Gülüşün genezisinə və

poetikasına nəzəri baxış

 

Məlum olduğu kimi, gülüş və gülüşün yaranması folklorun, ədəbiyyatın, psixologiyanın, fəlsəfənin və digər elm sahələrinin mühüm problemlərindən biri kimi öyrənilməkdədir. Bu günə qədər gülüşün mənşəyi və təbiəti haqqında suallara olan cavab variantları onun mahiyyətini və insanın mövcudluq sirrini aça bilmədiyi üçün sualın özünü düzgün qoymağa ehtiyac duyulur. Digər xüsusiyyətləri ilə yanaşı, gülüş həm də sosial-ictimai-mədəni proseslərin başa düşülməsi üçün əsas verməkdədir. Gülüş, hər şeydən öncə, insanın öz mövcud halından kənarlaşması, özgələşməsi, hər hansı fikir məntiqi daxilində dağılması, özündən çıxması, hər hansı obrazlı aləmin, vahid həqiqətin təsdiqi deməkdir. Müasir dövrün əsas mədəni formalaşma faktorlarından olub dünyanı dərk məkanında müxtəlif fəlsəfi və humanitariya paradiqmalarında özünə yer almış gülüş belə müstəvidə komik nəzəriyyələrə söykənərək öz ontoloji statusunu qoruyub saxlamaqla, həm də fəlsəfi düşüncənin klassik paradiqmaları əsasında yaşamaqdadır. Buna görə də gülüşün yaranmasının fəlsəfi modeli gülüşün kommunikasiya matritsasından distansiyada dayanmasıdır. Məlumdur ki, yumor özünün çoxçeşidliyi ilə sonsuz situasiyalar, tipajlar və xarakterlərin cəmidir. Çünki bizim hamımız uşaq, kişi, qadın, ordu, siyasi, ingilis, yəhudi, Azərbaycan, Şəki və s. kimi yumor ifadələrindən çox istifadə  edirik.

Son dövrdə başqa bir yumor - kompyüter yumoru da yaranıb. Amerikalı tədqiqatçı Rod Martin yumorun dörd əsas üslubunu fərqləndirir: a) affiliativ - belə yumor üçün ironik zarafat, daha münbit üslub xarakterikdir; b) özünü təsdiq etmə - heç kimi zədələməyən bu üslub əsasən özünü öyməyə söykənərək, müdafiə üsulu olub, həm də öz məxsusi ləyaqət hissini yüksəltməyə əsaslanır; c) aqressiv-sarkazm, burada qıcıqlandırıcı replika və lağa qoyma yer almaqdadır; d) öldürücü-yumoristik vəziyyət, hər kəsi öz zarafatı ilə dəlmə, sancmanı nəzərdə tutur. Belə gülüş xeyli hallarda başqalarının ləyaqətinə toxunmaqla, ətrafdakılara güclü zərbə endirib onu depressiyaya sala bilər. Gülüş və gülüşü törədən faktorların ümumi konfiqurasiyasını qurub, onu müxtəlif təfəkkür üsulları ilə uzlaşdırıb yumorun belə üslubi tipologiyasının ontoloji statusunu dürüstləşdirib, gülüşün dialoji mədəni məkanda yerini göstərə bilərik.

