"Laləlidən dünyaya gedən
bir tramvaydayız"
Tanrı
Bin birinci gece
şairi yarattı,
Bin ikinci gece
Cemali,
Bin
üçüncü gece şiir okudu Tanrı,
Başa
döndü sonra,
Kadını
yeniden yarattı.
Ülkü Tamer
Cemal
Süreya İkinci Yeninin ilk kitabı sayılan
"Üvercinka"da "Laləlidən dünyaya gedən
bir tramvaydayız" deyir.
1956-cı
ildə Laləlidən dünyaya yola düşən
tramvayın 25 yaşlı sərnişini qısa müddətdə
türk poeziyasında baxışlar sistemini, dəyərlər
kultunu, paradiqmaları dəyişdi.
Sezai
Karakoça görə, "Laləlidən dünyaya gedən
bir tramvaydayız" yeni şeiri özətləyən,
xülasə edən bir misradır. Bu artıq klassik şairin
yolçuluğuna bənzəmir. Klassik sair, azğın bir dəvətlə
hardasa torpağın sonuna gedər. Uçmaq, yerini dəyişmək,
yox olub getmək, qaçıb dönməmək şərtilə.
Orxan Vəli axımında isə insan yolçuluğa Laləlidən
çıxar və bir tramvaya atılar. Amma mütləq Sirkəçiyə
gedər. Yeni gerçəkçi axımda isə Laləlidən
çıxar yolculuğa, tramvayla, amma dünyaya gedər. Mən-in
ən kiçik davranışı belə böyük xəbər
kimidir. Yaşama vardır və önəmlidir. Amma bir xəbər
olaraq. Nəyin xəbəri? Bunu şair də bilməz".
Yəni,
Orxan Vəlidəki ekzistensiyasız adam İstanbulun başqa
bir səmtinə gedər, amma dünyaya getməz.
Barmağı
nasırlı Süleyman əfəndi getsə-getsə
uzaqbaşı Laləlidən Sirkəçiyə gedər.
Onun heç, həm də heç Üverçinkası
olmaz.
İkinci
Yeni şeiri Laləlidən tramvayla səfərə
çıxıb bəlkə də ədəbiyyatın
postmodern dünyasına gedir.
Cemal Süreya Afrika da daxil olmaqla
bütün kara parçalarında həyatın
qaynağının ardınca, Karakoçun ifadəsiylə
desəm, gerçək həyatın özünü cövhəriylə
görməyə və onu tapmağa gedir.
Bu
dünya ərazisini yaxud dünyəvi əraziləri ən fərqli
anlamlarda dəyərləndirmək mümkündür. Məsələn,
kimə görəsə bu mübhəm ərazi Üvercinkanın
bədənidir, kiminçünsə Afrika qitəsidir və
s... Mehmet Kaplan bu şeirdə nədənsə beynəlmiləl
marksizmlə cinsəl istəkləri bir arada görür. Hətta
bu şəkildə olmuş olsa belə, əsas məsələ
25 yaşlı Cemal Süreyanın şerində siyasətlə
lirikanın, fəlsəfə ilə estetikanın,
varlığımızın Tanatos və Eros
başlanğıclarının qarğaşaya yer vermədən
bir şeirin nüvəsində bir araya gətirilib, bir məhlulda
qarışdırılmasındadır:
Böylece
bir kere daha boynunlayız sayılı yerlerinden
En uzun
boynun bu senin dayanmaya ya da umudu kesmemeye
Laleliden
dünyaya doğru giden bir tramvaydayız
Birden
nasıl oluyor sen yüreğimi elliyorsun
Ama
nasıl oluyor sen yüreğimi eller ellemez
Sevişmek
bir kere daha yürürlüğe giriyor…
Bütün
kara parçalarında
Afrika
dahil...
…Birlikte
mısralar düşünüyoruz ama iyi ama kötü
Boynun
diyorum boynunu benim kadar kimse değerlendiremez
Bir
mısra daha söylesek sanki her şey düzelecek
İki
adım daha atmıyoruz bizi tutuyorlar
Böylece
bizi bir kere daha tutup kurşuna diziyorlar
Zaten bizi
her gün sabahtan akşama kadar kurşuna diziyorlar
Bütün
kara parçalarında
Afrika
dahil...
