Unutmaq dərsləri
Romandan parça
Bir çox qəzet və jurnallarda jurnalist, redaktor, köşə yazarı kimi fəaliyyət göstərən Nərmin İldırımın 2011-ci ildə yazdığı ilk romanı "Unutma məni binası" böyük maraqla qarşılanmışdır. "Yuxular danışılmaz", "Unutmaq dərsləri" və "Toxunmadan" romanlarında isə cəmiyyət və şəxsiyyət problemini ön plana çıxarmış, sosial məsələlərə diqqət yönəltməyə müvəffəq olmuşdur. Gənc yazar Manchester Letters, Tramline Project kimi müxtəlif beynəlxalq layihələrə qatılaraq xarici yazarlarla birgə fəaliyyət göstərmişdir. Əsərləri bir neçə xarici dillərə də çevrilmiş və müsabiqələrdə iştirak etmişdir.
Nərmin İldırımın "Unutmaq dərsləri" romanının qəhrəmanı olan Fəribə ona əzab verən xatirələrindən yaxa qurtarmaq üçün "Keçmişi yoxetmə mərkəzi"nə gəlib çıxır. Lakin burada keçilən unutmaq dərsləri və verilən həftəlik tapşırıqlar həyatını büsbütün dəyişir. Qəhrəmanımız keçmiş sevgilisini unutmağa çalışdığı halda, təsəvvür belə etmədiyi macəralar yaşamağa başlayır.
Unutmaq dərsləri
(romandan parça)
Nəhayət, şənbə
günü internetdən ünvanını əldə etdiyim
"Keçmişi yoxetmə mərkəzi"nin
önünə gəlib çıxdım. Boyacıköydə
yerləşən, içərisində qeyri-adi işlərin
baş verdiyini qətiyyən
güman etməyəcəyimiz beşmərtəbəli,
ağ rəngli sadə bir bina idi. Bir müddət
tərəddüd içərisində ətrafında gəzişdikdən
sonra özümə olan hörmətim də daxil olmaqla, itirəcəyim
heç bir şeyin qalmadığını
düşünüb, fikrimdən daşınmaqdan qorxaraq
sürətli bir şəkildə içəri daxil oldum.
Girişin qarşısında qoyulmuş qeydiyyat stolunda həddən
artıq gülərüzlü qadın tərəfindən
mübaliğəli qonaqpərvərliklə
qarşılandım. Nə deyəcəyini bilmədən
dayanıb baxan insanlara öyrəncəli olduğu
üçün birbaşa dərs üçün, ya sadəcə,
qeydiyyat üçün gəldiyimi soruşaraq işimi
asanlaşdırdı. Cavab vermək istəyirdim ki,
gözüm qeydiyyat stolunun arxasındakı divara iri hərflərlə
yazılmış 2 cümləyə sataşdı.
"Hafıza-i beşer nisyan ile maluldür" və
"Əlbəttə, bir gün unudacağıq, bu belə
yarım qalmayacaq". Birinci cümlənin altında anonim,
ikincinin isə M. Kamal Atatürk yazılmışdı. Bir an özümü səfalət
bataqlığında boğulan kimi hiss edib geriyə
qayıtmaq istədim. Lakin qadın "Gülən
gözlər"dəki Ayşən Gruda təbəssümü
ilə üzümə baxmağa davam etdikcə çarəsiz
məlumat almaq üçün gəldiyimi bildirdim. Əlimə bir broşüra verib öz işi ilə
məşğul olacağını
düşünürdüm. Diqqətini
başqa yerə yönəldəndə də aradan
çıxacaqdım. Amma elə
olmadı.
"Onda sizi Məlumat şöbəsinə
göndərim, sizi məlumatlandırsınlar",-deyib
sağdakı qapılardan birini göstərdi. Qaşının
birini yüngülcə yuxarı qaldırıb getməyimə
işarə etdi. Üzündəki Ayşən Grudaya xas mələk
təbəssümü Godzilla salamına, cəhənnəm zəbanisinın
qəbuluna, Cavs təkidinə dönmüşdü, ya da mənə
elə gəlmişdi. "Yaxşı, mən sonra gələrəm",- deyə bilməyib, "Hansı, bu
otaqmı?" kimi mənasız
sözlər deməli oldum. Sözümü
qurtaranda isə artıq çoxdan qapıdan içəri
girmişdim.
