Məlikməmmədin vəfası
Mövlud
Mövludun xatirəsinə
HEKAYƏ
Maaşdan cəmi 72 manatı qalmışdı. Onun da 70 manatını xərcləyərəm qorxusu ilə kitablardan birinin arasında gizlətməyi düşündü. Heç vaxt yüksək qazancı olmamışdı deyə bu aydan o aya güclə yetən pulu adətən saxlanca qoymağa gərək duymurdu. Gözünü qaldırıb evi dolandıranda səriştəsizliyindən bir dənə yöndəmli yer tapa bilmədi. Yenə ağlına kitablar gəldi. Pulu onların arasından başqa harda gizlədə bilərdi ki...! Evdə hər yer kitabdı.
“Pul gizləmək də yaman axmaq vərdişdir. - ağlından keçirdi. - Onunla birlikdə elə bil ürəyini də həmin yerə qoyursan, daima fikrin pulun-xəzinə deməyə dili gəlmir - yanında qalır. Görəsən yerindədirmi, gizlədəndə pusan olmayıb ki. Üstəlik xəzinələr barədə o qədər qəribə əhvalatlar eşidirsən ki, adam yada saldıqca qorxuya düşür. Guya deyirlər var-dövləti gizlədən yox, tapan yeyər.”
Gizlətmək istədiyi milyon deyilsə də hər halda onun üçün böyük vəsaitdir. Qəpik-quruş olanda nolar, həşərat var poxunu, həşərat da var balını gizlədir, hərəyə öz qazancı əzizdir. Vaxt azdır, yaxşısı budur, fəlsəfə açmaqdansa bir yer tapıb pulu qoysun: Balkonda çilingər alətlərini yığdığın qutuda gizlədərsən uşağın tapıb saqqızın içindən çıxan yararsız əskinazlar kimi hara gəldi tullayar. Ya da şifonerdə şalvar, ya pencəyin cibinə dürtərsən-hərçənd bir dənə də pencəyi yoxdur-yoldaşın da səndən xəbərsiz onları götürüb atar paltaryuyana.
Əlbəttə, pulu gizlədəndə yerini xanıma da demək gərək. Özü də etiraf edir ki, çox vaxt maaşın əsas hissəsini borclara xərcləyəndən sonra yerdə qalan qəpik-quruşu elə xanıma verir. O da çox dərin yerdə gizlətmir. “Oğruların xəbəri olsun; trümonun gözünə atır.” - yenə ağlından keçirdi.
***
İşdən təzə qayıtmışdı ki, dostu zəng elədi, “20 Yanvar”da oturmuşuq, gəl pivə içək. Maaşı bu gün səhər alsa da axşama kimi hamısını kredit ödənişinə, borclara xərcləyib cəmi-cümlətanı 72 manatla qapıdan içəri girmişdi. Qorxdu ki, birdən məclisdə içib keflənər və bir aylıq ümidi olan bu 72 manatı əridər (Onsuz ayın axırına kimi yenə ondan-bundan borc istəyəcəkdi, sözdü də deyir). Bu fikirlə portmanatda 2 manat saxlayıb yetmişini götürdü.
Pulu xanıma ona görə vermir ki, yenə aparıb dəyərsiz əşya kimi trümonun gözünə atacaq. O, isə trümonu etibarlı bilmir, bu səbəbdən kitablardan mədəd umur. Telefonda danışandan üzü bəri qəfəsdəki meymuntək rəflərin qabağında vurnuxur, bilmir pulu hansı kitabın arasına dürtsün ki, axtaranda tapsın. Əvvəla kitabın adını unutmaq qorxusu var, ikincisi də gərək elə kitab seçəsən ki, heç kəsin diqqətini çəkməsin. Qonaq otağındakı iri rəfdə ən gözəgəlimli kitab Markesin həyatından bəhs edən kərpic kimi qalın olanıdır. “Özüm ölüm, puldansa o kitabın ortasını eşib, içində tapança gizlədəsən” – yazıçıma bax, bandit kimi düşünür. “Yox, Markes yaramaz. Pulu da ona etibar edəsi deyiləm ki.” – özünü danlayır. – “Əvvəla Markes kitabı qalınlığına görə diqqət çəkir, bir də hamı bilir ki, o, mənim sevimli yazıçımdır. Kimsə “Tərifli Markesin buymuş?!” deyib əl atar kitaba. Eh, Qabo, etibarlı adam deyilsən. O vaxt Lyosanın gəzməyini də arvadına çuğullamışdın. Perulu qoçaq da yaxşı edib gözünün altını qaraltdı. Ancaq deyəsən vurmaqla ürəyi soyumadı, həmişə sənə küskün qaldı, səhvəmsə, bəs onda öləndə hüzrünə niyə gəlmədi? Yox, qardaş, mənim pulumu da Mersedesin borclarına xərcləyərsən” – ağlına gələn fikirdən yüngülcə qımışır. Özünü Markesə, Lyosaya tay tutub başını başlara qoşması ürəyinə yağ kimi yayılır.
