Səksənlərdən
doxsanlara yaxud
"Beş dəqiqə"nin
"əbədiyyət"i
"Elçin:
yazıçının yaradıcılıq yolu" silsiləsindən
səkkizinci yazı
"Bülbülün
nağılı"ndan bir il sonra Elçinin "Beş dəqiqə
və əbədiyyət" (1984) kitabı nəşr
olundu. Kitab yazıçının "Söz oxucunundur"
adlı müxtəsər bir ön sözü ilə
açılır. Və həmin
ön söz müəllifin öz
yaradıcılığına münasibəti
baxımından çox maraqlı olan aşağıdakı mülahizələrilə
bitir:
"Mənim
ilk hekayəm 1959- cu ilin iyun ayında "Azərbaycan gəncləri"
qəzetində çap olunub və o
vaxtdan düz iyirmi beş il keçib!
Dünyada
böyük yazıçılar olub ki, cəmi iyirmi beş
il yaşayıblar…
İyirmi
beş ilin belə bir tutumu, miqyası barədə fikirləşəndə mənim
varlığımı bir məyusluq bürüyür, hədər
getmiş vaxt barədə düşünürəm,
lazımsız yazıların xəcalət təri məni
bürüyür…
Amma
hər halda çox cüzi də olsa bir təskinlik var:
yaxşılı- pisli nəsə yazılıb.
Həmin
yazıların bir qismi
bu kitaba toplanıb.
Mən
çox istərdim ki, oxucu bu kitabı yarımçıq
büküb bir kənra qoymasın"…
Əlbəttə,
bu, bir tərəfdən, müəllif təvazökarlığı,
digər tərəfdən (və ən mühümü!) isə, Allahın verdiyi böyük
yazıçılıq istedadı (və ömrü!)
qarşısında məsuliyyət idi… Əslində,
"Beş dəqiqə və əbədiyyət"ə
daxil edilmiş əsərlər iyirmi beş illik (qeyd edək
ki, bu iyirmi beş il
yazıçının on altı yaşından
başlamışdı) yaradıcılığın həm
kəmiyyət, həm də keyfiyyətcə kifayət qədər
zəngin olduğunu nümayiş etdirirdi.
Kitabda
müəllifin əvvəlki kitablarında olmayan altı
yeni hekayə verilmişdi:
"Ayaqqabı", "Hotel Bristol",
"Hönkürtü", "Bozluq içində iki nəfər",
"Parisdə avtomobil qəzası", "Beş dəqiqə
və əbədiyyət".
"Ayaqqabı"
Bəbir adlı bir ofisiantın neçə illər
yaşadığı proqramlaşmış həyata
qarşı birdən-birə qaldırdığı qiyamdan bəhs
edir…
"Bəbir
bu mehmanxanada yük daşımaqdan başlamışdı,
sonra yoldaş Qardaşxanlı onu liftçi vəzifəsinə
götürmüşdü,
sonra restoranda aşpazın köməkçisi
olmuşdu, sonra dördüncü
mərtəbədə çayçı işlədi,
işləyə- işləyə də ofisiantlıq kursunu
qurtardı və ikinci il idi ki, bu gözəl restoranda xörəkpaylayan idi"…
Əlbəttə,
"bu gözəl restoran"da çox işlər baş
verirdi… Ancaq "bütün bunların Bəbirə dəxli yox idi, çünki
Bəbirin heç kimdə işi yox idi və Bəbirlə də
heç kimin işi yox idi, çnüki
başıaşağı, üzü də yola adam idi".
Kəndlisi - Toylu stansiyasından olan Sarı Zakirin qəflətən
restorana gəlməsilə vəziyyət kökündən dəyişir. Bəbiri məcbur edir ki,
onlarla araq
içsin…
"- A Bəbir, sən Əbdülkərim müəllimin
qəbri, yüz qram vur bizimlə, a qansız, yüzcə
qram, vəssalam!
Bəbirin
ilk başa düşdüyü bu oldu ki, bircə anın içində halı
xarablaşdı, ürəyi ağrıdı…
… - Əbdülkərim müəllim ölüb bəyəm?
