Türkİslam tarixinin şərəfli səhifələrini yaşadacaq roman

 

Muhsin Kadıoğlunun "Nar Ülkesi. Endülüs'ün Son Yılları" əsəri

 

Muhsin Kadıoğlunun türk tarixinin önəmli bir mərhələsini, böyük şəxsiyyətlərini qələmə alan "Nar Ülkesi. Endülüs'ün Son Yılları" - "Nar ölkəsi. Əndəlüsün son illəri" (Türk Dünyası Araştırmaları Vakfı, İstanbul, 2017) romanı türklüyün simasını təqdim edən, keçmişin gerçəklərini bədii boyalarla əks etdirən bir əsərdir. Həyatının böyük bir qismini, elmi və bədii yaradıcılığını türkçülüyə həsr edən, Türkiyədə və dünyanın müxtəlif ölkələrində, bir çoxlarının diqqət belə etmədiyi tarixi məkanlarda türk izlərini arayıb tapan və ən maraqlı şəkildə təqdim edən Muhsin Kadıoğlu bu romanı ilə kökümüzə, milli qürurumuza işıq tutur. Bədii redaktoru olduğum bu kitabın Azərbaycan oxucularına təqdim olunmasının türk tarixinin vacib bir mərhələsinin öyrənilməsi, bədii təsvirlər arasında həqiqi tarixi faktları müşahidə etməsinə əhəmiyyətli olacağına inanıram.

M.Kadıoğlu türkün aynasından baxır dünyaya, lakin həqiqətləri ifadə edir, zaman-zaman gizlədilmiş, tarixin dolaşıq yollarında dəyişdirilməyə çalışılmış türk tarixinin önəmli səhifələrini göstərir.

Tarixi romanın ən mühüm əhəmiyyəti müasir zamana səslənməsidir. M.Kadıoğlu romanının müasir dünyamız üçün önəmi nədir? Hər bir türk insanına qürur verən milli keçmişini bədii-tarixi qəhrəmanların həyatındakı ən önəmli özəlliklərə diqqət edərək öyrənmək; türklərin dünya xalqları ilə münasibətinin dərinliklərinə varmaq, digər millətlərin tarixindəki həlledici rolunu önə çıxarmaq; gənc nəslə türk örnəkləri təqdim etmək, humanizm, qəhrəmanlıq, ədalət, dövlətçilik prinsipləri nümunələrini göstərmək; türk-islam düşüncəsinin əzəmətini ifadə etmək; türkü türk mənbəsindən öyrənmək; ağıla əsaslanan türkçülüyü müasir zamanın zəruriyyəti və tələbi olduğunu təsdiq etmək.

Bütün sadaladığımız məsələlərin kölgədə qalması zaman-zaman dünyada türk simasının doğru ifadəsinə əngəl olmuş, yaxud maneə kimi ortaya çıxarılmışdır. Romana yazdığı ön sözdə yazar bunu çox aydın şəkildə ifadə etmişdir: "Türk tarixi insanlığa sivilizasiya dərsi verəcək müxtəlif örnəklərlə zəngindir. Lakin türk ölkəsində, türkislam tarixini Qərb yazarlarından öyrənən, əsl qaynaqları araşdırmadan hər oxuduğunu həqiqət zənn edən, atalarından və dindaşlarından nifrət edən bir nəsil yetişdirmək Qərb dünyasının bu əsrdəki ən böyük uğurlarından biridir". M.Kadıoğlunun da, haqlı olaraq söylədiyi kimi, romanda türklərin və müsəlman millətlərinin hər zaman qürurla ifadə edəcəkləri həqiqi hekayələr xatırlanmışdır.