Bura başdan-başa fayllar
yığılmış rəflərlə dolu bəyaz bir
otaq idi. Rəflər,
fayllar, stol, stolun qarşısına
qoyulmuş oturacaqlar. Yerin döşəməsi,
pəncərədəki jalüzlər, bir sözlə, hər
şey ağappaqdı. İçəridə ağ köynəkli qaraşın bir qadın
var idi. "Xoş gəlmisiniz" deyib
gülümsəyərək üzümə baxdı. Deyəsən bunları işə götürərkən
öyrətdikləri ilk şey gələn müştərinin
gözünün içinə baxıb bişmiş kəllə
salamı vermək idi.
Göstərilən kresloda əyləşdim. Eyni
vaxtda içimdə bir peşimanlıq hissi yarandı.
"Sizə, - dedi, - bir az iş prinsipimiz haqqında məlumat verək".
"Deyəsən, o filmdəki kimi, istənməyən
hadisələri yaddaşdan silirsiniz".
Yəqin ki, "Eternal
Sunshine of the Spotless Mind"ı deyirsiniz. Amma
insanların çoxu məhz belə bir şey fikirləşərək
gəlirlər. Lakin burada ilk mərhələdə
beyinə hər hansı fiziki və ya kimyəvi müdaxilədən
söhbət belə gedə bilməz. İlk
öncə dərs keçirik".
"Nə dərsi?"
"Unutma dərsləri. Yəni bizi
seçən insanlar mütəxəssislərin köməyi
ilə, lakin öz iradələri ilə xatirələrindən
xilas olurlar. Beyin zərər görmür,
əksinə, iradə möhkəmlənir. Dərslərə
əlavə olaraq bir də insanlara fərdi kömək
proqramlarımız var. Ehtiyac hiss etsəniz kiçik bir
ödəniş etməklə yararlana bilərsiniz. Onların da yaxşı faydası olur".
Nə vaxt əsəbiləşsəm,
belə oluram: ağzım yanaqlarıma tərəf quruyur. Deməli bura da kiçik məbləğ
qarşısında həyatın sirrini verməyi vəd edən
qurama kurslardan biridir. Gedirsiniz, məbləği
ödəməklə sizin üçün
qablaşdırılaraq rəngli kağızlarla bəzənilmiş
kiçicik xoşbəxtlik almağa həvəslənirsiniz.
Boşalmış pulqabı və
özünüzə söylədiyiniz yalanlarla birlikdə
evinizə qayıdırsınız. Mən
darmadağın olmuş həyatın kiçik həblərlə
düzələcəyinə inananlardan deyildim. Filmdəki kimi, beynimizin bir hissəsini silərsə,
yaxud kəsib bir kənara qoyarsa, bəlkə razılaşa
bilərdim. Fəqət ağ
lövhə qarşısında həyatımı analiz edib,
nəticələrinə əsasən uydurduqları aforizmlərə
inanacağımı gözləyən şarlatanların
qurama dərslərinə təslim olacaq qədər axmaq
deyildim. Yəqin
ki, bilirsiz, axmaqlığın ilk şərti elə axmaq
olmadığınıza inanmağınızdır.
"Aydındır",
-deyib yerimdən qalxmağa cəhd elədim. Ağ
yaxalıqlı, Tarkanın qurdu kimi irəli atıldı.
"Xahiş edirəm, tez qərar
verməyin.
İcazə verin iş prinsipimizdən danışım".
"Açıq deməliyəm
ki, məni maraqlandıracağınızı
düşünmürəm, boş yerə sizi
yormayım".
"Narahat olmayın. Mənim işim elə budur
da! Nə yorulmaq. Bir neçə
dəqiqənizi mənə ayırın, sizi başa
salım. Sonra istəsəniz gedərsiz".
