"Qəlbə yaxın"

 

Maksim Qorki və Fransa haqqında

 

On beş il öncə rus yazıçısı Maksim Qorki Parisə səfər etdi. Bu hadisənin xronoloji qaydada nə zaman baş verdiyini dəqiq bilmirəm: Sarı İblis şəhəri - Nyu-Yorka tüpürəndən əvvəl, yoxsa sonra. Lakin hər halda o, ekzotik yeniliklərə tez zamanda alışan və həmin sürətlə də uzaqlaşan Parisdə müəyyən qədər uğur əldə edə bilmişdi. Düzünü desək, onun Yeni Vavilona səfəri Seneqal şahzadəsinin və kazak Aşinovun səfərindən daha çox yadda qalmışdı. Ayaqqabı mağazalarının vitrin-sərgilərində La semelle pour les pieds "Gorky". (Ayaqqabı içliyi "Qorki") yazılı plakatlar hələ də asılı qalır. Reklamın mətni göstərir ki, Qorkinin uğuru həqiqətən də demokratik xarakter daşıyırdı.

Həmin zamanlar Parisdə digər yazıçı - Amfiteatrov "Krasnoe znamya" adlı jurnal nəşr edirdi. Jurnal nə qədər səs-küylü idisə, bir o qədər də zərərsiz idi. Bu jurnalda Qorkinin çar II Nikolayla, ədəbsizlik nümunəsinə çevrilən uydurma satirik-müsahibəsi dərc olunmuşdu. Mövzu qanlı tiran və xalqın içərisindən çıxan cəsur müğənni haqqında idi. Nəticə mövcud olmayan mülkədar və qaçaq təhkimliyə aparıb çıxarırdı.

Ardınca, elə həmin "Krasnı znamen"də Qorki öz manifestini Fransaya təqdim etdi. Onun mənası belə idi: "Əziz fransızlar, rus çarına borc pul verməyin, onlar bu pullarla alışan rus inqilabını söndürəcəklər, axı siz yer üzündəki ilk inqilabçılarsız".

Görünür, gənc anaların könlünə qəfildən bol süd içmək düşdüyü kimi, Qorkinin də ağlına şöhrət sərxoşluğu düşmüşdü. Yoxsa o, bu cür ağılsızlıq etməzdi. O, ümumiyyətlə ağılsız insan deyildi, əksinə, uzaqgörən hiyləgər idi.

Sözügedən manifestin korrekturası təsadüfən nəşriyyatın olduqca təcrübəli, ağıllı və yumor hissinə malik sahibinin nəzərini cəlb etdi.

O, Amfiteatrova Qranki (Qranki - bütün oxu prosedurlarından keçmiş və dərc olunmazdan əvvəl müəllifə son razılaşma üçün təqdim olunan məqalə - X.N.) gətirdi və soruşdu:

- Bunu sizin məşhur Qorki yazıb?

- Bəli. Nə olub ki?

- Əlbəttə, böyük adamların törətdiyi kiçik yanlışlar əfvediləndir. Amma tamamilə axmaq olmalısan ki, fransız düşüncəsinə bu formada müraciət edəsən.

- Bəs, sizcə, necə etmək lazımdır?

- O, deyə və sübut edə bilərdi ki, çar alınan borcu faizi ilə geri qaytarmayacaq. Çox güman ki, onun səsi duyulacaqdı. Amma... Rusiyada inqilab. Bu, fransızlar üçün Qonoluludakı dövlət çevrilişi və ya Marsda xalq üsyanı kimi mənasızdı.

Həqiqətən də. Rus yazıçısının isterik çığırtısı heç bir təəssürat yaratmadı.

Bunu bilən və hiss edən Qorki yeni yola əl atdı. "Sənin üzünə tüpürürəm, gözəl Fransa...qanlı tüpürcəyimlə..."

