Rəhmətlik ərin portreti
yaxud
canlı insanlar yaratmaq ehtirası
Nə
gözəl, misilsiz mənzərələrin, nə də ən
qədim xarabalıqlar aləminin U.Folkneri cəlb etmədiyini
yazıçının çoxsaylı müsahibələrindən
oxumuşuq. Onu daha çox insanların siması çəkirdi
özünə; adamların sifətinə baxmağı
sevirdi, bu sifətlərdəki qırışların
arxasında nələrin gizləndiyini bilmək istəyirdi.
Baxdığı sifətlərdə iz buraxmış taleyi dərk
etməyə çalışırdı. Həmin
qırışlara, fərqli cizgilərə nəzər yetirə-yentirə
hansı qayğı, hansı ümid və iztirabların onu
bu günə qoyduğu barədə
düşünürdü.
Bu
yöndə Folknerlə italiyalı həmkarı, ədəbiyyat
üzrə Nobel mükafatçısı Luci Pirandellonu qələmə
aldıqları əsərlərdə yalnız ədəbi
surətlər yox, E.Heminqueyin təbirincə desək,
canlı insanlar yaratmaq ehtirası birləşdirir.
Luci
Pirandellonun "Mərhum Mattia Paskal" romanından,
"Əgər belə deiylsə",
"Dördüncü Henrix", "Müəllifini axtaran
altı personaj" pyeslərindən, "Səs",
"Küp" kimi lakonik hekayələrindən oxucuya
yaxşı tanış olan surətlərin təsviri, bu təsvirlərdəki
canlılıq belə təəssürfat oyadır. Görkəmli
yazıçı dəqiq müşahidələr əsasında
qələmə aldığı əsərlərində
çox vaxt artıq həyatda olmayan, dünyasını dəyişmiş
insanların yadigar şəkillərinin üz-göz cizgilərinə
belə biganə qalmır, o cizgilərin doğurduğu
effekti xüsusi aludəçiliklə təsvir edir. "Rəhmətlik"
hekayəsində olduğu kimi… İlk anda
yazıçının adi şəkillərin təsviri
üzərində həddən çox dayanmasının nədənliyi
oxucu üçün elə də cəlbedici
görünmür. Ancaq hekayənin sonluğuna doğru oxucu
bütün qaçılmazlığı ilə dərk edir
ki, bunsuz ötüşmək olmazmış. Əslində
hekayənin, yazıçının böyük ustalıqla
qələmə aldığı mövzunun canı elə bu
ştrixlərin bətnindəymiş; divin canı
şüşədə olduğu kimi…
Deməli,
mərhum Kazimo Taddeinin dul xanımı Lina Sarulli gənc
kimyaçı Bartolino Fyerenço ilə nigaha girir. Və
birgə yaşamağa başladıqları ilk gündən
etibarən qadın addımbaşı rəhmətlik ərini
xatırlatmalı olur: "Rəhmətlik ərimlə də
eynən belə olmuşdu; əvvəlcə bizə ikinci
qatda nömrə vermişdilər…" "Bir dəfə mənə
demişdi ki, səncə, səni Karolina deyil, Kara Lina
çağırsam, pis olmaz ki?" "Məni bura qatma!
Əvvəla, rəhmətlik ərim…" "A-a-a, Bartolino,
sən də özünü eynilə o rəhmətlik ərim
kimi aparırsan ha…"
"Rəhmətlik
ər"sə divardan asılmış hədsiz dərəcədə
böyük bir fotodan boylanıb baxır. Hər dəfə də
xanımının mərhum ərini canlı adam kimi qəbul
edən Bartolino (yeni ər) onun divardan asılmış şəklinə
baxanda salamlaşırmış kimi, özündən xəbərsiz
başını yana əyməli olur. İşin nəhsliyi
ondadır ki, bu hal get-gedə daha da təkrarlanmağa
başlayır. Arvadının çoxsaylı tələbləri
ilə razılaşmalı olan yeni ər hər dəfə pərtliyini
zorla gizləyə-gizləyə:
-
Razılaşdıq… hə, hə… razılaşdıq - deyə
çaşqınlıq keçirə-keçirə
mızıldanır və ən pisi də o olur ki, hər dəfə
ona elə gəlir arvadının mərhum əri divardakı
şəkildən ona baxıb bic-bic gülür.
