Marina Svetayevanın

İosif Stalinə məktubu

 

Sizə müraciət etməyimin səbəbi ərim Sergey Yakovleviç Efron və qızım Ariadna Sergeyevna Efronun həbs edilməsi məsələsidir.

Lakin onlar haqqında danışmazdan əvvəl sizə özüm barədə bəzi məlumatları çatdırmalıyam.

Mən yazıçıyam. 1922-ci ildə sovet pasportu ilə sərhədi keçərək, 1939-cu ilin iyununa kimi - 17 il ərzində Çexiya və Fransada yaşamışam. Mühacirət zamanı siyasi aləmlə heç vaxt əlaqəm olmayıb, əsas qayəm ailəm və ədəbi həyat idi. Əsasən "Volya Rossii" və "Sovremennıe zapiski" jurnalları ilə əməkdaşlıq etmişəm, bir vaxt "Poslednie novosti" qəzetində dərc olunurdum, amma "Avraziya" qəzetində Mayakovskini açıq şəkildə salamladığım üçün oradan uzaqlaşdırıldım. Ümumiyyətlə isə, mühacirət illərində tək idim.

Mənim vətənə geri dönməyimin səbəbləri ailəmin - ərim Sergey Yakovloviç Efron, qızım Ariafna Sergeyevna Efron (1937-ci ilin mart ayında vətənə qayıdıb) və xaricdə anadan olan, amma kiçik yaşlarından Sovet İttifaqını görmək arzusu ilə yaşayan oğlum Georgi Efronun şövqlə ora qayıtmaq niyyəti idi. Başqa səbəblər də vardı - oğlumu vətəndə gələcəyini təmin etmək arzusu, öz evində işləmək arzusu və son illər məni heç nə bağlamayan mühacirətdəki tənhalıq...

Mənə şifahi qaydada deyildi ki, qayıdışıma heç vaxt, heç bir əngəl olmayıb.

1937-ci ildə mən sovet vətəndaşlığını bərpa etdim, 1939-cu ilin iyununda 14 yaşlı oğlum Georgi ilə birgə Sovet İttifaqına qayıtmaq üçün icazə aldım və geri döndük.

Nəsil-nəcabətim haqqında danışmaq lazımdırsa, mən Moskva Universitetinin əməkdar professoru, Avropada məşhur olan filoloq, uzun illər keçmiş Rumyantsev muzeyinin müdiri, zərif sənətlər muzeyinin əsasını qoyan, hazırda Puşkin adına olan təsviri sənət muzeyində 14 il təmənnasız əmək fəaliyyəti sürdürmüş, kolleksiyaçısı İvan Vladimiroviç Svetayevin qızıyam.

Anam Mariya Aleksandrovna Svetayeva (qızlıq soyadı Meyn) görkəmli musiqiçi, həm də atamın muzey işləri üzrə daimi köməkçisi idi. O, çoxdan vəfat edib.

Özüm haqqımda bu qədər.

İndi də ərim Sergey Yakovleviç Efrondan yazım.

Sergey Yakovleviç Efron məşhur narodovolka ("Narodnaya volya"  partiyasının üzvü - X.N.) Yelizaveta Petrovna Durnovonun (Liza Durnovo) və narodovol Yakov Konstantinoviç Efronun oğludur. Liza Durnova haqqında 1917-ci ildə vətənə geri dönən P.A.Kropotkin məhəbbətlə xatırlayırdı, N.Morozov hələ də ondan bəhs edir. Onun haqqında Stepnyakın "Gizli Rusiya" kitabında da yazılıb. Portreti Kropotkin muzeyində yerləşir.

Ərimin uşaqlığı inqilabçıların evində, axtarışlar və həbslər arasında keçib. Ailənin bütün üzvləri - anası Şlisselburq qalasında, atası Vilndə, böyük uşaqlar Pyotr, Anna Yelizaveta və Vera Efron müxtəlif həbsxanalarda cəza çəkiblər. 1905-ci ildə 12 yaşlı Sergey Efrona - mənim gələcək ərimə - anası tərəfindən məsuliyyət dolu inqilabi tapşırıqlar etibar edilir. 1908-ci ildə Yelizaveta Petrovna Durnova mühacirətə yollanır. 1909-cu ildə 14 yaşlı oglunun vəfatından sarsılaraq intihar edir.

1911-ci ildə mən Sergey Efronla tanış oldum. Bizim 17 və 18 yaşlarımız vardı. O, vərəm idi. Anasının və qardaşının faciəvi vəfatından sarsılmış vəziyyətdə olan Sergeylə, elə həmin andan necə olur-olsun ayrılmamaq qərarı verdim. 1912-ci ilin yanvarında isə ona ərə getdim.