“Bəs kim? Bəlkə ağsaqqal Tolstoy? Dörd cildlik “Hərb və sülh” rəfdə farağat dayanıb. Cildlərdən birinin arasında gizlətmək olar, sadəcə axtaranda hardan yadına düşəcək ki, pulu hansı cildin arasına qoymusan, gərək hamısını bir-bir vərəqləyəsən. Bu da vaxtaparan işdi. Bir də ki, Bezuxov huşsuz şeydi, pulu götürüb ya masonlara, ya da Karatayevə verər. Guya Tolstoy o vaxt kitablarının gəlirini xalq malı elan etməmişdi? Bezuxov ondan geri qalmayacaq ki?
Bəs hansı, bəs hansı kitab, bəlkə Mopassan? Mopassan da hamının sevimlisidir, onu görən şirin şey təki əlini uzadır. Xanım Luazel boyunbağının pulunu düzəltmək üçün qəpik güdür. Mənim olan-qalanımı da qatar yığdıqlarına.
Elə kitab seçmək gərək, heç kəsi maraqlandırmasın. Türk nəşrləri də işə yaramır. O qədər nəfis tərtib olunur ki, görəndə istəyirsən körpə uşaq kimi qucağına alıb oxşayasan.”
Yaxşı, görəsən hansı kitaba etibar eləsin, pulu hansının arasına qoysun? Rəfin qabağında əlini çənəsinə dayaq edib kitablara bir daha göz gəzdirmək istəsə də telefonun qəfil zəngi aman vermir. “Texnologiya kitab düşmənçiliyini burda da davam etdirir.” – “Yes” düyməsini sıxa-sıxa fikirləşir.
Zəng vuran həmən dostudur, tələsdirir ki, tez gəl. “Gəlirəm də... Onsuz məndə kasıbçılıqdı, pivəni siz alacaqsız.” – ürəyində sevinir. Aha, tapdı. “Azərbaycan nağılları” kitabı. Ən yaxşısı budur, kimdi açıb qurdalayan. Allah tərəfi heç özü də o kitabı alandan vərəqləməyib. “Vəssalam, “var-dövlət”imi etibar edirəm “Azərbaycan nağılları”na. Məlikməmməd padşah atasının almalarının keşiyində durduğu kimi mənim pullarımı da divdən qoruyar!” – işini yekunlaşdırıb toxtayır və bir saniyə belə hədər xərcləmədən təyin olunan yerə yollanır.
***
“Oğlum,
biletin biri artıqdır... Gəl onu verək
Leylaya. Nolar, o da bayram konsertinə getsin... Dayan
peçenyedən, şokoladdan balaca bir bayrampayı düzəldim.
Əliboş getmə. Apar
yeni ilini təbrik elə. Bir kitab da
qoyarıq, hədiyyə edərsən...” -
Yoldaşıdır. Oğlu ilə
söhbət edir. Yeni il tədbirləri
üçün işdən çoxlu bilet veriblər. Yəqin biletlərdən biri artıqlıq edib, o da
vaxtı keçib batmasın deyə oğlu ilə
yaşıd qonşu qızına pay göndərmək istəyir.
Göndərsin, göndərsin, o, belə
xırda məsələlərə qarışan deyil.
Bircə bu kitab məsələsində yaxşı iş
görmədi. Dünyada ən zəhləsi gedən
şey kitabxanasından kiməsə kitab hədiyyə etməkdi.
Amma indi o hayda deyil. Dünənki
pivələrin təsiri hələ başından getməyib,
ürəyi uçunur. Qadın ərini
bayaqdan neçə dəfə səhər yeməyinə
çağırsa da səsini çıxarmayıb. Bu
o deməkdir: siz yeyin, mən hələ yatıram.
