“Günlərdən şeir” Nəsib Nəbioğlu ilə

 

İyunun 14-də  Açıq Kitabxanada İLESAM – Azərbaycan, Milli Kitabxana və AYB Müşfiq Komissiyasının birgə təşkil etdiyi “Günlərdən şeir” layihəsi üzrə növbəti tədbir keçirilib.

Layihənin budəfəki qonağı Moskvada yaşayan şair həmvətənimiz Nəsib Nəbioğlu olub.

Qeyd edək ki, Nəsib Nəbioğlu Rusiya və Azərbaycan Yazıçılar Birliklərinin üzvüdür. “Ürəyim yurd yeridir”(1988), “Sizə sözüm var”(1994), “Dua edən bulaq”(1996), “Bağışlamaz dağlar məni”(2004), “Nəğməkar əsgər”(2007), “Heç belə də kənd olar”(2011), “Ulduz nur saçırdı qayanın üstdə”(2014) şeir kitablarının müəllifidir.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov giriş sözü ilə açaraq şairi kitabxana oxucuları ilə tanış edib: “Artıq gənclərin, oxucuların, kitab həvəskarlarının sevimli məkanına çevrilən Açıq Kitabxananın bir ili tamam olur. Kitabxana arzu və ideyalarımızı bu bir ildə doğrultdu. “Günlərdən şeir” layihəsi də bu mənada kitabxanamız üçün yeniuğurlu bir layihədir. Oxucu və müəllifin bir-birilə görüşməsi, onların yaxın, birbaşa ünsiyyəti əlbəttə ədəbiyyat və kitab həvəskarlarının diləyidir. Bugünkü qonağımız çağdaş şairlərimizdən Nəsib Nəbioğludur. O, xaricdə yaşayan, ancaq qəlbi Azərbaycanla döyünən, gözəl şeirləri ilə ürəkləri riqqətə gətirən bir şairdir”.

N. Nəbioğlu öncə görüşə gələn oxuculara minnədarlıq edərək yaradıcılıq yolundan, şeirlərinin əsas mövzularından söz açıb: “Mən 37 ildir ki, Moskvada yaşayıram. 1985-ci ildə Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişəm. O dönəmlər ideologiya tamam başqaydı. Bir çoxları kosmosdan yazırdı. Mənsə vətən həsrətindən - Arazdan. Ümumiyyətlə, qürbətdə yaşayan şair vətən həsrətindən, ana məhəbbətindən, ana yurduna sevgidən yazmalıdır”.

Şair ona məşhurluq gətirdiyini söylədiyi “Nənəmin cəhrəsi” şeirini, daha sonra isə “Qəlbimin şəhəri”, “Qonşu qız”, “Bir əlim tanrının ətəyindədir”, “Balaca çoban” və “Azərbaycan əsgərinə” adlı şeirlərini oxuyub. Şair Adil Cəmil isə Nəsib Nəbioğlunun yaradıcılığından, şeirə verilən dəyərdən, şair olmağın çətinliyindən danışıb, öz şeirlərini söyləyib.

AYB-nin mətbuat katibi, “Günlərdən şeir” layihəsinin rəhbəri Xəyal Rza layihənin əhəmiyyətini vurğulayıb, “Qonaq dərdim” və Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həyatını itirən ikiyaşlı Zəhraya həsr etdiyi “Zəhram” şeirini səsləndirib.

Ədəbiyyatşünas alim Qəzənfər Paşayev Nəsib Nəbioğlunun yaradıcılığı haqqında fikirlərini bölüşüb, layihəni yüksək qiymətləndirib.

Xatırladaq ki, layihə çərçivəsində hər cümə günü açıq havada şairlərlə görüş keçirilir.

 

Ədəbiyyat qəzeti.- 2017.-22 iyul.- S.32.