1913-cü ildə Sergey Efron Moskva universitetinin filologiya fakültəsinə qəbul olundu. Amma müharibə başladı və o, şəfqət qardaşı kimi cəbhəyə yollandı. 1917-ci ilin oktyabrında o, Peterqof Gizir məktəbini yenicə bitirib, ağların tərəfində savaşmağa başladı. Könüllü xidmət müddətində həmişə orduda xidmət edib, qərargahda heç zaman olmayıb. İki dəfə - çiynindən və dizindən - yaralanıb. Bütün bunlar zənnimcə, əvvəlki anketdən məlumdur.

Onun əqidəsində dönüş nöqtəsi komissarın gözləri önündəki edamı ilə baş verdi - həmin komissarın ölümü qarşılayan bənizini unuda bilmir, "Həmin anda mən başa düşdüm ki, bizim işimizin xalqla əlaqəsi yoxdu" deyirdi.

Bəs necə olur ki, naradovolka Liza Durnovonun oğlu qırmızıların deyil, ağların sıralarında savaşırdı? Sergey Yakovloviç Efron bunu həyatının məşum səhvi hesab edirdi. Əlavə edirəm ki,  bu səhvi təkcə onun kimi olduqca gənc adam deyil, bir çox yetkin şəxslər də etmişdir.  O, Rusiyanın xilasını "könüllülükdə" görürdü, amma yanıldığını anladıqda oradan bütünlüklə uzaqlaşdı və həmin istiqamətə artıq heç zaman nəzər salmadı.

1922-ci ildə könüllülük dövrü bitdiyi zaman Qallipolidə və Konstantinopolda aclıq idi. Bu səbəbdən o,  Çexiyaya, Praqaya gedir və  orada Universitetə daxil olub tarixi-filologiya fakültəsini bitirir.

1923-24-cü illərdə mühacirətdə sovet nəsrini dərc edən ilk dərgini -  "Svoimi putyami" adlı tələbə jurnalını təsis edir və mövcud olan monarxiya birliyindən fərqli Tələbə Demokrat Birliyi yaradır. 1925-ci ildə Parisə köçərək "avraziyaçılar" qrupuna qoşulur və bütün mühacirətin üz döndərdiyi "Verstı" jurnalının redaktorlarından biri olur. "Verstı"nın arxasında dayanan, mühacirlərin açıq şəkildə "bolşevik təşviqatı" adlandırdığı "Avraziya" qəzeti idi (mən o zaman Parisə gələn Mayakovskini də elə burada salamlamışdım). Avraziyalılar sağçılar və solçulara bölünürdü. Solçular tezliklə mövqelərinin mövcudluğunu itirəcəklərini bildikləri səbəbindən  vətənə geri dönmək üçün İttifaqla həmrəy olurdular. Bütün birliklərdən uzaq olduğum kimi, heç vaxt avraziyalı da olmamışam, amma əvvəldən-sona qədər hadisələrin şahidiyəm.

Sergey Efronun bütünlüklə sovet platformasına keçməsinin və aktiv sovet fəaliyyətinin tarixini bilmirəm, amma bu, onun əvvəlki anketində göstərilmişdir. Məncə, bu, təxminən 1930-cu ildə baş verib.

Öz siyasi həyatından mənə bəhs etməyib. Bildiyim tək şey, onun əvvəl Qayıdış İttifaqı (Ağlar hərəkatı üzvlərinin amnistiyası haqqında 1921 və 1924-cü illərdə qəbul olunmuş dekretlərdən sonra ABŞ, Fransa, Bolqariyada rus mühacirləri sıralarında yaranan təşkilatlar. İttifaqlar qaçqınlara geri qayıtmağa yardım edirdilər - X.N.), daha sonra isə İspaniya  ilə əlaqələrinin olmasıdır.

Mənim dəqiq bildiyim onun Sovet İttifaqına şövqlə və sədaqətlə xidmət etməsidir. İşlərinin xırdalıqlarından xəbərdar olmasam da,  qəlbini günbəgün tanıdığım və bütün bunlar mənim gözlərim önündə baş verdiyi üçün şahid kimi təsdiq edirəm ki, bu adam Sovet İttifaqını və kommunizm ideyasını həyatından çox sevirdi.

Fəaliyyətinin keyfiyyəti və kəmiyyəti haqqında onun Sovet İttifaqına qayıdışından sonra, məni istintaqa cəlb edən fransız təhqiqatçısının sözlərini misal çəkə bilərəm :

- Cənab Efron Sovetin aktiv təbliğatçısı olmuşdur.

1937-ci ilin 10 oktyabrında Sergey Efron təcili şəkildə Sovet İttifaqına getdi. 22-sində isə evimizdə axtarış etdilər və 12 yaşlı oğlumla məni Prefekturaya aparıb, orada bütün günü saxladılar. Müstəntiqə bildiyim hər şeyi - əsasən də, Sergeyin dünyada ən qərəzsiz və nəcib insan olduğunu, vətəni şövqlə sevdiyini, İspaniya respublikası üçün işləməyin cinayət olmadığını, onu iyirmi altı ildir tanıdığımı və başqa heç nə bilmədiyimi dedim.