Yoldaşı bir də
səsləyəndə günorta olmuşdu. Gileylənirdi, gileylənməyində də
haqlıydı. Soyuducu bomboş, evdə heç nə
yox, üstəlik axşam da yeni il gecəsi.
Nə etməli? –
Çernışevskisayaq sual!
Ümid bircə
yetmiş manatadı. Sıxışdırıb
o pulla nəsə almaq lazımdı.
- Koşelyokunda da bircə qəpik
qalmayıb. Səhər çörək
almağa pul tapmadım, uşağın daxılından 40 qəpik
götürdüm.
- Pul var, darıxdırma
özünü. Yuxudan durum, gedib bir şey alaram...
Qadın yenə nəsə
deyib şikayətlənməyə davam etsə də
yadında qalmadı, təzədən yuxu apardı.
***
- Hardadır kitab? - Özündən
asılı olmadan necə bağırdısa yoldaşı mətbəxtdə
dik atıldı.
- Hansı kitab?
- “Azərbaycan
nağılları”.
- Nolub, yenə yuxudan duran kimi
özünə əl qatırsan? Qonşunun qızına yeni
il hədiyyəsi göndərdim. Bir kitabla dünya dağılası deyil ki.
- Sizə deməmişəm mənim
kitablarıma dəyməyin? Əlli min kərə
tapşırmışam.
- Yuxudan kefsiz durmusan,
acığını üstümüzə tökmə, bir
kitabdır da, uzağı 5 manat qiyməti var.
- Beş deyil, yetmiş manat,
yetmiş.
Heç nə başa
düşməyən yoldaşı təəccüblə
gözünü ona dikdi.
- Kitabı verəndə arasına
baxdın?
- Yox.
- Pul qoymuşdum.
- Ay da! – Qadın təəssüflənsə
də dərhal toparlanır, günahı boynundan atmaq bəhanəsi
ilə ilk həmləni edir:
- Sən pulu kitabın arasına niyə
qoyursan ki? Ver mən saxlayım da?
- Tələsirdim, həm də sən
hər dəfə pulu trümonun gözünə necə gəldi
tullayanda elə bilirəm balkondan vıyılladırsan gedir.
- Bəsdi, sən Allah.
Üçümüzdən başqa evdə adam
var, kimdi dəyən?
- Nə bilim, özümdən
asılı deyil. Pula qarşı
başısoyuqluğu sevmirəm. Yəqin
heç vaxt müftə pulum olmayıb, ona görədir.
- Düzələn deyilsən.
Dünən dostunun aldığı pivələrin təsiri
hələ getməmişdi, başı zindan kimi
zoqquldayırdı. Bu başla mübahisə eləməyə
dəyməzdi. Susmağı özünə
xeyirdi. Yaxşı, bəs necə etsin?
Olan-qalan pulu kitabın arasına qoymuşdu.
Onu da yoldaşı kitabla birlikdə verib
qonşu qızına. Görəsən
gedib istəsələr qaytararlar?
- Bəlkə gedib kitabı istəyəsən?
- Yox, ayıbdı. Gedib
nə deyim, deyim hədiyyəmizi qaytarın?
- Elə yox. De ki,
kitabın arasında məktub olmalı idi, səhvən sizə
gəlib.
- Kitabın arasından pul
çıxsaydı gətirərdilər. Qonşuluqda
belə şey etməzlər.
- Gör nə vaxtdı vermisən,
hələ də səs-səmir çıxmayıb.
- Səndən başqa bu binada kitaba
həvəs göstərən yoxdu, narahat olma. Əmin
edirəm, peçenyeni, şokoladı götürüblər,
kitabın isə hələ üzünə baxmayıblar.
- Əgər
baxıblarsa?
- Baxıblarsa onda pulu görüblər,
bir azdan gətirərlər.
- Hələ gətirməyiblər
axı? Nə vaxtdan vermisən! Get soruş, sən Allah. Necə edəcəyik? Olan-qalan
pulumuz o idi.
- Yaxşı yadına sal. Bəlkə heç o kitabın arasına
qoymamısan. Piyan olmusan, yadından
çıxıb. Xatırlamağa
çalış. – Yoldaşı əlini rəflərə
uzadır.
