Yazıçıların xeyirxah xanımları

 

Yazıçıların qisası qiyamətə qalmır. İsgəndərin buynuzunu faş edən quyu qədər dərin olur yazıçılar. Allah etməsin, hansısa qadın o quyuya düşsün.

 Yazıçı nakam sevgisini əsərlərinə köçürər. Yazmaz o sevgisinin adını. Bunu tədqiqatçılar araşdırıb taparlar. Yazıçının sevgilisi olmaq həm xoşbəxtlik, həm də bədbəxtlikdir. Dünyanın ən dilavər sözləri ilə əhatə edər qadınını, lətif ifadələrlə yuxuladıb qəlbinə huzur gətirər. Yetər ki, o bədbəxtin - qələm adamının, göy mələyinin ürəyini sındırmayasan. Ən üst qatda eşələnəndə gerçək həyata qaytarıb evdə soğan-kartofun qurtardığını deyib yerə çırpmayasan. Yazıçı qadını olmağın xoşbəxtliyi psixoloq olmaqdan çətindir, xanımlar. Müasir elektron hesablama maşınlarının funksiyalarından qat-qat artıq düşünən yazıçı xanımları. Beynin neyron yuvalarının oyanmasının, yatmasının vaxt-vədəsini bilən yazıçı xanımları. Bircə onları atmayın. Ağzı qara gədələrin plandoldurma sevgilərinə çatmaz yazıçı sevgisi. Bəşəriliyin, ali dəyərin fövqündədir belə sevgi. Bunu "məvacibi qəpiyinə qədər evə gətir" deyənlər anlamaz. Anlayanlarsa həmişə var. Söhbətimiz dünya yazıçılarının yaxşı qadınları barədə olacaq.

Anna Snitkina. O, 1867-1881-ci illərdə rus yazıçısı Fyodor Dostoyevskinin həyat yoldaşı olub. Yazıçı ilə son dəqiqələrinə qədər birgə addımlayıb, axirət dünyasına yola salıb. Çox gənc yaşında Fyodorla ailə həyatı qurub. İnanılmaz fakt ondan ibarətdir ki, ərindən 20 yaş kiçik olub. Nümunəvi qadın kimi bəzi qadınlardan fərqlənib. Belə nümunəliyi Dostoyevski yüksək qiymətləndirib. Onu sevib, nəvaziş göstərib, dünyanın ən gözəl sözlərini pıçıldayıb. Yazıçının vəfatından sonra daha heç kimlə ailə həyatı qurmayıb. Halbuki, ona sevgi elan edənlər çoxluq təşkil edib. Anna bütün sevgi təkliflərinin üstündən xətt çəkib.

Mersedes Barça Padro. Nobel mükafatı laueratı Qabriel Qarsia Markesin həyat yoldaşı olub. Belə həyat yoldaşına görə Markesə həsəd apara bilərik. Nəzərə alaq ki, Markesin evlənmək barədəki fikirləri Mersedesin qəlbinə dəyə bilərdi, amma dəyməyib. Markes demişdi: "Mən pozğunlarla çox gəzmişəm. Ona görə evləndim ki, səhər yeməyimi tək yeməyim". Yazıçının belə kobud etiraflarına Mersedesdə alı.qanlıq yaranıb, daha hirslənməyib. Elə "Mənim qəmli və küskün pozğunlarım" romanına görə də evi tərk edərdi. Qadın anlayıb ki, qələmə alınan əsərlərin inandırıcı çıxması üçün yazıçı onu həyatında yaşamlıdır. Pozğunlar məclisi, narkotikasiqaret dumanı, qumar oyunları və sair.  Hər ikisinin necə görüşməsi də oxuculara maraqlı gələr. 13 yaşlı Mersedes ilk dəfə onu rəqs meydançasında görüb. Əlbəttə, Markes belə gözəli əldən buraxmazdı. Üstəlik, ərəb və ispan qanını özündə birləşdirən qızın canalan baxışı da Markesi ovsunlayıb. Həmin gün ancaq rəqs ediblər. Düzünü deyək ki, Markes ona qeyri-etik təklif etsə də, Mersedes hirslənib. Bunu görən gənc yazıçı söz verib ki, onunla evlənəcək. Həmin vaxt bilmək olmazdı ki, Markes yalandoğru deyir, başındakı planların nədən ibarət olmasını gənc Mersedes heç vaxt bilməzdi. Senyorita Pardaona inandı. Gənc Qabrielin təhsil almasından tutmuş yazıçı olmağına qədər gözlədi. Təəccüblü məsələ burasındadır ki, Markes verdiyi sözü tutub. Onunla ailə həyatı qurub. Burada maraqlı məqam həm də ondan ibarətdir ki, Markesin bütün dedikləri alınıb. O, Mersedese demişdi ki, 40 yaşdan sonra dünya şöhrəti qazanacaq, əsərləri dünyanın müxətlif dillərinə tərcümə olunacaq. Elə də oldu. Merdeses anladı ki, əsl kişi ilə ailə həyatı qurub. Elə bir kişi ilə ki, öz məqsədinə doğru gedir və istəyinə nail olur. Onların 2 oğlu oldu. Mersedes dünya yazıçısına hərtərəfli dəstək oldu, məişət problemləri ilə zəhləsini tökmədi.