Roman mühüm bir tarixi dövrü və hadisəni qələmə alır. Məlum olduğu kimi, indiki İspaniya ərazisinə daxil olan müsəlmanlara məxsus Qranada Əmirliyi 1482-ci ildə başlayan və 10 il davam edən müharibədən sonra İspaniyanın nüfuz dairəsinə daxil olmuşdur. Müəllifin də yazdığı kimi, "Qranada əmiri XII Məhəmməd ilə əldə edilən razılıqda "din azadlığı"na açıq şəkildə zəmanət verilsə də, əvvəlcə yəhudilərdən dinlərini dəyişdirmək və katolikliyi qəbul etmək tələb olunmuşdur. Sülh müqaviləsinin heç bir maddəsində belə bir hökmün olmamasına baxmayaraq, dinini dəyişdirməyən yəhudilərə İspaniya torpaqlarını tərk etmək üçün, sadəcə, üç ay vaxt verilmişdir". Bu əmirlikdə yaşayan müsəlmanların da eyni təzyiqə məruz qaldığı tarixi həqiqətlərdir. Belə bir vəziyyətdə isə Qranada Əmirliyində yaşayan yəhudilər və müsəlmanlar ayrı-ayrılıqda o dövrün nüfuzlu türk və müsəlman imperatorluqlarından biri olan Osmanlı dövlətinə yardım üçün müraciət etdilər. Yəhudilər İspaniyadan qovulan millətdaşları üçün vətən, torpaq, canmal əmniyyətinin mühafizəsi üçün Osmanlı dövlətindən kömək istədilər.

Qranada Əmirliyindəki müsəlmanların yardım istəmələrini də M.Kadıoğlu kitabın ön sözündə tarixi faktlara əsaslanaraq şərh edir: "Qranada əmiri Məhəmməd Sultan Bəyazidə elçi göndərərək yardım istədi. Qranada əmirinin səfiri Sultan Bəyazidin, Şeyxülislamın və paşaların hüzurunda Qranada müsəlmanlarına edilən zülmü göz yaşları içində nəql etdi. Eyni zamanda, Məmlük imperatorluğundan dəfələrcə yardım istədiklərini, lakin, təəssüf ki, yardım ala bilmədiklərini bildirdi". Nəticə olaraq Sultan Bəyazid Granada Əmirliyindəki müsəlmanlara yardım etmək və dönərkən sığınacaq istəyən yəhudiləri Osmanlı torpaqlarına gətirmək üçün Osmanlı donanmasının məşhur admirallarından biri olmuş Kamal Rəisin başçılığı ilə ordu göndərdi və böyük bir tarixi missiyanı uğurla həyata keçirdi: "Osmanlı donanması müsəlmanların şəhərlərində daş üstə daş qoymayan İspaniya donanmasına həddini bildirəcək, İslambola dönərkən də yəhudilərdən və müsəlmanlardan ora getmək istəyənləri gətirən gəmiləri müşayiət edəcəkdir"

Bütün bunlar M.Kadıoğlunun tarixi romanında öz bədii əksini tapmışdır.

Romanın ilk səhifələrindən oxuduğumuz kəlmələr həm türk simasının birləşdirdiyi humanist, maarifci, milli dəyərlərə hörməti ifadə edir, həm də türkün ağlına işıq salır. Sultan Bəyazidin dilindən yəhudi ravvinə söylənilən sözlərdə oxuyuruq: "Mən sizə "camaatınız arasında öz dilinizdə danışa bilərsiniz, təhsil edə bilərsiniz, dilinizə lazım olanları edə bilərsiniz" deyə izn verdim. Bu müqəddəs məkanları adlandırarkən türk dilindəki adlarını istifadə etməyiniz lazımdır".