- Pulu qoyanda hələ içməyə
getməmişdim.
- Bu qədər kitab var, baxaq da
arasına.
- Deyirəm ki, yox. Dəqiq
yadımdadır, dünən burda dayanıb – rəfin
qabağına keçib qollarını açır – on dəqiqə
götür-qoy eləmişəm ki, pulu gizləmək
üçün hansı kitabı seçim. Bu da mənim seçimim. Sıçalar
seçimimə. – aşağı
saldığı qollarını böyrünə möhkəm
çırpdı, sanki acığından özünü
döyürdü.
- Sən pulu kitabın arasına niyə
qoyursan ki?
- Nə bilim? Dedim pul cibimdə gedərəm
uşaqlarla görüşə, içib xərcləyərəm.
- Bu da tamahkarlığın
axırı. Əli aşından da oldun, Vəli
aşından da.
- Bunun
adı tamahkarlıq deyil, yoxsulluqdu.
Mübahisə uzanırdı. Yoldaşı gedib
qonşudan kitabı istəməyə utanırdısa daha nə
etmək olardı ki, heç nə. Şkafın
gözünə əlini uzadıb siqaret götürəndə
qərara gəldi bir də cəhd etsin:
- Bəlkə gedib soruşasan, denən
səhv kitab vermişik. Qız üçün
aldığımız başqası idi.
- Yaxşı deyil axı, başa
düşərlər.
- Başa düşməzlər,
başa düşsələr də qaytararlar. Axı sənə
kim dedi ki, o qıza - Leyladır nədir
adı - yeni il hədiyyəsi göndər? Şaxtababasan?
- Xanımı yola gətirmək üçün bu dəfə
özü hücuma keçir. Urra, hücum ilk
həmlədəncə qələbə ilə
yekunlaşır. Yoldaşı ona cavab
qaytarmaq əvəzinə bu dəfə əlini kitabların
üstündə nəvazişlə gəzdirir.
- Yaxşı, nə kitabı verim?
- Nə bilim, ver də birini. Onsuz kitabxanamdakı heç bir kitabın 70 manat dəyəri
yoxdu. Nə versən kardır. Mənə girən girib. Lap Markesi götür
ver.
- Neynirlər sənin Markesini? Özü də türkcə. Tez
elə bir kitab de, nə qədər fikrimdən dönməmişəm.
- Haşeki götür, Yaroslov
Haşeki. “Cəsur əsgər Şveykin macəraları”nı. Bizim macəramız
heç onunkundan geri qalmır.
- Hardadır o kitab?
“Cəsur əsgər
Şveyk”i rəfdən götürüb yoldaşına
uzadır.
- Görsən “Azərbaycan
nağılları”nın arasında
heç nə yoxdu, açıb hər şeyi
danışarsan.
- Bax onu edə bilməyəcəm,
bakılıdılar e, sonra üstümüzə həyasızlanarlar
ki, şər atırıq.
- Nə isə, uzatma, get.
Yoldaşı
qonşuya gedən kimi o da siqaret çəkməyə balkona
çıxdı. Təki pulla
qayıtsın, ondan sonra evdə siqaret çəkdiyinə
görə nə qədər istəyər danışar,
işdir, əliboş gəlsə
danışdı-danışmadı onsuz ərinin qanı it
qanına dönəcək.
***
Yoldaşının
qonşudan gətirdiyi “Azərbaycan nağılları”nın içindən pul çıxmadı. Bircə əlac ona qalırdı gedib məsələni
izah eləsinlər, desinlər ki, kitabın arasında sizə
pul da gəlib. Əgər
görübsünüzsə zəhmət olmasa qaytarın.
Amma belə çıxırdı ki, nə
özü, nə də yoldaşı qonşuya bunu izah edə
bilməyəcək. Əvvəla ona
görə ki, qonşu pulu qaytaran olsaydı, kitabın
arasında görən kimi gətirib qaytarardı. Əgər bu vaxta qədər verməyibsə daha
ümid etməyə dəyməz. Hələ
qorx ki, qaraqışqırıq salsınlar, ay aman bizi şərləyirsiz.
Sonra gəl bunların xatasından qurtul,
görüm necə qurtulursan.
Bu qənaətə gəlib
yəqin etdilər ki, ən yaxşısı pulu unutsunlar.
