Ömür harda yaşansa...

 

Poeziya nədir sualına içimdə min dürlü cavabım olub həmişə və cavab tapdığım anda da Sizif çabasına, faydasız əməyə mübtəla olmağımın fərqinə varmışam. Çünki mənim məhz, o müəyyənliyi yerinə qoyduğumu güman elədiyim məqamda yeni hisslərin doğuluşu baş verib, anlamışam ki, yox, bu sualın cavabı tapdığım deyil deyəsən. Amma illərdən bəri beynimdə müvazinətini pozmayan tək fikir bu olub ki, şeir poetik  yaşamdı və o, oxucunun duyğularından keçib onun ruhunu, varlığını saran ən munis hissləri tərpətməyi bacarmalıdı. Adətən rasional düşüncə tərzi ilə seçilən şair Səlim Babullaoğlunun bu şeiri mənim üçün ilk növbədə, həmin qatı ilə maraqlı oldu. Burda rasional düşüncəyə diqqət çəkərək sözümü geri götürmürəm, nədən ki, heç bu şeir də emosional ovqatın təzahürü deyil. Səlim poeziyanın adı ilə az qala sinonim kimi səsləşən emosiya sözünün özünü bu şeirdə fənaya uğradır. Ən dərin, ən çılğın hissləri belə sakit, təmkinli bir əda ilə şeirə gətirməyin mümkünlüyünü, onların daxili səsə uyğun səslənişini meydana qoyur. "Uzun illərdən sonra" soyuqlaşan münasibəti elə soyuq tərzdə, birxətli intonasiya ladında təqdim edir:

 

Mənə şəkil göndərdin

uzun illərdən sonra,

bəraətçün şəkillər

görən, nə deməliydi?

Hə, elədi, sükutda

gizlənib bütün sözlər.

Gözəldi saçında ağ-

iztirabın sancağı.          

 

Bu məktub iki zaman kəsiminin prozaik naturallığını daşıyır özündə. "Keçmiş yanıq çıxıb", amma gələcəyə də "əl uzanmır". Buna səbəb "indi" olan zaman kəsiminin donuq mənzərəsidir. Yaşanmış duyğuların, keçilmiş yolun, üstünü zaman örtmüş xatirələrin izi, səsi-sorağı elə oxunan anda bitəcək kimi gəlir adama. O qədər ki, şair burada artıq kiçik ümidə belə yer saxlamır. Kamal Abdullanın "kimsə yox xatırlamağa, unutmağa da kimsə yox" misralarının yaratdığı söz oyunundakı kimi deyil məsələ… Burada xatırlamaqla unutmağın arasında var-gəl etməyin nəticəsiz sonluğuna məhkum deyilsən. Yəni, bu, hardasa xatırlayırsansa, unutmamısan demək, unutmaq haqqında düşünürsənsə, demək xatırlanmağa həmişə kimsə var anlamına gəlmir. Çünki bu şeir oyun yox, bir zaman yaşanan eşq hekayəti üstündədir. Son günün çəkilmiş şəkli yaddaşda ilişib qalan ağrılı məqamları sıralayır və sıralanma doğurduğu qüvvətli montaj effekti ilə yadda qalır. Hər misradan sonra ötən günün səhifələri kino lenti kimi keçir gözlərimiz önündən. Misralar öz təsir gücü, şüuraltının işlədiyi və işlətdiyi dərin(lik)lərə qədər bizə anlatdığı məlumlarla yanaşı naməlumları - kəsilib atılan parçaları aydınladır arxasında. Bu məqam isə sadəcə təsvir elementi olmayıb, misralara sığışmaqdan çıxaraq "hadisə"(ni) bəlirtməyə gücü çatan təsvir qismində, poetik strukturun diktəsi ilə reallaşır. Qeyd edək ki, bunun özü də poeziyamızda az rast gəlinən hadisədir.

 

Mənimsə köksümdədi

xəyanət qəlpələri.

Şəhvətin köynəyini

təəssüf yeli qurudub.

Birlikdə son günümüz,

yəni, o şəkil, əda

keçmisin yaddaşında

indi çoxdan soluxub.

 

Şeirdə dilin müxtəlif  - ciddi, ironik üslub çalarlarından istifadə ilə yanaşı mətləbin ifadəsinin, hadisənin məzmununun təqdimində semantika qüvvətliliyi ilə seçilir. Belə ki, şeirdə hər misra ideya yüklüdür, mətləb daşıyıcısıdır, rəmzi tutuma malikdir. Keçmişin anıları burada düzüm-düzümdür, fon səciyyəsi daşımır, əksinə, onun kontekstinin faktları misra boyu səpələnib bir ömür hekayətinin nişanələrini çevrələyir. Bəzi hallarda boyalar tündləşir, ironiya acısı üzə çıxır (gözəldi saçında ağ / iztirabın sancağı), şair təsəlli dolu sətirlərlə gələcəyin dumanlı məchulluğunda qadını aqibətinə qənşər buraxır. Son misralar isə bəhs edilən eşq hekayətinin akkord sonluğu kimi səslənir:

 

Ümidlər ilə yama

sabahın cübbəsini.

Dualardan bərk yapış,

təkcə özün üçün yox.

Xatirə güvəsini

təmizlə üst-başından

İndiysə getməliyəm,

oğlum məktəbdən çıxır.

 

Şair söylədiyi bu hekayətə ömrün müdriklik zirvəsindən nəzər yetirərək nöqtələri yerinə düzür və "ömür harda yaşansa, tale ora qonaqdı" deyibən son ümid işığını öz əlləri ilə qapayır.

 

Elnarə AKİMOVA

 

Ədəbiyyat qəzeti.- 2017.- 29 iyul.- S.10.