1956-cı
ildə, yəni "Üverçinka"nın
yazıldığı dövrdə professor Səlahəddin
Batu "Düzənsiz duyğu və düşüncələr,
şübhə, divanəlik, alatoran
çırpıntılar… gözəllik və
yaradıcılığın əsasıdır… Bütün
xilqətlərin mənbəyi
işığın o biri tərəfindədir. Qəlbimizdə
daşıdığımız gecədir. Zəkamız
qaranlığın nəfəsidir" deyirdi. S. Batu
xatırladırdı ki, insan zəkası gecənin dərinliyinə,
qaranlığın ənginliyinə enməsəydi, atomun
sirrini, kibernetikanı kəşf etməz, kosmosa yol
tapmazdı.
Türk
şeirinin İkinci Yeni estetikası da sənətə belə
bir yanaşmanı tərcih edir, "şeirin
bütünündən sezgi yoluyla yarıqaranlıq bir anlam,
gizli bir gözəllik çıxarmaq oxucunun
hazırlığına buraxılırdı" (Behcət
Necatigil). Türk ədəbi düşüncəsində ilk
dəfə fransız lirizmindən fransız sürrealizminə,
Fransua Viyondan Andre Bretona, on beşinci əsrdən 20-ci
yüzilə uzanan təkamül relslərinin səmti, istiqaməti
cızılır, "işğal acılarından mavi bir
lirizm çıxar"mağın
mümkünkünlüyü təsbit olunurdu. Edip Cansevər
və Turqut Uyarın, İlhan Berk və Ece Ayhanın, Sezai
Karakoç və Cemal Süreyanın timsalında "dilin
daha iç, daha dərin imkanları" açılır,
yeni semiotik sistem - işarə harmoniyası
yaradılırdı. Andre Bretondan yarım əsr öncə
(və 22 yaşında) "Maldorurun nəğmələri"ylə
"Dənizin bütün suyu intellektual bir qan ləkəsini
yumaq üçün bəs etməz" deyə poeziya
üfüqlərinə sürreal düşüncənin
işartılarını saçan Lotreamondan sonra Cemal Süreyanın "Qan var
bütün kəlimələrin altında" xəbərdarlığı,
az qala, poetik manifest kimi səslənirdi. Kəlmələrin altındakı
qanın baldan şirin olmadığını isə ilk dəfə
Salvador Dali kəşf etmişdi. Ümumiyyətlə, Cemal
Süreyanın şeirləri bəzən Dalinin rəsmlərini
ilüstrə edirmiş kimi görünür: "Buludu kəsdilər
bulud üç parça / Qanım yerə axtı bulud
üç parça."
Əslində
o baş verirdi ki, Cemal Süreyanın təbiriylə,
çağdaş şeir gəlib, gəlib kəlmələrə,
sözlərə söykənmişdi. Türk poeziyasında
şair ilhamının bunca abstrakt, bunca qapalı, bunca
sürreal, bunca çılğın, bunca erotik, bunca xaotik,
bunca düzənsiz bir dövrü yaşanmamışdı.
Şimdi
sen kalkıp gidiyorsun. Git
Gözlerin
durur mu onlar da gidiyorlar.
Gitsinler.Oysa
ben senin gözlerinsiz edemem bilirsin
Oysa Allah
bilir bugün iyi uyanmıştık
Sevgideydi
ilk açılışı gözlerimizin sırf onaydı
Bir
kuş konmuş parmaklarıma uzun uzun ötmüştü
Bir
sevişmek gelmiş bir daha gitmemişti...
Cemal
Süreya ilhamına sona qədər hürriyyət verdi, nə
yasaq, nə də yasadışı deyilən bir tabu
tanıdı, əksinə, şeirin özü, Cemal
Süreyaya görə, təbiətin əxlaqı qovduğu yerdən
başlamalıydı.
İkinci
Yeninin mədəni universiumu hətta Anadolunun balaca bir qəsəbəsində
dünyanın bütün pessimist çevrəsini qapsayır, qapsaya bilir. Haldan-hala
düşdükcə hətta antikləşən, Asura
çevrilən bu qəsəbədə "Kafkanı gəmirən,
Kamyunu rahatsız edən, Sartra zaman-zaman fobi (qorxu) yaşadan,
Haideggeri düşündürən, Kerkeqoru böhrana salan,
Folkneri sərxoş edən, Van Qoqu Van Qoq, Şaqalı
Şaqal edən" (S. Karakoç) ölüm
vüsalından, yaxud Kafkanın təlaşsız
görünməyə çalışan əllərindən
tutmuş Hz. İsaya qısqanan Nitsşeyə, Şöpenhauerin
öfkəsinə qədər… bütün estetik dəyərlər
bir yerdədir: "Merilin Monro
öldü deyirəm ona... Ölümü siyah bir
kakül kimi alnına düşürməsini bildi...