- Bay!.. Əbdülkərim müəllim… Allah ona rəhmət
eləsin…
…Bəbir
restoranda işlədiyi vaxtdan bəri birinci dəfə idi ki,
iş vaxtı araq içirdi və qəribə idi, bu araq elə
bil həmişəki araq deyildi, elə bil birdən-birə Bəbirin qanına keçmişdi, Bəbiri
əlinə almışdı və elə bil ki, Bəbirin
ürəyində o qapıları açmağa
başlamışdı ki, o qapılardan heç Bəbirin
özünün xəbəri yox idi"…
Bəbir
yataqxanadakı otağında çarpayının
altındakı çamadanına manat- manat pul
yığırdı, düşünürdü ki, tədricən
vəzifə sahibi
olacaq, ev alacaq, evlənəcək, uşaqları
olacaq və ümumiyyətlə, "mədəni bir həyat"
yaşayacaq… Sarı Zakir əhvalatından sonra daha dünya
"Bəbirin vecinə deyildi… Bu dünyada ki kərpic kimi buz
işıqlar var idi və bu kərpic kimi buz işıqlar ki,
adamın ürəyini beləcə
üşüdürdü, onda o çarpayının
altındakı çamadana adamın yazığı gəlirdi,
o çamadan çamadanların ən havasızı idi, ən
yöndəmsizi idi, köməksizi idi və o
çamadanın sahibinə də adamın yazığı gəlirdi".
Bəbirin
gözü birdən Sarı Zakirin dostlarından birinin
yaşıl qalstukuna sataşır… "… Bəbirin
gözü bu qalstuka sataşanda birdən- birə həmin
qalstukun yaşılı Bəbirin gözlərində əriyib
yayılmağa başladı…
…Əriyib
hər tərəfə yayılmış o yaşıl yenə
qurudu, sıxıldı və qalstuk olub başı
pırpızaqlı, sifəti sızanaqlı bu oğlanın
boynundan asıldı və Bəbir ürəyinin giziltisi ilə
fikirləşdi ki, uşaq vaxtındakı o səfərdən (Bəbiri
uşaq vaxtı anası bir dəfə nə
üçünsə
dağlara aparmışdı - N.C.) sonra heç vaxt elə
yaşıllıq görməyib,
yaşıl içində gülən elə
qırmızı, elə bənövşəyi,
narıncı, mavi, ağ, qəhvəyi görməyib və ümumiyyətlə, Bəbir
heç nə görməyib".
Bəbir
restorandakılara - bütün ömürlərini bundan sonra
da eyni alçaqlıqla yaşayacaq məxluqlara nə demək
lazımdırsa hamısını deyib bu kəsafət
yuvasını (həyatını!) tərk edir… Tramvaya minir
ki, yataqxanaya getsin… "…Heç nə barədə fikirləşmirdi,
yorğun idi və yatmaq istəyirdi, amma bu yorğunluqda
heç bir narahatçılıq, nigarançılıq yox
idi və ümumiyyətlə, hər şey qaydasında idi, nə
lazımıydısa, o da olmuşdu.
Təkcə ayaqqabısı Bəbirin ayağını
sıxırdı, vəssalam".
Tramvaydan
düşən kimi ayaqqabılarını
çıxarıb atır… "Bəbirin
bayaqkı yorğunluğuna bir rahatlıq gəldi və Bəbir
corabla yataqxanaya gedə-gedə fikirləşdi ki, ayaqyalın
gəzməkdən gözəl şey yoxdur".
Nərgiz Paşayeva qeyd edir ki, "Bəbir təkcə
onu sıxan ayaqqabılarından yox, varlığını, mənəviyyatını,
təmiz ruhunu bürüyən ikiləşmədən də
xilas olur."
Beləliklə,
"Ayaqqabı" hekayəsindəki Bəbir də
Elçinin digər qəhrəmanları kimi (C.Səlimov,
Cavanşir) öncə "düşüncə" qəhrəmanı təsiri
bağışlayırsa da, sonda "əməl qəhrəmanı"na
çevrilir".
Yazıçı
aydın hiss edilən detal və təfərrüat
ardıcıllığı ilə hekayənin süjetini gəzir,
sıxır, yorur və birdən hadisələrə
rahat bir axar verir… Bununla da ideya-məzmunla poetik
forma- intonasiya arasında davamlı bir paralellik yaradıb
formada məzmunu, məzmunda isə formanı
aktuallaşdırmaqla mükəmməl bir mətn (əsər!)
təqdim edir.
Və hekayədə surətlərin çoxluğu
(qeyd edək ki, burada bir povestə bəs edəcək qədər
fərqli, səciyyəvi, canlı xarakterlər var) baş qəhrəmanın
tipologiyasını zədələmədiyi kimi, təqdim (və
təlqin) edilən ideyanın bütövlüyünü də
pozmur.
