də rəssamlıqdır.
Qışın ən zərif rəsmi.
Dayanmadan dəyişir. Ona görə
kalliqrafiyaya, həm də yazı xəttinə bənzəyir.
"Qar" sözünü yazmağın on
min üsulu var.
Səthi olduqca
sürüşkəndir. Demək, rəqsdir.
Qar üstündə hər kəs özünü
rəqqas hesab eləyə bilər.
Suya çevrilir. Buna görə
o, musiqidir. Yazda çaylar və bulaqlar ağ
notların simfoniyasına çevrilir.
- Bütün bunlar sənin
üçündürmü? - keşiş
soruşdu.
- Bunlardan daha çox şeylər...
Bu gecə Yuko Akitanın
atası anladı ki, oğlunun gözlərini qarın gözəlliyi
ilə doldurmağa hayku bəs etməyəcək.
8
Yuko haykuya, qar və yeddi rəqəminə
sitayiş edirdi.
Hesab edirdi ki, yeddi sehrli rəqəmdir.
Bu rəqəmin içində həm
kvadratın
tarazlığı, həm də
üçbucağın səbatsızlığı
yaşayır.
Şair olmağı qərarlaşdıranda
Yukonun on yeddi yaşı tamam olmuşdu.
On yeddi hecalı şeirlər
yazırdı.
Yeddi pişiyi vardı.
Atasına söz vermişdi
ki, hər qış cəmi-cümlətanı yetmiş yeddi
hayku yazacaq. Nə
az, nə çox.
İlin yerdə qalan fəsillərində
evdən çölə çıxmadan qarı unutmağa
çalışacaq.
9
Bir yaz günü, günəş
təzə doğanda imperator sarayının şairi Meyjinin
gözü Yukonun əsərlərinə sataşdı. Onun
yaşadığı kəndə gələrək
Akitanın atasının evini tapdı və şairi
soruşdu. Qonşu məbəddən qaçaraq
özünü yetirən keşiş imperatorun elçisini
ehtiramla qarşıladı, ona bir fincan çay təklif edib
dedi:
- Bu axşam oğlumun dağlarda
keçirdiyi son gün olacaq. Bu gün onun
yetmiş yeddinci haykusu tamamlanacaq. İstəsəniz,
sizi onun iş otağına apara bilərəm. Burada
o, ipək perqament kağızların üzərində
yazdığı şeirlərini saxlayır.
Şair çayın ətirli
qoxusunu ciyərlərinə çəkdi, ürəyi sevinclə
doldu, - birdən yadına o gün düşdü, qafiyə
ustalarından birinin diqqətini çəkmişdi, buna
görə imperatorun sarayına aparılmışdı ki,
şeirlərini ona oxusun, oxumuşdu da, imperator
razılıqla gülümsəmişdi. Çaydan bir qurtum
alıb dedi:
- O möcüzəni mənə
göstərin.
Keşiş əlinin işarəsiylə
onu müşayiət etməyi göstərdi, onlar iş
otağına daxil oldular, divarlarına perqament
kağızaları yapışdırılmışdı. Baxan kimi adamın nitqi quruyurdu.
- Usta, budur onlar. Oğlumun
bütün haykuları ixtiyarnızdadır.
Şair ləng, ancaq əzəmətlə
yaxınlaşdı, Yukonun bu il qələmə
aldığı yetmiş altı haykunun hər brini oxudu.
Oxuyub qurtaranda keşiş
onun göz yaşlarının necə
parıldadığını sezdi.
- Möhtəşəmdir. Ömrümdə belə bir şey oxumadım.
Zənnimcə, imperator oğlunuzu saray şairi
təyin edə bilər, yəni, mən artıq bu dünyadan
yükümü çəkib gedəndən sonra.
Yukonun atası sevincdən
özünü itirmiş halda hörmətli qonağın
ayaqlarına düşdü.
- Bununla belə, - deyə qonaq əlavə
etdi, - etiraf etməliyəm ki, bu şeirlərdə məni
razı salmayan iki şey var.
Keşiş səksənmiş
halda başını qaldırdı.
- Necə yəni, sizcə, bu haykular
Basyö dövrünün şeirlərindən yaxşı
deyilmi?
- Onlar misilsizdir. Sözlər
elə əls gözəllik çeşməsindən
axıb gəlib. Mətnlər çox
musiqilidir, ancaq onlarda rəng azdır, demək olar, yoxdur.
Oğlunuzun yazdığı dil ümidsizcəsinə
ağdır. Görünmürlər.
Əgər o, əsərlərini imperatora təqdim
edəcəksə, mütləq şeirlərinə rəng
qatmağı öyrənməlidir.
- O hələ gəncdir, bunu
unutmayın. Cəmi on yeddi yaşı var. Sizi
daha nə narahat edir bəs?