Bir bədbəxt hadisədir, olub. Yetmiş manatın fikrini çəkməkdənsə
dost-tanışdan borc edib bayram bazarlığı eləsinlər.
Haşiyə: Qəhrəmanın
dost-tanış dediyi adam mənəm –
müəllif. Həmən gün
görüşüb bu kədərli əhvalatı
danışdı. Əvvəla pivə
içməyə gələndə cibinin pulunu evdə
qoyduğuna görə onu möhkəm danladım. Guya
“pulum yoxdur” desəydi inanmayıb cibinə girəcəkdik!
Bir də belə iş tutmasın deyə tənbeh elədim.
Üstəlik dostumu cəzalandırmaq üçün dedim: ”Başına gələn bu hadisə ilə
bağlı hekayə yazacam. Qoy başqaları
da sənin əhvalatından nümunə götürüb
bir daha xəsislik etməsinlər. Razısansa
borc verim.” Xəsis
olmadığını, ehtiyacın onu bu kökə
saldığını hey təkrarlasa da əlacı kəsildiyindən
əsərimin qəhrəmanı olmağına bir söz demədi.
Lakin mən də zalım adam deyiləm. Hekayənin bura qədərini
gördüyünüz kimi yazmağına yazmışam.
Sonra ürəyimə rəhm gəldi, fikirləşdim
ki, əhvalat onundur, qoy ardını özü bildiyi kimi
yazsın. Görək vəziyyətdən
necə çıxacaq. Mən getdim,
sağ olun.
***
Vot tak!
Müəllifdən götürdüyüm pulla yeni il axşamına bazarlıq edib qayıtdım
evə.
Bayram süfrəsi arxasında elə
üçümüz idik: mən, yoldaşım və
oğlum. Masanın üstündə
“stoliçni” salat, araq olmasaydı baxan deyərdi yas məclisidi,
yeyib doyublar mollanın dua oxumağını gözləyirlər.
Süfrədə demək olar səsimiz
heç çıxmadı, yalnız uşaq hər dəfə
yeməkdən boyun qaçıranda anasının onu
danlamasından başqa. O qədər kefsiz idim, heç
araq da təsir etmirdi. Bircə arzum buydu ki, saat 12 olsun, təzə
il girsin, yatım.
Yeyib doymuşdum.
Toyuq kimi eşələnməyin adı yox idi.
Siqaret qutusunu götürüb binanın
girişinə - vestibülə düşdüm.
***
- Gəl
çıx da. - Məni görən kimi yenə az qaldı qabağıma qaçsın.
Ona yazığım gəldiyindən
çox vaxt aşağı düşəndə siqaret
qutusunu özümlə götürürdüm ki,
rastlaşsaq siqaret verim. Acığımdan bu dəfə
qutunu götürmək istəmədim, ancaq sonra fikrimi dəyişdim:
eybi yox, birdəfəlik ikisini çəkib yuxarı qalxaram. Hər dəfə dörd mərtəbə aşağı
düşüb-qalxmağa həvəs yoxdu.
- Bayaqdan səni gözləyirəm.
Dükan da bayrama görə tez bağlanıb,
qalmışam siqaretsiz.
Yalan deyir. Siqaret alan olsaydı vaxtında tədbir görərdi.
Həmişə belə edir, guya
çatdırıb üzbəüzdəki dükana
düşə bilməyib. Yüz bəhanə
uydursun, inanan kimdi. Sadəcə pulu yoxdu.
Ona görə girişdə dayanıb gözləyir
ki, gedib-gələnlərdən siqaret istəsin.