Onu da söyləyək ki, gülüş hələ lap Antik dövrlərdən elmi refleksiyanın predmetinə çevrilib. Gülüşün nəzəri əsasları haqqında Platon, Aristotel və başqaları xeyli mülahizələr söyləyiblər. Komik gülüşə T.Qobbs, İ.Kant, H.Hegel və digərləri də münasibət sərgiləyiblər. Gülüşün bədii xüsusiyyətləri F.Rable, M.Qoqol, Saltıkov-Şedrin, M.F.Axundzadə, C.Məmmədquluzadə və başqalarının yaradıcılığında yetərincə görümlü təqdim olunub. Buna görə də bu yazıda biz heç də gülüşün genezis və poetikasına fəlsəfi, psixoloji və digər müstəvilərdə yanaşmanı təhlil etmək yox, məsələyə məhz Azərbaycan folkloru zəminində necə yanaşılması üzərində dayanmağı zəruri hesab edirik. Belə təhlil üçün filologiya elmləri doktoru, professor AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlunun bu yaxınlarda "Elm və təhsil" nəşriyyatında rus dilində nəşr olunmuş "Qenezis i poetika smexa v azerbaydjanskom folğklore" ("Azərbaycan folklorunda gülüşün genezisi və poetikası") kitabı zəngin fikir və mülahizələr ortaya qoymağa təkan verən mənbələrdəndir. Bəri başdan qeyd edək ki, M.Kazımoğlu baş vurduğu, üz çevirdiyi elm sahələrini dərindən və özünəməxsus rakurslardan öyrənməyə meyilli tədqiqatçı, yetərincə intensiv və məsuliyyətli işləyən alimlərimizdəndir. Muxtar Kazımoğlu yaradıcılıqda dinamikliyi və konseptuallığı çox sevir. Yəqin elə belə keyfiyyətlərinə görə onun son illərdə nəşr etdirdiyi məqalə, material, məruzə və monoqrafiyalar, bir qayda olaraq, alim və araşdırıcıların diqqət mərkəzində durmaqdadır. Elə buradaca bildirək ki, M.Kazımoğlunun adını çəkdiyimiz monoqrafiyasının rus dilində işıq üzü görməsinin bir sıra müsbət cəhətləri vardır ki, onların üzərində dayanmaq da faydalı olardı. Birinci, Azərbaycan multikultural dəyərlərə sadiq bir ölkə kimi bu dəyərləri nəinki dini-mədəni, ictimai-siyasi kontekstdə, həm də folklor-ədəbi müstəvidə layiqincə nümayiş etdirməkdədir. İkinci, Azərbaycan tolerantlığın beşiyi olduğundan nəinki dinlər, konfessiyalar, həm də dillər arasında dialoqun vətənidir. Hələ lap qədimlərdən bu regionda müxtəlif etnosların nümayəndələri çeşidli dillərdən istifadə etməklə, dil mənzərəsinin qorunulmasında aparıcı rol oynamış, rus dilinə isə böyük önəm vermişlər. Üçüncü, respublikamızda həm orta məktəb, lisey, gimnaziya, kollec, həm də ali məktəblərdə rus dilində yetərincə təhsil alan, yazıb-pozan, tədqiqatlar aparan alimlərimiz vardır. Dördüncü, Muxtar Kazımoğlunun rus dilində işıq üzü görmüş bu kitabının əvvəlki qeyd etdiyimiz keyfiyyətləri ilə yanaşı, tətbiqi xarakteri daha böyük, istifadə sferası yetərincə genişdir. Çünki Azəzrbaycan folklorunda gülüşün genezisinin və poetikasının mənbələrinin və xüsusiyyətlərinin incələnib rus dilində yazıb-yaradan alimlərin əlindən tutan mühüm vəsaitə çevrilmə imkanı daha böyükdür. Fikrimizcə, M.Kazımoğlunun haqqında danışdığımız kitabının ən dəyərli cəhəti də məhz bundan ibarətdir.

Muxtar Kazımoğlunun haqqında bəhs etdiyimiz  monoqrafiyası "Giriş", dörd bir-birini tamamlayan fəsil, "Nəticə" və "Biblioqrafiya"dan ibarətdir. Kitabın "Giriş" bəhsində müəllif məxsusi olaraq "xalq gülüşü anlayışı"nın nəyi özündə ehtiva etməsinə nəzər  salmaqla, Azərbaycan folklorunun epik janrı olan nağıllar üzərində müşahidələr aparıb  xalq gülüşü anlayışının etimologiyasını müəyyənlışdirir. Bəzi hallarda fikrinin təsdiqi üçün həm yazıçıların, həm də nəzəriyyəçilərin fikirlərinə istinad etməklə, M.Kazımoğlu öz nəzər nöqtəsini sübut etməyə səy göstərir. Müəllifin fikrincə, folklorda "xalq gülüşü", "xalq yumoru" dedikdə həm də "folklorda komizm", "komik folklor nümunələri" kimi definisiyalardan istifadə etmək də yetərincə mümkündür. Elə buradaca o, belə fikri də vurğulayır ki, elə tədqiqatçılar vardır ki, bütün gülüşləri heç də komizim adlandırmır, yalnız xüsusi ictimai məzmun daşıyanı onlar beləsi kimi  nəzərdən keçirirlər. Bununla belə o, "komizm"  terminini heç də folklora aid etmir, çünki belə olduqda yazılı ədəbiyyat nümunəsinin zamanının sınağına məruz qalmaqla folklor örnəyinin ictimai məzmun ifadə etdiyi də göz önünə gəlir.