Yelena Nyurenberq-Şilovskaya. 1932-1940-cı illərdə yazıçı Mixail Bulqakovun sevgi qanadı olub. O da Bulqakovu son mənzilə yola salıb. Yazıçı onu çox sevərmiş. Yelenanı romandakı Marqaritaya da bənzədə bilərik. O, generalı ataraq yazıçıya ərə gedib. Bunu kim edərdi? Rahat və əyləncəli həyatdan ayrılmağı hər qadın bacarmaz. Mixail Bulqakov bu sevgidən uduzmayıb. Elə Yelena da özünü uduzmuş saymayıb. Əksinə, ərini darda qoymayıb, əlyazmalarını köçürüb, gündəlik tutub, teatrla müqavilənin bağlanmasında böyük rol oynayıb. Həmişə çalışıb ki, əri yüksəklərdə olsun. Üstəlik, ərinin əsərlərinin dərci üçün də naşirlərlə danışıqlar aparıb. Belə bir qadını kim sevməzdi ki?! Bulqakov əsər yazanda mənzildə milçək uçsaydı, eşidilməzdi. Qadın barmaqlarının ucunda gəzərmiş ki, Bulqakovun ilham pərisi qaçmasın.

Sofya Bers. Görkəmli yazıçı Lev Tolstoyun həyat yoldaşı. Aralarındakı gərgin münasibətə baxmayaraq, Tolstoy ondan başqa kimsəyə meyl salmayıb. Həyat ulduzu ilə tanışlığı 1850-ci illərin sonuna təsadüf edir. Moskvalı həkimin qızı Sofyanın damarından həm də alman qanı axıb. Tolstoy onunla izdivac quranda qızın 18 yaşı varmış. İlk illər Lev Sofya ilə evlənməsinə peşmanlıq çəkməyib. Çünki o, ilk romanını "Ailə xoşbəxtliyi"ni yazanda artıq ailə qurmuşdu. Əlbəttə, həyat yoldaşı yaxşı olanda nəinki bir roman, epopeya da yazmaq olar. Görünür, Tolstoyun bəxti gətirmişdi. Qəlbində gənc qıza 3 il sevgi bəsləyəndən sonra nəhayət 1862-ci ildə onunla evlənmişdi. Sofyanın timsalında o, nəinki bir həyat yoldaşı, eləcə də etibarlı tərəfdaş, bütün işlərində köməkçi tapmışdı. Sofya həm ev işləri görər, həm də ərinin əsərlərinin qaralamalarını yeni vərəqlərə köçürərmiş. Nəzərə alsaq ki, Tolstoy hər gün uzun-uzadı səhifələri başa çatdırarmış, onda Sofyanı anlamaq elə də çətin deyil. Bu qadınla tanışlıq və izdivac Tolstoyun həyatında yeni sevincli mərhələyə start verib.

Zelda Seyr. Böyük yazıçı Skott Fitçceraldın həyat yoldaşı olub. Müharibədən sonrakı illərdə caza qulaq asan, çarlstona oynayan adamlar arasında iki gənc bir-birini tapmaya bilməzdilər. Onlar üçün ümumi qəbul edilən normalar yox idi. Skott hələ gənc yaşından əmin olub ki, məşhurlaşacaq. Elə Zelda SeyrSkotla rəqs meydançasında tanış olanda hiss edib ki, bu oğlanda nəsə var. Çox sonralar Skott  yazacaqdı: "Bizim məhəbbət yüz il ərzində yeganə idi. Əgər Zelda özünə gəlsə, mən yenə xoşbəxt olacağam". Məsələ burasındadır ki, Zelda Seyr ona sona qədər həyat yoldaşı olmağı bacarmayıb. Psixikası pozulub, uzun müddət xəstəxanada müalicə alıb. Ernest Hemunqey ona həmişə məsləhət görüb ki, şəxsi faciəsini unutsun. Zeldanın Skotta yazdığı məktub hələ də ürək ağrıdıdr: "Mən sənə xoşbəxtlik arzulayıram. Əgər bu dünyada ədalət varsa, sən xoşbəxt olacaqsan. Daha əvvəlki kimi olmasam da, səni sevirəm".

Klementina Çörçill. Britaniyanın sabiq Baş naziri, yazıçı-publisist Uinston Çörçilin ömür-gün yoldaşı olub. Əlli illik ailə həyatında heç bir münaqişə baş verməyən ailə. Bu mehribanlıqda əsas rolu Klementina oynayıb.  Dahi siyasətçi və yazıçının həyatında belə qadın olmasaydı, bəlkə də vəziyyət tamam başqa məcrada inkişaf edərdi. Klementina həmişə ona dəstək olub, həyat yolunda mayaka çevrilməyi bacarıb.

 

Azər Qismət

 

Ədəbiyyat qəzeti.- 2017.-22 iyul.- S.30.