Mahir Qabiloğlu:
Mən atamı şair
kimi yaxından tanımayacaqdım
Bu layihədə
tanınmış qələm adamlarının
yaxınları onlar haqqında xatirələrini
bölüşür. Növbəti həmsöhbətimiz
şair Qabilin oğlu Mahir Qabiloğludur.
- Mahir,
xalq şairi Qabil ata olmaqdan
əlavə sənin üçün kim idi?
- Uşaq üçün ata kimdir? İlk növbədə onun üçün oyuncaq, qaqqa alan, nazıyla oynayan, hopbalara aparan, "kaçeliyə" mindirən və sairə və ilaxır. Amma bu funksiyaları, əsasən dayılarım həyata keçirirdi. Ailədə ilk uşaq olduğumdan və onlara ilk dəfə "dayı", "xala", "baba", "nənə" titulu verdiyimdən bütün bunları görmək üçün atamla anama növbə çatmırdı. Bunu indi şirin xatirə kimi özləri də danışırlar. Uşağın tərbiyəsilə məşğul olmaq məsələsinə gəldikdə isə... atam özü də dəfələrlə qeyd etdiyi kimi, mənim tərbiyəmlə anam məşğul olub. Atamın ən çox sevdiyi iş bazarlıq etmək idi. Özü də ki, səhər tezdən gedirdi "Passaj" bazarına. Anam isə axşamlar bazara gedirdi. Atamın səhər baha-baha aldıqlarını o, axşambazarı üç dəfə ucuz qiymətə alırdı.
- Analar daha çox qənaətcil olur...
- Hə. Sovet dövrü idi. "İqtisadiyyat qənaətcil olmalıdır" şüarı daha çox "Sovet ailəsi qənaətcil yaşamalıdır" kimi anlaşılırdı. O dövrün adamları müharibə, aclıq görmüşdülər. Çörəyi talonla almışdılar. O cümlədən atam da, anam da. Amma ailə büdcəsinin xərclənməsində xasiyyətləri tam əks idi. Anam qara günü fikirləşən idi, atam isə əlinə pul düşən kimi xərcləyən.
- Bəs ailə
başçısı kimi bizim bilmədiyimiz, görmədiyimiz tərəfləri
necə idi?
- Bizim aramızda 40 yaş fərq vardı. Xaricə gedəndə müxtəlif suvenir və bahalı oyuncaqlar alırdı. Amma mən artıq böyümüşdüm. SSRİ-də baha, aztapılan, xaricdə isə ucuz olan importnı paltarlar geyinib, lovğalanmaq istəyirdim. Atam isə "paltar geyiniləcək və sıradan çıxacaq. Suvenirlər isə o səfərdən həmişəlik yadigar qalacaq" - deyə düşünürdü.
- Güman
ki, arada
anlaşılmazlıq, valideyn
tapşırığı, qadağası da
olurdu...
- Bilirsən, biz "gəzməyə gedirik" sözünü fərqli anlayırdıq. Mənimçün gəzmək - kinoya, bulvara getmək, dondurma yemək, kokteyl içmək, attraksionda maşın sürmək idi. Atam isə "gəzməyə gedirik" deyəndə qanım qaralırdı. Heç fikrimi də soruşmurdu. Bir sözü vardı: "Gedək havamızı-suyumuzu dəyişək". Başa düşmürdüm bu sözü onda. İndi başa düşürəm ki, insanın sağlam böyüməsi üçün bu amillərin böyük rolu var. Evdən çıxırdıq, oturdurdu məni maşında qabaq oturacaqda və gedirdik. Ən uzaq gəzmək yerimiz Yardımlı, Lənkəran, Şamaxı, İsmayıllı, Lerik, Astara, ən yaxını isə Xəzərin Pirşağı sahilləri, Mərdəkan, Şüvəlan, Şağan, Novxanı, Binə kəndləri idi. Bu yerlərdə ərklə qapısını açdığı və böyük səmimiyyətlə qarşılandığı evlər, ocaqlar vardı. O insanlara şeirlər də ithaf eləmişdi. Yəqin bu yaxında Neftçalada yaşayan İmamverdi Əbilova həsr etdiyi şeiri "Ədəbiyyat qəzeti"ndə oxumusunuz.