Muxtar Kazımoğlu monoqrafiyanın birinci fəslində "Xalq gülüşünün magik və estetik mahiyyəti"ni üç bir-biri ilə əlaqəli olan - folklorda gülüşün magik mahiyyəti, komik qarşıdurma və komik qəhrəman kontekstində təhlil edir. Miflərdə gülüşün semantikasına nəzər salır, gülüşün mərasimlərdə arxaik funksiyasını öyrənir, gülüşə təkan verən komik və qeyri-komik folklor mətnləri, hadisələri üzərində dayanır, müşahidələrini konkret nümunələrə (məsələn, "Qodu-qodu") söykənərək izah edir, günəş işığının qavrayışının semantik mənasını açır, mifoloji şüurun lap alt qatlarına enir, M.Baxtin, V.Propp, B.Terner, E.Meletinski, M.Seyidov A.Əmrahoğlu, R.Qafarlı və başqalarının məsələyə baxışlarını öz təfəkkür bucağından sərfi-rah edir.

Monoqrafiyanın ikinci fəslində komik obrazların genezisinə nəzər salan Muxtar Kazımoğlu bu bəhsdə də üç bir-biri ilə üzvi surətdə bağlı olan - dərvişlər -magiya və kələkbazlıq, Qorqud, Burqut və Bəktaşi, Qızılbaş qəhrəman və Keçəl kimi komik obrazların genezisi üzərində müşahidələr aparır. Dərvişin hamiçilik funksiyasını nədə nümayiş etdirməsi, xalq aşıqlarının yaradıcılıq təşəbbüsünə yiyələnməsi, övladı olmayanlara övlad bəxş edilməsi, yeni doğulmuş oğlan və qızlara onun ad verməsi, onların bir-birinə adaxlanması, dərvişin sehrli dəyənəyin köməyi ilə magik hərəkətlər etmə motivinin eposdan daha çox nağıllarda yer alması, bahadırlığın dərviş sehri ilə əlaqələrinin nağıllarda yer alması ("Dərviş", "Barxudar haqqında nağıl", "Yeddi dağ alması" və s.), yaradıcı insanlarla olan metamorfozalar, onların sərgərdana çevrilməsi, dərviş obrazının mifoloji mənbələrinin axtarılması, komik obrazlar Bəhlul Danəndə, Molla Nəsrəddin, Kosa, Keçəl və başqalarının arxaik köklərinin zəngin faktoloji və nəzəri materiallar üzərində ətraflı öyrənilməsi resenziyaya cəlb etdiyimiz kitabın mühüm keyfiyyəti kimi ortadadır. Tədqiqatçı M.Baxtin estetikasında yer almış karnaval mədəniyyəti tezisini "hamı gülür, hamıya gülürlər" tezisini əsas götürməklə diqqətini xalq gülüşünün başlıca mahiyyəti üzərində qurmaqla gülüş poetikasının öyrənilməsinə təkan verən əsas cəhət və xüsusiyyətləri araşdırıb ortaya çıxarmağa müvəffəq olur. Qızılbaş və Keçəl obrazı üzərində dayanan M.Kazımoğlu tükün türk folklorunda qeyri-adi güc mənbəyi olduğunu, onun yandırılması ilə sehrli quşun, atın, divin, pələngin köməyə çağrılması qəhrəmanın həyata qaytarılması ilə nəticələnir. Tükün magik mahiyyətinin inanclarda aydın şəkildə ifadə olunduğunu, tüklə bağlı mülahizələrin lap uzaqlardan gəldiyini konkret nümunələrə söykənərək söyləyir. Anadolu türklərinin "Su pərisi", türkmənlərin "Bahadır Cahan" və "Ogu Qaçarı", Azərbaycan nağıllarında "İlan və qız", "Əmiraslan", "Şəms-Qəmər", "Hətəm haqqında nağıl" və s. illüstrasiyalar gətirməklə fikrini əsaslandırır.