"Hotel Bristol" uzun müddət institutda elmi
işçi işləmiş Məleykə xanımın dəfn
prosesini təsvir edir. Və bu təsvir fonunda həmin xanımın maraqlı,
qeyri-adi portreti çəkilir… Məlum olur ki, bütün institut Məleykə
xanımı "Hotel Bristol" çağırır. Niyə?.. "Çünki… haçansa Avropa ölkələrindən
birinə turist səyahətinə getmişdi və həmin
ölkədə hansı bir şəhərdəsə
"Bristol" adlanan bir mehmanxanada qalmışdı, geri
qayıdanda isə yuxarısında latın əlifbası ilə
HOTEL "BRİSTOL" sözləri yazılmış
şirkət kağızlarından bir dəstə
götürmüşdü və
odu- budu balaca məktublarını, qeydlərini bu şirkət
kağızlarında yazırdı".
Məleykə
xanım - Hotel Bristol əri ola- ola iş
yoldaşı Murada (o da elmi işçi idi) meyl salır.Murad
özündən yaşlı xanımın bu meylinə ciddi
yanaşmasa da, xətrinə də dəymək istəmir. Və onların arasında qəribə bir
münasibət əmələ gəlir.
"Hotel
Bristol Muradın biləyini sıxdı və özünü Murada lap
yaxınlaşdırdı, döşləri Muradın pencəyinə yapışdı və
Muradın həmin döşlərə yazığı gəldi,
elə bil ki, bu döşlər bütün qışı
evdə saxlanıb yazda bazara
çıxarılmış alma idi,
köhnəlmişdi"…
Dissertasiya
müdafiələrinin birindən sonra Hotel Bristolun da iştirak etdiyi banketdə
xeyli yeyib-içən Murad kef havasına onlara gedib gecəni
birgə keçirirlər. Və
bu, Muradla Hotel Bristolun birgə keçirdikləri həm
birinci, həm də sonuncu gecə olur…
"Həmin gecənin səhəri dostları Muraddan
soruşanda ki, banketdən sonra birdən- birə hara itdi? - Murad güldü: HOTEL
"BRİSTOL" da istirahət edirdim… Və bundan sonra həmin
sözlər institutda, dostları arasında bir zərb- məsələ
çevrildi:
- Əcəb
HOTEL "BRİSTOL"da dincəlməli gündü…
- Dünən
niyə görünmədin? HOTEL
"BRİSTOL"a getmişdin?
- Lap HOTEL
"BRİSTOL" əhvalatıdı…"
İndi
isə həmin Məleykə xanımı - Hotel Bristolu qəbrə
qoyurdular… "Əlisəttar müəllim özünü
saxlaya bilmədi, tabutun yanında diz çökdü və
hönkür- hönkür ağlamağa başladı,
yazıq Əlisəttar müəllim,
bir vaxt hər şey unudulacaq, bir vaxt nə sən olacaqsan
dünyada, nə də mən, bir vaxt bütün bu adamlar da
olmayacaq dünyada, amma günəş beləcə
çıxacaq, çünki milyon il bundan əvvəl də
beləcə çıxıb və milyon il bundan sonra da beləcə
çıxacaq"…
Hekayədə
nə hisslər cövlana gəlir, nə də təzadlar,
ziddiyyətlər var; təhkiyənin intonasiyasında
olduğu kimi, mühakimələrin gedişində də bir
təmkin, rahatlıq, hətta loyallıq duyulur, ancaq bu təmkin,
rahatlıq və loyallığın alt qatındakı
miqyaslı "narahatçılığ"ı görməmək,
hiss etməmək mümkün deyil…
"Murada
elə gəldi ki, qəbiristanlıq nə vaxtdı ki
onları gözləyirdi, yəni bu mənada yox ki, hamı
öləcək və qəbiristanlıq da bir- bir
bütün bu adamlar üçün son məskən olacaq -
bu, öz yerində; bu mənada ki, elə bil qəbiristanlıq
məhz bu cənazəni gözləyirdi və elə bil ki,
bu cənazə gəldi, həmin qəbiristanlıq sakitliyinə
də bir rahatlıq gəldi, elə bil qəbiristanlıq rahat nəfəs
aldı və o nəfəsi Murad bütün hissləri ilə,
bədəni ilə duydu".