Qəzetlərdə təqibə başlandı (rus mühacir qəzetlərində). Onun haqqında yazırdılar ki, o, çekistdir, Reyssin işində əli var, gedişi əslində qaçışdır və sairə. Bir müddətdən sonra Prefekturya ikinci dəfə çağırıldım. Mənə onun xəttinə bənzətmədiyim bir neçə teleqramın surətini təqdim etdilər - Qorxmayın, müstəntiq dedi, bu Reyssin işinə görə deyil, bu S.-unun işinə görədir - həqiqətən də mənə imzalı qovluğu göstərdi. Mən yenidən nə "S", nə də Reyss adlı şəxsləri tanımadığımı dedim. Məni azad etdilər və bir də narahat etmədilər.

1937-ci ilin oktyabrından 1939-cu ilin iyununa qədər Sergey Efronla diplomatik "yolla" yazışdım. Onun Sovet İttifaqından yolladığı məktublar xoşbəxtlik saçırdı. Heyif ki, onları saxlamamışam, mən məktubları oxuyan kimi məhv etməli idim - tək narahatlığı mənimlə oğlu üçün darıxması idi.

1939-cu ilin 19 iyununda ikiillik ayrılıqdan sonra onun yaşadığı Bolşevodakı bağ evinə getdikdə - qarşımdakı insanın ağır xəstə olduğunu gördüm. Qayıdışından yarım il sonra ağır ürək xəstəliyi və vegetativ nevroza tutulmuşdu. Bildim ki, bu iki ili o, ancaq yataqda keçirmiş, xəstə olmuşdur. Amma bizim gəlişimizlə özünə gəldi, tutmalar azaldı. Hətta çox darıxdığı işi haqqında arzulamağa başladı. O, artıq rəhbərlərindən kiminləsə iş haqqında danışmağa, şəhərə getməyə başlamışdı...

Və... 27 avqustda qızımız həbs edildi.

İndi də qızım haqqında. Qızım Ariadna Sergeyevna Efron Sovet İttifaqına bizdən əvvəl, 1937-ci ilin 15 martında gedib. Bu ilə qədər Qayıdış İttifaqında yerləşmişdi. O, olduqca istedadlı rəssam və yazıçıdı. Həm də tamamilə bitərəf şəxsdir. (Biz hamımız bitərəfik, bu iki ailənin - Svetayevlər və Efronların özünəməxsus xüsusiyyətləri var). Moskvada "Revyu de Mosku" fransız jurnalında çalışırdı, işindən olduqca razı idilər. Yazırdı, illüstrasiyalar çəkirdi. Sovet İttifaqını ürəkdən sevirdi və heç zaman, heç bir məişət çətinliklərindən dolayı şikayətlənmirdi.

Qızımdan sonra isə, 1939-cu ilin 10 oktyabrında onun dərdindən tamamilə xəstə və üzgün olan ərimi həbs etdilər.

7 noyabrda elə həmin bağ evində qonşularımız Lvovlar ailəsini həbs etdilər, biz oğlumla möhürlənmiş bağda, dəhşətli sıxıntı içərisində tamamilə tək qaldıq.

Qızım üçün ilk yemək bağlamasını məndən 7 dekabrda, yəni həbsindən 3 aydan çox keçdikdən, ərim üçün isə 8 dekabrda, həbsindən 2 ay sonra qəbul etdilər.

Bilmirəm, ərimi nədə günahlandırırdılar, amma bilirəm ki, o, heç bir satqınlıq, riyakarlıq və xəyanət etməyə qadir deyil. Onu 1911-1939-cu ilə kimi - 30 ilə yaxındır tanıyıram, artıq ilk gündən onun haqqında hər şeyi - bu insanın nəhəng saflığa, fədakarlığa və məsuliyyətə malik olduğunu bilmişəm. Dostlar və düşmənlər də onun haqqında bu cür düşünür. Hətta mühacirətdə də heç kim onu satqınlıqda günahlandırmayıb.

Məktubu ədalət çağırışı ilə tamamlayıram. Öz həyatına rəhm etməyən insan vətənə və kommunizmə xidmət etmişdir. Onun yaxın köməkçisi olan qızını, daha sonra isə özünü həbs ediblər. Günahsız yerə həbs ediblər.

O, olduqca xəstədir, nə qədər yaşayacağını bilmirəm. Bəraət almadan ölsə, dəhşətli olacaq.

 

Rus dilindən tərcümə etdi:

Xatirə NURGÜL

 

Ədəbiyyat qəzeti.- 2017.- 29 iyul.- S.22.