Yəhudilərin simasında yabançı bir millətə bu qədər qayğı göstərən, lakin tarixi həqiqətlər təkzib olunaraq soyqırımlarda, qətliamlarda günahlandırılan, türk millətinin humanizminə kolgə salan insanlara, dünyaya bu roman ən yaxşı cavablardan biridir. Eyni zamanda, milli dilini, mənəvi dəyərlərini, kültürünü, xüsusilə, haqqı olan millətlərə öyrədən türk örnəyinin təqdimi ilə  roman ağıllı türk simasına müasir nümunədir. Əsərin kiçik nümunəsində sözügedən məsələlərə diqqət edək: "Bursaya yerləşən yəhudilər adətlərini, ənənələrini və dini inanclarını rahat yaşaya bilmək üçün onlara məxsus olacaq bir məhəllə təhsis edilməsini rica etdikdə Sultan Orxanın fərmanı ilə yəhudi məhəlləsi qurulmuşdur. Yenə böyük atanız Sultan Murad Ədirnəni aldığı zaman əsrlərlə Bizans hakimiyyətində yaşadıqları üçün öz dillərini unudan və yalnız yunanca bilən Ədirnə yəhudilərinə hər cür rahatlıq yaradılmışdır. Bursa yəhudiləri Ali-Osman torpaqlarına gələn yəhudilərə türkcə öyrətmişdilər. Türklərin adət və humanizminə görə yüzillərcə xristian zülmündən bezmiş yəhudilər Sofya, Niş, Larisadan ayrılaraq Ali-Osmanın əlinə keçən Varna, Ruscuk kimi şəhərlərə köç etmişlər".

Türk millətinin qürur duyacağı tarixi, örnək alınacaq siyasəti, türkün ədalət və humanist siması romanın hər səhifəsindən boylanmaqdadır. Muhsin Kadıoğlu romanının ən önəmli tərəfi də budur.

Roman, qeyd olunduğu kimi, uzun yüzilliklər boyu Asiya, Avropa və Afrikanın böyük ərazilərini əhatə edən Osmanlı imperatorluğunun tarixi bir mərhələsinin bədii ifadəsidir. Osmanlı fenomeni Avropanın tarixi və mədəniyyətinə güclü şəkildə təsir edən, eyni zamanda, türkə qarşı obyektiv olmayan münasibətə yol açan bir fenomen idi. Çünki sözügedən dövlət böyük qələbələrini yaşadıqca düşmənlərinin "kiçik" siyasətinin də hədəfinə çevrilirdi. Türk tarixinin şərəfli səhifələri bir çox elmi və bədii əsərlərdə işıqlandırılmışdır. M.Kadıoğlu isə daha çox iki məsələyə diqqəti yönəldərək, öz sözləri ilə desək "... Allahın bərəkət verdiyi, nemətlərlə doldurduğu Osmanlı mülkünə gəlib rahatlıq tapmağa" nail olmuş qeyri-türk millətləri və dünyanın çox hallarda həqiqi simasını təqdim etmədiyi türk qəhrəmanlarının təsvirinə böyük yer ayırmışdır.

Romanda türkislam dövlətlərinin birliyə çağırılmasının günümüz üçünböyük əhəmiyyəti vardır. Ali-Osman, Roma, TrabzonRum imperatoru Sultan Mehmetin Məmlük sultanı Seyfəddin Xoşqədəmə yazdığı məktubunda türkislam dünyasını parçalamağa cəhd edən xristian ittifaqının fəaliyyətinə diqqət çəkib, "kafir Venesiya bizimlə savaşdığına görə müsəlmanları müsəlmanlara qırdırmaq üçün Ağqoyunlulara elçi göndərərək ittifaq yaratdı" faktını da örnək gətirərək yazır: "İslambolu ələ keçirmək bəxtiyarlığını mənə yaşadan Tanrının verdiyi ağıl ilə iki böyük müsəlman sultanlığının xristianlarla ittifaq axtarmasını anlamaqda çətinlik çəkirəm".