Düşünəndə
ki, bu sətirləri M.Fətəlinin, M.Cəlilin,
Ə.Haqverdiyevin xələfi yazır, anlayırsan, ən
azından ona görə ki, bu təhkiyə (və bədii
idrak modulyasiyası) həmin mənbədən gələ bilər…
Ancaq təsəvvürünə
sığışdırmağa çalışsan ki, bu
cür ədəbi- estetik "reverans" texnologiyası
Əli Vəliyevdən, S.Rəhimovdan, Əbülhəsəndən,
M.Hüseyndən… gəlir, onda gərək qəbul edəsən
ki, ədəbi nəsillər arasındakı əlaqə
sozalıb - o mənada ki, "yeni pöhrə" qalxıb,
böyüyüb, gövdələnib, ətrafına kölgə
salıb… Və kölgəsi "köhnə" kölgələri
basıb…
V.Şekspirin
Olub
keçənləri bir - bir çəkərkən
Sakit
yaddaşının məhkəməsinə … -
misralarından epiqrafla başlayan "Hönkürtü"
hekayəsi bütünlüklə həyatını
az-çox təmin etmiş bir insanın daxili
yaşantıları, özünün özü ilə həsbi-halıdır. Və bu həsbi-halda Ağsu
dolaylarındakı, boy-buxunu ilə Don Kixotu xatırladan bir
Çinar da iştirak edir… Hekayənin bu dünyada dərdləşməyə
adam tapa bilməyən qəhrəmanı
xəyalən, ruhən həmin Çinarla mükaliməyə
girir…
"O
bütün yarpaqları ilə, budaqları ilə, gövdəsi
ilə gülümsədi.
"Başqaları məndən yaxşıdı
guya?" - Və düzdü,
bu sözləri dedim, amma o saat burasını da başa
düşdüm ki, mənasız sözlər dedim,
çünki bu dəm bizim bu
söhbətlərimizin dünyada
heç kimə dəxli yox idi, çünki bu dəm
dünyada, ümumiyyətlə, heç kim yox idi, təkcə
mən idim, bir də ki, o idi və bir də ki, onun şəffaf
təbəssümü idi"…
Hekayənin
qəhrəmanı, Çinara taleyinə təsir edəcək ilahi
bir qüvvə kimi baxır,
onunla sadəcə dərdləşmir, həm də ona
yalvarır:
"…Gündüz
adamın başını qatır, gündüz adam hər
şeyi yadından
çıxarır, yaxşılıq eləyir,
pislik eləyir, dərd gecənin dərdidi. Heç
nədən qorxmuram mən, nə tutulmaqdan qorxuram, nə
biabırçılıqdan qorxuram, təkcə gecədən
qorxuram. Qurtar məni gecədən, qurtar məni gecələr
özüm-özümlə tək qalmaqdan, qurtar…"
Ağsu
dolayları arxada qalır…
"Məni
qəhərləndirən uzaqlıqda, həm də əbədi
uzaqlıqda qalmış Çinar isə yenə də mənim
ürəyimdə idi…"
"Hönkürtü"də
olduğu kimi, "Bozluq içində iki nəfər" hekayəsində
də süjet önəmli deyil - burada da daxili dialoqlar əsasdır:
hekayənin mövzusu yaşlı bir kişinin "payız
düşüncələri"dir… "Sulu qar
yağırdı və o seyrək yarpaqlar tamam
islanırdı, üşüm- üşüm
üşüyürdü və bu yarpaq üşüməyini
o az qala öz bədəni ilə hiss edirdi"…
Ölümünün
yaxınlaşdığını həm hisslə, həm də
ağılla dərk edən qoca, həyatın (ümumən
"Yer üzündəki bütün məxluqatın"
bir- birindən seçilməyən birgə, bir "küll,
vahid" halında təzahür edən həyatının!)
mənası (əslində, mənasızlığı!) barədə fəlsəfəyə
qapılır:
"…Bu qədər illər
yaşadım, xəstələndim, sağaldım,
yaxşılıq elədim, amma, öz aramızdı, pislik də
gəldi əlimdən, incidim, incitdim, nigaran oldum, gözüm
yol çəkdi, məclislərdə çalıb-
oynadım, yas
da saxladım, təzəcə anadan olmuş çağa
gördüm, qoca meyiti də gördüm və bütün
bunların hamısı da ona
görə ki, günlərin bir payız günü məlum
olsun ki, ömür gəldi keçdi, bir at mindim başı
yox, bir çay keçdim daşı yox"…
Öz fəlsəfəsindən mütəəssir olmuş
qoca sakitcə divanda oturub nəvələri
üçün əlcək toxuyan arvadı ilə
yadlıqlarından gileylənir.