Adı Məlikməmməddir,
Leylanın babası. Bəlkə də
babası deyil, orasını dəqiq bilmirəm, amma qohum
olmağına qohumdurlar. Onu dəfələrlə
Leylagildə görmüşəm. Addımı güclə
atır, ayaqqabılarını elə sürüyür, az qalır yeri cızsın. Görkəmindən
xəstəyə oxşasa da özünə qoyulmur, nə
vaxt baxsan siqaret çəkir. Xüsusilə
yayda bütün günü bayırda olur deyə siqaret
damağından düşmür. Hətta
gecədən keçmiş də siqaret çəkməyə
düşəndə, görmüşəm budur, şlaqbaum
kimi girişdə dayanıb. Məni
görəntək uşaq sevincilə üstümə elə
gəlir, elə gəlir, elə bil, buzovdu, anasını əmməyə
gəlir. Birini verəndə qane olmur, deyir
varsa iki-üç gilə də qoy üstə, səhərə
qədər siqaretsiz qalammaram. Mən də az səxavət göstərməmişəm,
hətta bir neçə dəfə üstümdə siqaretim
olmayıb, qalxıb evdən gətirmişəm ki,
yazıqdır, gecə ciyəri yanmasın. Özü
də yaman gödənbuldur, bəzən verdiklərimlə
kifayətlənməyib deyir ağzındakı siqaretdən də
saxla axırda bir tüstü vurum. Onda daha
səbrim tükənir. Əlavə birini
də verib deyirəm, qoy zəhərimi axıracan çəkim.
Hamısı da nəyə görə?
Başıma çox gəlib, adam ac-susuz
qalar, siqaretsiz qala bilməz. Məlikməmməd
kişinin də gopa basmağı ilə deyil, pensioner
adamdır, bir gün pulu olanda, o biri gün olmur. Yoxsa dükan-bacanın bağlanmağı bəhanədir.
Ona həmişə
ürəyim yansa da indi əlimi cibimə aparmaq istəmirdim.
Ailəlikcə 70 manatımın dalına
keçməkləri azmış kimi məndən yenə
siqaret istəyir. Acığımdan nə
dindirib hal-əhval tutdum, nə də yeni ilini təbrik etdim,
eləcə “payok”unu verib keçdim şüşə
qapının ağzına. Ancaq
çölə də çıxmadım, bayırda yaman
soyuqdu, yəqin qara çevirəcəkdi.
Arxam ona dayansam da ayaqlarını
sürüməyindən hiss edirəm, şeytan kimi vurnuxur. Yeridikcə qapının şüşəsinə
düşən əksi gah böyüyüb əcaib forma
alır, gah da kiçilib itir. Arxamda yox,
sanki bayırda-qaranlığın içində gəzinir.
Məndən ötəri Məlikməmməd kişi
bu dəqiqə dünyanın ən bədheybət
adamıdır. Elə bilirəm şüşədə
böyüyən əksi div olub məni udacaq.
- Hellas! - Məlikməmmədin səsiydi.
Nə çərənləyir görəsən?
Çönüb baxdım. Əlində
bir əlilik, bir də iyirmilik əskinas tutub üstümə
gəlirdi. Hırıldasa da üzü qəribə ifadə
almışdı, güldükcə sifəti eybəcərləşirdi,
sallaq alt dodağının bir az da
böyük göstərdiyi dişsiz ağzı qara dəliyi
xatırladırdı. İlk dəfə ona diqqətlə
baxdım: həqiqətən divə bənzəyirdi – alt
dodağı yer süpürürdü...
- Qanın buna görə qaradır?
– yenə gülümsədi.
Dünən kitabın
arasına qoyduğum pullar idi, təxmin elədim. Sadəcə başa düşmədim niyə əlində
o cür tutub, mənə qaytaracaq, yoxsa acıq vermək
üçün göstərir. Susub nə
edəcəyini gözləyirdim.
- Sənin də oxumağın
yoxmuş!
Bu dəfə güləndə
ağzı əvvəkindən də böyük
açıldı. Ayaqlarını
sürüyə-sürüyə düz üstümə
yeridikcə ətli yanaqları, göyərmiş dodaqları
dəniz filinin sifəti kimi titrəməyə başladı.
Elə bil üzünün əti
dağılıb töküləcəkdi.
- Bir siqaret də ver. -
Qarşımda dayanıb pulu gözümün qabağında
silkələdi. Heç nə deməyib əlimi
cibimə apardım.
- Götür. Mənə
haram pul lazım deyil. Oğlun bizim Leylaya hədiyyə
verib səhər. Uşaq gedəndən sonra qız zənbili
açıb dedi, baba, içində kitab da var. Məni maraq
bürüdü. Sən axı həmişə kitabla gəzirsən!
Dedim gətir, görüm qonşu nə oxuyur. Vərəqləyirəm
ki, pul! O dəqiqə başa düşdüm məsələni.
