İşi bəllidi Əhməd Arifin:
gecələr yatmaz -
yığar dağların küləklərini,
sübh tezdən
verər çocuqlara
dəstə-dəstə...
Cemal SÜREYA
Əhməd Arif
ANADOLU
Mən
- Anadoluyam!
Eh,
Həvva nənəniz
dünənki uşaqdı
-
nağıl danışmasam,
gecələr uyumazdı...
Mən
- Anadoluyam!
Beşiklər,
yelləncəklər,
oyuncaqlar
vermişəm Nuha...
Mən -
Anadoluyam!
Tanıyırsınızmı?
Mən
- Anadoluyam!
Yer üzündə
atom bombalarının
çiçəklədiyi vaxtlarda
lalələr,
nərgizlər,
qərənfillər
becərmişəm...
Bilirsinizmi?
Amma
baxmayın
çatma qaşıma,
qürurlu duruşuma,
ağır,
çox ağır
günlərim də olub -
min illərlə
yadellilər
qaçırmışlar
nazlı səhər yuxumu,
qul olmağımı
istəmişlər...
Qala bürcü kimi ərənlərim
qalxmışlar ayağa
-
gələnlər getmişlər,
gələnlər getmişlər,
gələnlər getmişlər,
-
nə özləri qalmışlar,
nə izləri...
Duyursunuzmu?
Mən
- Anadoluyam!
Bir bilsəniz,
necə sevirəm
Koroğlunu,
Pir
Sultan Abdalı,
Bədrəddini,
naməlum əsgəri,
sonra
mürəkkəb
çatmaz yazmağa
-
neçə-neçə sevdanı.
Bir bilsəniz,
onlar da məni
necə sevərdilər,
Qaracaoğlanı olsun,
Yunus İmrəsi olsun,
Xoca Nəsrəddini olsun...
Mən
- Anadoluyam!
İstəyirəm
tanıyasınız,
mütləq
tanıyasınız
Urfada
minarədən,
barrikadadan,
söyüdlərin arasından
insanlara
güllə atan xainləri...
Ölümə necə sevinirdilər,
təsəvvür edirsinizmi?
Nə oldu?
Elə məhzun-məhzun,
elə
qərib-qərib dayanmayın,
harada olursunuz-olun,
yüyürün üstünə
xainin,
yalın ümidlə,
yalın ürəklə...
Sözmü?
Mən
- Anadoluyam!
Hər gün
yenidən quruluram,
güclü əllərinizlə...
Hələ nə qədər
oğlum,
qızım var gələcəkdə -
hər biri
min illik
həsrətimin
qönçəsi,
gözlərinizdən öpərəm,
gözlərinizdən.
Tək ümidim sizsiniz!
Mən
- Anadoluyam!
Tanıyırsınızmı?
AXŞAM ERKƏN ENƏR
HƏBSXANALARA
Axşam
erkən
enər həbsxanalara,
bükülməz biləyin,
çatal ürəyin,
yeddi başın olsa,
əjdaha misalı,
kar etməz -
həsrət
ustuf-ustuf
dolar içinə...
Axşam
erkən
enər həbsxanalara,
enər,
yeddi
lay dəmir
enər yeddi qapıya -
hüznə bürünər
hər yan;
hasarın üstündə
üç çəlimsiz
budaq,
hasarın dibində
üç hərcayi
bənövşə -
budur axşam səfası,
.... seyr elə....
.... seyr elə....
.... seyr elə....
Eyni qorxunc şeyi düşünür
göydə bulud,
budaqda ərik...
Allah qəhr etsin, həbslik -
bolluca qaranlıq,
bolluca can sıxıntısı...
Məni
həyətə -
axşam
gəzintisinə çıxarıblar,
kimsə
qonşu
otaqda
"Kürdün
gözəli" türküsünü
oxuyur -
elə hey, uşaqcasına,
ağla gəlməyəcək,
gülməli şeylər
düşünürəm:
"Məsələn,
vurulsam,
ölsəm
deyirəm,
aşkar
bir davada,
istərəm,
hər şey - dostluq da, düşmənlik
də
kişiliyə yaraşan
şəkildə olsun..."