Sonra isə anlayır ki, qocalıqdan "səfehləyir"…
Və bir- birinə qoşulub gəzməyə
çıxırlar…
"Həmin
son payız günü hər tərəfi bir boşluq
bürümüşdü və hər tərəfi
bürümüş bu boşluq
içində onlar yavaş-yavaş gözdən itdilər"…
"Parisdə
avtomobil qəzası" isə məqsədsiz, məramsız
(və fəlsəfəsiz!) yaşayan insanların hekayəsidir…
"Kərim
müəllim, təbii ki, dindar deyildi, taleyə-filana da
inanmırdı, amma hər halda həmin avqust günü səhərin
gözü açılmamış həmin tüfəng əhvalatı,
qarpızları dustaqlar kimi hiss eləməyi və indi də bu uşağın yatmayıb beləcə
diqqətlə Kərim müəllimə
baxmağı kişinin ürəyində nəsə bir
nigarançılıq yaratdı"…
Və
teleqram gəlir ki, Kərim müəllimin böyük
qızının əri Parisdə avtomobil qəzasına
düşüb… Teleqramda o da
yazılmışdı ki, "Salmanın yaxın
qohumlarından biri Parisə gələ bilər və o
avtomobildə ki, Salman qəzaya uğramışdı, həmin
avtomobilin mənsub olduğu şirkət bütün xərcləri
öz boynuna götürür"…
Ara qarışır, ailə üzvlərinin
hamısı bu fürsətdən istifadə edib Parisə
getmək istəyir. Hətta Kərim müəllimin yeganə oğlu Hamlet canı-dildən
çalışır ki, öz rəfiqəsini göndərsin…
Vəziyyətin
gərgin vaxtında Parisdən ikinci teleqram gəlir…
"Teleqram Salmandan idi, yazırdı ki, narahat olmayın, xəstəxanadan
çıxıram və heç kimin də Parisə gəlməyinə
ehtiyac yoxdu"…
Mənasız
(və məzmunsuz) həyat "öz axarına"
düşür… "Kərim müəllim… gəlib pəncərənin
qabağında dayandı və qarşıdakı bağa
baxdı: təqaüdçülər oturub domino və nərd
oynayırdılar…"
"Beş
dəqiqə və əbədiyyət" hekayəsi
Elçinin növbəti bədii yaradıcılıq eksperimentlərindən biridir,
yazıçı beş dəqiqə ərzində baş
vermiş hadisələrin "reportaj"ını təqdim
edir…
Elmlər
doktoru, akademiyanın müxbir üzvü, elmi-tədqiqat
institutunun müdiri Mərdan Dadaşlı Bakıdan təyyarə ilə
havaya qalxdıqdan bir saat sonra təyyarənin
generatorları dayanır…
"…Və
bu dəm sənin beynində elə bir sürət var idi ki, həmin
sürət səni uçurumun dibinə aparan sürəti də üstələmişdi
və sən indi tamamilə beynindəki sürətin
ixtiyarında idin. Sənin bütün sinirlərində bir
yalvarmaq ehtirası yaranmışdı, sən kiməsə, nəyəsə
yalvarmaq istəyirdin, sən imdad istəyirdin, aman istəyirdin"…
Mərdan
Dadaşlının indiyə qədər etdiyi bütün
alçaqlıqlar bir-bir gəlib beynindən keçir…
Ev
növbəsi çatmış bir laborantın evini
başqasına vermişdi… "…Anası, arvadı, iki
uşağı - evləri yox idi və növbə onun
növbəsi idi, bəs sən nə etdin? Sən
kimə verdin mənzili? Yadına sal,
yadına sal, kimə verdin? Kərimlinin qızına
verdin, çünki Kərimlinin qızı təzəcə ərə
getmişdi, çünki Kərimlinin qızını təzəcə
işə götürmüşdün, çünki sən
sənədlərini akademiyaya vermişdin, çünki Kərimli
sənə səs verəcək adamlardan biri idi".