İşinin
ustasıydı, sanki gözünü ayının gözbəbəklərinə
dikən ac aslan idi. Nəzakətli davranışın və
marağımın qurbanına çevrilib kresloma
yayxandım.
"Baxın, sizə
statistikamı təqdim edim. Buraya müraciət edən
hər yeddi adamdan altısı unutmaq istədiklərini unudub,
ən azından artıq əvvəlki qədər əhəmiyyət
verməkdən xilas olaraq çıxıb gedib".
"Aha, yəni heç də
yaddan çıxarmırlar. Sadəcə, əhəmiyyət
verməkdən xilas olurlar?"
"Unutmurlar demirəm, ən
pis halda əhəmiyyət verməməyi öyrənirlər. Hər
hansı bir şeyə həyatını zindana çevirərəcək
qədər əhəmiyyət verdiyin üçün onu
unutmaq ehtiyacının yarandığını
düşünsək, bu heç də əhəmiyyət verilməməli
məsələ deyil".
Haqlı idi. İnsan beyində
boş sahə yaratmaq üçün yox, mənasız kədərdən
xilas olmaq üçün unutmaq istəyirdi. Əgər əzab vermirsə ömür boyu
xatırlamağın kimə nə ziyanı var ki?
"Yaxşı bəs bu dərslərdə
nədən bəhs edirsiz?"
"Bu hansı qrupda
olmağınızdan asılıdır. Mütəxəssislərimiz
hər qrup üçün ayrı proqramlar
hazırlayır".
Qrup sözünü eşidən
kimi dik atıldım.
"Nə qrupu? Yəni
başqaları da yanımda olacaq?"
Yeddidən altı
yaxşı variant idi, lakin Amerika filmlərindəki terapiya
qruplarında olduğu kimi, yan-yana oturub əl-ələ
tutmağım, bir qrup mənasız adamlara məhrəm
saydığım əhvalatları danışmağım
mümkünsüz idi. Üstəlik, danışa bildiyim üçün
alqışlamalarını düşünmək belə istəmirəm…
Dodaqlarım titrədi,
düşüncəsi belə əsəbiləşdirdi. Lakin aslan
hazırlıqlı idi.
"Ağlınıza bəzi
terapeya qrupları gəlməsin. Qrup dərslərimiz
çox faydalı olur".
"Yox, sağ olun. Mən cəmiyyət
içində çox da faydalı ola
bilmirəm".
Tam yerimdən qalxmağa
çalışırdım ki, aslan ağzı bir daha kükrədi.
"Elə isə sizin
üçün fərdi dərslər təşkil edərik. Amma qiymət
bir az dəyişəcək".
"Qoyun can dərdində,
qəssab ət hayında" deyən atalarımızın
ruhuna fatihə oxudarcasına sərf edilən bu son cümlənin
eybəcərliyinə fikir verməməyə
çalışıb, bütün xoş niyyətimlə soruşdum.
"Fərdi dərslərdə
nə olur?"
"Mütəxəssisimiz
vəziyyətinizi müəyyənləşdirib sizin
üçün xüsusi bir metod hazırlayır".
"Başa
düşdüm".
Tamamən yalandı. Heç bir
şey anlamamışdım. Amma nə isə
məni oturduğum kresloya görünməz iplərlə
bağlamışdı. Həm tez bir zamanda bu ağ otaqdan çıxmaq istəyirdim, həm
də bunu etmək üçün heç bir hərəkət
eləmirdim. Qarşımdakı bəyaz önlüklü,
aldığı dərsləri tam haqqı ilə yerinə
yetirən, ağzımdan girib burnumdan çıxmaqla məni
yoldan çıxardığı üçün "bundan
daha pis nə ola bilər ki?"
düşüncəsi ilə özümü yoxlamaq qərarına
gəldim. Bundan daha betərinin ola biləcəyini
düşünmədim.