- O əlaqələr
vardı ki, Qabil
müəllim yaratmışdı, yəqin indi
də davam edər...
- Mən o əlaqələri qoruyub saxlaya bilmədim. Yalnız Yardımlı və Şamaxıya gedirəm. O da ki, toyda, bir də yasda. Uşaqlığımda hər həftənin şənbə-bazar günləri xoşlamadığım "gəzməklər"dən tam doymuşam. Kimya dilində desəm, doymuş məhlulam. Rahatlığı yalnız evdə tapıram. Mövsüm ərzində bir-iki dəfə dənizə gedərəm, ya yox. Onu da dostlar məcbur edəndə. Ya da nəvələrin xətrinə.
-
Tanınmış şairin oğlu olmaq, imkan və nüfuz, səni
tay-tuşlardan fərqləndirib yəqin...
- Varlı olmamışıq. Amma atamın pul qazanmaq imkanları çox olub. Birini deyim. Amma əvvəlcə sizin də bildiyiniz bir əhvalatı yadınıza salım. Dünyaca məşhur alimlərdən biri iki it saxlayırmış. İtlərin biri böyük, o biri isə balacaymış. Bu alim də qapının aşağısında onlar üçün iki yumru deşik açdırıbmış ki, itlər istədikləri vaxt həyətə çıxıb, evə girə bilsinlər. Oyuqlardan isə biri böyük, o biri balaca. Evinə gələnlər ondan soruşanda ki, bəs qapıda niyə iki dənə oyuq açdırmısınız? Cavab verirmiş ki, bəs biri böyük itimçündü, o biri balaca. Qonaqlar da gülə-gülə - məgər balaca it böyük itçün açılan oyuqdan keçə bilməz ki? - söyləmişdi... Əslində bu, alimin itlərinə olan sevgisinin təzahürü idi.
Sözümü nəyə gətirmək istəyirəm. O vaxt yazıçılara heç bir sədd qoyulmadan avtomobil almağa icazə verirdilər. Ən bahalısı "Volqa" idi. Ən ucuzu "Jiquli", "Moskviç" və "Zaparojes". "Volqa" o vaxtkı cəmiyyət üçün əlçatmaz idi. Hər imkanlı, pullu, hallı-varlı Sovet vətəndaşı o maşını ala bilməzdi. Həbs oluna bilərdi. Amma bəxtinə maşın düşmüş lotoreya biletinin sahibləri də olurdu. Onlar da bu biletləri 3-4 qat bahasına bu cür varlılara satırdılar. Dövlət, hüquq-mühafizə orqanları yalnız bu halda onlara dəyib-dolaşmırdılar. Atam da həmişə gedib "Jiquli" alırdı. İndi fikirləşirəm ki, insan nə qədər gözütox, təmiz olarmış. "Volqa" al, bir il sür, 25-30 min rubla sat və sonra da get bazardan 10 min rubla, yağ içində "Jiquli"nin lap bahalı markasını al da... Qalan pulu da bala-bala xərclə. Yaxud da... Evdə oturmuşuq. Yazıçılar İttifaqının sədri, xalq yazıçısı İmran Qasımov zəng elədi ki, bəs, Qabil, Hüsü Hacıyev küçəsindəki iki otaqlı, 28 kvadrat metrlik mənzilini təhvil ver, sənə "Domsovet"in arxasında, Üzeyir Hacıbəyov küçəsində yeni tikilmiş, Bakı univermağının üstündə, dəniz mənzərəli üç otaqlı mənzil ayırmışam. Nə cavab versə yaxşıdır? İstəmirəm, İmran müəllim. Burda həyətdə qarajım var. Özümüz də üç nəfərik. İki otaq "polnı" bəsimizdir. Və bir az da irəli gedib onu deyim ki, Ulu öndər Heydər Əliyevin hədiyyə etdiyi üç otaqlı, 172 kvadrat metrlik mənzilə 79 yaşında köçdü və cəmi bir il dörd ay orda yaşadı. Atam hər səhər "Allah Heydər Əliyevə rəhmət eləsin. Bu evi verməsəydi, 6 nəfər 28 kvadratmetrə necə sığışacaqdıq" söyləyirdi.