Burada məsələ Qorkidə və onun dəvə xislətli tüpürmək adətində deyildi. Nə Vandom kolonnası, nə də Nyu-Yorkdakı azadlıq abidəsi bu təhqiramiz hadisəyə böyük əhəmiyyət vermədi. İngilis kralını edam meydanına aparanda qələbəlik içərisindən hansısa əclaf onun üzünə tüpürdü. "Yəqin ki, sən öz ananın da gözlərinə bu cür tüpürərdin", - məzlum kral dedi.

Öz vaxtında Qorki də vətənə nifrətini içtimaiyyət qarşısında etiraf edərək eyni hərəkətə yol vermişdi. "Savadsız" - bu ifadəni o, Puşkinin kədərli sözlərinə əsaslanaraq deyirdi: "Rusiyada ağıllı və istedadlı doğulduğum üçün mənə lənət olsun". Puşkin kimi Rusiyanı şövqlə və həssaslıqla kim sevirdi ki? Deməli, Qorki haqqında bu qədər kifayətdir. Haşiyədən kənara çıxdığım üçün, üzr istəyirəm.

Lətifənin mahiyyəti ağıllı naşirin düzgün mülahizəsindən ibarətdir və hal-hazırda rus əcnəbi yazıçılarına, siyasətçilərə və Avropanın, əsasən də Fransanın bizim xalqın taleyi haqqındakı kollektiv fikir yürüdən içtimai xadimlərinə də eynilə bu cür yanaşılır.

Onların hamısı göz yaşları ilə mərhəmət oyatmaq, Rusiyanın bolşevik vəhşiliyindən çəkdiyi heç yerdə görülməyən əzabların gündəlik təsvirləri ilə qəlblərə və təsəvvürlərə toxunmağa çalışırlar.

Keçilmiş və yanlış yoldur.

Təsəvvür olduqca tez zamanda qüvvəsini itirir, ürək isə kütləşir. Müharibənin başlanğıcında ilk öldürülənlər və yaralananlar haqqındakı xəbərləri eşitdikdə bizim lənət oxuyaraq ağlamağımız yadınıza gəlirmi? Aman Tanrım! İyirmi gənc ömür! Yüzlərlə əlil!

Yarım il sonra, qəzeti qatlayaraq kənara qoyub deyirdik: "Aha! On min nəfər itkimiz var. Lakin..."

Amma əcnəbilərin çoxusu haqqında demək olar ki - həqiqəti söyləmək lazımdır - onlar bolşevik dəhşətləridir - tamamilə yad dəhşətlər. Qonşunun dişi ağrayır - necə yazığın gəlməyə bilər, heç olmazsa, görüntü xatirinə. Amma onun dişi sabah da ağrıyacaq, birisigün də, bütün ayı da və qonşu hər gün gileylənəcək. "Daşa! O, yanağı sarıqlı gələndə, deyərsən ki, mən evdə yoxam. Lənətə gəlmiş, lap təngə gətirib!"

Məsələ də elə bundadır ki, rus mühacirləri - bütün o düşünmək, yazmaq və danışmaq qabiliyyəti olanlar heç olmazsa öz əməli fəaliyyətsizliklərinə bəraət qazanmaq üçün şikayətlənməməli, sivilizasiyalı dünyaya sübut etməlidirlər ki, onun qarşısındakı başqasının diş ağrısı deyil, karantinlə qorunmaq mümkün olan vəbaya, tauna bənzəməyən ümumi xəstəlik təhlükəsidir. Onu, mərkəzi Moskvada olan, ərazisi boyunca genişlənəcək qorxulu, insanlığı məhv edəcək epidemiya gözlədiyini, artıq evdəki prafilaktik tədbirlərlə qorunmağın gec olduğu haqqında xəbərdar etməlidir.

Gecikmədən, elə bu gün, elə indi əsas mənbəni məhv etmək, şimal xəstəliyindən yaranacaq qurbanları nəzərə almadan ən qəti şəkildə fəaliyyət göstərərək, qəddarcasına alovlanan ocaq yandırmaq lazımdır. Burada söhbət Rusiyanın deyil, bütün bəşəriyyətin qarşılıqlı özünəyardımından gedir.