Türk millətinin milli dəyərlərinin hər zaman qiymətli olduğu, bunun islama zidd olmadığı romanın fikir dünyasında aydın səslənir. Sultan Mehmet tərəfindan Məmlük sultanı və Osmanlı dövləti arasındakı problemlərin həll olunmasında vasitəçilik etmək üçün Dulkadiroğlu Süleyman bəyin yanına göndərilmiş Afşin bəyin dilindən oxuyuruq: "Hər millətin milli dəyərləri də vardır. Əgər islam millətlərin milli dəyərlərini qadağan etsəydi, heç bir millət müsəlman olmazdı. Çünki hər millət üçün milli dəyərləri son dərəcə önəmlidir, toxunulmazdır". "Deməli, türk olduğumuzu xatırlasaq, türklük üzərində qardaşlıq inşa etsək, bu ayrılıqlar ortaya çıxmaz" - deyən roman qəhrəmanının sözləri də hər zaman diqqət etməli olduğumuz mühüm məsələlərdəndir.

İslam birliyi, müsəlman dövlətlərinin bir-birinə yardım və dəstək göstərməsi zəruriyyəti romanın əsas ideyalarındandır. M.Kadıoğlunun həmin fikirləri ağıl və hikmətinə görə müəllimlərin müəllimi hesab edilən Osmanlı Şeyxülislamı Molla Güraninin dilindən Sultan Bəyazidə söylədiyi bu inandırıcı və mənalı sözlərində öz ifadəsini tapmışdır: "Müsəlmanın müsəlmana yardım etməsi peyğəmbərimizin bizlərə ən gözəl nəsihətlərindəndir. Ən gözəl sünnətlərindəndir. Müsəlmanların aralarındakı anlaşılmazlıqlara son verərək zülmə düçar olan qardaşlarına yardım etmək və harada bir savab varsa, onu qazanmaq üçün yarışmaq onların ən gözəl yarışıdır".

Bu gün dünyanı mühacirlərin, köçkünlərin bürüdüyü bir zamanda roman yardım istəyənlərə qonaqseverliyini, insanlığını və ədalətini göstərən türkü canlandırır: "Biz aləmləri yaradan Tanrının yaratdığı canlı və cansız hər şeyi Onun nişanəsi olaraq görürük. Kafirlərin zülmü altında inləyən yəhudilərin müsəlmanların məmləkətlərində əminliklə yaşamaları və mühafizə edilmələri atalarımızın məzlumların qoruyucusu olmaq ideallarına uyğundur".

Bütün dünyaya sülh istəyən romanda Papaya müraciətlə söylənilir: "Siz İsanın əmrlərinin əslindən uzaqlaşdınız. İsanın əmrləri indi "Qurandadır. Əgər İsa peyğəmbərə həqiqətən hörmət etsəydiniz, yalnız Müqəddəs Mızrak sizə yetərdi". "Avropada bir müsəlman da qalmamalıdır" - deyə fətva verən papaya bütün dinlərdən olan insanlara mərhəmətlə yanaşan Osmanlı Sultanı örnək göstərilmişdir.

Romanda ən parlaq türk qəhrəmanlarından biri Kamal Rəisdir. "Qranadadakı müsəlman qardaşlarını katoliklərin zülmündən" xilas etmək üçün hazırlanan donanmanın başında dayanan bu qəhrəman Osmanlı donanmasının böyük admirallarından biri olmuşdur.

Kamal Rəis obrazı tarixi şəxsiyyət olmaqla yanaşı, M.Kadıoğlunun türk simasının ən özəl keyfiyyətlərini qələmə aldığı, türklük ənənələrini ifadə etdiyi, cəsarət, ağıl gözəl mənəvi sifətləri birləşdirdiyi bir qəhrəmandır. Həmin qəhrəmanın romandakı iştirakı bir sıra mühüm məqamların ifadəsinə doğru istiqamətləndirilmişdir.

Kamal Rəisin romandakı yeri Osmanlı donanmasının möhtəşəmliyinin canlandırılmasına şərait yaradır: "Bütün gəmilər durna qatarı kimi ard-arda dörd sıra şəklində düzüldü. Aralıq dənizinə doğru yola çıxmadan əvvəl elə bir yaylım top atəşi açdılar ki, ətrafı sanki Nəmrud atəşi bürüdü. Cəmi - İslambol əhalisi elə bir mənzərə içində qaldı ki, seyr edənlər bir-birinə nəql edirdilər".