Şair daha bir fincan çay
istədi, evin qabağında çiçəklərə
bürünmüş skamyada oturdu, üzünü fikirli
dağlara tutdu. Bir qurtum alıb soruşdu:
- Niyə bəs qar?
10
Yuko dağlardan qayıdanda öyrəndi
ki, qapılarına gələn yad bir adam
onun şeirlərini oxuyub və ən pisi də bu şeirləri
xoşlayıb, - bunları biləndə qanı başına
vurdu, az qala dəli olacaqdı.
- Bunlar qaralamalardır, başqa bir
şey deyil. Hələ mən özüm də
bu sənəti tamam-kamal bilmirəm.
- Ancaq səni artıq saraya
çağırırlar! Bu çox, çox böyük
ehtiramdır, - atası cavab verdi.
- Yox, - Yuko dedi, - rəzillikdi bu.
Keşiş saray şairinin dediklərini
olduğu kimi çatdıranda Yuko hirsləndi:
- Rəssamlıqdan və rənglərdən
nə bilir axı o? Şeiri yazmağın on min üsulu var,
elə şeiri rəsm etməyin də, ancaq mənim
gözümdə onlar qardı, qar...On min heca,
ağlığı ağlı başdan alan
on min heca yazanda imperatorun yanına gedəcəm. Düz on min,
nə az, nə çox.
- Gör bir, on min heca hardasa beş yüz hayku deməkdir. İldə
yetmiş yeddi hayku yazsan, düz yeddi ilin gedəcək.
- Demək saraya elə o zaman getməli
olacam.
Atayla oğul bir daha saray
şairini yada salmadılar. Bu yaz Yuko
sözünü tutub bircə dənə də hayku
yazmadı. İşi-gücü
yaşıl bağda albalı çiçəklərini
qoxlamaq oldu.Yayda Ayın və qarlı zirvələrin nəzərləri
altında meşə balının ətrini çəkdi ciyərlərinə.
Qasırğanın qopduğu ilk günlərində
çayın kənarında sarı göbələk
tapdı.
Ətirli və sakit bir il.
11
Qadınların dərisi,
Gizlətdikləri dəri
Necə də istidir!
Sutejo
Şeirlərin ikinci qışı
gözqamaşdırıcı dərəcədə ağ idi.
Qar həmişəkindən
çox yağmışdı.
Bir dekabr gecəsini nə
vaxtsa fəvvarənin yaxınlığında
rastlaşdığı qızla keçirdi. Dərisi
şaftalı qoxuyurdu. Ağappaq məməsini
ağzına aldı və Aydan süzülən şərbət
kimi sordu. Sübhün gözü
açılana qədər.
Bu qış Yuko yetmiş
yeddi hayku yazdı. Biri-birindən ağ və gözəl.
Son üçünü oxuyun:
Təmiz qar
Sakitliyin və gözəlliyin
körpüsü.
Qar musiqisi
Qış sisəyi
Dabanlarımın altında.
Qürubdan sonra
Günəş qayıdır
Qağayıların
qanadında.
Bu həmin haykular idi.
Təmiz şeylər. Təbii.
Yaxın, çox yaxın. İncə,
incə olduğu qədər də şəffaf və gözəl.
Sadə, öləri insanlar
üçün nəsə anlatmasalar da, şairin
könlündə ilahi işığa doğru ucalan
körpü idi. Mələkələrin ağ
işığına doğru.
12
Günəş yazın ilk
günlərində gəldi, onunla birgə saray şairi.
Bu dəfə tək deyildi.
Yanındakı qadın
çox gözəl idi, şeiri də çox sevirdi. Dərisi ağ,
saçları zülmət gecə idi. Ustadı
müşayiət edərdi.
Yukonun atası onları
ehtiramla köşkdə qarşıladı. Köşk
yaşıllıq içində itib-batırdı.
Onları çox ətirli və bu yerlərdə az tapılan çaya qonaq etdi.
Ustad və qız çaydan bir qurtum
alan kimi o dedi:
- Oğlum qapımıza gəlib
şərəf verdiyinizi yüksək qiymətləndirir.
Hesab edir ki, sənətini təkmilləşdirib kamillik mərtəbəsinə
çatmaq üçün yeddi il
lazım olacaq. Artıq bu, ikinci qışdır, demək
qarşıda hələ beş il var.
Yaşlı adam
sözünü deməzdən qabaq çayın
gümüşü sularına uzun-uzadı baxdı.
- Beş il
çox uzun müddətdir. Bilmirəm, imperator
bu qədər gözləyərmi? Yuko nə
vaxt qayıdacaq?
- Gecə.
- Gözləyək.
Yuko dağlardan qayıdanda iş
otağında iki qonağın olduğunu gördü. Qızın məftunedici gözəlliyi dərhal
diqqətini çəkdi. Müəllimin
sifətində laqeydlikdən özgə bir şey görmədi.