Bu cür danışmaq şikayətlənmək və ağlamaqdan daha inandırıcı və aydındır. Hətta danışmaq yerinə meydanlarda və küçələrdə qışqırmaq da olar.

 

Vətən

 

Əşyalar, hadisələr və sözlərin dərinliyinə varanda və inadla baxanda onlar qeyri-adi görünür. Yeni rəng və çalarlar hər zaman göz önündə dayanır.

Bax, Vətən anlayışı budur. O, nə qədər darısqal və ölçüsüz, hər şeydən üstün, mübaliğəsiz genişlikdə olsa belə, böyüyəcəkdir.

Mən ona qarşı sevgimi ən primitiv formada tanıdım - vəhşilərin öldüyü və meymunların vərəmə tutulduğu həsrət, xəstəlik obrazında... Mən üç yaşımdan iyirmi yaşıma kimi moskvalı idim. Ailəmiz hər yay bağa gedirdi: Petrovski parkına, Ximkaya, Boqorodski, Petrovsko-Razumovski, Ramenskiyə, Sokolnikə. Yaşıllıqlar içərisində yaşayarkən Moskvanın daş-kəsəyi üçün, təkcə anamın başa düşdüyü - heç olmazsa həftədə bir dəfə şəhər gəzintisinə çıxmaq, onun isti, tozlu küçələrində yürümək, əhəng, qaynar asfalt qoxusunu içinə çəkmək, dəmir və daş gurultusunu dinləmək ehtiyacı səbəbindən o qədər darıxırdım ki...

Bir dəfə - biz o zaman Ximkada, Nikolayevski dəmir yolunun 21-ci verstində yaşayırdıq - evdə pul qalmamışdı. Moskvaya piyada getdim, tanış məruzəçinin evində qaldım və piyada geri qayıtdım, tamamilə ac idim, amma ruhum zənginləşmiş, dincəlmiş və rahatlamışdı.

Lakin məkan üçün darıxmaq, tale məni - yenicə tərxis olunmuş leytenantı Cənub-Qərb vilayətinin ən uzaq yerinə tulladığı zaman xüsusilə dözülməz oldu. İlk günlər və həftələr o qədər darıxırdım ki! Yad adamlar, yad adət və ənənələr, Qara dəniz ucqarının sərt, soluxmuş, darıxdırıcı məişəti... ən əsası isə - bu lap çox hiss olunurdu - vəhşiyanə, pozuq şəkildə rus, malorus, polyak və moldovan dillərinin xoşagəlməz qarışığı...

Gündüzlər hardasa dözmək olurdu: darıxmağı əmək fəaliyyəti, mühüm görüşlər, nahar və şam yeməyi yığıncaqları ilə ört-basdır edirdim. Amma gecələr çox əzab çəkirdim. Həmişə də eyni yuxunu görürdüm: Moskva, Presnedəki Pokrov kilsəsi, Kudrinskaya Sadovaya, Malaya və Bolşaya Nikitskilər, Novinski Bulvarı...

Və yuxuda belə hər zaman hiss edirdim ki, onu heç zaman görə bilməyəcəyəm: son, ayrılıq, demək olar ki, ölüm. Öz hönkürtülərimin səsinə oyanırdım. Yastıq su içərisində olurdu... Amma dözürdüm. Bu zəifliyim haqqında heç kimə danışmırdım.

Həm də necə danışasan? Xidmətdə olduğum üçün gənc əsgərlərin xidmətdən qaçma hallarını istintaqa mən bildirməli idim. Çətin ki, həmkarlarımın hansısa onların cinayətinin günahsızlığını mənim qədər dərindən hiss edəydi. Axı mən də heç olmazsa bir dəqiqəliyə Moskvaya getmək, ora nəzər salmaq, qoxusunu içimə çəkmək istəyirdim... Amma mən intizama nəzarət edirdim və rəhbər idim.

