Saleh Mehmetin təklifi budur ki...

 

"dəymiş"imiz qalsın, "kal"ımız tökülsün

 

Bir süfrə başında iki sözümüz

Bir ola bilmirsə, ta nəyik belə?

M.Araz

 

08.07.2017-ci il tarixli "Ədəbiyyat qəzeti"ndə Sabir Rüstəmxanlının "Saleh Mehmetin dövlət dili təklifinə münasibətim" adlı Birinciİkinci məktubunu bir qədər gec- 13 iyulda oxudum.

2015-ci ildən "Ədəbiyyat qəzeti"ndə çap olunmuş diqqətçəkən mətnlərlə bağlı icmal şəklində də olsa, yazmaq, qəzetdə məni "tərpədən" materiallara yazılı münasibət bildirmək ürəyimdən keçib. İstəyimi redaksiyada dilə gətirəndə, "yaz, gətir" nidasını eşitsəm də, buna əməl etməmişəm. "Yazılarım"ı öz-özümə söyləməkdən, oxuyub təsirləndiyim şeir, hekayə, ədəbi təhlil, tərcümə və məqaləyə görə müəllifin, qəzetin ünvanına şifahi təşəkkür etməkdən irəli getməmişəm. Hər dəfə əlimdəki bir , əlimdə olmayan vaxt bu istiqamətdə yazmaq istəyimi həyata keçirməyə mane olub. "Ədəbiyyat qəzeti" illik toplusunun və saytının təqdimatlarında dərginin ünvanına söylənən fikirləri, demək olar ki, bölüşdüyüm üçün "mən yazacaqlarımı dedilər" deyə toxtamışam (Qəzetin elə sözügedən sayında, cəmi bircə sayında Ümid Nəccarinin şeirləri, "Qardaş qanı", "Əli Kərim üslubu...", "Xanım Beket. Braziliya...", "Qərb festivallarına bağlanmış yolumuz...", "Təpələrin arxasında", "İnsan şüuruna daxil olmanın yolları", Turqut Uyarın şeirləri, "Öz əsərini danışdır","Don Kixot barədə düşüncələr...", "Çağdaş Moldova şeirindən seçmələr" və s. bu kimi mətnlər varsa (digər yazıları hələ oxumamışam) və hər həftə "Ədəbiyyat qəzeti" bizə bu cür, belə bir səviyyə təqdim edə bilirsə, üç ay bundan qabaq qəzetə göndərdiyim şeirlərin "qanı" halal xoşu olsun).

Bu dəfə S. Rüstəmxanlının Saleh Mehmetə ünvanladığı məktuba münasibət bildirməkdən heç cür vaz keçə bilmədim.

S.Rüstəmxanlının məktubundan Saleh Mehmetin "ölkəmizdə ingilisrus dillərinə də Azərbaycan türkcəsi ilə yanaşı dövlət dili statusunun verilməsi" təklifi ilə çıxış etdiyi məlum olur.

Onsuz da son vaxtlar sovet dövründə doğulan Azərbaycan vətəndaşlarına ikili vətəndaşlıq, yəni, həm də, Rusiya tərəfindən vətəndaşlıq verilməsi barədə arada-bərədə söz-söhbət dolaşmaqdadır. Qonşu dövlətdə də bəyan edilir ki, ikinci vətəndaşlıq alanlar Rusiya Konstitusiyasına, qanunlarına əməl etməlidirlər, Rusiya dövlətinə sədaqət andı içməlidirlər.

Buradan da iqtisadçı Saleh Mehmetin məlum təklifi gəlir.

Bəlkə sayın Saleh Mehmet təklifinin "iqtisadi səmərəliliyi"ndən danışaydı.

Dost olmayan müvafiq ölkələrin aidiyyəti texnoloqları tərəfindən, təbii ki, həmişə müstəqil Azərbaycan Respublikasının əleyhinə aparılıb azca yuxarıda qeyd olunanlar həmin "zəncirin həlqələrindən" sayıla bilər. Hələ kövrək olan, tam bərkiməmiş gənc Azərbaycan dövlətinə qarşı dolayısı yollarla çeşidli torlar qurulur. Məqam gözlənilir. Həmin "məqam" üçün isə "qabaqlayıcı tədbirlər" misalı əvvəlcədən hazırlıqlar görülür. Düşmən xarici xüsusi xidmət orqanlarının aşkarlanmış son təxribatçı fəaliyyətini (Tərtər hadisəsi s.) nəzərdə tutaraq, sayıqlığı əldən verməyin bizə necə baha başa gəldiyini deyə bilərik.

Azərbaycan türkcəsi yeganə dövlət dili olmazsa, bunun hansı fəsadları ola bilər? S. Rüstəmxanlının bu barədəkiı mülahizələri çox ciddi arqumentlərə söykənir.

Hələ rus dilinin ali statusu yoxdur, sarmaşıq tək bu cür bizə sarmaşıb.

Ölkə valyutasının cəmləşdiyi strateji əhəmiyyətə malik bank sistemində işləyənlərin mühüm hissəsi rusdillilər deyilmi?

Heç ingilis dili ikinci dövlət dili olmadan dükan - bazar - "market", "shop", "store", şadlıq (oxu: şitlik) sarayları "Movida plaza", "Romanse palace"... "Gold ring"dir.

Bu yenə bizə heç demirsə...

Ölkə rəsmən "iki dilli" ("üç dilli") olsa, doğma dilimizin taleyi "çərxi- fələk"likdir. Təkcə ona görə yox ki, 110 min 563 sözlük lüğət fondumuz rəqabətə dözməyəcək,- bunun müqabilində rus ədəbi dilində təqribən 500 min, ingilislərdə 1 milyon söz var.

Təkcə buna görə yox!

Özgürlüyü qorumağın, milli dirçəlişin əsas şərtlərindən biri , "təhsilə xəyanət"in, elmə yol tapmış əliəyriliyin kökünün kəsilməsidir təbiətdə olduğu tək cəmiyyətdə hər şeyin bir-biri ilə ilk baxışda gözə görünməyən, amma daxilən çox sıx əlaqəsi var.

Müvafiq məcəllədə bir "xalqa xəyanət" maddəsi əksini tapa, mühakiməni xalq edə!

Bu gün ingiliscə ruscanın dövlət dili statusunda olmamasının kiminsə bu dilləri, o cümlədən almancanı digərlərini mənimsəməyinə heç bir maneçiliyi yoxdur.

Məktubdakı "düşmənimiz olan ermənilərlə..." ifadəsinə rəğmən, məlum həqiqəti vurğulayım ki, öz siyasətlərini həyata keçirmək üçün onların daim düşmən kimi qalmasında maraqlı olan havadarları üzdə olan bu düşməndən az təhlükəli deyillər "...qurd basar" vəziyyəti aradan qalxınca, bunun düşməni , düşmənçiliyi çilik-çilik olacaq.

...Amma mən "bir budaqda oturub", cəmi bir "budağı" silkələdim.

 

Qardaşxan ƏZİZXANLI

 

Ədəbiyyat qəzeti.- 2017.- 22 iyul.- S.29.