Kamal Rəisin əsərdəki rolu islam türklüyün qovuşduğu məqamların ifadə olunmasına, milli düşüncənin daim hakim tutulmasına yardım edir: "…hər ləvənd "Məhəmməd Mustafa eşqinə" deyir, yanındakı ləvəndin biləyini biləngi ilə sərt bir şəkildə tutub digərinə keçirdi. Bu türk dənizçilərinin qardaşlıq andı idi".

Kamal Rəis romanda iştirak etməklə türk simvollarının önə çəkilməsinə şərait yaradır: "Kamal Rəisin doqquz baş rəisi var idi. Ondan əvvəlki rəislər yeddi baş rəis saxlayırdılar".

Kamal Rəis zərif bir eşqin bələdçisidir:

 

Əgər könlün mənimlə olarsa,

Yəməndə olsan belə, yanımdasan.

Əgər könlün mənimlə deyilsə,

Yanımda olsan belə uzaqdasan.

 

Kamal Rəisin müxtəlif şəxslərlə dialoqlarında M.Kadıoğlunun zəkası, intellekti, dünyagörürşü, tarix mədəniyyəti dərindən bildiyi görünməkdədir.

Romanda tarixi hadisələrdən biri digərinə keçid o qədər mənalı şəkildə qurulmuşdur ki, M.Kadıoğlunun tarixi hadisələri, onların mahiyyətini, incəliklərini dərindən bildiyi romanda ustalıqla ifadə etdiyi bəlli olur. Türkiyə dünyanın digər ölkələrində türk məkanları ilə bağlı məlumatlar vermək, onları romanın vahid süjetinə daxil etmək, az məlum olan sahələri diqqətə çatdırmaq M.Kadıoğlu yaradıcılığına xas xüsusiyyətlərdir. Bununla da yazar türk tarixini düzgün öyrənmək, "bir az da tarixlərini unutmuşlar"ı oyatmaq zəruriyyətini göstərmişdir. Eyni zamanda, "dünyanı idarə etmək idealı daşıyan bir millət "millət" qavramı ilə özünü məhdudlaşdırmaq" fikirləri ilə yazar türklük düşüncəsini qlobal anlamda dəyərləndirmişdir.

Romanda türklüklə bərabər, islam düşüncəsinin insanlara humanist münasibəti önə çəkilərək, dünyanın sözügedən məsələlərdə çox zaman obyektiv olmadığı açıq şəkildə göstərilmişdir: "Biz türklər müsəlmanlar insanların dininə, rənginə, dərisinə, milliyyətinə baxmarıq. Hər insanı Tanrı yaratdığı üçün Tanrıdan bir parça olaraq görür sevirik. Bizim üçün zülmə düçar olanların kim olduğu da önəmli deyil. Biz Allahın ədalətini insanlığa təbliğ etməyi özümüzə vəzifə seçmişik. Biz təbliğ edərik, insanlar öz ağılları ilə azad qərar verərlər".

Roman "türk-islam əsgəri"nin insanlıq uğrundakı mübarizəsini təqdim edir. Əsər  M.Kadıoğlunun sözləri ilə desək, "islamın xristianlar qarşısındakı bayraqdarı" olan türklərin şanlı tarixindən bir parçadır.

Muhsin Kadıoğlunun "Ağıla əsaslanan türkçülük" təlimi digər əsərlərində olduğu kimi, burada da romanın əsas ideya təməlindədir. "Zehində qazanılmayan heç bir zəfər gerçəklikdə qazanıla bilməzdi" deyən yazar türkün tarixi keçmişinə üz tutursa da, gələcəyinə bir ağıl mesajı verir.

Roman türklüyə böyük bir xidmətdir.

 

Bəsirə Əzizəli

 

Ədəbiyyat qəzeti.- 2017.- 22 iyul.- S.24-25.