Halbuki bilirəm:
xəyaldı bu!
Jandarmalar
tüfəngin
lüləsinə
taxırlar süngünü
və dövrə vururlar ətrafımda,
hirslə yandırıram
alışqanımı
və bir uduma,
özümü öldürürcəsinə,
sümürürəm siqaretimi
yarıya qədər...
Bilirəm,
"Səndəmi?" deyəcəksən.
amma,
nə edim,
axşam
erkən
enir həbsxanalara
və bayırda
çılğın bir
bahar...
ADİLOŞ BƏBƏNİN
NİNNİSİ
Doğuldun,
üç gün
ac saxladıq səni,
Adiloş
bəbəm,
xəstə olmayasan
deyə,
adətimiz belədir
deyə.
İndi
təpil,
təpil məməyə,
təpil və böyü...
Bunlar dostlarımızdı -
Dar günümüzdə
arxa, kömək.
Bunlar düşmənlərimizdir -
fitnə-fəsad, kələk...
Tanı,
Tanı
bunları və böyü...
Bu, namusdur,
bünövrəmizə
nəqş olunmuş,
bu, səbirdir,
acılardan süzülmüş,
sarıl namusa,
sarıl acılara,
sarıl və böyü...
İÇƏRİDƏ
Xəbərin varmı, daş
divar,
xəbərin varmı
dəmir
qapı, kor pəncərə,
saman yorğan-döşək,
yastıq,
qol saatım - zəncirim,
jandarmadan gizlətdiyim
məhzun rəsm,
uğruna
ölümlərə
gedib-gəldiyim
ziyarətçim
göy soğan gətirmiş...
Qərənfil ətri verir siqaretim,
bahar bürümüş
dağlarını
məmləkətimin...
HƏSRƏTİNDƏN QANDALLAR
DÜZƏLTDİM
Səndən
danışa
bilsəm, səndən,
günəbaxan üzlü
uşaqlara,
səndən
danışa
bilsəm, səndən,
cəsur,
igid qəhrəmanlara...
Qurd uyudu,
quş uyudu,
bir mən uyumadım, mən,
zillədim gözlərimi
yanımdan
gurul-gurul
axıb gedən bahara...
Həsrətindən
qandallar düzəltdim,
saçlarına güllər
taxdım,
qan rəngində!
Bir o yana,
bir bu yana...
Səndən
danışa
bilsəm, səndən,
dibsiz quyulara,
göy üzündən
axan ulduzlara,
səndən
danışa
bilsəm, səndən,
əli
okeanın
ən sərt
dalğasındakı
saman çöpünə
yetişənə...
Səndən
danışa
bilsəm, səndən,
ilk sevginin
əfsununu itirmiş,
ilk öpüşün dadını
qaçırmış
fikir-xəyal içində
itib-batmış birinə...
Həsrətindən
qandallar düzəltdim,
saçlarına güllər
taxdım,
qan rəngində!
Bir o yana,
bir bu yana...
Nə olar,
yumma
gözlərini,
üşüyürəm...
MƏRHABA
Gün doğar,
qarın bağlar
nəm torpaq.
İncəsu dərəsi, mərhaba.
Yuvalarda
çılğın sərçələr...
Buludlarda
qartal -
indi çalacaq ovunu...
Əfv fərmanını
gözləyən bir
qadın
bir günü - bir noxudu
çıxaracaq kasadan.
İncəsu dərəsi, mərhaba.
Qüllədə bayraq -
sülhü düşünür,
kömür mədənindəki
fəhlə -
göy üzünü.
Mən bunların hamısını
və səni düşünürəm,
gündə 24 saat!
Elani-eşq məqamından
bir misra
cücərib
qımıldanar içimdə...