Lakin bu qəddar hisslər keçib getdi. Zaman nəyi unutdurmur ki... Sonra mən hər tərəfi gəzib-dolaşdım, demək olar ki, bütün orta Rusiyanı gəzdim. "Məkan həsrəti"m sakitləşdi.

Daha sonra isə xarici ölkələri gəzdim. Məlum oldu ki, mənim vətən həsrətim ancaq genişlənir. Həmişə sarsılmaz, möhkəm mənəvi təməlim var idi: "Necə olsa da, orada evim var. Nə vaxt istəsəm gedərəm". Amma dönüş zamanı çatdı. Böyük ayı bürcü; onu gecənin bir yarısı görmək olur, sağdakı iki ulduzdan yuxarıya doğru xətt çəkirsən, demək olar ki, qütb ulduzuna çatırsan. Şimal. Və səni Rusiyaya çəkir, Moskvaya yox, məhz Rusiyaya. Çemodana bəzi xırda-xuruş əşyaları yığırsan, üçüncü sinif kupe və... səfər.

İndi isə xəstəlik "kəskinlik" gücünü itirib və xroniki xarakter alıb. Gözəl ölkədə yaşayırsan, ağıllı, xeyirxah adamların, nəhəng mədəniyyət abidələrinin arasında... amma hər şey qəsdən bu cür baş verir, sanki kinematoqrafın filmi geri göndərilir. Və bütün sakit, axmaq kədərin səbəbi odur ki, artıq

yuxuda ağlamırsan və arzularında Znamenski meydanını, Arbatı, Povarskini, Moskvanı, Rusiyanı yox, ancaq qara dəliyi görürsən.

 

1924

 

Rus yazıçısı və tərcüməçi Aleksandr İvanoviç Kuprin 1870-ci ildə məmur ailəsində anadan olmuşdur. Onun anası qədim tatar əsilzadəsi, knyaz Kulunçakovun qızı idi. Atasını bir yaşında itirən Kuprinin ailəsi yoxsul vəziyyətə düşmüş, dolanışığın mümkünsüz olduğunu görən anası balaca Aleksandrı Razumovski yetimlər evinə yerləşdirmişdi. Gələcək yazıçı məhrumiyyətlər və rəhmsizlik, qəddarlıq və biganəlik arasında böyümüşdür. O, anasına hədsiz pərəstiş edir, onun yoxsulluğuna dözə bilmir, utanır, əzab çəkirdi. Kuprin yazıçılıq istedadının anasından gəldiyini hər zaman qeyd etmişdir. Ana nənəsindən hələ uşaqkən eşitdiyi əfsanələr, sehrli nağıllar və tarixi əhvalatlar isə onun Şərq mövzusunda, hər yerdə ədalət simasında çıxış edən, hər şeyi eşidən və görən Allahın  xofu olan əsərlər yazmasına rəvac vermişdir.

1919-cu ildə Oktyabr inqilabı baş verdiyi zaman Kuprin xaricə - Fransaya köçür. Lakin on səkkiz il davam edən vətən nisgili onu geri dönməyə məcbur etmişdir. Onun Rusiyaya getməzdən üç il əvvəlki sözləri də məşhurdu: "Aleksey Tolstoy kimi orden və ya məkan əldə etmək üçün getmək rüsvayçılıqdı, amma mən dəqiq, özü də tezliklə öləcəyimi bilsəydim, doğma torpağın qoynunda uzanmaq üçün vətənə gedərdim". Uzun xahişlərdən sonra - 1937-ci ilin mayında Rusiyaya geri dönən yazıçı bir il sonra - 1938-ci ilin avqust ayında gözlərini dünyaya əbədi olaraq yumur.

 

Aleksandr Kuprin

 

Tərcümə edən:

Xatirə Nurgül

 

Ədəbiyyat qəzeti.- 2017.- 22 iyul.- S.28.