Şimdiysə Cənnətdə Nitsşenin metrəsi
olması gərəkir". Yaxud "Sığınacaq yer
qalmadı Şaqaldakı eşşəyin gözündən
başqa..." Yaxud "sıçrayan qan salamlarıdır
qabilə ezra pounda parantez içində raskolnikova"…
Cemal
Süreya şeirinin timsalında Türk poeziyası modernizm
estetikasına bütünlükdə yiyələndi. Amma
türk modernizminin gəlişməsində fərqli məqamlar
da var. Avropa şairlərinin böhrandan, tənhalıqdan,
qürubdan, zavaldan, məchuldan, sosial qaranlıqdan,
"ümidsizlikdən qurtulmanın bir yolu" kimi
gördükləri ölümün yerinə, tutaq ki, Cemal
Süreya alma ətrini, almanın üstündə
uçuşan quşları, çırılçılpaq
alma yeyən qadını, platonik olmayanı, gerçək
eşqi, Sezai Karakoç isə din duyğusunun ilkinliyini, (bəlkə
də) neotomizmi qoydu. Və qəribədir ki, türk
şerinin modern məkanında Cemal Süreyanın erotizmi
Sezai Karakoçun mistisizmi ilə qarşıdurma yaratmadı.
"Üvercinka"dakı gizli eşq ürpərtiləri…
"Xızırla qırx saat"dakı ruhsal axış:
"kütuphaneleri meleklendiren…" - Sezai Karakoçla ihlamur ətirli qadınına:
"Her seferinde başka yoldan çıkılır
nirvanaya" - deyən Cemal Süreya eyni estetik məhvərdə
birləşib eyni ədəbi-bədii dəyəri bölüşdülər.
Biri kitabxananı mələkləşdirdi, digəri qadın
vücudunu qutsallaşdırıb cismani həzzi
nirvanalaşdırdı.
"Zərif
parıltılı şeirlər" (Behcət Necatigil) yazan
Cemal Süreya ağaclarda belə eşq məbudu
Afroditanın bənzərini arayır. Sanki Pandoranın sirli sandığını
kəşf edir. İkiyə bölünsə, yarısı
ana, yarısı çocuq, yarısı sevgili, yarısı
eşq, yarısı rəvayət, yarısı gecə olan
qadını, sürrealcasına çırpınan gözəlliyi,
"üzünə sürgün edildiyi qadın"ın bədənini
bir coğrafiyaya, bir cənnətə, yaxud bir
düşüncəyə (Rolan Bart) dönüşdürməyi
bacarır:
Üzünə
sürgün edildiyim kadın
Kardeşim
olan gözlerini unutmadım
Çocuğum
olan alnını sevgilim olan ağzını
Dostum olan
əllərini unutmadım
Karım
olan karnını və önlerini
Orospum
olan yanlarını ve arkalarını
İşte
bütün bunlarını bunlarını bunlarını
Nasıl
unuturum heç unutmadım.…
Bəlkə
də bu məqamda Cemal Süreya Andre Bretonla və Pol
Elüarla həmfikirdir. Axı sürrealistlərə görə,
“eşq kainatın analojisi, qadın bədəni isə bu
kainata işıq saçan qaynaqdır”.
Cemal
Süreya "Folklor şeirə düşməndir" deyir.
Çünki "şeirdə özəlliyin, şəxsiyyətin
olması önəmlidir. Şairi bəlli olmayan şeirlər
estetika mövzusu ola bilmir. Şəxsiyyət bugün
şeirdə bunca önəmli bir yer tutur. Folklordaysa daha
çox anonim qəliblər var. Bu qəliblər özəllik
qazanmağa heç uyğun deyil". Və "Xalq deyimlərinin
havası şeirin qanad çırpmasına imkan verməyəcək
qədər dar bir havadır. Şeirdə əsl olan hekayə
etmək deyil, kəlimələr arasında qurulacaq şeirsəl
yükdür" qənaətini irəli sürür. Cemal
Süreyanın folklora qarşı çıxması, əslində,
Orxan Vəlinin şairanəyə, qafiyəyə qarşı
çıxmasından daha kəskin bir hadisədir. Tutaq ki,
poeziyada Divan gələnəyinə qarşı deyil də, rəsmən
"Folklor şeirə düşməndir!" deyib folklora
qarşı çıxmaq, əslində, Türk
poeziyasının bugünə qədər mövcud olan
şeir yapısına, şeir qaynağına qarşı
çıxıb yenisini icad etmək cəsarətiydi.