Amma muradıma
çatammaram,
bilirəm
ağdan-qaradan
bu qədərdi qismətim,
unutmuş gülməyi
göz bəbəklərim,
unutmuş öpməyi
dodaqlarım,
İncəsu dərəsi, mərhaba.
QÜRUR DA AĞLAR
Gözlərinin aynasında
bir bulud -
yağdı - yağacaq,
hardasa.
Saxlama gözyaşlarını,
qürur da ağlar...
Burax, yıxansın göy üzü,
lacivərd, yaşıl
və qızıl işıqları
günbatanın.
Budur,
şəfəq
vaxtıdır yenə,
çırılçılpaq və mavi.
Budur, sanki dağ yeli.
budur, sanki məltəm.
Kimsə
ləkə
yaxa bilməz,
kəsib atdığımız
dırnağa belə.
Sən ən gözəl qızısan
qalaktikanın,
mən
akkor zərrəsiyəm
Prometeyi
yaxan
qara sevdanın...
Nə
alnımızda bir ayıb,
nə qoltuğumuzun altında
gizli xaçımız,
biz bu xalqı
və bu ölkəni sevdik,
olsa-olsa,
bu olar suçumuz...
UNUTMADIĞIM
Açardın,
yalnızlığımda bitən
masmavi və yamyaşıl
bir çiçək
misalı.
Dovşan
qanı kimi
xınalı və parlaq -
yenərdim bütün
dərdlərimi...
Getmək,
gözlərində getmək
sürgünə,
Yatmaq,
gözlərində yatmaq zindanı,
gözlərin hanı?
"To be
or not to be" deyil,
"Cogito ergo sum" heç deyil.
Əsl iş labüd olanı -
qarşısı alınmaz
uçqunu,
sonsuz axını anlamaqdır.
İçmək,
gözlərində içmək
Ay işığını,
Varmaq,
gözlərində varmaq ruh sehrinə,
gözlərin hanı?
Qəlbimin
ən sirli yerində
bir qəlb idin,
qan deyil,
sevdamız
axardı gecəyə,
cəllad dartdıqca
kəməndi...
Duymaq,
gözlərində duymaq
sevinci, kədəri,
susmaq,
gözlərində susmaq
ülgüc kimi....
Gözlərin hanı?
YALNIZ DEYİLİK
Bir üfüqə çatdıq
ki,
artıq
yalnız
deyilik, sevgilim.
Gecə
uzun,
gecə qaranlıq, -
amma
bütün
qorxulardan uzağıq.
Bir sevdadır belə yaşamaq,
zindanda yatanda da
yalnız olmamaq,
yalnız olmamaq...
Artıq
məhbəsdə -
dörd divar
arasında deyiləm,
pambıq,
düyü
və çəltik tarlalarındayam -
Qaracadağda,
Çukurovada
Cibalidə....
Boynunda
bir sap muncuq,
çiynində nəzərlik,
yanaqları
soyuqdan üşümüş
bir aşirət qızının becərdiyi
göz yaşıtək
damla-damla düyünü
karvan-karvan daşıyırlar
bəylər süfrəsinə...
Çuxurovam -
beşiyim və kəfənim,
qanın - qara, üzün - ağ,
səbir daşların
çat-çat,
Anadolumun
həbsxanalarında
ən çox yatan
sənin oğullarındır!
Dostuna yarasını göstərir
kimi,
bir salxım söyüdə su verir kimi,
ürəkdən
türkü oxumaq
birdən necə yaraşır onlara?!
Bir üfüqə çatdıq
ki,
artıq
yalnız
deyilik, sevgilim.
Gecə
uzun,
gecə qaranlıq, -
amma
bütün
qorxulardan uzağıq.
Bir sevdadır belə yaşamaq,
zindanda yatanda da
yalnız olmamaq,
yalnız olmamaq...
Hazırladı:
DİLSUZ
Ədəbiyyat qəzeti.- 2017.- 29
iyul.- S.16-17.