Beləliklə də bir də
baxdım ki, qeydiyyat otağındayam. Bura tamamən mavi rəngdə
dizayn edilmiş par-par işıldayan həbsxana idi. Mavi
rəflərdə mavi rəngli fayllar, mavi stollarda mavi
ekranlı kompyüterlər, mavi kreslolar, mavi mebellər, mavi döşəmələr
və pəncərələrdə səbirsizcə titrəyən
mavi jalüzlər. İçəridə iki qadın var idi,
biri gənc, digəri orta yaşlı: təbii ki, mavi köynək
geyinmişdilər. Digərindən daha
hökmlü görünən orta yaşlı, abanoz
saçlı xanım tərəfindən "buyur"
deyilincə oturdum. O dəqiqə çay gətirilməsi
tapşırıldı və rəsmi bir dövlət idarəsindəki
kimi formalar çıxarıb stolun üstünə
düzdü. Adım, soyadım, doğum tarixim,
təhsilim, ailə vəziyyətim, ailəm, işim, xobbilərimə
qədər hər şey bir-bir qeyd edildi. Bunlar bitdikdən sonra qadın indiyə qədərki
ciddiliyi bir tərəfə qoyub şəfqətlə
üzümə baxdı və cavablandırmağa
utandığım məlum sualı soruşdu.
"Buraya nə məqsədlə
gəlmisiz?"
"Sevgi əzabları". Səsim o qədər
boğuq çıxdı ki, sanki quyunun dibindən gəlirdi.
Halbuki, qadın nə təəccüblü, nə
də alçaldıcı görünmürdü. Yəqin ki, bu səbəblə buraya gələn
çox idi və o da həyatda axmaqlara da yer olduğunu dərk
etmiş vəziyyətində idi.
"Onda demək ki, dərsləri
dördüncü mərtəbədə keçəcəksiniz".
Sifətimdəki donuq ifadədən
bir əlaqə yarada bilmədiyimi anlayıb "Sevgi ilə əlaqəli
əzabları unutmaq xidmətimiz" orta
ağırlıqlı travmalar kimi dördüncü mərtəbədədir".
Orta dərəcəli travma
keçirdiyimdən xəbərim yox idi, yaxşı ki, kimsə
nəzakətli bir şəkildə mənə də bu haqda
məlumat vermişdi. Sevgidən qaynaqlanan əzablar
qulağıma yüngül xarici musiqi kimi gəlmişdi.
Nətiəcədə isə qadının
bildirdiyi açıqlamalar fikirlərimi tamam alt-üst etməkdən
başqa bir şeyə yaramamışdı. Mavi yaxalı qadın göstərdiyi xidmətin
faydasını düşünmədən sözlərinə
davam edirdi.
"Sizdən yaddan
çıxarmaq istədiyiniz hadisələrlə əlaqəli
hər şeyi dəqiqliyi ilə
danışmağınızı xahiş edəcəm".
"Kinodakı kimi səsimi
kasetə yazacaqsınız? Heç cür
mümkün deyil".
"Xeyr, siz danışarkən
bu xanım kompyüterə qeyd edəcək. Dərsinizlə
məşğul olan mütəxəssis hər şeyi dəqiqliyi
ilə bilməlidir".
"Çıxış
yolum yoxdu.
Tez-tez danışaram, kompyüterdə yazmalı olan da
hamısını yaza bilməz",- deyə
düşündüm. Elə axmaq şeylər
düşünürdüm ki, indi xatırladıqca
özümdən nifrət ermək istəmirəm.
"Yaxşı",-
dedim, "haradan başlamalıyam?"
"İlk günlərdən,
tanışlığınızdan".
Yəqin ki, həyatımdakı
ən çətin anlardan biri idi. Ən azından o vaxta
qədərki. Hərçənd sonralar nə
baş verə biləcəyini düşünə bilmirdim.
Düşünmədiyim üçün də
tanımadığım bir, hətta iki qadına əvvəllər
heç kimsəylə bölüşmədiyim əhvalatları
danışmağa başladım.
Nərmin
İldırım
Hazırladı:
Nərmin CAHANGİROVA
Ədəbiyyat
qəzeti.- 2017.-22 iyul.- S.31.