- Atan
haqda maraqlı yazıların, məqalərərin
dərc olunur. Şair kimi daha çox səni qane edir deyəsən?
- Mən atamı şair kimi yaxından tanımayacaqdım. Amma uşaqlıqdan pul qazanmağa olan həvəsim mənə bu yolda yardımçı oldu. O vaxt kompyüter yox idi. Yazıçı-şairlər yazılarını qələmlə yazırdılar. Sonra isə aparıb makinaçılara verib çap elətdirirdilər. Çünki jurnal-qəzet, nəşriyyat, əsərləri yalnız çap variantında qəbul edirdilər. Əlbəttə ki, makinaçılar da bu yazıları havayı yazmırdılar. Şeirin səhifəsi 20-30 qəpik, nəsr 50 qəpik, dissertasiyanın səhifəsi isə 1 rubl idi. 13-14 yaşım vardı. Atama dedim ki, mənə yazı makinası al, şeirlərini-yazılarını özüm yazacağam. Əvvəlcə makinaya verəcəyin 135 rublu çıxaracağam, sonra isə makinaçılara verdiyin pulun yarısını mənə verəcəksən. Razılaşdı. Mən həm düz yazırdım, həm də atamı və özümü maddi cəhətdən nə qədər qabağa salırdım. Yazdıqlarımı dübarə tutuşdurub yoxlayırdım. Mənə arxayın idi. Amma bir dəfə səhv etmişdim. Ondan sonra daha da diqqətli oldum.
- Nədə səhv
etmişdiniz ki?
- Aktyor evində atamla görüş idi. Mən də birinci sırada oturmuşdum. "Royal" şeirini oxumağa başladı. Birinci səhifəni çevirib, ikinciyə keçəndə gözünü vərəqdən çəkdi və mənə baxıb işarət barmağını silkələdi. Üçüncü səhifəyə keçəndə bir də belə elədi. Düzü anlamadım. Görüşdən sonra başa düşdüm bu hərəkətini.
Gözü zəif gördüyündən, eynək taxmasın deyə, görüşdə oxunacaq şeirlərin hamısını xüsusi olaraq böyük şriftlərlə yazmışdım. Hamısını da əlyazmalardan köçürmüşdüm. Demə bu "Royal" şeirini də atam üzünü ağlamaya köçürəndə kağızın həm üz, həm də arxa tərəfini yazıb. Mən isə yalnız üz tərəfinə diqqət yetirmişəm. Nəticədə şeiri bu cür "şikəst" etmişdim. Hardasa 1985-ci ilə qədər, əsgərliyə yollanana kimi nəşr olunan yeddi kitabını və təzə nə yazırdısa hamısını mən makinada üzünü köçürürdüm. Sonrakı illərdə isə təsadüflər olurdu. Çünki artıq ayrı qalırdıq. Ailəliydim. Mənim də başım pul qazanmağa qarışmışdı. Ona görə də atamın yaradıcılığından uzaq düşmüşdüm. Amma son bir ildə 7 cildlik külliyyatını tərtib etdim. Hərəsi 528 səhifə olan külliyyatın beş cildi artıq çapdan çıxıb. Redaktoru və korrektoru da özüm oldum. Əminliklə və təvazökarlıqdan nə qədər uzaq olsa da özümü Qabilşünas alim adlandıra bilərəm. İqtisadiyyatda "Vahid pəncərə" sistemi vardı. Zarafatla da olsa deyim ki, Qabil yaradıcılığında da bu sistemi yaratdım. İndi onun şeirlərini müxtəlif kitablarda axtarmaq lazım gəlməyəcək. Hamısını bir yerə topladım. İstər "Nəsimi" poeması, "Səhv düşəndə yerimiz" şeiri olsun, istərdsə də Leninə, Stalinə, sovetə ithaf etdikləri əsərlər. O cümlədən hekayə, roman, publisistika, dram əsəri.