Hər
alçaqlığın arxasınca isə nəticəsi
daha ağır olan başqa alçaqlıqlar gəlirdi…
"Katibə
sənin yanına gəlib deyəndə ki, həmin xəstə
oğlan ölüb, sən əvvəlcə bilmədin ki,
söhbət kimdən gedir, sonra tanıdın, yadına
düşdü ki, üç-dörd ay əvvəl nədən
ötrüsə sənin yanına xahişə gəlmişdi,
sonra sən beş-on dəqiqəlik vaxt ayırıb o
oğlanın dəfn mərasimində iştirak etdin və o zaman hamı
sənə minnətdarlıqla,
heyranlıqla baxırdı…"
Ancaq
iş elə gətirir ki, təyyarənin nasazlığı
aradan qaldırılır və Mərdan Dadaşlı salamat
qalır… Bununla
belə həmin beş dəqiqəlik həyəcanlar
onun yadına bütün "tərcümeyi-hal"ını
salmaqla "həyat əbədiyyətinin
(metafizikasının!)" nədən ibarət olduğunu
göstərir.
Beş il keçir… O beş il ki,
hekayənin yazıldığı 1983-cü ildən sonraya -
1988-ci ilə aiddir…
Akademiyanın
həqiqi üzvü, böyük Elmi Tədqiqat Birliyinin rəhbəri "Mərdan
Dadaşlı istirahətə artıq təyyarə ilə
yox, qatarla - "Bakı- Kislovodsk" qatarının
"SV" kupesində gedirdi… Və kupe yoldaşına
deyirdi: "Təyyarədən yaxşısı yoxdu…"
Yəni əvvəllər
(ömrü boyu!) necə alçaq olmuşdusa həmin
alçaqlığında da qalmışdı…
Əsl
yazıçı heç zaman süni nikbinlik effekti
yaratmır, dünyanı necə görürsə, elə də
təqdim edir…
1987-ci ildə Elçinin "Seçilmiş əsərləri"
iki cilddə nəşr edildi.
Birinci
cildə yazıçının artıq müxtəlif dillərə
çevrilmiş məşhur hekayə və povestləri, ikinci cildə isə "Mahmud və Məryəm",
"Ağ dəvə" romanları daxildi.
Elçinin
bu ilk "Seçilmiş əsərləri"nə tənqidçi-ədəbiyyatşünas
Nadir Cabbarovun yazdığı "Həyat nəfəsli nəsr"
adlı ön söz, etiraf etmək lazımdır ki,
elçinşünaslığın
ən dəyərli əsərlərindəndir…
"Elçin nəsrilə ilk
tanışlığımın nə vaxt, harada və
hansı şəraitdə baş verdiyini xatırlaya bilmirəm.
Görünür, həqiqi sənətin sirri, sehri də
elə bundadır ki, o, sənin fikir və hiss aləminə
üzün- gözün öyrəşdiyi əziz və
doğma adamın kimi daxil olur: ərklə, hay-küysüz,
filansız…" - deyən Nadir Cabbarov belə qənaətə
gəlir ki:
"Elçinin
əsərlərində milli izzət-nəfs, milli mənlik
hissi yüksək psixoloji dəyər olmaqla bərabər, həm
də qəhrəmanların ictimai mövqeyi ilə səsləşən,
onları rəzalətin hər cür təzahürləri ilə
açıq döyüşə sövq edən fəal vətəndaşlıq
duyğusudur".
Nadir
Cabbarov yazıçının üslub tipologiyasını da
aydın müəyyən edir:
"…O, qəhrəmanlarının
mənəvi portreti, onların kimliyi və necəliyi haqda bədii
informasiyanı ömür yollarının panoram təsvirləri ilə
yox, ruhi durumun, psixoloji məqamın dəqiq, sərrast
xarakteristikası ilə təqdim edir.
Yazıçının qəhrəmanlarına xas olan güclü
düşüncəviliyin, emosional gərginliyin mühüm
səbəblərindən biri də elə burada - ona məxsus
bədii təsvir və ifadə üsulunun bu cəhətində
axtarılmalıdır".
Və
fikrini belə yekunlaşdırır:
"…Elçin
fitrətən romantik yazıçı deyildir. Lakin müasirlərimizi romantik planda müşahidəyə,
daxili aləmin romantikasını - gizli, qapalı və
çox zaman anlaşılmaz olan bu mənəvi halı bədii
izah və təhlilə meyil onda güclüdür. Bu isə yazıçının qələminə
ayrıca bir təravət və orijinallıq bəxş edir.
Məsələn, onun nəsrindəki incə lirizmin, ekspressivliyin,
istiqanlılığın oxucu
tərəfindən və tam emosional dərki
üçün özünəməxsus işıqlı
psixoloji fon yaradır".
Nizami
CƏFƏROV
Ədəbiyyat qəzeti.- 2017.- 29
iyul.- S.12-13.