Eh, sən də Siyavuş Aslan kimi kitabdan içinə pul
qoymaq üçün istifadə edirsənmiş. Hellas! Baxmısan? - Məlikməmməd kişi elə dərindən şaqqanaq çəkdi,
bütün bədəni titrədi, gözümün
qabağında oynatdığı əskinazlar da
şax-şax elədi. Elə bil onunla birlikdə
pullar da gülürdülər. Özümdən
asılı olmadı, məni də gülmək tutdu.
- Günorta yoldaşın gələndə
mən olmamışam. Kitabın arasından pul
çıxmağını da evdəkilərə deməmişdim,
elə sakitcə qatlayıb qoymuşdum cibimə, istəyirdim
özünə verim. Sonra da axşama kimi
nə səni gördüm, nə də mənim yadıma
düşdü. Skelereoz, neyləyəsən.
- Hə, başa düşdüm.
Çox sağ ol, ağsaqqal, sevindirdin məni, - dilim
bunları dedi, ürəyimsə başqa şey: “Əcnaf, məni
intizarda saxlamaqdan ötəri pulu qaytarmağı qəsdən
yubadmısan.”
- Varındı bir-iki gilə də
siqaret ver. - Bu dəfə ərklə dedi, aydın məsələdi,
pulu qaytarmağının şirinliyini istəyir.
Siqaretin birini özümə götürüb
qalanını qutuqarışıq Məlikməmməd
kişiyə uzatdım. O da pulu verdi. Dil-ağız
edəndən sonra ikimiz də susduq. Aradakı
pərtliyi sovuşdurmaq üçün danışmaq
lazım idi, ancaq mən deməyə söz tapmırdım.
Kişinin müəmma dolu baxışları
altında əzilirdim, elə bil o qatil, mən qurban idim.
Bayaq onun haqqında pis-pis fikirləşdiyimə
görə özümdən utanırdım. Mənə elə gəldi, o, da bunu duyub. Çıxış yolu kimi əlimdəki siqareti
yandırmaq istədim, ancaq gördüm ki, daha burda dura bilməyəcəm.
Sağollaşıb liftə sarı yeridim.
Tərslikdən
lift yuxarı mərtəbədə dayanmışdı. Düyməni basdım, ancaq onun aşağı
düşməsini gözləməyə hövsələm
çatmadı, pilləkənlər tərəfə
döndüm. Ayağımı birinci pilləkənə
atanda elə bildim Məlikməmməd kişi
də arxamdadı, boynumun ardında hənirtisini duyuram.
İnanmağım gəlmədi, o qocalıqda adam
belə cəld yerimək üçün gərək
cin-şeytan ola! Amma geri dönüb baxmağa
da üşəndim, elə bil dönüb baxsam kişinin
göyərmiş alt dodağının haşiyələdiyi
qara boşluq qəfildən böyüyüb məni udacaq.
Bədənimi qorxu bürüdü. Bilmədim
nə edim... Və qaça-qaça pillələri
çıxmağa başladım.
Epiloq: Salam. Yenə mənəm-müəllif. Qəhrəmanla növbəti görüşümüzdə bir yığın kağızı uzadıb dedi: “Başıma nə gəlmişdisə hekayənin davamında onu da yazdım, nə bir söz artırmışam, nə də azaltmışam. Oxu, harasını istəsən dəyiş, nə istəsən elə, öz işindi.” Kağızlara ordan-burdan göz atıb gördüm qaydasındadır. Söz verdim ki, bir nöqtə-vergülünə də toxunmayacam, necə yazıbsa o cür də çapa verəcəm, ancaq öz adımdan. Qəhrəman da başını razılıqla tərpətdi. Daha bu barədə nəsə danışmağın artıq olduğunu görüb iclası yekunlaşdıran müdir ədasıyla kağızları əlimdə dəstələdim, stola iki-üç dəfə vurandan sonra bir tərəfə qoyub ofisiantı səslədim: “Üç bakal pivə.” Sifarişimdən heç nə başa düşməyən qəhrəman iki nəfər olduğumuz halda üç bakal pivə istəməyimin səbəbini soruşanda isə dedim: “Qoy, hər şey nağıllardakı kimi bitsin: Biri müəllifin, biri qəhrəmanın, biri də oxucunun.”
O, məmnunluqla gülümsədi.
Mirmehdi
Ağaoğludan
Ədəbiyyat qəzeti.- 2017.- 29
iyul.- S.18-19.