Gənc
ərin nələr çəkdiyi bircə qonşu qadın
Ortenziyaya məlumdu. Ortenziya ağıllı və məntiqlidi.
Bu səbəbdən də həlledici məqamda öz
ağıl və məntiqini işə salır. Nəticədə
gənc ər tez-tez keçmiş ərini yada salan, bununla da
özünə qarşı gizli kin yaradan xanımından
intiqam almağa hazırlaşır. Keçmiş ərə
qarşı qısqanclıq Bartolino Fyerençonu, bu zərif,
səmimi və həssas insanı son həddə
çatdırdığından o, xilas yolunu yalnız qisas
almaqda görür. Bu mərhələdə ağıllı
və məntiqli qonşu qadın Ortenziya onun ilk
yardımçısı olur. İşarə ilə
Bartolinoya başa salır ki, xanımının
keçmiş əri heç də ona sədaqətli
olmayıb, imkan düşən kimi özgə qadınlara da əl
gəzdirməyindən qalmayıb.
Gənc
ər itiqam yolunu arvadına xəyanət etməkdə
görür və elə Ortenziyanın, bu ağıllı və
məntiqli qadının özündən başlayası
olur…
Hekayənin
ən maraqlı, komik, dramatik və tragik, faciəvi məqamı
da bu yerdə başlayır. Ən maraqlısı odur ki, bu məqamda
da ölmüş ər - mərhum Kozimo Taddei qalibliyi əldən
vermir. O, yenə də məğlubedilməz və yeni
günün qəhrəmanı olaraq qalır; Bartolino məxsusi
olaraq hazırlanmış yataqda uzanıb səbirsizliklə
arvadının rəfiqəsi, ağıllı və məntiqli
Ortenziyanın yan otaqdan təkrar onun yanına
qayıtmasını, qızğınlıqla yenidən
ağuşuna atılmasını gözləyir. Elə bu
zaman da dünyanın ən gözlənilməz möcüzəsi
baş verir; belə: "Təsadüfən Bartolinonun
baxışları çarpayının yanındakı
xalçanın üstünə düşən və
işıldayan əşyaya sataşdı. Nəzər
yetirincə, bunun qızıl medalyonlu boyun zənciri
olduğunu sezdi. Yəqin ki, az öncə onun yatağından
qalxın Ortenziyanın (arvadının rəfiqəsinin)
boğazından açılıb düşmüşdü.
Bartolino medalyonu yerdən qaldırıb, qadının yenidən
geri dönməsini gözləməyə başladı. Səbirsiz
halda medalyonu əlləyərkən qəflətən onun
qapağı açıldı… Açıldı və onu
yerindəcə qurutdu; Medalyonun içində arvadının
mərhum əri Kazimo Taddeinin xırdaca şəkli var idi…
Arvadının rəhmətlik əri şəkildən ona
baxır və həmişəki kimi dostyana qımışırdı".
Bu, unudulmayan, əsl
novella sonluğu olan bir təsvirdi. Oxuyub sonuna varınca dərk edirsən ki, misilsiz mənzərələrin
təsvirindən, uzun-uzadı
təfərrüatlardan öncə
əsl yazıçının
insan simalarını müşayiət etməsi
nə üçün
vacib və gərəklidi… Yazıçının
dərin, zəruri duyğularla nəzər yetirdiyi surətlərdə,
üz cizgilərində
iz buraxmış taleyi dərk etməyə cəhd göstərməsi nə
üçün belə
zəruriymiş…
Yazıçının müşayiət
etdiyi cizgilərdən
önündəki insanın
hansı qayğı,
hansı ümid və iztirabların yaşadığını bilməyə
cəhd etməsinin önəmi nədədi...
Düşündürücüdü... Qələmə əl uzadana, ilk sətri, misranı başlayana kimi çoxmu izləyirik bu sifətləri?
Və ümumiyyətlə
izləyə bilirikmi?
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2017.-
29 iyul.- S.13.