Yalnız bir şeyə təəssüf edirəm ki, niyə "Nəsimi" poemasını 18 yaşında yox, 50 yaşında oxudum. Özü də ki, müxtəlif illərdə çıxan nəşrlərlə düz beş dəfə tutuşdurmaq şərtiylə. Çox şey itirmişəm gecikməyimlə. Detallara varmaq istəməzdim. Mövzudan kənara çıxaram.
- Qabil müəllim haqda xoş, dodaq qaçıracaq söhbətlər var. Qələm dostları, qonşuları və başqaları danışıb.
- Qonşularla çox yaxşı idi. Qonşu deyəndə ki, hamısı tanınmış, görkəmli yazıçı və şairlər idi. Bizim binada doqquz, təkcə blokumuzda isə beş "narodnı" yaşayırdı. Onda qısaca olaraq xalq şairi və xalq yazıçısı fəxri adlarını alanları "narodnı" çağırırdılar. Birinci blokdan saymağa başlasam - İsa Hüseynov, Bəxtiyar Vahabzadə, İlyas Əfəndiyev, Elçin, Qabil, Bayram Bayramov, İsmayıl Şıxlı, Hüseyn Abbaszadə, qonşu binada isə Nəbi Xəzri. Digər qonşularımız da bu fəxri ada layiq idilər. Qasım Qasımzadə, Əhməd Cəmil, Əliağa Kürçaylı, Salam Qədirzadə, Zeynal Xəlil, Mirmehdi Seyidzadə, İsi Məlikzadə. Bəzilərinə ömür vəfa vermədi, bəzilərinin isə yazıçı taleyi belə gətirdi. Amma mənim fikrimcə, 70 yaşa çatsaydılar, hamısı alacaqdılar. Ümumiyyətlə, yaradıcı aləmdə bir ələk var. Yaradıcı insanların bəzilərini yaş ələyir, imkan vermir ki, yazdıqlarının xeyirini görsünlər, bəzilərini isə yaradıcı insan taleləri. Yaxşı əsər yaratmaqla iş bitmir.
- Özünün də xatirələri olmamış olmaz, hər halda, onun adından, nüfuzundan yaralananlar olurdu?
- Külliyyatı tərtib edəndə bir şeirə rast gəldim. Xalq şairi Balaş Azəroğluna həsr edib atam. Adı "Apar qaytar"dır. Bu şeiri yazdıran əhvalatı bilirdim. Amma nəzmə çəkdiyini yox. Balaş müəllim atamdan onun hansısa sosial problemini həll etmək üçün kiməsə zəng etməyini xahiş edir. Atamı da od götürür ki, bəs, ay Balaş müəllim, 30 ilin xalq şairisən. Öz problemlərinin həlli öz yerində, sən başqalarına da kömək etməlisən, amma özün mənə ağız açırsan? Şeir bu misralarla qurtarır:
Səni Allah tapşırıb
Bu xalqa, bu diyara.
Sən bizi tapşırmalı,
Səni tapşırmaq hara?!
Karına gəlməyirsə
Bu fəxri adlar, baba,
Sabaha qoyma qalsın,
Qovluqlarda saralsın,
Lap bu gün qaytar,
baba!
Həm də atamı təkcə İmamverdiyevlər ailəsinin
başçısı kimi
onu qiymətləndirsəm,
çox bəsit görünər. Qohum-əqrəbaya dayaq idi.