Hətta
folklorun şeirə düşmən olması yetməzmiş
kimi, bir az əvvəl xatırlatdığım kimi,
şeirin anayasaya da tərs və müğayir olduğunu
iddia edən Cemal Süreyaya görə "şeir
alışqanlıqlara qarşı bir yaylım atəşidir.
Bu yaylım atəşi şeirin mövzusunda olduğu qədər
dialektikasındadır. Hətta daha çox
dialektikasındadır. Amma əxlaqa qarşı dayanmaq
şeirin amacı deyil. Bəlkə funksiyasıdır…" Bu
mənada Cemal Süreya şairi təbiətlə eyniləşdirir,
yaxud "Şair bütün duyğuları uzun müddət,
sonsuzca və idrakla qarışdıraraq, sistemsizləşdirərək
kahinləşir. Yəni, sevginin, iztirabın,
çılğınlığın bütün biçimlərində
özünü arayır... Kahin olmaq, kahinləşmək gərəkdir!"
deyən Artur Rembo kimi o da şairin kahinliyi məsələsində
israr edir: "Bodleri düşünək. Bodler 1867-ci ildə
öldüyü zaman estetikada yeni bir çağ
başlamışdı. Bodler köhnəni qapamış,
yenini açmışdı. O gündən bu günə
şairlər min illik gözəlin yerinə çirkini
oturtdular. Mısralarda iyi kötüyə yenildi.
Tanrının göylərə çəkilməsi, insandaki
şeytanın zəfərdən-zəfərə
qoşması bu tarixdən sonra ortaya çıxan gerçəklərdəndir…
Bodler bir şeyə zidd idi. Rembo isə heç bir şeylə bağlantılı deyildir.
Sürrealistlər... həyatın dəyişdirilməsi
planında Artur Rembonu təqib edirdilər".
Cemal
Süreya surrealist şair deyil. Baxmayaraq ki, düşüncələrində
sürrealizmin cazibəsi açıq-aşkar hiss olunur,
misralarında sürreal təsvirlər yetərincədir:
Kırmızı
bir kuştur soluğum
Kumral
göklerinde saçlarının
Seni
kucağıma alıyorum
Tarifsiz
uzuyor bacakların...
Sürrealist
deyildi. Buna rəğmən, o da sürrealistlər kimi
"... Hər hansı əxlaqi və estetik qayğı
daşımadan düşüncənin özünü meydana
qoyması"ndan yanaydı. Özəlliklə eşqə
münasibətdə surrealizm estetikasını mənimsəmiş
şair idi.
"Erotik
həyəcan varsa, sənət mümkündür".
Sürrealizmin qurucusu Andre Breton belə
düşünür... Və bəzən Cemal
Süreyanın ən kəskin aşamalardakı gözlənilməz
yumoru (məsələn, Üverçinkaya xitabən "…
Aydınca düşünməyi iyi biliyorsun əksik olma /
Yataqda yatmayı bildiyin qədər / Sayın Tanrıya
qalırsa səninlə yatmaq günah, daha nələr)
şeirlərdəki bəlli ifratları xəfiflədir.
Duyğuları həzin bir örtüyə
bürüyür. Estetik düzəni
sıxlaşdırır və şairanəni
çoxaldır.
1941-ci ildə
Orxan Vəli şairanəyə - dolayısı ilə Əhməd
Haşimə qarşı çıxıb türk şerinin
hüdudlarını genişləndirdi. On il sonra Cemal
Süreya və İkinci Yeniçilər Qərib hərəkatının
- Orxan Vəli dalğasının səngiməsinə rəvac
verdilər. Bunun ən önəmli səbəbi "dəyişən
və inkişaf edən dünya şeiridir. Dünya şeirinə
parallel bir çıxışdır". (Turan Karataş)
İkinci Yeni Qəribçilərə qarşı dirəniş
göstərib, şeirin yapısına şairanəni yerləşdirib
onu daha da dərinləşdirdi... Hər nə qədər
mübhəm olsa da, yeni bir şeir dilinin yaranmasına vəsilə
oldu. Və onu yaratdı.
Edip Cansevər barədə yazımı Cemal Süreyanın bir misrasıyla adlandırmışdım: "Fazla şiirden öldü Edip Cansever". Özü də Cansevərdən dörd il sonra dünyasını dəyişdi. Amma bu dəfə öz şeirini özü yazdı: "Ölüyorum, tanrım / Bu da oldu iştə. Hər ölüm erkən ölümdür. Biliyorum, Tanrım. Amma ayrıca, aldığın bu həyat fəna deyildi… Üstü kalsın"
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2017.- 29
iyul.- S.8-9.