- Yuko, - saray şairi dilləndi, - sənə
iki sualım var.
- Sizi dinləyirəm, ustad.
- Niyə məhz yeddi il?
- Çünki bu sehrli rəqəmdir.
Yuko qızın
dodaqlarından qaçan təbəssümü sezdi. Dodaqları
şirəli meyvə kimi təptəzə idi. Dişləriylə onlara toxunmaqdan özünü
güclə saxladı.
- Bəs onda niyə qar? - müəllim davam etdi.
- Çünki bu, eyni zamanda şeir,
kalliqrafiya, rəngkarlıq və musiqidir.
Qoca Yukoya yaxınlaşdı və
isti nəfəsiylə qulağına
pıçıldadı:
- Bütün bunlarmı?
- Bəlkə daha çox şeylər...
- Sən şairsən. Ancaq başqa sənətlər haqqında nə
bilirsən ki?! Sən rəqs etməyi, rəsm
çəkməyi, musiqi bəstələməyi
bacarırsanmı?
Yuko heç nə demədi. Sifətinin necə
qızardığını hiss etdi.
- Şairəm. Şeir
yazıram. Ancaq daha nələrisə bacarmalıyam ki, sənətimlə
məşğul ola bilim?
- Səhv edirsən. Poeziya
hər şeydən əvvəl rəngkarlıqdır,
xoreoqrafiyadır, musiqi və ürəyin səsidir. Şair eyni zamanda həm rəssam, rəqqas,
musiqiçi və gözəl xətt ustasıdır.
Mahir usta olmaq istəyirsənsə hər şeyi
bacarmalısan. Sənin əsərlərin məftunedici
dərəcədə gözəldir, musiqilidir, ancaq nədənsə
həm də qar kimi ağdı. Onlarda
parlaqlıq və rəng çatışmır. Sən rəssam deyilsən, Yuko. Yeganə
çatışmayan da budur. Yalnız bu.
Buna görə də, əgər qulaq asmasan mənə
dünya sənin şeirlərindən heç zaman xəbər
tutmayacaq.
Qoca artıq səbrini
zorlayırdı, qız isə çox gözəl idi və
onu məyus etmək istəmirdi.
- Sizi dinləyirəm, ustad.
- Yaponiyanın cənubunda sənətləri
mükəmməl bilən bir şəxs yaşayır. Möcüzəli şeirlər yazır, musiqili
pyeslər qələmə alır, ancaq hər şeydən
öncə o rəssamdır. Bu çox
görkəmli şəxsin adı Sosekidir. Mənim müəllimim olub. Mənim adımdan
ona salam apar. Sənə səndə
çatışmayan şeyləri öyrədəcək.
Bütün söhbət
müddətində müəllimi müşayiət edən
şəxs danışmadı. O, yalnız gülümsəyərək
və hərdənbir bir qurtum çay alıb Yukonu nöqtəbənöqtə
öyrənirdi.
- Gecikmə, - qoca dedi, - Soseki
çox qocadı, ölə bilər.
Yuko təzim etdi və dedi:
- Ustad, elə günü sabah Sosekiyə baş çəkəcəm.
Sonra döndü və birdən
qızın hər iki yanağından öpdü. Qız ancaq
gülümsədi. Gülüşü
birdən göyə millənən quş
çığırtısına bənzədi. Sına-sına uçan səsə.
Yuko ona qarşı utancaqlıq
qarışıq dərin sevgi hiss edirdi.
13
Elə həmin axşam Yuko
fəvvarənin yanında rastlaşdığı qızla
sevişdi. Onu albalı ağacının büllur çətirinin
altında qar üstünə yıxdı. Düz yeddi dəfə məşğul oldular,
usanmadan. Rəhmsizcəsinə və
şiddətlə. Şeyi
büzüşmüş ənginara oxşayana, qızın
ağuşundasa bənövşəyi şırımlar
açılana qədər.
14
Səhəri, hava
işıqlaşanda Yuko kəndi tərk etdi. Atası və
bütün ailəsi ilə vidalaşıb cənuba doğru
getdi.
Bu, onun qəlbinin günəşinə
doğru getdiyi yol idi. Dünyanın təmizliyi və
işığı gözünə, baxışlarına
yığılırdı. Yol boyu
ağır-ağır addımlayan Yuko ürəyinin necə
təmiz sevinclə dolduğunu hiss edirdi. Azad və
xoşbəxt idi. Qəlbində məhəbbət
və poeziyaya inam vardı.
Ancaq baş verməli şey baş verdi. Qarı çox sevdiyindən qardan gələcək
təhlükəni büsbütün unutmuşdu.
Fermin Maksans
Fransız dilindən
tərcümə etdi:
Cavanşir Yusifli
Ədəbiyyat qəzeti.- 2017.- 22 iyul.- S. 20-21.