Xırdalamaq istəməzdim. Obrazlı desəm, bizim üçün millət
vəkili vəzifəsinin
səlahiyyətlərini yüksək
səviyyədə icra
edirdi. Anarın dörd nömrə
hökumət telefonunun
canı sağ olmaq şərtiylə.
O telefonu bütün vəzifəlilər birbaşa
özləri götürürdülər.
- Həm də deyəsən dostları da çox olub,
necə yadındadır,
o dostlar dost olaraq axıra qədər qala bildimi?
- Belə bir məsəl
var: dost bir olar, ya iki.
Amma atamın dostları çox idi. Hamısına da ərki vardı. Hamısı da onun zarafatlarını qəbul
edirdilər. Ömrünün
son on ilində ən çox əlaqə saxladığı, oturub-durduğu
Nəbi Xəzri, Anar, Fikrət Qoca, Fikrət Sadıq, Balasadıq, Azər Abdulla, Ramiq Muxtar, Yusif Həsənbəy,
İntiqam Qasımzadə…
idi. Yayımladığım
videolardan da şahidi olmusunuz yəqin - Heydər
Əliyevlə etdiyi zarafatları… Vəzifəli insanların adlarını
tək-tək çəkmək
istəməzdim, çünki
hamısının ona
böyük hörməti
vardı. Qapıları üzünə həmişə
açıq idi.
Dediyi bir sözü iki eləmirdilər.
O cümlədən Prezident
İlham Əliyevin hakimiyyəti dövründə
də. Bəlkə də hər yazıçıya, yaradıcı
insana qismət olmur - Qabilin şəxsiyyətini və
yaradıcılığını hamı sevirdi…
- Ona qarşı münasibətdə qeyri-səmimi
nə vardı, o bunu necə qarşılayırdı?
- Düzünü deyim ki, ona qarşı qeyri-səmimi münasibət görməmişəm. Yalnız sovet dövründə çapla bağlı əsəbləşirdi, yaxud da kitabının nəşriylə əlaqədar. O da şəxsi-qərəzlikdən yox, qəzet, jurnal, nəşriyyatda işləyənlərin əlində olan qonorar vermək səlahiyyətlərindən doğan bir problem idi. Atam heç vaxt danışığa getmirdi. Buna görə də kitablarına kütləvi tiraj vermirdilər. Qonorarını hesablayanda bilə-bilə səhv edirdilər. Plana salanda çapı sonunçu rübə saxlayırdılar. İncəliklər vardı o vaxt. Başqaları bundan məharətlə istifadə edirdilər. Amma atam yox. Başqaları da belə təzyiqlərə məruz qalırdılar. Məsələn, bir romanı ekranlaşdırılan və böyük uğur qazanan yazıçıya həmin bədii filmin rejissoru yaxınlaşıb deyir ki, başqa bir əsərini də gəl çəkim. Amma bir şərtlə - məni də ssenari müəllifi kimi qeyd etməlisən. Yəni ki, həm adına, həm də boğazına şərik götür. O da razı olmur. Nəticədə də həmin məşhur rejissor onunla razılaşan digər yazıçının əsərini ekranlaşdırır. O dövrdə bu cür iyrəncliklər var idi. Amma bunu dar çərçivə bilirdi. İndiki kimi, saytlara car çəkmirdilər. Mən də adlarını çəkmirəm. Məşhur insandır. Kinomuz üçün çox böyük işlər görüblər. Ləkələmək istəməzdim. Baxmayaraq ki, Rusiya televiziyalarında bu mövzularda gözəl verilişlər gedir. Çox sevdiyimiz Ştirlits kinosunda pərdəarxası nə oyunlar gedirmiş?! Əgər o vaxt üzə çıxsaydı, heç kim o kinoya baxmazdı.
Söhbətləşdi:
Faiq Balabəyli
Ədəbiyyat qəzeti.- 2017.- 29
iyul.- S.20-21.