Muxtar Kazımoğlu monoqrafiyasının üçüncü fəslini mifoloji parodiyaya həsr etməklə, burada hökmdar və təlxək, doğru və yalan, ağıllı və axmaq korrelyatlarına əsaslanmaqla parodiyanın bədii ədəbiyyatda komik təqlid olduğuna diqqət çəkib, onun bədii formanın tematik və üslubi plana necə təsir etdiyini təhlil edir. Burada M.Ə.Sabir əsərlərində geniş yer almış parodiya elementlərindən müəllifin bədii fikri anlatmasında necə böyük ustalıqla yararlanması "liriklərə parodiya", "Bakı qoçularına" və digər əsərlərindən gətirilən fraqmentlərlə möhkəmləndirilir, Sabirin, M.Füzulinin nümunə verilən təqlidlərində parodiya ənənələrindən özünəməxsus şəkildə kənarlaşması böyük satira ustasının yüksək sənətkarlıq nümayiş etdirməsi kimi dəyərləndirilir. Eyni zamanda müəllif mifoloji parodiyaları təhlil edərkən onun yumor əsasında qurulub mövzu və üslub kolliziyasına əsaslandığını müəyyənlışdirir, elə buradaca yalançı pəhləvanın komik obrazının xüsusiyyətlərini təqdim edir, yalançı hökmdarla bağlı məsələnin qneseoloji mənbələrinə ekskurs edir, yalançı hökmdarlıq anlayışını nəinki etnik-milli mənbələrdə, həm də digər xalqların mədəni-mənəvi ənənələrində olduğunu arayıb ortaya çıxarır, C.Freyzerin, V.Proppun məsələyə dair baxışlarına öz bucağından nəzər salır. Elə buradaca M.Kazımoğlu folklorda daha çox diqqət çəkən doğru və yalan mövzusuna xüsusi şəkildə nəzər salır, folklor mətninə söykənmiş həqiqət, yaxud yalanın təhkiyəçinin, nağılçının mətnə münasibətində özünü büruzə verməsi üzərində dayanır. Buna görə də məsələyə praqmatik elmi münasibət sərgiləyərkən V.Proppun nağılın məqsədinin xülya olması tezisindən çıxış edir. Fikrini əsaslandırmaq üçün, məsələn, A.Afanasyevin özünün topladığı xeyli nağıllarda rus tədqiqatçısının nağıl qəhrəmanının özünün şəxsən toyunda iştirak etməsindən, bal-yağ yeyərkən onun bığlarından tökülsə də, ağzına çatmaması faktına diqqəti yönəldir.

Muxtar Kazımoğlunun təhlil predmetinə çevirdiyimiz araşdırmasının dördüncü fəslində "Qəhrəmanlıq eposunda gülüş" problemi "Kitabi-Dədə Qorqud" eposunda dəli obrazı, "Koroğlu" eposunda dəlilər obrazı (Koroğlu və Keçəl Həmzənin timsalında) və xeyirxahla xain qarşıdurmasında özünü büruzə verən dramatizm və komizm elementləri tədqiqat obyekti kimi çıxış edir. Həqiqət naminə bildirək ki, əsərin bütün fəsilləri elmi fərziyyələrin dolğunluğu, müəllifin məsələyə çevik və ən başlıcası konseptuallaşdırılmış münasibəti ilə seçilir.

Muxtar Kazımoğlunun monoqrafiyasını nəzərdən keçirərkən aydın görünür ki, o, heç də burada yalnız erudisiyalı folklorşünas və ədəbiyyatşünas kimi çıxış etmir, özünü həm də əhatəli mifoloq kimi təqdim edə bilir, E.Taylor, K.Levi-Stros, R.Bart, S.Tokarev, Y.Qolosovker və başqa bu kimi mifoloqların nəzəri müddəalarını əhatəli mənimsəmiş mütəxəssis kimi təsdiqləyir.

Muxtar Kazımoğlunun yenicə nəşr olunmuş araşdırmasının xeyli müddəaları vardır ki, onlar üzərində daha ətraflı və geniş dayanmağa ehtiyac vardır. Bununla belə, biz bu resenziyada əsərin yalnız bəzi məziyyətləri üzərində fraqmentar şərhlər verməyi məqbul hesab etdik. Kitabın nəinki Azərbaycan folklorşünaslığı kontekstində tətbiqi xarakteri göz önündədir, həm də əsər rus dilində ortaya qoyulduğundan onun, bir tərəfdən, digər rusdilli  alimlərin köməyi ilə rus, postsovet folklorşünaslığına gərəkli mənbə kimi xidmət edəcəyi şübhə doğurmur, ikinci bir tərəfdən, bu mənbənin digər xalqların azərbaycanlıların folkloru ilə tanışlığında, onun praktik, tarixi, nəzəri xüsusiyyətlərinin tanıdılıb öyrənilməsində dəyərli nümunə olacağı inamını formalaşdırmaqdadır. M.Kazımoğlunun adı çəkilən əsəri bir daha sübut edir ki, Azərbaycan alimlərinin rus dilində nəşr etdirdiyi araşdırmaları geniş yayılma imkanı yaradıb, müəllifə bacarıqlı tədqiqatçı nüfuzu gətirəcəyinə şübhə yeri qoymur.

 

Nizami Tağısoy

 

ƏDəbiyyat qəzeti.- 2017.- 29 iyul.- S.27.